525.Az

Heyvanlara münasibətimiz pandemiya aynasında - Şahanə Müşfiqin yazısı


 

Heyvanlara münasibətimiz pandemiya aynasında - <b style="color:red">Şahanə Müşfiqin yazısı </b>

Son ayların heç dəyişməyən gündəmi- COVİD-19 bəlasından ən çox əziyyət çəkənlərdən biri də heyvanlar oldu. Xüsusən, insanlarla eyni küçələri paylaşan it, pişik və quşlar, eləcə də evcil heyvanlar. Çində virus yayılar-yayılmaz deyildi ki, bu virus heyvandan insana keçir, ona görə it-pişik kimi heyvanlar da təhlükəlidir. Bunu eşidən çinlilər evdə bəslədikləri "sadiq dostları"nı pəncərədən bayıra tullamaqdan da çəkinmədilər.  

Sonra mütəxəssislər virusun bu heyvanlardan keçmədiyini, onların zərərsiz olduğunu desə də, bu ara Türkiyədə mövzu yenidən gündəmə gəldi, hətta bəzi yerlərdə itlərin, pişiklərin kütləvi qırğını başlandı. Bizdə də bu xəbərlərə inanıb ev heyvanlarını küçələrə buraxanlar az olmadı. Bununla bağlı Türkiyə mediasına açıqlama verən professor Nilufər Aytuğ COVİD-19-un pişik və ya itdən insana keçməsinin mümkün olmadığını dedi. Əksinə, virus insandan heyvana keçər ki, bunun da nümunəsi Honq-Konqda görülüb. Ancaq heyvanlara keçən virus ciddi xəstəliyə səbəb olmur.

Yenidən gündəmə gələn bu mövzu heyvanlarla insanların münasibətini, xüsusən ev heyvanı bəsləməyin mühüm cəhətlərini yadımıza saldı.

Araşdırmalara görə, əhliləşdirilmiş ilk ev heyvanı itlər olub. İsrailin şimal hissəsində tapılmış 12 min illik qəbir bunu göstərir: 50 yaşlı bir qadının skeleti bir itin skeleti ilə yan-yanadır. İt qadının başının yanında basdırılıb. Qadının sol əli emosional bir əlaqəni göstərirmiş kimi itin üstündədir. Tapıntı Kibbutz Maayan Tarix Muzeyində saxlanılır.

Mütəxəssislər deyirlər ki, ev heyvanları saxlayanlar digərlərinə nisbətən daha az əsəbiləşir və stressdən uzaq qalmağı bacarırlar. Məsələn, ev heyvanı öz sahibini gün ərzində ən azı bir dəfə güldürməyə müvəffəq olur. İt saxlayanlar həkimə daha az müraciət edir, pişik saxlayanlar isə daha mülayim və sakit olurlar.Ev heyvanı saxlamaq özünə əminlik hissini yüksəldir, allergiya riskini azaldır, depressiyadan xilas edir, qan təzyiqini də nizama salır.

Ev heyvanları tez-tez ədəbiyyatın da mövzusu, ilham qaynağı olub. Eliotun şeirlərinə pişiklər, Qrimm qardaşlarının nağıllarından Viktoriya dövrü romanlarına qədər ədəbiyyatın geniş bir sahəsinə də itlər mövzu olub. Dünyaca məşhur yazıçıların bir çoxu həm əsərlərində, həm də məktub və gündəliklərində, bəslədikləri heyvanlara sevgilərindən söz ediblər. Məsələn, yazıçı Vircinya Vulfun heyvanlara sevgisi o dərəcəyə çatmışdı ki, bacısına "Delfin" deyə səslənirdi. Bacısı da ona "Keçi" deyirdi. Yazıçılıq fəaliyyətində ilk mətni də sahib olduğu it üçün qələmə aldığı ölüm elanı olmuşdu. Vulf sincab, ipək meymunu və Jakobi adlı balaca siçan bəsləyirdi. Mark Tven xəstə qızı Klaranın Bambino adlı pişiyinə çox bağlanmışdı. Hətta pişik evdən qaçıb itəndə Tven qəzetə elan verərək onu tapana 5 dollar mükafat söz vermişdi. Ovçuluğa sevgisiylə bilinən Heminqueyin pişiklərə qarşı özəl marağı vardı. 1945-ci ildə onun 23 pişiyi var idi. 1953-cü ildə Ankl Villi adlandırdığı pişiyini maşın vurmasından dostuna yazdığı məktubda ürək ağrısı ilə söz edir.

Bunlardan başqa, Peyami Səfa, Əhməd Həmdi Tanpınar, Orxan Vəli, Nazim Hikmət, Nəcib Fazil Qısakürək, Silviya Plaft, Edqar Po, Jan Pol Sartr, Frida Kahlo və Çarlz Bukovski kimi sənətkarların pişiklərə olan sevgiləri zaman-zaman yazılarına da mövzu olub.

Azərbaycan şair və yazıçılarından da heyvanlara xüsusi məhəbbət bəsləyənləri, evini bu sadiq dostlarla bölüşənləri az olmayıb. Ovçuluğu sevən Səməd Vurğunun ov iti vardı. Xalq şairi Vaqif Səmədoğlu da it bəsləyirdi. Mövzuyla bağlı evində heyvan bəslədiyini təxmin etdiyimiz yazıçı və şairlərimizə müraciət etdik, fikirlərini öyrəndik:

Yazıçı Azər Qismət pandemiya günlərində daha ehtiyatlı davrandığını bildirir: "Ev heyvanlarına maraq məndə uşaqlıqdandır. Məni uşaqlıqda evdə kirpi çağırardılar. Buna səbəb tikanlı saçlarım və yatmağım idi. Böyüyəndə gördüm, xarakterim də kirpiyə bənzəyir. Sakitəm və sakitcə uzaqlaşıram. Hövsanda anamgilə köçəndə Təzə bazardan 3 kirpi aldım, qoydum həyətə, indi həyətdə balaları ilə böyüyürlər. Həm siçovulları tuturlar, həm də ilandan qoruyurlar. 3 il əvvəl bir qış günü həyətə balaca pişik gəldi. Ac idi. Ayağıma dolandı. Hiss etdim ki, nəsə qəribə energetik qüvvəsi var. Saxladım və balaları oldu. İndi 17 pişiyim var. Onların hərəkətlərinə baxmaq müsbət aura bəxş edir mənə. İşdən gələndə həyət qapısının başında gözləyirlər, işə gedəndə 100-150 metr yola salırlar. Heyvanlara məhəbbətim elə güclü oldu ki, sosial şəbəkədə təklif elədim, isti yay günlərində onlara su verək. Çantamda həmişə pişik yeməyi olur. Ac pişik görəndə qarşısına tökürəm ki, yesin. Heyvanlar adama xoş ovqat gətirirlər".

Yazıçı-jurnalist Mirçingiz Ağazadə bu məsələlərin heyvanlarla deyil, gigiyenayla bağlı olduğunu düşünür: "İndiyədək 3 pişik, 2 dovşan saxlamışam. Hazırda ev heyvanım olmasa da, yenidən sahiblənməyi düşünürəm. Düzdür, Covid-19-un əsas qaynağı heyvanlar hesab olunur. Amma bu virusun ev heyvanlarından insana keçməsi mübahisəli mövzudur. Əldə olan elmi məlumatlar bu kimi məsələlərdə konkret bir şey deməyə əsas vermir. Bəlkə məsələ birbaşa gigiyena ilə bağlıdır? Karantin şərtlərinə riayət etməyən insan daha təhlükəlidir, yoxsa gündə beş dəfə fərqli, müalicəvi şampunlarla yuyulub daranan ev pişiyi? Yaxud qidasında bəlkə bizim həyatda qəbul etmədiyimiz qədər vitamin verilən ev itlərinin virus daşıyıcısı olması nə qədər məntiqlidir?"

Yazıçı Türkan Turan da iki pişik sahibidir: "Çox önəmli və vacib mövzudur. Virus yayılmağa başlayandan hamı panikaya düşdü. İnsandan, havadan, sudan yayılır deyə-deyə axırda heyvanları hədəf aldılar. Guya virus heyvanlardan da keçir. Təəssüf ki, bir çox insan buna inandı və illərlə evində bəslədiyi heyvanı küçəyə atdılar. Fikir verin, küncdə-bucaqda qısılıb qalan itlərin, pişiklərin çoxunun boynunda adları və ya müxtəlif aksessuarlar olan boyunbağılar asılıb. Bunları görmək heyvan sevən və saxlayan insan üçün çətindir. Evdə 2 pişik saxlayıram. Virusa görə onları atmaq ağlımın ucundan belə keçmədi. Əksinə, restoranlar bir müddət bağlı olduğu üçün ac qalan heyvanlar binaların önünə yığıldılar. Bacardığım qədər onlara da baxmağa çalışdım. Yeri gəlmişkən, bir məsələyə də toxunum. Ötən həftə Operativ Qərargah itlərin gəzdirilməsinə icazə verildiyini açıqladı. Sosial şəbəkələrdə yazılan statusları oxuyanda insanlarımızın heyvanların dünyasından nə qədər uzaq, məlumatsız olduğunu görüb heyrətə düşdüm. Bir çoxu "it qədər hörmətimiz yoxdur" kimi statuslar yazaraq bu qərarı qınamışdı. Hamı üst-üstə eyni yanlışı yazdı. Məsələ isə belədir: itlərdə qəbizlik olur. Təbii ehtiyaclarını ödəmək üçün səhər-axşam mütləq gəzdirilməlidir. Əks halda, evdə dayanmadan hürür, ulayır, yataq, divan kimi yerləri batırırlar. Mənə gəldikdə isə pişiklərimlə xoşbəxtəm və rahatam. Bilirəm ki, onlar xəstəlik yaymırlar. Əksinə, şəfa verirlər. Evə qapandığımız dönəmlərdə psixologiyamın pozulmamasını onlara borcluyam".

Yazıçı Ömər Xəyyam evdə heyvan bəsləməsinin həzin tarixçəsindən danışdı: "Atamın pişiyi vardı. Haman pişik atam ölən günü tabutun arxasınca getdi və bir daha qayıtmadı.O gündən pişik saxlayıram, bir də itim var. Əgər mümkün olsaydı, - şəhərdə olmur, olmaz - at da saxlayardım. Mən itimlə danışa bilirəm, yox, hürüşmürük, o, mənim sözümü kəsmədən dinləyən  yeganə canlıdır.Heyvanları sevirəm. Onlar mənə özümüzü, əslimizi xatırladır..."

Yazıçı Varisin də mövzu haqda fikirləri maraqlıdır: "Uşaq vaxtlarımdan evimizdə akvarium balıqları saxlandığını görmüşəm. Atamın balıqlara sevgisi vardı, hər dəfə onlara qulluğunu maraqla izləyirdim. Qəribə bir hal müşahidə etmişdim. O, akvariuma yaxınlaşanda onu hənirtisindən tanıyan balıqlar dərhal suyun üzünə qalxırdılar. Onların hərəkətlərini çox izləyərdim. İlk dəfə dünyanın səhv düzənini də o vaxt - balıqların timsalında görmüşdüm. Əslində, ev heyvanlarının öz sahiblərinə alqış və qarğış etmələri, onlara ruzi gətirmələri, ovqatlarını formalaşdırdıqları mif deyil, reallıqdır. Uzun illər həyət evində yaşayarkən cins it saxlamışam. Adı Qraf idi. Vahiməli görkəmi vardı, amma çox ağıllı idi, acıqlandıranda səhvini göstərirdim, anlayırdı və təkrar etmirdi. Heç unutmaram, bir dəfə əsəbi idim, hamını acılayırdım. Yanıma gələndə onu da itələdim. Xeyli gözlədi ki, səhvini göstərim. Səhvi yox idi axı, nə göstərəydim. O gündən məndən incidi, daha evə gələndə qabağıma qaçmadı, heç mən verən yeməyi də yemirdi. Nə qədər əlləşdim, barışmadı. Çoxmərtəbəli binaya köçəndə onu bir tanışa saxlamağa verməyə məcbur oldum, vəssalam. Beləcə, Qraf məndən incik getdi. Həyatda az qisim insan var ki, qəlbini qırmışam, hər dəfə onları xatırlayanda təəssüf hissi keçirirəm. Heyvan olsa belə, Qraf da o sıradadır. İndi insanlığın digər canlılara münasibəti getdikcə bərbadlaşır, bu, çox acınacaqlıdır".

Şair Ulucay Akifin fikrincə, insandan heyvana zərər gələ bilər, nəinki heyvandan insana: "5-6 yaşım olardı. Qardaşım, bacılarımla küçədə oynayırdıq. Bir də gördük, məhəllədəki uşaqlar bir pişiyi quma basdırırlar, əziyyət verirlər. Anamıza dedik. Uşaqları qovdu, pişiyi götürdü. Pişik pis halda idi. Ona yemək verdik, çimizdirdik, qulluq elədik. Adını da Bili qoyduq. O vaxtdan Bilinin nəsli bizim həyətimizdə, evimizdə həyatını davam edir. İndi düz 8 pişiyimiz var. Heç olmayan yerdə ən azı 2 pişiyimiz olub həmişə. Onlardan da bizə heç vaxt xəstəlik keçməyib. Əgər heyvan insana xətər yetirirsə, bu, insanlığın heyvanlara qarşı sərgilədiyi münasibətə görədir. Ehtiyatlı olaq ki, bizdən onlara xəstəlik keçməsin".

Şair Firuzə Məmmədli də uşaqlıqdan heyvanlara maraq göstərir: "Kənd yerlərinin həyətində it, evində pişik olub həmişə, yaxşı da baxılıb onlara.Uşaq vaxtı onların dəcəlliklərini sevərdim.Sonralar pişikləri daha çox sevdim.Onlardakı müsbət aura, sığalsevərlik, bəzən qayğılı, bəzən istiqanlı baxışları qəlbimi ovundurur, əsəblərimi sakitləşdirir. Onlar çox həssasdır, köməksizliyini duyunca himayədarlığa başlayır, sahibinin əhvalının nizamlanması üçün min oyundan çıxırlar."Köhnə məscid həyəti" povestim dostluq etdiyim bir həyət pişiyinə həsr olunub.Orada xəstə bir qoca qadına pişiyin necə qayğı göstərdiyindən bəhs olunur.

Pişik saxlamışam. Adını "Şirpələng" qoymuşdum. Ona bir neçə şeir həsr eləmişəm. Həmişə mən işə gedəndə çıxıb küçəyə kimi məni yola salırdı. Bir dəfə də məndən xəbərsiz çıxıb, maşın vurub öldürdü. Çox pis oldum, çox ağladım".

Türkiyəli psixoloq Berk Karaoğlu başda olmaqla həkimlər, karantin günlərində psixoloji problemlər yaşayan insanlara evdə heyvan bəsləməyi məsləhət görür, heyvanla insan arasındakı bağın onların əhvalına müsbət təsir edəcəyini deyirlər. Bir az araşdırma onu göstərir ki, insan təhlükəli olmadığı müddətcə heyvanlar heç bir qorxu yaratmırlar. Buna görə də, canları, rahatlığı bizə əmanət olan sadiq, sevimli dostlarımızı qorumaq insanlıq və vicdan borcumuzdur.

 





20.06.2020    çap et  çap et