525.Az

Kitabı ver kitabçıya... - Şahanə Müşfiqin yazısı


 

Kitabı ver kitabçıya... - <b style="color:red">Şahanə Müşfiqin yazısı </b>

İllər öncə bir cümlə oxumuşdum: "Səni sevirəm" deyilməz bizdə, kitab hədiyyə edilər!" O qədər bəyənmişdim ki, özümü tapmışdım sanki orda.

Tanıyanlar yaxşı bilir, ən sevdiyim hədiyyənin kitab olduğunu. Deyilənə görə, əsrlər əvvəl kitab satılmır, ancaq hədiyyə olunurmuş. Buna səbəb kitabın bilik mənbəyi olması idi, bilik isə Allahdan verilən vergi kimi qəbul olunurdu. Alman yazıçısı Karl İmmermanın "kitab həyatın ən zəruri ehtiyaclarından biridir" fikrini nəzərə alsaq, deməli, insanlara zəruri ehtiyaclarını hədiyyə etmək ən böyük dəyərdir. Kitab sevən insanın bununla bağlı gözəl xatirələri də olmamış olmaz.

9-cu sinifdə oxuyurdum. Məktəblilərarası fənn olimpiadasında Dil və ədəbiyyatdan bütün turları 1-ci yerlə başa vurub, sonuncu - ölkə mərhələsinə vəsiqə qazanmışdım. Həmin gün mən müəllimimlə imtahandaykən anam işlə bağlı mərhum Xalq şairimiz Zəlimxan Yaqubun evində qonaq olur. O və ailəsiylə söhbətdən sonra şair qonaqlarına kitab hədiyyə edərkən anam kitabı onun yox, ədəbiyyatı çox sevən, indi də imtahanda olan qızının adına imzalamasını xahiş edir. Şair də kitabını adıma imzalamış və imtahanda uğurlar arzulamışdı. Z.Yaqubun hədiyyə etdiyi "Mən bir dağ çayıyam" kitabı ilk avtoqraflı hədiyyə kitabım idi və illərdir bu xatirənin kölgəsində qoruyub-saxlayıram.

2018-ci ilin Novruz bayramında yazıçı dostumla mesajlaşarkən söhbət Novruz adətlərindən düşdü, uşaqlığımda heç vaxt papaq atmadığımı dedim, təəccübləndi. Zarafatla razılaşdıq ki, bayram günündə onun iş yerinin qapısına papaq atacağam. İki gün sonra həqiqətən də iş yerinin önünə papaq atdım. Dostum papağıma 3 kitab qoymuşdu: özünün, Kafkanın "Atama məktub" və Hötenin "Gənc Verterin iztirabları" kitabları. Bu hadisə yadımda gülməli və maraqlı hədiyyə təqdimatı kimi qalıb.

Son hadisə hələlik həyatımın ən çətin dönəmi hesab etdiyim zamana təsadüf edir. Uzun müddət insanlardan, dünyadan soyuduğum, ürəyimi fərəhləndirəcək, sevindirəcək heç nəyin olmadığı bir vaxtda dostum gözləmədiyim şəkildə Drayzerin "Amerika faciəsi" kitabını hədiyyə etmişdi. Bu günə kimi aldığım ilk hədiyyədir ki, anlamsız və səbəbsizcə ağlamışdım. Sanki aylarca içimdə yığılan, hər kəsdən gizlətməyə çalışdığım iztirabı məni kitabların xoşbəxt etdiyini bilən dostumun o diqqəti gün üzünə çıxarmış və qəlbimdən yuyub aparmışdı.

Respondentlərimin də kitab hədiyyəsi ilə bağlı çox maraqlı xatirələri var.

Şair, publisist Rəşad Məcidin xatirələrinin əsas qəhrəmanı yazıçı Aqil Abbasdır: "Kitaba həvəsim məktəb illərindən olub. Atamın kitabxanası vardı, sonra da özüm başladım kitab almağa. Amma məni bahalı kitab "xəstəliyinə yoluxduran" Aqil Abbas olub. Məncə, elə ən yaxşı kitabları da o, hədiyyə edib mənə. Sovet dövründə Ərəb ölkələrində işləyən dostumuz Zahid Şahsuvarov ordan Aqil üçün "Quran" gətirmişdi. Həmin vaxtlar "Quran" çətin tapılırdı. Aqil Abbas "Quran"ı Ağdama onlara aparmağım üçün mənə verdi. İş elə gətirdi ki, Ağcabədiyə gedəsi oldum, kitab da orda babam Mirhacib ağanın ocağında qaldı. Aqil bunu biləndə, kitabı istəmədi, dedi ki, sənə hədiyyə edirəm, demək, o "Quran" seyid ocağına getməli imiş. Kitab indi də babam evindədir.

Növbəti kitab ensiklopediyadır. Vaxtilə Rəsul Rza Ensiklopediyanın sədri olarkən nəşr etdiyi yaşıl üzlü "Azərbaycan Sovet Ensiklopediyası"nın 1-ci cildi qadağan olunmuş, sonra qırmızı üzlü yenisi çıxmışdı. Amma deyəsən, zirzəmidə həmin 1-ci cilddən qalmışdı və köhnə işçilərdən biri 25 manata satırdı. Onu Aqil Abbas aldı və mənə bağışladı. Bu da qadağan olunmuş kitabın hədiyyəsi kimi unudulmaz hadisədir.

1980-ci illərdə Aqillə "Elm və həyat" jurnalında bir yerdə işləyirdik. Aqil "Batmanqılınc" povestini əlyazma kimi elə işdə, gözümüzün qabağında yazırdı. Əsər makinaya köçürüləndən sonra əlyazmasını cildləyib xüsusi avtoqrafla mənə hədiyyə elədi. Bu da aldığım ən orijinal kitab hədiyyələrindən biridir və indi Ağcabədidəki evimizdədir. Sonrakı illərdə imzalı-imzasız çox kitab hədiyyələri almışam, amma bu 3 hadisə yaddaşımda daha parlaq iz buraxıb". 

Jurnalist, yazıçı Günel Natiq həzin avtoqraf həsrətindən söz açdı: "Ən unudulmaz kitab hədiyyəsi Vaqif Bayatlı Odərin "Ən gülməli ölü" kitabı idi. 1998-ci ilin söhbətidir. Müəllif kitabın birini atama, digərini mənə yazmışdı. Atama yazdığı avtoqraf həmişə xatirimdədir: "Əzizim Natiq, bir də min il sonra dirilsəm, ancaq bir-iki adama, şübhəsiz ki, bir də sənə rast gəlib yenidən dostun olmaq istərdim". Avtoqraf şairin "Ölsəm, bir də min il sonra dirilsəm, bu dünyada hər şeyin sonunu bilsəm" şeirinə göndərmə idi. Müəllifin mənə yazdığı avtoqraf da çox anlamlı idi, təəssüf ki, avtoqrafı oxuyub anlamını dərk etməyə macal tapmamış oxumaq üçün bir tanışım kitabı məndən aldı və geri qaytarmadı. O avtoqrafı oxuya bilmək üçün bir-iki dəfə kitabı geri qaytarmağa cəhd etdim, amma o, kitabı məndən aldığını unutmuşdu və kitabın onda olmadığını dedi. Öz kitabım geri qayıtmasa da, müəllifin atama avtoqrafla yazdığı nüsxə məndədir və stolüstü kitabımdır. Amma oxumağa macal tapa bilmədiyim avtoqrafın həmişə qəribliyini çəkirəm".

"Ulduz" jurnalının baş redaktoru, şair Qulu Ağsəs bu sualla uşaqlığına səfər etdi: "Orta məktəbdə oxuyanda AzTV-nin Ağdamla bağlı çəkilişi vardı, mən də o çəkiliş üçün tədbirdə şeir oxumalı idim. Çəkiliş üçün hər rayona bir neçə gün vaxt ayırırdılar. Çəkilişə hazırlıq üçün bizi məşq elətdirirdilər. Həmin sınaq məşqlərindən birindən sonra mədəniyyət evindən çıxdım və Ağdam univermağının qabağına gəldim. Təsadüfən şair Musa Yaqubu gördüm. Gözlərimə inanmadım. Yaxınlaşıb salam verdim, soruşdum, Musa Yaqubsuz? Dedi, bəli. Dedim burdasız? Dedi, bəli. Yolun o biri üzündə kitab mağazası vardı. Tez qaçdım, mağazadan şairin "İki qəlbin işığı" kitabını aldım, özü də çaşdığımdan, sevindiyimdən 10 dənə. Birini imzalamağını xahiş elədim, soruşdu ədəbiyyatı sevirsən? Dedim, bəli. Dedi yazırsan? Dedim, yox. Fikirləşdim, Musa Yaquba necə deyim ki, mən də şeir yazıram, ayıb olar. Halbuki sən demə, eyni tədbirdə iştirak edirmişik, xəbərim yox. Kitaba böyük avtoqraf yazdı. Yaza-yaza da səsli oxuyurdu: "Şeirimizin sevəni Qulu balama ən xoş arzularla". O avtoqrafdakı apastrofun iriliyi indi də yadımdadır. Onda "şeir" sözü apastrofla yazılırdı. Bu görüşdən və avtoqrafdan böyük qürur duyurdum, məktəbdə müəllimlərimə, sinif yoldaşlarıma göstərmişdim, o kitabdan şeirlər əzbərləyib tez-tez deyirdim. Sonralar çox kitab hədiyyələri aldım, hədiyyə etdim, amma o kitab ən əziz idi. İllərlə onu qorudum-saxladım, təəssüf, Ağdamdakı evimizdə qaldı".

Yazıçı, tədqiqatçı Dilqəm Əhmədin xatirəsi romantikdir: "Bir kitab kolleksiyaçısı kimi mənə xeyli kitab hədiyyə edilib, eləcə də xeyli kitab özüm yığmışam. Təbii, hər hədiyyə kitabın tarixçəsi olur. Amma illər öncə rəsmi şəkildə gənc sayıldığım vaxtlarda sevdiyim bir xanım ad günümə kitab hədiyyə etmişdi. Sualınızı eşidəndə nədənsə o yadıma düşdü. Xalid Hüseyninin populyar olan vaxtları idi. İlk romanını oxumuşdum. İkinci çıxanda türk dilində daha erkən gəlmişdi Bakıya. "Bin muhteşem güneş" adlanırdı türkcə. Onu hədiyyə etmişdi. Xanım özü həyatımızda olmasa da, kitab rəfimizdə öz xatirəsini qoruyur".

Yazıçı Nargis aldığı kitab hədiyyəsinin onun üçün gözlənilməz və uğurlu olduğunu deyir: "Aldığım ən maraqlı, yaddaqalan kitab mənə hörmətli Şahbaz Xuduoğlu tərəfindən hədiyyə olunub. O zaman "Qanun" nəşriyyatında ilk kitabım "İçimdəki Merilin" işıq üzü görmüşdü. Şahbaz bəy mənə ağ bir kitab hədiyyə  etdi. Çox böyük maraqla kitabı açdım. İçi boş idi. Təəccüblənmişdim. Mənə dedi ki, bu, sənin növbəti romanının formasıdır, yeni əsərini buna yaz. Çox həyəcanlanmışdım. Şahbaz Xuduoğlunun hədiyyə etdiyi kitab mənimçün stimul oldu".

Yazıçı-tərcüməçi Xanım Aydın üçün də kitab hər zaman dəyərli hədiyyə olub: "Həm hədiyyə etməyi sevmişəm, həm də hədiyyə almağı. Kiminsə bir kitaba ehtiyacı olarsa, imkanım daxilində istərəm ki, alıb özüm hədiyyə edim. Bunun da əziz, balaca, balaca olduğu qədər də dərin tarixçəsi var ürəyimdə. Uşaqlığım 90-cı illərə təsadüf edib. 1991-ci ildə qabiliyyət imtahanı verib S.Ələsgərov adına 1 №li incəsənət məktəbinin fortepiano sinfinə qəbul olundum. Anam mənimçün pianino da almışdı. Sevincək məktəbə getdim, amma ilk rastlaşdığım problem Solfecio dərsliyinin yoxluğu oldu. Sovet hakimiyyəti dağılmışdı, hər sahədə olduğu kimi, kitab sahəsində də qıtlıq vardı. Bütün mağazalara baxsaq da, kitab tapılmırdı. Son ümid kimi anamla bir musiqi ədəbiyyatı mağazasına getdik. Amma ümidlərim puça çıxdı. Yolda təsadüfən bir qohumumuzla rastlaşdıq. Qadın ağladığımı görüb narahat oldu. Anam məsələni izah edəndə dedi narahat olma, bir şey fikirləşərik. Sağollaşdıq. Axşam evə zəng gəldi. Mənə Solfecio kitabı hədiyyə etmişdilər. Bunun sevincini o qədər dərin, içdən, ruhən yaşamışdım ki, üstündən 29 il keçsə də, unutmamışam. Onu mənə Cəmilə Cavadova-Spitsberq - Azərbaycanın musiqi elmləri doktoru dərəcəsini almış ilk qadın orqan ifaçısı hədiyyə etmişdi. O zamanlar heç təşəkkür etməyi də bilmirdim. Eləcə utana-utana "çox sağ olun" demişdim. Amma indi (bilirəm ki, bu yazını mütləq oxuyacaq) demək istəyirəm ki, Cəmilə, çox sağ olun. Mənə hədiyyələrdən kitabın ən böyük, ən əzəmətli, ən köhnəlməz olduğunu ilk dəfə siz göstərdiz. Bəlkə də kitaba, musiqiyə, ədəbiyyata sevgim elə həmin gündən yaranıb. Yeri gəlmişkən, incəsənət məktəbini bitirəndən sonra mən də həmin kitabı ehtiyacı olan bir şagirdə hədiyyə etmişdim. O gündən bu günə çox kitab hədiyyəsi almışam, amma bu kitabın xatirəsi daha əziz, daha məxsusidir".

Yazıçı Təranə Vahid mövzuyla bağlı üç xatirəsini bizimlə bölüşdü: "Bir dəfə köhnə kitablar satılan yerdən Aristotelin "Poetika" kitabını aldım. Üstündən uzun illər keçib, amma hər dəfə kitabı açanda gözümə ilk sataşan bu sözlər olur. "Bu kitab Ələkbərov Hafizə məxsusdur. Bakı. 8/V/ 1974-cü il". 46 il bundan əvvəl yazılmış sözləri oxuyanda fikirləşirəm ki, görəsən, Aristoteli oxuyan o adam kim olub, yaşayırmı, əgər sağdırsa, kitabını özünə hədiyyə etsəydim təəccüblənərdimi?

İndi xeyli avtoqraflı kitablarım var. Onlardan biri daha əzizdir. Bu, Rəşad Məcidin "Hələ ki, vaxt var..." kitabıdır ki, öz tarixçəsi var. Rəşad müəllimin 50 illik yubileyində onun haqqında "Dəyişilməyən adam" adlı yazı yazmışdım. Orda belə bir yer vardı və məncə, sizin sorğunuza tam uyğundur: "Jurnalistika fakültəsinin 3-cü kursunda oxuyurdum. İş axtarırdım. Bir gün atam "Azərmətbuatyayımı"nda işləyən, bir tərəfi də laçınlı olan Rəşad adlı bir adamın yanına gedəcəyimizi dedi. Getdik. O görüşdə atamla nə danışdınız, nədən danışdınız yadımda deyil, yadımda qalan odur ki, müəllim atam onu hörmətlə qarşılayan, hörmətlə yola salan Rəşad Məcidi ömrünün sonunacan unutmadı... Bir də o yadımdadır ki, bizə bağışladığınız "Hələ ki, vaxt var..." kitabı qaçqın yuvamızın ilk kitablarından biri, bəlkə də birincisi oldu. Bu kitabı oxuduqca elə bil bizə təsəlli verirdi: darıxmayın, sıxılmayın, dünyanın axırı deyil ki, hələ ki, vaxt var..." "Hələ ki, vaxt var..." mənə bağışlanan ilk və ən qiymətli avtoqraflı kitabdır və kitablarımın arasında o kitabın ayrıca bir yeri var...

Bir də gözləmədiyim bir kitab hədiyyəsi olub. Ucqar bir dağ kəndində doğulsam da, gözümü açanda evimizdə çoxlu kitablar görmüşəm. Ermənilər evlərimizi yandıranda kitablarımız da yandı. Amma yaddaşı yandırmaq olmur... Bir dəfə əmim məskunlaşdıqları rayondan bizə qonaq gəlmişdi, bizə də xeyli kitab almışdı. Taqorun kitabını görəndə necə sevinmişdim, ilahi! Təsəvvür edirsiz, həyat səndən üz döndərir, sən də Taqorun mənsur şeirlərini, hekayələrini, "Ev və dünya" romanını oxuyursan və bu kitab səni həyata bağlayan qaynaqlardan biri olur. Kədərli olsa da, bunlar həyat xatirələrimdir".

 





30.07.2020    çap et  çap et