525.Az

Daxili siyasət. İdarəetmənin virtual vasitələri - Telman Orucov yazır


 

Daxili siyasət. İdarəetmənin virtual vasitələri  - <b style="color:red">Telman Orucov yazır </b>

Beynəlxalq aləm: ziddiyyətlər, münaqişələr, müharibələr

(Əvvəli ötən şənbə sayımızda)

Qərargahı Haaqada yerləşən Beynəlxalq Cinayət Məhkəməsinin fəaliyyəti də maneələrlə üzləşirdi, onun hökmləri bəzi dövlət başçılarının azğınlığına, qırğın hərəkətlərinə toxunduqda, üç Afrika dövləti onun tərkibindən çıxmışdı. Sudan prezidenti Ömər əl-Bəşirin Cənubi Sudanda qırğın törətdiyinə görə həbs edilməsi göstərişi verildi. Sonra isə Liviya prezidenti Müəmmər Qəddafinin həbsi barədə BCM hökm qəbul etdi, lakin onun baş verən ölümü həbsinin üstündən xətt çəkdi. Lakin əl-Bəşirin də həbs edilməsi baş tutmadı.

Bəla burasındadır ki, nüfuzlu dövlətlər olan ABŞ, Çin, Rusiya və İsrail BCM-in yaradılması barədə sənədi imzalamamış və ratifikasiya etməmişdilər. Onlar özlərinin də həmin beynəlxalq məhkəmənin obyekti olacaqları perspektivini nəzərə alaraq, bu instituta belə neqativ münasibət bəsləmişdilər. Axı kamil sosial qayda axtarılması çox hallarda daha pis sui-istifadələrə bəraət qazandırır.

İsrail 1967-ci ildə ərəb ölkələrinə qarşı Altı günlük müharibədə digər işğal etdiyi ərazilərlə yanaşı, Suriyanın Qolan Yüksəkliklərini də tutmuşdu. BMT heç vaxt bu əraziyə İsrailin sahiblik hüququnu təsdiq etməmişdi. Lakin Tel-Əviv nə BMT-yə, nə də beynəlxalq hüquqa məhəl qoymur və öz işğalını düzgün hesab edir. Qolan Yüksəklikləri çox böyük strateji əhəmiyyətə malikdir, bura ölkənin başlıca su mənbəyidir. Bunlar azmış kimi, 2019-cu ildə ABŞ prezidenti Tramp Qolan Yüksəkliklərinin İsrailə məxsus olması barədə sənəd imzaladı, bu yolla suveren Suriya dövlətinin ərazisi qanunsuz yolla hərraca qoyuldu. Qoy heç kəs siyasətdə də baron Münhauzenlərin mövcudluğuna təəccüblənməsin.

İsrailin öz aqressivliyi ilə seçilən baş naziri Benyamin Natanyahu ABŞ-ın bu qanunsuz hərəkətini cavabsız qoymayıb, Yüksəkliklərdəki malikanəyə Donald Trampın adını verdi. İsrail yarım əsrdən çox olan bir müddətdə həyasızcasına Suriya ərazisinin işğalını davam etdirir. Bu məsələdə arxalandığı ABŞ isə ona biabırçı əməllərdə dəstək verir və beləliklə, beynəlxalq hüquq da ayaqlar altına atılır.  

Daxili siyasət. İdarəetmənin virtual vasitələri 

Hakimiyyət ölkəni, öz xalqını idarə etmək üçün daxili siyasəti həyata keçirir, çox hallarda digər amillərin təsiri istisna edildikdə, əldə edilən inkişaf, bəzən hətta gözlənilməyən nailiyyət onun köməyi ilə əldə edilir. Dövlət yarandığı andan başlayaraq böyük təkamül yolu ilə addımlayır, monarxiya, avtoritarizm, demokratiya fazalarından keçir. Monarxiya tək hakimiyyətlilik idi, monarx allahın yerdəki nümayəndəsi hesab olunurdu, onun allah tərəfindən seçildiyi və səlahiyyətləndirildiyi güman edilirdi. Ona görə də ona olan itaətin pozulması allaha qarşı olan hərəkət kimi qiymətləndirilirdi, buna yol verənlər isə dövlətə xəyanət ittihamı ilə edam edilirdi. Mesopotamiyada, Misirdə və Hindistanda meydana gələn ilk dövlətlərə çar, faraon başçılıq edir, onlar bütün hakimiyyət qollarını öz əllərində cəmləşdirirdilər, onların hökmü müzakirə və ləğv olunmurdu, göylərdən gələn bir verdikt kimi icra olunurdu.

Bizim eradan əvvəl 1122-ci ildən 256-cı ilə qədər olan dövrdə Çindəki Çjou sülaləsi hakimiyyətdə olan vaxt "Cöylərin mandatı" konsepsiyası meydana cəlmişdi və bundan Çin hökmdarlarının malik olduğu hakimiyyətin legitimliyinin mənbəyi kimi istifadə olunurdu. Digər monarxiyalarda belə mandatın mövcudluğu məlum olmasa da, legitimliyin birbaşa allahdan gəldiyinə şübhə edilmirdi.

İlk dəfə  b.e.ə. VI əsrdə Afinada demokratik dövlət quruluşu meydana gəldi və insanlar anlamağa başladı ki, monarxiya tərəfindən onların idarə edilməsi anaxronizmdir, onlar özləri dövlətin idarə olunmasımda sərbəst, həm də uğurlu iştirak edə bilər və bu quruluş ölkəni daha yaxşı inkişaf etdirə bilər. Ona görə də Afina demokratiyanın beşiyi sayılır. B.e.ə. V əsrdə bu siyasi quruluş gözəl bəhrələr verdi, Dövlət iki dəfə böyük sınaqlara məruz qalsa da, Yunanıstanı Persiya imperiyasının əsarətinə düşməkdən qoruya bildi. Böyük dövlət xadimi, Afina strateqi Periklin dediyi kimi, artıq dövlətin kimdənsə öyrənməyə ehtiyacı yox idi, başqaları ondan öyrənirdilər. İlk dəfə cəmiyyət açıq xarakter daşımağa başladı, əcnəbilər də bu imkandan istifadə etməklə faydalanırdılar. Hakimiyyətin ilahi legitimlikdən vətəndaş lagiyimliyinə keçməsi inqilabi bir addım xarakteri daşıyırdı.

XVIII əsrin ikinci yarısında Amerika koloniyalarında Böyük Britaniya ağalığına qarşı baş verən inqilabın qələbəsinə şübhə etməyən bani-atalar Afina və Roma demokratiyalarına arxalanaraq İstiqlaliyyət Deklarasiyasında qeyd etdilər ki, onlar bu həqiqəti qəbul edirlər ki, bütün insanlar bərabər yaradılmışlar və toxunulmaz hüquqlarla mükafatlandırılmışlar. Adamların formalaşdırdıqları hökumətlər səlahiyyətlərini yalnız idarə olunanların özlərinin razılığından alırlar, lazım gəldikdə onlar əvvəlki hökumət sistemini dəyişmək hüququna malikdirlər. Böyük Britaniyanın o vaxtkı krallıq tarixi təhqirləri və uzurpasiyaları təkrar etmək tarixidir və Ştatlar üzərində mütləq tiraniyanın qurulması bunun birbaşa nümunəsidir. 13 koloniya İstiqlaliyyət müharibəsində qalib gəlib, bütün cəhətlərinə görə yeni  demokratik Amerika Birləşmiş Ştatları dövlətini yaratdılar.

İstiqlaliyyət Deklarasiyasının qəbul edilməsindən 23 il sonra, 1789-cu ildə onun da müəyyən təsiri ilə Fransada Böyük burjua inqilabı baş verdi və fransızlar da monarxiya boyunduruğundan azad oldular. Lakin on il sonra Napoleonun hakimiyyətə gəlməsi və 1804-cü ildə özünü imperator elan etməsi ilə inqilabın yaratdığı ümidlər və onun bəhrələri kənara atıldı və Avropanın böyük müharibə teatrına çevrilməsi nəticə etibarilə Fransaya ağır zərbə vurdu.

Tarixdəki sonrakı sosialist inqilabları da xalqların xoşbəxt həyat barədəki arzularını nəinki reallaşdıra bilmədi, həm də açıq və örtülü şəkildə gedən vətəndaş müharibələrinə yol açdı. Rusiyada vətəndaş müharibəsi və sonralar SSRİ-nin bütün ərazilərində qolçomaqlara, sinfi düşmənlərə qarşı gedən mübarizə milyonlarla insan həyatının əsasən haqsız itkisinə səbəb oldu.

Çində 1960-cı illərdə gedən mədəni inqilab əslində, vətəndaş müharibəsi xarakteri daşıyırdı, burada o qədər qan tökülməsə də, milyonlarla insan ağır məhdudiyyətlərlə üzləşməli oldu, işgəncələrə məruz qaldı. Şərqi Avropa ölkələrində sosİalist quruluşunun çox hallarda zorla tətbiq edilməsi insan haqlarının ardıcıl olaraq pozulmasına, adamların kütləvi qaydada izlənilməsinə gətirib çıxardı. 1930-cu illərdə SSRİ-də dəbdə olan donosçuluq bu ölkələrdə də yayılmağa başladı.

Şimali Koreyadakı və Kubadakı inqilablar xalqa çox şeyi vəd etsə də, həmin dövlətlər, fövqəldövlət olan ABŞ-ın düşmənçiliyi nəticəsində ağır blokadalara məruz qaldılar, əhalnin maddi vəziyyəti yaxşılaşmaq əvəzinə, daha da pisləşdi. ABŞ-ın Kubaya qarşı embarqosu əhalinin maddi rifahını xeyli ağırlaşdırdı. Az qala altı onilliyə yaxındır ki, ərzaq üzrə kartoçka sistemi fəaliyyət göstərir, əhali pis qidalanır. Paytaxtın gözəl arxitektura abidələri maliyyə yoxluğu ucbatından dağılıb, məhv olur. Havanada mərkəzi su təchizatı olmadığından, su da ərzaq kimi normalarla verilir, həyətlərə maşınlarla daşınır. Şimali Koreyada isə adamların yaşayışı pis vəziyyətdədir, bu zəhmetkeş xalq aclıqla üzləşməli olur. Paytaxtda isə ölmüş rəhbərlərin ad gününə və vəfatlarının ildönümünə izdihamlı mitinqlər, nümayişlər keçirilir. Ölkə rəhbəri nüvə silahına və raketlərə malik olmağı ilə lovğalanır, nəhəng ölkələri atom bombası zərbəsinə məruz qoymaq ilə hədələyir.

Daxili siyasətdəki eybəcərliklər yalnız həmin ölkənin xalqına ziyan vurmur, narazılıqlar yaradır və sakinlərin miqrant kimi başqa ölkələrə üz tutmasına səbəb olur. Lokal problem kimi qalmayıb, beynəlxalq əhəmiyyətli məsələyə çevrilir. Böyük mütəfəkkirlər hakimiyyətin idarəetmə üsulunu seçməkdə hökmdarların nəyə əsaslandığını diqqətdən yayındırmamış, diktatorluğa meylin arsenalındaki vasitələri, hakimiyyət orqanizminin daxili üzvlərinin fəaliyyətini, əslində, patoloji anatomiyasını açıb göstərmişlər.

İtalyan alimi Nikkolo Makiavellinin (1469-1527-ci illər) "Hökmdar" əsəri bir neçə əsrdir ki, bütün dünyada populyarlığını qoruyub saxlayır, siyasətlə məşğul olanlara hakimiyyətin hər üzünü açıb göstərir. Seçim isə siyasətçinin özündən asılıdır. Müəllif özü də siyasətdə olmuş, 1498-ci ildə Florensiya respublikasının hakimiyyət orqanında xidmətə girmiş, lakin on dörd il sonra hakimiyyətə gələn Mediçi ailəsi onu şəhərdən sürgün etmişdi. Çünki o, Borciaların rejimində fəaliyyət göstərmiş, Florensiya Onluq Şurasının katibi olmuşdu. Onun siyasi fəaliyyəti İtaliyada qarışıq və viranedici hadisələrin baş verdiyi dövrə təsadüf etmişdi. 1512-ci ildə İspaniyanın Fransanı məğlub etməsi ilə Florensiyada Mediçi hakimiyyəti bərpa edilmiş və filosof digər sədaqətli borcialılarla birlikdə sürgünə göndərilmişdi. Sevdiyi siyasi işdən imtina etməyə məcbur edilməklə, Makiavelli siyasi hakimiyyətləri kənardan da müşahidə edə bilmiş və 1513-cü ildə "Hökmdar" kitabını yazmışdı. Onun bu traktatı siyasi hakimiyyət barədə Qərb dünyasında ən çox məşhur olan əsərlərdən biridir.

"Hökmdar" əsərində Makiavellinin siyasət haqqındakı ideyaları iki başlıca mənbədən - Qədim Roma barədə sahib olduğu bilikdən və İtaliya siyasi problemləri ilə bilavasitə məşğul olmasından qidalanır. Öz təcrübəsinin nəticəsi kimi, o, kiçik italyan dövlətləri barədə tam şəkildə belə qərara gəlir ki, onlar İtaliyanın sərhədlərindən kənarda olan iri monarxiya dövlətlərinə bərabər deyillər və İtaliyanın özü isə əcnəbi dövlətlərin orduları üçün əsl döyüş meydanına çevrilmişdir. Əsərdə onun başlıca mövqeyinə gəldikdə, bu, öz dövründə qaydanın bərpa edilməsi və qorunması üçün vacib şərt - siyasi hakimiyyətin əldə edilməsi və genişlənməsinin bərqərar olmasıdır.

Sonrakı orta əsrlərin siyasi nəzəriyyəçiləri isə inanırdılar ki, hökmran yalnız xidmət göstərdiyi xalqa ümumi şəkildə yaxşılıq etməyə çalışsa, onun siyasi hakimiyyəti ədalətli sayılmalıdır. Hökmdarın fəaliyyətinin etik tərəfi isə onun xristian mənəvi prinsipləri əsaında davranmağa borclu olması ilə əlaqədar idi. Bu mövzu sonrakı orta əsrlərdəki siyasət barədə yazılmış traktatların diqqət mərkəzində idi. Adamların real davranışı ilə onların necə davranmağa borclu olması arasında bir uçurum vardır və bu, elə dərindir ki, ideal vəziyyətdə yaşamaq istəyən hər bir adamın tezliklə gündəlik həyata məhəl qoymaması onu məlum edəcəkdir ki, bu adam özünü qoruyub saxlamaq əvəzinə, öz şəxsiyyətini necə dağıtmağı öyrənir. Makiavelli isə öz ideyalarını orta əsr proqnoz verənlərinin irəlini görməsindən daha real hesab edirdi.

Makiavellinin nöqteyi-nəzərinə görə hökmdarın hakimiyyətə münasibəti insan təbiətinin başa düşülməsinə əsaslanmalıdır. "Biri insanlar üçün belə demişdi: onlar nəsə əldə etmək üçün nankor olurlar, yalançı, aldadıcı və aldadandırlar, təhlükədən qaçırlar. Siyasi fəaliyyət, buna baxmayaraq, əxlaqi tələb hesabına azaldılmalıdır. Hökmdar dövlətin mənafeyi naminə hərəkət edir və dövlətin mənafeyi onun vicdanının yatmasına inkan verməyə hazır olmalıdır".

Makiavelli məsələni belə qoyur: "Sən bunu başa düşməlisən ki, hökmdar və xüsusən hakimiyyətə yenicə gələn birisi bütün idarə etdiyi adamlara özünü uyğunlaşdırmamalıdır, onlar gözlədikləri hörməti yaxşı hesab edirlər, ona görə də çox vaxt o, borcludur ki, hakimiyyəti qoruyub saxlamaq üçün öz sözünə əməl etməsin. Beləliklə, o, əqli cəhətdən şəraitə görə hərəkət etməyə və taleyin tələbi ilə dəyişilməyə hazır olmalıdir". Necə ki,  filosofun dediyi kimi, əgər o, bacarırsa, haqq sayılanı etməlidir, lakin zəruri olduqda o, haqq olmayanı da etməyə hazır olmalıdır.

(Ardı var)

 





26.06.2020    çap et  çap et