525.Az

Azərbaycan polisi: Anda sədaqət nümunəsi


 

Azərbaycan polisi: <b style="color:red">Anda sədaqət nümunəsi</b>

Azərbaycan polisinin bir əsri arxada qoyan fəaliyyət səlnaməsi dövlətin və xalqın mürəkkəb, təlatümlü, eyni zamanda, şərəfli və qürurlu tarixinin tərkib hissəsidir. Ona görə də daxili işlər orqanlarının (DİO) fəaliyyətini yalnız Konstitusiya normaları və qanunlarla üzərinə düşən vəzifələrin icrasına görə qiymətləndirməklə yox, həm də müxtəlif zamanlarda ölkədə gedən ictimai-siyasi prosesleri, dövlət sistemi dəyişikliklərini, müasir dövrdə isə Qarabağ müharibəsi kimi ağrılı bir amili nəzərə almaqla doğru qiymət vermək olar. Bu qeydlər 102 yaşlı Azərbaycan polisinin fəaliyyətinə məhz həmin baxış bucağından bir yanaşmadır.

Tarixi məxəzlər təsdiq edir ki, Azərbaycanda ilk uyezd polis idarələrinin əsası 1840-cı ildə qoyulub. Həmin idarələr ilk vaxtlar Bakı, Gəncə, Şamaxı, Naxçıvan, Quba, Şuşa və digər bölgələrdə fəaliyyət göstərməklə tədricən ölkə ərazisini bütövlükdə əhatə edib. Bu dövr 1918-ci ilin aprelində sona çatıb. Azərbaycan xalqının qatı düşməni, daşnak Şaumyanın rəhbərliyi ilə qurulan bolşevik Xalq Komissarları Soveti yanında Daxili İşlər Komissarlığı da təsis edilib. Bolşevik Alyoşa Çaparidze onun rəisi olub.

1918-ci il iyulun 2-də ölkənin tarixində ilk dəfə müstəqil polis qurumları yaradılıb. ADR-in ilk baş naziri Fətəli xan Xoyski həm də daxili işlər naziri vəzifəsini icra edib. ADR dövründə bu vəzifənin icrası daha beş nəfərə həvalə olunub.

Sovet Azərbaycanı dönəmində bu vəzifəyə 15, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra isə 7 nəfər təyin edilib.    

Azərbaycan DİO-nun taleyinin ən təlatümlü dövrlərindən biri 1920-1940-cı illərdir. Bu illər ərzində milisin 500-ə qədər əməkdaşı cinayətkarlığa qarşı mübarizədə həlak olub. 1937-1939-cu illərdə isə onun yalnız rəhbər heyətindən 320 nəfər repressiyalara məruz qalıb.

Böyük Vətən müharibəsində isə 800 nəfərə yaxın milis əməkdaşı cəbhəyə yollanıb və yarısından çoxu geri qayıtmayıb. 5 nəfər milis əməkdaşı isə müharibədən Sovet İttifaqı Qəhramanı kimi dönüb.

1969-cu ilin iyulunda Azərbaycana rəhbər seçilən Ulu öndər Heydər Əliyev ölkə həyatının bütün sahələrində, o cümlədən, də DİN-də  dərin islahatlar keçirməyə və dəyişikliklər etməyə başlayıb. Bu xüsusda Ümummilli lider özü belə deyib: "O vaxt DIN və onun rəhbərliyi əhali arasında hörmətini itirmişdi, alınan şikayətlər həddindən çox idi və mən DİN rəhbərliyində ciddi dəyişikliklər etmək zəruriyyətində idim".

Ulu öndərin hakimiyyətə gəlişindən sonra respublikanın ictimai-siyasi və mədəni həyatında kök salmış neqativ hallara, cinayətkarlığa qarşı kəskin mübarizə başlayır. Bütövlükdə hüquq-mühafizə orqanlarında çalışan kadrların seçilib yerləşdirilməsi, onların milli ruhda, vətənə,  xalqa sədaqət ruhunda tərbiyə edilməsi işi xüsusi ilə nəzarətə götürülür. Görülən işlər öz müsbət nəticələrini verir. Dövlətin mühüm strukturlarından biri kimi Ulu öndərin rəhbərliyi ilə Azərbaycan polisi vaxtı ilə onun fəaliyyətinə vurulmuş ləkələrdən aktiv formada təmizlənir.

1988-ci ilin fevralından başlayaraq Ermənistan SSRİ prezidenti Qorbaçovun birbaşa dəstəyi ilə Azərbaycana qarşı ərazi iddiası ilə açıq təcavüzə başlayır. Torpaqlarımızın müdafiəsinə, vətəndaşların təhlükəsizliyinin qorunmasının, erməni-daşnak separatçı qüvvələrə qarşı mübarizənin önündə Azərbaycan polisi durur. Birinci Qarabağ müharibəsində 500-dən çox polis əməkdaşı şəhid olub, sıravi və zabit heyətindən isə 1710 nəfərdən çox adam yaralanıb. Vətən qarşısında misilsiz xidmətlərinə görə 65 nəfər polis əməkdaşı Azərbaycanın Milli Qəhramanı kimi fəxri ada layiq görülub. Bu statistik rəqəmlərin arxasında Azərbaycan polisinin qəhramanlığı, şücaəti, ölüm təhlükəsi ilə üzləşən insanların köməyinə, həyatını düşünmədən riskə atan vətən oğullarının qeyrəti durur.

1988-1993-cü illərdə ölkədə yaranan ağır hərbi siyasi böhran, hərc-mərclik, hakimiyyətin tamamilə deqradasiyaya uğraması, qanunsuz silahlı birləşmələrin meydan sulaması, polisin siyasi mübarizəyə cəlb edilməsi və digər neqativ hallar Azərbaycan DİO-nu tamamilə fəlakətli bir vəziyyətə salıb. Təkcə bir faktı qeyd edək. AXC-Müsavat cütlüyünün bir illik hakimiyyəti dövründə respublikada rekord sayda - 22440 cinayət törədilib. Həmin müddət ərzində cəmi 382 nəfərlə bağlı 249 cinayət işi məhkəmlərə göndərilib. Azərbaycanın müstəqil bir dövlət kimi varlığı bütövlükdə sual altına düşüb. Belə bir vəziyyətdə Azərbaycan xalqı Ulu öndəri təkidli tələblərlə yenidən hakimiyyətə qaytardı. Tarixə 15 iyun 1993-cü il Qurtuluş Günü kimi düşdü. Hüquq-mühafizə orqanları ilə iş sahəsində də yenilməz biliyə və xüsusi təşkilatçılıq istedadına və məharətinə malik olan Ümummilli liderin rəhbərliyi ilə bütövlükdə hüquq-mühafizə orqanlarının, o cümlədən, DİO-nun fəaliyyətinin yenidən qurulması üçün olduqca təsirli tədbirlər görüldü, ciddi islahatlar aparıldı, məhv edilmiş peşəkar özəyin bərpası üçün ən təsirli addımlar atıldı.  Nəticədə 1993-2003-cü illər ərzində cinayətlərin sayı bütövlükdə 33 faiz azaldı. Həmin dövdə 34 mindən çox cinayətkarı birləşdirən on minə yaxın cinayətkar qrup zərərsizləşdirildi. Son 15 ildə isə törədilən cinayətlərin təxminən 88 faizi böyük ictimai təhlükə törətməyən və az ağır, yalnız 12 faizi ağır cinayətlərdir. Bütün bunlar ona görə mümkün olub ki, Ulu öndərin siyasətinin qətiyyətlə davam etdirən Prezident İlham Əliyev Azərbaycan DİN və onun strukturlarının fəaliyyətini daim diqqətdə saxlayır, DİO-nun fəaliyyətinin yeniləşməsi və maddi-texniki bazasının möhkəmləndirilməsi üçün lazım olan bütün tədbirləri həyata keçirib. Ona görə də indi Azərbaycan polisi beynəxalq nüfuza malik, təcrübəsi öyrənilən, fəaliyyətindən nümunlər götürülən bir güc strukturudur, anda sədaqət nümunəsidir. İndi Azərbaycan  "polisə etibarlılıq indikatoru" üzrə 150 dövlət arasında 54-cü sırada yer alır. DİO-da aparılan institusion islahatlar daha da dərinləşdirilir, asayişin təmin edilməsində yeni meyarlar müəyyənləşdirlib. Bunlar hesabatlılıq, şəffaflıq və vətəndaş məmunluğudur. Azərbaycan polisinin fəaliyyətinə yeni istiqamət verilməklə onun dünya görüşündə müstəqilliyə qədər mövcud olan təsəvvürlər dəyişdirilir, yeni milli ideoloji məzmunla zənginləşdirilir.

İndi dünya nəinki 20-30 il əvvəlki, heç bir il öncəki də deyil. Koronavirus pandemiyası dünyanı ağuşuna aldığından yeni çağırışlar meydana çıxır. Bir sıra dövlət orqanları tamamilə yeni vəzifələri icra etməli olur, o cümlədən də, DİN və onun strukturları. Müşahidələr göstərir ki, xüsusi karantin rejimi dövründə DİN və strukturları tamamilə yeni vəzifələrin icrasına çox qısa vaxtda lazımca uyğunlaşa bilib. İndi polis əməkdaşları demək olar ki, hər yerdədir. Bəzən onlar təcili yardımın funksiyalarını icra edir, yaşlı insanlara yemək-içmək çatdırır, qaydalara uymayanları israrla, həm də səmimi formada başa salmağa çalışır və 24 saat gərgin fəaliyyət göstərirlər. Bəli, Azərbaycan polisi milli dəyərlərə hörmətlə yanaşandır. İndi o, Azərbaycan övladlarının polisidir. DİN müstəqil dövlətin nazirliyidir. Ölkə başçısının rəhbərliyi ilə bu güc, qüvvə ilə şübhəsiz, Azərbaycan gündən-günə inkişaf edəcək.

Biz öz polisimizlə fəxr edir, qürurlanırıq. DİO və onun əməkdaşları, həmçinin, nazirliyin rəhbərliyi də qürurludur, həm də ona görə ki, Ali Baş Komandan cənab İlham Əliyev onların fəaliyyətini belə qiymətləndirir: "Cinayətkarlığa qarşı mübarizədə polis işçiləri ön cəbhədədir. Bugün Azərbaycanın uğurlu inkişafında, ölkəmizdə sabitliyin tam şəkildə bərqərar olunmasında, asayişin yüksək səviyyədə qorunması işində polis orqanlarının böyük xidmətləri var. Mən polisin işini yüksək qiymətləndirirəm". Ad günün mübarək, Azərbaycan polisi!

 





02.07.2020    çap et  çap et