525.Az

Gəncə. Oktyabr 2020. Tale epizodları


 

İKİNCİ ŞƏHƏRİMİZDƏ ÇOXMƏNZİLLİ YAŞAYIŞ BİNASININ RAKETLƏ YERLƏ-YEKSAN EDİLMƏSİ ERMƏNİ ALÇAQLIĞININ XARAKTERİK NÜMUNƏSİ KİMİ

Gəncə. Oktyabr 2020. <b style="color:red">Tale epizodları</b>

Əzəli Azərbaycan torpaqlarının işğaldan azad edilməsi naminə ağardığımız Vətən Müharibəsinin cəbhələrində şanlı ordumuzun həmlələri qarşısında aciz qalaraq, dəlmə-deşikdə gizlənən erməni hərbiyyəsinin tör-töküntüləri özlərinin kəm ağıllarınca, mülki ərazilərimizi, dinc əhalimizi atəşlərə məruz qoymaqla "revanş" alacaqlarını zənn edirlər. 

Nizami yurdu, qədim mədəniyyət beşiyimiz, həmçinin, müasir inkişafımızın bariz təzahürü olan Gəncə şəhərinin raket hücumlarına məruz qalması da erməni alçaqlarının həmin xəstə psixologiyasından irəli gələn, namərd hərəkətlərinin nəticələrindəndir.

Xain ermənilərin oktyabrın 11-də, gecəni fürsət bilərək, Gəncənin mərkəzi hissəsinin yaxınlığındakı çoxmənzilli binanı hədəfə alıb on nəfərin həlak olması, uşaqlı, qadınlı-qocalı onlarla insanın yaralanması ilə nəticələnən son  alçaqlığı bir daha onu göstərdi ki, neçə onilliklər bundan əvvəl Xocalı qətliamını törədənlərin xələfləri də öz şərəfsiz  "ənənələrinə" sadiqdirlər.

Bu fotolar da ermənilərin xalqımıza, dinc soydaşlarımıza qarşı törətdikləri həmin xainlik epopeyasının davamını xarakterizə edən epizodları tarix üçün saxlayır:

Öz valideyinlərinin qəbrini qucaqlayan, hələ dil açmamış bu körpə ilk kəlmələrində "ana", "ata" deyə biləcəkmi?

Ata və anasının dəfninə bu cür könül susqunluğu ilə yollanan bu iki uşaqların necə, o partlayışın faciəvi səhnəsi gecələr yuxularından çıxacaqmı?

Portretindən uşaqlarına gülümsər gözlərlə baxan gənc  Nurçin ananın ruhu onları ovuda biləcəkmi?

Bu sualların kədərinə "dəva"nı  yalnız və yalnız qələbə hisslərini yaşamış könüllərdə axtarmaq mümkün olacaq!

11 oktyabr ağır Gəncə gecəsi zamanı yerlə-yeksan olmuş o binadan tam salamat çıxmış bir ailənin möcüzəvi əhvalatını da danışmaq istərdik. İkinci mərtəbədəki mənzillərin birində yaşayan, 4 nəfərlik - ata, ana və iki uşaqdan ibarət ailə də digər sakinlər kimi yuxuda idilər. Qəfil partlayış binanı bir anda yox edir, onların mənzilini də sanki ikinci mərtəbədən kəsib, yerə vurur. Bu zaman onların üzərində dağıntılardan sanki bir "çətir" yaranır və 6 yaşlı Yağmur, 2 yaşlı Ömər, eləcə də onların ata-anası həmin çətirin hesabına sağ-salamat qalırlar.

"Bu, doğrudan da Allahın bir möcüzəsidir. O, dəhşətli partlayış elə bil alt mərtəbəni ovub, yuxarı mərtəbə yerə dəyib, dağılıb. Mənim övlad və nəvələrimi onların düşdüyü yerin üstündə yaranan iri bir maneə qoruyub", - deyə yaxınlarını özünün mənzilinə gətirən uşaqların babası Mehdi Nəsirov qeyd edir.

Baba həmçinin, bütün azərbaycanlıların, o cümlədən, Gəncə sakinlərinin hər birindən eşidəcəyiniz arzulara  - düşmənin yuvasınadək qovulacağına və qələbəmizin yaxın zamanda gerçəkləşəcəyinə qəti inandığını da izhar etdi.

Zakir MURADOV
Gəncə

 





14.10.2020    çap et  çap et