525.Az

Nyutonun pişikləri - Kamal Abdullanın yazısı


 

Nyutonun pişikləri - <b style="color:red">Kamal Abdullanın yazısı </b>

Deyilənə görə, dahi fizik Nyutonun biri böyük, o biri balaca iki pişiyi varmış. Onların həyətdən evə girmələri üçün Nyuton ev qapısının aşağı tərəfində iki deşik açmışdı - biri böyük pişik üçün böyük deşik, o biri də balaca pişik üçün balaca deşik. Beləliklə, hər pişik özünə aid deşikdən keçib evə girə bilirdi.

"Nadan" adamlar deyərdi ki, iki pişiyin evə girməsi üçün elə bircə böyük pişik üçün açılmış böyük deşik də yetərli ola bilərdi. Guya balaca pişik də bu böyük deşikdən istifadə edə bilərdi. Amma yox!.. Belə olardısa, o zaman 16-cı əsrdə hələ izi-tozu belə görünməyən ədalət prinsipinin qəribə bir damarı vaxtından əvvəl işə düşərdi. O  damarı ki, sonralar onu demokratik prinsip kimi qəbul edəcəkdilər.

Bu prinsipə əsasən, böyüklüyündən, kiçikliyindən, sanbalından, siqlətindən, nüfuzundan, çəkisindən, mövqeyindən, yerindən (yavaş-yavaş ictimai-siyasi müstəviyə yaxınlaşıram), nəhayət, imkanından, imkansızlığından asılı olmadan hamı, cəmiyyət içində yaşayan hamı eyni hüquqa malik olub eyni "qapıdan" keçəcəkdilər. Nazirin yanında müəllim, hakimin yanında mühəndis, milyonçunun yanında fəqir və sair və ilaxır. Hamısının yolu bir böyük deşikdən keçmiş olacaqdı. Buna hansı cəmiyyət imkan verər?! Ay sağ ol. Demokratik cəmiyyət. Bizdə isə iki deşiyin ikisi də var və o deşiklər, hələ ki, "işləyir". Yaxşı ki, hələ deşiklərin sayı ikidir, çox deyil. Daha xırda detalizasiyalara ehtiyac yoxdur. Yaxşı ki, belə deyək, "Nyutonun iki pişiyi varmış". Bir-birindən bir az xırdalar və bir az böyüklərə ayrılmağımız baş tutmayıb. Var bir böyük deşik və var bir balaca deşik. Hər birimiz başımızı aşağı salıb öz deşiyimizi yaxşı tanıyırıq.

Bu iki müxtəlif deşikdən keçənlərin hər dəstəsinin öz psixoloji durumu formalaşmaqdadır.

Bilmirəm, siz fikir vermisiniz, ya yox, bizdə böyük deşikdən keçənlərlə balaca deşikdən keçənlərin ünsiyyət formasında qəribə nüanslar özünü göstərir. Böyük deşiyin adamı ünsiyyət zamanı o biri deşiyin adamına yuxarıdan aşağı elə baxır ki, binəva, böyük nədi, balaca deşikdən keçməyə belə, az qalır utansın. Bəlkə də bu məqam mənim diqqətimi xüsusi olaraq cəlb eləməzdi, bunu tərbiyə və qanacağın dərəcəsinə aid edərdim. Amma!

Siz həmən böyük deşik adamının bir xarici ilə ünsiyyət formasına da fikir veriniz. Bizimki onun yanında özünü balaca deşik adamı kimi aparır. Süni və təbii təbəssümlər, etik normaların təntənəsi, rahatlıq və üzdəki məmnunluq, heyranolmanın ən müxtəlif çalarları adamı valeh edir. Zalımın balası, sən belə bacarırsansa, öz həmvətənindən bunu niyə gizlədirsən?! Bu "ikili" standart axı artıq siyasi və daha çox parazitoloji məqamlardan xəbər verir.

Bizdə indi Azərbaycan dilinin vacibliyi, onun öyrənilməsinin əhəmiyyəti yenə yada düşüb. Zaman-zaman bu durum xatırlanır və sanki borc qaytarırmış kimi dilimiz "pay" verilir. "Dilimiz əldən getdi" kimi şüarlar yenə gündəmdədir. "Başqa dildə oxuyanlardan milli mənafeyimizi qoruyan çıxmaz" deyib dad qılanlar unudur ki, başqa dildə oxuyanlar, zaman bunu "zaman-zaman" göstərib, milli mənafe ortaya gələndə daha çevik, daha geniş düşünə bilirlər. Və onlar vətəni sevməkdə heç də o birilərindən geri qalmırlar. "Vətəni sevmək" deyilən bir xüsusiyyət heç də özəl imtiyaz deyil, kimlərinsə inhisarı deyil.

Mən bir hadisəni xatırlayıram. Bir amerikalı Azərbaycana tibbi amacla uzunmüddətli proqram əsasında işləməyə gəlmişdi. Təzə-təzə müstəqil olduğumuz zamanlar idi. O, təbii ki, hər özünə dəyər verən xarici kimi üç il yaşayacağı ölkənin dilini öyrənmək istədi. Hətta yadımdadı ki, öz ailə üzvlərini də bu işə cəlb eləmək niyyətindəydi. Bu, onun Azərbaycan dilini sevdiyinə görə deyildi. Öz işinə məsuliyyətlə yanaşdığına görə idi. Və indi düşünürəm, bu, həm də ondan xəbər verirdi ki, bu adamı Azərbaycana gəlməzdən əvvəl heç bir xüsusi xidmət orqanları müvafiq instruksiyalarla tanış edib buradakı sosial vəziyyəti real şəkildə ona anlatmamışdılar. Anlatsaydılar, o bilərdi ki, Azərbaycanda bir xarici Azərbaycan dilini bilməsə də, normal şəkildə işləyə bilər. Bir az sonra o, bunu bildi və Azərbaycan dilini öyrənməkdən imtina etdi. Bu, ona lazım olmadı. Çünki biz hamımız - hansı dildə hansı məktəbi qurtarmağımızdan asılı olmayaraq - hamımız bu xaricinin Azərbaycandakı sosial əhatəsinə öz doğma dilimizin çəmbərini çəkə bilmədik. Bəlkə heç bu barədə düşünmədik. O adam rusca yaxşı-pis bilirdi və bu ona Azərbaycanda işləməyi üçün yetərli oldu. Tələsməyək. Ruscanın bu araçılığını qınamağa tələsməyək. İndi guya ki, nə dəyişəcəkdi?! İndi də ingilisdillilərimiz bu dostumuzun, necə deyərlər, "çulunu sudan çıxarmasına" kömək edəcəkdi.

Bilirsinizmi, mənim qəti fikrimdir ki, dilimizin xaricilər tərəfindən maraq obyekti olmasının əsas səbəbi biz azərbaycanlıların öz ölkəmizə verdiyimiz dəyərlə bağlıdır. Mən dəfələrlə şahidi olmuşam ki, xarici ölkə universitetlərində Azərbaycan dilinə, ədəbiyyatına, tarixinə, ümumiyyətlə, multikultural durumuna münasibət ölkəmizdəki siyasi durumun istiqrar dərəcəsi ilə bağlıdır. Adam Azərbaycan dilini ona görə öyrənmək istəyir ki, bu ölkənin dünya ölkələri sistemindəki yeri onun üçün maraqlı olur. Açıq desək, mən inanmıram ki, hansısa başqa bir postsovet respublikasında (əlbəttə ki, Baltikyanı ölkələri çıxmaq şərtilə) yerli dilə bu dərəcədə maraq olsun. Bu isə ölkənin özünəinamlı inkişafı və özünəhörmətin müqabilində olur, desək, səhv etmərik.

Həmən xarici dostum Azərbaycanda öz işini uğurla görüb geri qayıtdı. Mən indi düşünürəm: o, özü ilə burdan nə apardı?! Bilmirəm. Amma o şübhəsizdir ki, əgər o adam burdan Azərbaycan dilini də özü ilə aparsaydı, digər apardıqlarının (təəssürat, xatirə və sair) ömrü qat-qat uzun olardı.

Dilə qayıdaq. Mən bunu dəfələrlə demişəm ki, iki-üç nəfər azərbaycanlının bir-birilə rus dilində və ya hər hansı başqa xarici dildə danışması ilə dil əldən gedə bilməz. Əksinə, əgər bu adamlar qol-qanadını sındıra-sındıra Azərbaycan dilində danışsalar, bəlkə dil bu zaman əldən getmək yoluna qədəm qoyar. Bu, məsələnin kvazielmi yozumu. Digər tərəfdən, nəhayət, biz bunu bilib yaddan çıxarmamalıyıq: Əgər dil iki, ya da üç nəfərin başqa dildə danışması ilə əldən gedəcəksə, o dil dünəndən əldən getsə yaxşıdır. Bu da məsələnin kvaziyumoristik tərəfi.

Məsələyə bir qədər başqa müstəvidən yanaşaq. Bu gün bir gəncin milli, yaxud qeyri-milli dəyərlər əsasında formalaşmasının üç əsas komponenti var. Bu, ailə, küçə və məktəbdir. Azərbaycan Prezidenti bu yaxınlarda məktəbli və şagirdləri yeni dərs ili münasibətilə təbrik edərkən ailə komponentinin əhəmiyyətini və məsuliyyətini xüsusi qeyd elədi. Həqiqətən də, əgər biz bu gün milli gələcəyimizin keşiyində durub onu ancaq dil bilgisi ilə məhdudlaşdırmaq istəyiriksə (əlbəttə ki, burada dili təkcə bilməkdən söhbət getmir, eyni zamanda, dil vasitəsilə dərk edilən milli kimliyimiz də söz konusudur), bunun məsuliyyətini ancaq məktəbin üzərinə qoymaq düzgün deyil. Ailə, başqa sözlə, tələbkarlar burada öz yaxalarını qırağa çəkə bilməzlər. Yoxsa, əks təqdirdə elə anlaşılar ki, tələbkar öz boynundan hər cür məsuliyyəti atmaq istəyir. Başqa dildə təhsil alan övladı ilə bacara bilmədiyini bəribaşdan boynuna alır. Tələbkarın məsuliyyəti bir gənc üçün hansı dildə, hansı şəraitdə, vətəndən hansı uzaqlıqda oxumasından asılı olmadan onun milli dəyərlər üzərində formalaşması işinə öz töhfəsini verməlidir. Bundan boyun qaçırmaq tələbkarın bugünkü iradını şübhə altına alır və milli inkişaf strategiyasına kökündən ziddir. Deməli!!!

Deməli, bir azərbaycanlı övladı hansı dildə oxumasından asılı olmayaraq bir azərbaycanlı kimi formalaşmalıdır. Budur əsas məsələ! Və onu da nəhayət, bilək ki, başqa dillərdə oxumağı milli dayaqlara xəyanət etmək kimi qiymətləndirmə naşılığının zamanı artıq keçdi. Bu nağıllara inananlar get-gedə azalır və bu, gözəldir. Bu gün övladlarımız, gənclərimiz nəinki, rus, ingilis, fransız, alman, hətta İndoneziya dilində, Çin dilində oxumaq istərlərsə, nə gözəl. Oxusunlar! Biz dünyaya açılmış bir ölkəyik. Təkcə Azərbaycan dilində haracan gedəcəyik?!

O ki qaldı milli məsələlərə, onların mütəxəssislərinə və "mütəxəssislərinə" belə deyərdim. Siz dilin hayına qalmayın. Dil öz hayına özü qalmağı yaxşı bacarır. Bu dil əgər sovet dövründən keçib gəlibsə, ona zaval yoxdur. Siz azərbaycanlı gəncin milli dəyərlər üzərində tərbiyəsini düşünün. Başqa dilli məktəblərdə Azərbaycan multikultural ənənələrinin yaşamasının harayını çəkin. Çünki budur Azərbaycanın dünya xəritəsində yerini möhkəmlədən əsas mənəvi platforma. Bu platformanı möhkəmlətmək uğrunda çaba göstərməmiz lazım.  Həmən məktəbləri bitirən gənclər isə, sizi inandırıram ki, sizlər tərəfdən bu cür "milli" məhəbbətlə əhatə olunsalar, sizlərin qatqınızı unutmayacaq və gələcəkdə sizlərə bu yolu seçdiklərinin doğru seçim olduğunu sübut edəcəklər.

Biz çox zaman demokratik ruhlu mədəni adamlar olduğumuzu ortaya qoymaq istəyirik. Bizə belə gəlir ki, çəngəl-bıçağın yerini düz müəyyənləşdirməklə bu məsələni uğurla həll edirik. Amma iş bununla bitirmi?! Bitmir. Demokratiyanın bizim tərəfimizdən, təəssüf ki, unudulmuş bir düsturu var. O düstur belə səslənir: Mən sənə nifrət edə bilərəm. Amma mən həyatımı verərəm ki, sən öz fikirlərini sərbəst şəkildə ifadə edə biləsən. Volterin hələ 18-ci əsrdə formullaşdırdığı ideya. Demokratiyanın təməl prinsiplərindən biri.

Başqa bir təməl prinsip belə səslənir: Özünə rəva bilmədiyini başqasına rəva bilmə. Bizim az qala başına and içdiyimiz, amma... Yenə də amma!!! Amma çoxumuzun hələ də əvvəldən axıra qədər oxumadığımız "Kitabi-Dədə Qorqud" dastanında bu prinsipin aparıcı ideyalardan biri olduğu məlumdur. Dastanı oxumuş olsaydıq, vaxtilə Nyutonun açdığı o böyük deşiyin yolçuları olaraq balaca deşiyin yolçularına sayğı duruşunda bulunmazdıqmı?!

Amerikan dramaturqu Yudcin O,Nilin sözləridir. Deyir ki, biz dilənçilərə minnətdar olmalıyıq. Çünki onlar bizə imkan verirlər ki, biz onlara kömək edək. Məhrumiyyətlər içində itib-batan  hər adam bunu etməyə icazə verməz. Xəstə yanında sağlamlığımızdan utanmırıqsa, ac yanında toxluğumuz bizi qıcıqlandırmırsa, biz kimik, nəyik? Öncə bunu düşünək. Sonra köməyə heç bir ehtiyac olmayan məsələləri, xüsusilə dillə bağlı məsələləri ön plana çəkək və "həll etməyə" çalışaq. Bu məmləkətin başqa, daha real problemləri yoxdur məgər?! Nə özünüzün, nə də başqalarının daxilindəki enerjini səpələməyin, dağıtmayın, lütfən, cənablar. O enerjinin misli-bərabəri yoxdur, qiyməti dünyalar qədərdir.

... Nyutonun pişiklərinə gəlincə. Elə bircə müxtəlif diametrli deşiklər açması və ölçüsünə, sanbalına görə hər pişiyə ona aid yol verməsi bu nadir şəxsiyyətin siyasi-ictimai baxışlarını ortaya qoyur. Pişiklərin bəlkə də rahatlığını qorumaq, onların bir-birilə qapışmasını əngəlləmək üçün gördüyü bu nəcib iş hardasa yaddan çıxıb və o, indi bizim təsəvvürümüzdə əsl mühafizəkar kimi yaşayır.

 





21.09.2020    çap et  çap et