525.Az

Bakıda Abay Kunanbayevin xatirə lövhəsi açılıb


 

Bakıda Abay Kunanbayevin xatirə lövhəsi açılıb<b style="color:red"></b>

Bu günlər qazax yazılı ədəbiyyatının banisi, Türk dünyasının böyük şairi, mütəfəkkiri, ictimai xadimi, tərcüməçisi, bəstəkarı Abay Kunanbayevin 175 ili tamam olur. Bununla əlaqədar, Bakıda, Abayın adını daşıyan küçədə şairin xatirə lövhəsi açılıb.

Tədbirdə beynəlxalq və ictimai təşkilatların nümayəndələri, diplomatlar, ziyalılar iştirak ediblər.

Mərasimi Qazaxıstanın Azərbaycandakı səfiri Serjan Abdıkərimov açıb.

Tədbirdə fəxri qonaq qismində iştirak edən Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva çıxış edib. G.Əfəndiyeva koronavirus pandemiyası ilə bağlı mövcud vəziyyətə baxmayaraq, Abay Kunanbayevin 175 illik yubileyinin bütün türk dünyasını anadan olmasının bir araya toplayan əlamətdar bir hadisə olduğunu qeyd edib. Fondun prezidenti dostluq, min illər əvvəl dərin kökləri və ənənələri olan xalqlarımızın tarixi şəxsiyyətlərinə verdiyi dəyərdən, müasir dünyada təməli ölkələrimizin böyük liderləri Heydər Əliyev və Nursultan Nazarbayev tərəfindən qoyulmuş qardaşlıq münasibətlərindən və bu siyasətin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qazaxıstan Respublikasının Prezidenti Kassym-Jomart Tokayev tərəfindən uğurla davam etdirilməsindən danışıb.

Fondun prezidenti qazax mütəfəkkiri, şair və maarifçi Abay Kunanbayevin çoxşaxəli fəaliyyətini yüksək qiymətləndirib: "Abay Kunanbayevin şəxsiyyəti, bizə bəxş etdiyi nəhəng mirası, nəsillərdən keçib gələn əsərləri qazax xalqının milli şüuruna, eləcə də türk dünyası xalqlarının həmrəyliyinə böyük təsir göstərib. Bu, Qazaxıstan və Azərbaycan xalqları arasındakı dostluğun təcəssümüdür".

Günay Əfəndiyeva Abay Kunanbayevin təkcə qazax xalqının deyil, həm də bütün Türk dünyasının tarixində parlaq bir iz buraxdığını bildirib. O, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun məqsədinin Türk mədəni irsinin öyrənilməsi, qorunması, təbliği və dünya ictimaiyyətini Türk dünyasının zəngi mədəni irsi ilə tanış etməkdən ibarət olduğunu qeyd edib.

Açılış mərasimi musiqisi və sözləri Abay Kunanbayevə məxsus "Jelsiz tünde yarı ay" mahnısı ilə başa çatıb.

 





12.08.2020    çap et  çap et