525.Az

Zərdabinin heykəli... "LaQuzu" önündə - Əlirza Balayev yazır


 

Zərdabinin heykəli... "LaQuzu" önündə - <b style="color:red">Əlirza Balayev yazır </b>

Əməkdar jurnalist Əlirza Balayev Həsən bəy Zərdabinin əvvəllər Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzinin yerləşdiyi İçərişəhərdəki binanın önündə olan heykəlinin oradan Elmi Mərkəzinin yerləşdiyi indiki binanın önünə köçürülməsi, yaxud da Azərbaycan Milli mətbuatının banisinə yeni heykəl ucaldılması təklifi ilə çıxış edib.

Ə.Balayev bununla bağlı təkliflərini özünün "Zərdabinin heykəli... "LaQuzu" önündə" yazısında səsləndirib.

Həmin yazını oxucuların diqqətinə çatdırır, media təmsilçilərinin məsələyə münasibətini təqdim edirik.

Milli mətbuatımızın 145 illiyi ərəfəsində Bakı Şəhər İcra Hakimiyyəti, AMEA-nın Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi və Azərbaycan Mətbuat Şurasının nəzərinə...

1966-cı ildə Azərbaycan Dövlət Universitetində (indiki BDU) filoloji təhsilimi bitirib ilk iş yerim olan Azərbaycan Sovet Ensiklopediyasının (ASE) Baş Redaksiyasında elmi redaktor kimi işə başlayanda baş redaksiya Çkalov (indiki Niyazi) küçəsində, İncəsənət muzeyi ilə Azneft arasındakı boşaldılmış birmərtəbəli xəstəxana binasında yerləşirdi.

Yəqin ilk iş yerim olduğuna, xüsusən də Xalq şairi Rəsul Rzanın başçılıq etdiyi bir təsisatda, Azərbaycanın görkəmli, tanınmış nəşriyyat və mətbuat işçiləri ilə bir yerdə çalışdığıma görə iş yerimi dəyişdirdiyim sonrakı illər ərzində və indi də ensiklopediya mənim üçün doğma və əziz məkandır.

Təbii ki, ASE Baş Redaksiyası işə başlayandan Rəsul müəllim redaksiya üçün yeni və gözəl bina (hər bir xalqın və dövlətin ən ali nəşri ensiklopediya hesab olunur və həmin dövrdə Sov.İKP Mərkəzi Komitəsinin qərarı ilə bütün müttəfiq respublikalarda işə başlayan ensiklopediyalar münasib bina ilə təmin olunmuşdu və ya onlar üçün bina inşa edilirdi) tikilməsi üçün məsələ qaldırmış və İçərişəhəri təklif etmişdi.

Biz də yeni binamızla maraqlanır, hadisələri izləyirdik. Bakı Şəhər Soveti İcraiyyə Komitəsi təklifi qəbul etmək istəmirdi. Son iclasda Bakı Baş Tikinti İdarəsinin rəisi Baqramov (marşal Baqramyanın qardaşı) böyük coşqunluqla təklifin əleyhinə çıxanda Rəsul müəllim uca səslə demişdi: "Rüstəm, bir işimizin taleyini ki erməni həll edir, bizə burda oturmaq yaraşmaz, dur gedək". Bunu deyib iclası tərk etmişdilər. Rüstəm Hüseynov Rəsul müəllimin müavini idi.

Rəsul müəllimin arqumenti bu idi ki, nəyə görə dünyanın ən nadir memarlıq abidələrindən olan Kremldə nəhəng Qurultaylar sarayı inşa edilə bilir, İçərişəhərdə isə ensiklopediya binası tikilə bilməz. Rəsul müəllim Azərbaycan KP Mərkəzi Komitəsində məsələni həll etdi və bina İçərişəhərdə inşa olundu.

Əməkdar memar Zeynəb Quliyeva binanın layihəsini hazırlayarkən Rəsul müəllimin bütün təkliflərini nəzərə almışdı. Qarşısında da, Rəsul müəllimin ideyası ilə, Həsən bəy Zərdabinin heykəli ucaldıldı. Heykəli də heykəltəraş Elmira Hüseynova Rəsul müəllimin yaxından iştirakı ilə hazırlamışdı.

O binada çalışmaq Rəsul müəllimə qismət olmadı. Əvvəlcə ASE Baş Redaksiyası, sonra Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi orada yerləşib fəaliyyət göstərdi. Həmin dövrdə bir neçə il binanın birinci mərtəbəsində - Zərdabinin heykəlinin düz arxasında "Kapital Bank"ın şöbəsi yerləşdi. Sol tərəfində isə o zamandan və indi də "Shah Palace" oteli və restoran yerləşir (Bütün Bakıda olduğu kimi, ad Azərbaycan dilində yazılmayıb).

2012-ci ildə Elmi Mərkəz üçün yeni bina tikilməsi qərara alındı. Bu qərar mənim üçün bu gün də anlaşılmazdır. Dəfələrlə İçərişəhərdəki binaya köhnə iş yoldaşlarımla görüşməyə getmişdim (Onların bəzisi bu gün də çalışmaqdadır). Hər cəhətdən yararlı bina idi və ən əsası nüfuzlu bir elm-nəşriyyat mərkəzi kimi daim göz önündə olan bir məkanda yerləşir, turizm obyektləri sırasına daxil edilmişdi.

2014-cü ildə Elmi Mərkəz yeni binasına köçəndən sonra İçərişəhərdəki bina boş qaldı (Məlumata görə, hazırda keçmiş ensiklopediyanın dördmərtəbəli binasında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin qurumları yerləşir).

Zərdabinin heykəli isə ensiklopediya binası ilə vəhdət təşkil etdiyinə (Üzeyir Hacıbəylinin heykəli Musiqi Akademiyası, Rəşid Behbudovun heykəli Mahnı Teatrı ilə vəhdətdə olduğu kimi) və bundan məhrum olduğuna, həmçinin, ideyası və icrasına görə müstəqil heykəl kimi nəzərdə tutulmadığına (misal üçün, Səməd Vurğunun heykəli kimi) görə, adi seyirçi bunu duymasa və fərqinə varmasa da, layihədəki mənasını itirmiş oldu.

Bu azmış kimi, hazırda Zərdabinin heykəlinin düz arxasında ötən ilin sonunda açılışını etmiş "LaQuzu" restoranı yerləşməkdədir.

Təsəvvürümüzə gətirə bilərikmi ki, Üzeyir Hacıbəylinin heykəlinin arxasında Musiqi Akademiyası, Rəşid Behbudovun heykəlinin arxasında Mahnı Teatrı yox, hansısa bir restoran ("LaÇəpiş", "LaBuzov", "LaBalaq" və s.) dursun?

Beləliklə, Həsən bəy Zərdabinin heykəli hazırda olduğu yerdə namünasib vəziyyətə düşüb. Məncə, həmin heykəli Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzinin indiki binasının qarşısına köçürmək olar. Ümumiyyətlə isə bu nəhəng şəxsiyyət - Azərbaycan mətbuatının banisi Bakının ən görkəmli yerlərindən birində monumental bir heykələ də layiqdir.

Novator.az

 





14.07.2020    çap et  çap et