525.Az

Ağrılardan işığa boylanmaq... - AY Bəniz Əliyar yazır


 

Ağrılardan işığa boylanmaq... - <b style="color:red">AY Bəniz Əliyar yazır </b>

"... izdihamlarla birlikdə getmək lazım olduğu fikirinə vardım. Sonra da əsl gedişin izdihamlara qarşı olması lazım olduğunu anladım".

Mövlana  

İrili-xırdalı hekayələr, kiçik həcmli povestlər müəllifi kimi tanınan yazıçı Aydın Tağıyev ayrı-ayrı fəsillərini qəzet və jurnallarda çap etdirdiyi "İspan çəkməsi" adlı romanını, axır ki, oxuculara kitab halında ("Xalidoğlu" nəşriyyatı, Şabran. 2020) təqdim etdi. Bu yazı da həmin əsərin mütaliəsindən yaranan təəssüratımın ifadəsidir...

... Bütün sıxıntılarından və ağrılarından qurtulmaq istəyi ilə sarılırsan çox vaxt qələmə! Özünün dincliyini, yaşam eşqini, hətta cənnətini və cəhənnəmini də çox vaxt yazdıqlarında görürsən. Yaşaya bilmədiklərinə çevrilir bir çox hallarda o yazıların.

Dəyərli yazıçımız Aydın Tağıyevin "İspan çəkməsi" romanındakı kimi.

İspan çəkməsi... Demə, cəza verməyin, ağrı çəkdirməyin belə bir növü də varmış...

Hökmlə ayağa geydirilən, xüsusi hazırlanmış çəkmə vasitəsi ilə verilən ölüm hökmü... Adıçəkilən əsərdə deyilən kimi, cəza verilən adamın ayağına məxsusi tikilmiş ayaqqabı geyindirərdilər ki, o ayaqqabı da məhkumun ayağını sıxıb ona şiddətli əzab, ağrılar verərmiş. Yüngül ölümə nə varmış ki?.. Belə ayaqqabıya "İspan çəkməsi" deyilərmiş və romanın qəhrəmanı şair də fikirləşmişdi ki, "düşmən ayağa baxar. Bahalı ayaqqabılar geyinərdi". Burda da oxucunu düşündürən möcüzəvi alt qat durur. Ora varmaq mümkün deyil, bəzən və bəzən də mümkün olan yerində ora enmək qorxusu yaranır oxucuda...

Yazıçı Aydın Tağıyevin romanı da fikrimizin alt qatında  gizlənən möcüzənin üst qatında durur. Əsər müxtəlif cəza və hökmlərlə, özünə qəsd səhnələriylə, intiharla insanı bir başqa aləmə çəkib apara bilir.

Yaşadığın ömrü qiymətləndirmək, yaşamaq eşqinə dəyər vermək əhəmiyyətinə diqqət yetirdikdə, intihar dünyada Allahın yaşamaq hökmünə qarşı çıxmaqdır. İslamın dini baxışları intihara qarşıdır. Müqəddəs kitabımız olan  Quranda intihar "öldürməyin və ya özünüzü öldürməyin" kimi xəbərdarlıqla ulu Rəbbimiz tərəfindən öz bəndələrinə qadağan olunur. Roman içindəki "Şairin intiharı" ikinci roman məhz intiharla bağlıdır. Şair, cəmiyyət və son ümid yeri kimi İntihar...

Romanın ilk səhifələrindən Qırmızı əvvəlcə rəng kimi, sonra isə obraz kimi ortaya çıxır. Yazıçı yanaşmaları, sətiraltı mənalar oxuduqlarını maraqla izləyən, daim təəccüb içində qalmaqdan zövq alan  kitab oxucusu üçün gizəmli tapıntılarla doludur.

"Qırmızıya əl uzadanın, toxunanın, sataşanın axırda elə özü qırmızıya boyanırdı..." Mollagünə Qədir adı ilə oxucuya təqdim edilən ilk qəhrəmanın həyatı, onun öz başına gələnlər və doğmalarının faciəli aqibəti məhz Qırmızının iç üzü və törətdiyi fəsadlardan xəbər verir. Hər kəs Qırmızını bir cür yoza bilər. Əsas da budur, yazıçı bir obrazın arxasında min bir obrazı gizləyə bilir, oxucu da açması olmayan tapmacalar kimi üstündə baş sındırır, düşünə-düşünə qalır... Oxuduqca rənglər aydınlanır, Qədir dönüb Qırmızı olur, daha doğrusu, Qədiri həyat "qırmızı adam" olmağa vadar edir. El arasında da belə deyim var, filankəs qırmızı adamdır, yəni sözü qızıl-qırmızı, çəkinmədən üzə deyəndir...

Əsərdəki Qırmızı da sözü üzə deyən, ifşa edən tərəf kimi göstərilir. Səmavi kitablardan "İncil"də deyildiyi kimi, "Heç kim iki ağaya qulluq edə bilməz. Çünki ya birinə nifrət edəcək, digərini isə sevəcək, ya da birinə bağlı qalacaq, digərinə isə xor baxacaqdır". Bəli, bu fikirlər mətndə sanki elə qıpqırmızı xətt üstündə təsvir edilir.

İntihar - öz həyatına qəsd, özünün ölümünə səbəb olan hərəkətdir. Ancaq qeyd etmək lazımdır ki, əsərdə "intihar" sözü bir çox anlamlarda şəklini dəyişir. "Şairin edamı" fəslində olduğu kimi... Başı cəllad kötüyündən diyirlənən Şair obrazı əslində, bir Qürur, Ölməzlik və Şərəf simvolu kimi verilir. Meydandakı kütlə bir vaxt usanıb yorulmadan, az qala ovucları yağır olanacan çəpik çalıb alqışladıqları Şairi edam kötüyünə fitə basıb ələ sala-sala, dişlərinin dibindən çıxanı deyə-deyə yola salırlar. Şair isə bütün hallarda məğrur-məğrur gülümsəyə bilir.

"Olanlar onsuz da olacaqdı..." Bu fikir qismətin, alın yazısının bizdə yaratdığı etiqaddan, inamdan qaynaqlanır. Ancaq ruhu saran sıxıntı, bitməz suallar, keçilməsi, açılması mümkün olmayan mətləblər, məqamlar əsərin sonuna qədər oxucunu intizarda saxlamağı bacarır. Bu da yazıçının öz daxili sarsıntısından doğur. Yazıçı iç dünyasının ağrısını qələmlə boşaldıb mətnlərdə göyərdir.

"Hamı gözləyirdi ki, nəsə olacaq..." adlı fəsildəki Əyyan obrazı günümüzün rəngidir. Faciəmizdir, bizi incidən, ağrıdan təbəələşmə, süniləşmə, riyakarlaşma, saxtalaşmalardandır. Əyyanın geniş, meşəyə oxşayan bağ-bağatında yaratdığı zooparkını seyr etdikcə qapanan səhnələr də açılmağa başlayır. Daha heç bir açılması mümkün olmayan tapmaca qalmır. Təsvirlər o qədər müdhiş rənglərlə verilir ki, öncədən yaddaşımızda iz salan qırmızı rəngdən əsər-əlamət belə qalmır. Burda hər rəngdə obraz var. Zooparkda "Toyuqlara dən səpən tülkülər, quzuları tumarlayan canavarlar, ilanlara sığal çəkən kirpilər, sürünən qartallar, uçan gürzələr..." Mətndə bu məqamdan başlayaraq hər şeyi kənardan əsas qəhrəman olan Şairin gözü ilə izləməyə başlayırsan.

"Şairin intiharı"nda yazıçı mətnboyu dönə-dönə vurğulamağa çalışır ki, bu "intihar" bir çox səbəb və yaxud səbəblər ucbatından olub. Əslində, səbəb də ortadadır, səbəbkar da. Ancaq oxucu bunu özü tapıb ayırd etməlidir. Yoxsa əks təqdirdə, roman sönük və anlaşılmaz olardı. Əsərdə bir-birini əvəz edən özünə qəsd hadisələri - intihara sövq etmir, əksinə, Allah-Təalaya olan eşqin insan aləmində yaratdığı heyranlığı ortaya qoyur.

"On bir metrlik zərbə..." və vurulan topun qələbə sevinci, insanı psixoloji duruma salan "həyatda bir dəfə qazanmaq" cəhdi kimidir. Ya qazanıb həyatını dəyişdirirsən, ya da... Uduzursansa, vay məğlubların halına!..

Romanda Şairin intiharı ilə bağlı "Fərziyyələr... Gümanlar..." bir keçid, körpü rolunu oynayır, bir fikirdən başqa fikirə keçməyə yol axtaran oxucuya tutalqac verir.

Özünü asan qocaman filosof və mərhumun cibindən çıxan bir parça boş, ağ kağız. Ağappaq, boş bir vərəq... Vərəqin bir küncündə filosofun yalnız öz dəsti-xətti ilə çəkdiyi mübarək qolu. Bütün bu boşluğun bir səbəbi var; bütün intiharlar kimi elə filosofun özünün də dünyanın faniliyinə, boşluğuna işarəsi.

O boyda filosof ölümündən öncə imzasını qoyduğu ağ kağızda yazmağa bircə kəlmə söz tapmamışdımı? Xeyr! O anda yazılacaq söz qalmamışdı...

Şair öz sözünə bələk tutub özünə kəfən biçənə qədər roman düşüncələr selindən vərəq-vərəq araya-ərsəyə gəlməkdə davam edir. Romandakı ən ağrılı intihar səhnəsi bəlkə də qəfəsdəki qartalın "intiharıdır". Qartalın qəfəsdən qurtulub qarnını doydurmaq üçün insanların əlinə baxıb, süfrədən artıq qalanlara göz dikməsi elə onun azadlığının intiharıdır...

Roman boyu intiharın bütün növlərini izləmək olur. Səbəb, yaxud səbəblər ictimai və ya şəxsi motivli ola bilər. Fərq etməz, ortada suallar qalmasaydı. Ölümdən qorxmayan bir insanın intiharı nə qədər düzgündür? İstər qoca, istərsə də cavan olsun, heç ölümdən qorxmayan varmı?! Yazıçı oxucunu da düşünməyə çağırır...

Əsərdə Şair öz intiharıyla gələcəyin böyük bir Şairinin qatili yox, bəlkə də xilaskarı olur. Roman beləcə müdhiş bir qisasla bitir. Epiloq qisasdan sonrakı görüntü kimi oxucunun cızdağını çıxarır. Köhnə, toz bağlamış patefonda oxunan mahnı səsi hələ də qulaqlarımızdan getməyən Rübabə xanımın o mahnıdakı hıçqırıqları, için-için ağlaması, qəmli səsinin ahəngində möcüzə baş verməsini gözləyirsən və... o möcüzə baş verir... Fəqət, möcüzə baş verməsinin özü də qanla bitir. Otaqdakı qəfəsdəki bülbül axır ki, dilə gəlir... Əvvəlcə bülbülün dili açılır, sonra o bülbül özünü qəfəsin dəmir çubuqlarına çırparaq öz qanına bələnərək intihar edir...

Ürəyinin yerini bilmədiyi ilə öyünüb dostları ilə zarafat edən Şair ilk dəfə ürəyinin yerini ayırd edə bilmişdi, - deyir müəllif...

Ağrıyan ürəyin yerini bilməyə nə var ki...

Payız yağışlarında yuyulan körpə qəbri boyda İnsanda bu dünyaya sevgi qalmışdı. Onu da övlad acısı alıb aparır... Yazıçı da intiharlarların içindən özünə və əsərdəki obrazına yaraşan intihar növünü seçir. Ölümlərdən ölüm seç, yəni...

Anlayırsan ki, ağrının da rəngi varmış...

Yazıçı ömrü yaşamaq taleyinə yazılmış Aydın Tağıyevin Şair ruhuna biçdiyi bu bələk-kəfən romanını oxuyub bitirdikdən sonra dönüb iş otağımdan Şabran Günəşinə boylanıram... Şabrandan günəşə öz Söz işığını qatan Yazıçıyla bir ömür yolunu paylaşmaq nə gözəlmiş!..

Niyə romanda əsas qəhrəman Şairdir?! Siz də özünüzə bu sualı verdinizmi?

Bəlkə də Şairlər ağrıların da, ölümlərin də ən gözəlini yaşayanlardı? Ola bilməzmi? Romanda yeddinci mərtəbədən özünü atan həmin cavan Şairin də ölmək istəyi olmayıbmış yəqin... Əminəm ki, həmin Şairin quş kimi uçmaq istəyi olub... Fəqət... qanadlarının olmadığının fərqinə gec varıb... Ya da... ya da onun da qanadları qəfəsdəki qartalın qanadları kimi öz azadlığını itiribmiş...

Atasını, anasının, bacısını itirən Şair öz körpə oğlunun ölümünə üsyan edir, bəlkə də bu səbəbdən artıq bütün ölümlər və intiharlar, yaşamaq mümkün ikən ömrü yarıda kəsmək acizliyinə belə ağrı ilə cavab verir... Mətnin həmin hissəsinə həssas qələmiylə güzgü tutan dəyərli yazıçımız, romana yazılmış ön sözün müəllifi Sadıq Elcanlının qeyd etdiyi kimi: "...etiraf edim ki, məhz bu məqamda mən ədəbiyyatın çağırış səsini daha yaxından eşitdim; fani və əbədi dünyaların keçid nöqtəsində, qapısı ağzında eşitdiyim o sirli pıçıltılar möhtəşəm bir ruhi simfoniyanı, sözün Zəfər Zəngini xatırladırdı..."

Bizi Ağrı, Sükut, Təxəyyül və Hissimizlə sınağa çəkən belə bir Romandır bu...

İşıqdan boylanmayaq ağrılarımıza...

Ağrılarımızdan işığa boylanaq...

 





05.07.2020    çap et  çap et