525.Az

Heraklion Arxeoloji Muzeyi - Telman Orucovun yazısı


 

Heraklion Arxeoloji Muzeyi - <b style="color:red">Telman Orucovun yazısı </b>

Yunanıstan: səfər təəssüratları və zəngin keçmişi barədə düşüncələr

(Əvvəli ötən şənbə saylarımızda)

El Qrekonun doğma kəndi

Herakliona tərəf irəliləyəndə yoldakı bələdçi nişanı yaxındakı kəndin Fodele olduğunu bildirirdi və bizə dedilər ki, bu, məşhur rəssam Dominiko El Qrekonun (1541-1614-cü illər) anadan olduğu və gəncliyini keçirdiyi kənddir. Gənc rəssam təhsilini təkmilləşdirmək üçün əvvəlcə İtaliyaya getmiş, orada Renessans rəssamlarının yaradıcılığını öyrənmişdi. Oradan isə İspaniyaya yollanmış, ömrünün sonunadək Toledo şəhərində yaşayıb-yaratmışdı. Onun əsl soyadı Teotokopuli idi. İspanlar isə yunan olduğuna görə onu El Qreko adlandırmışdılar. O, mistik ekzaltasiyaya meyl etməklə, öz sənətini manyerizmə yaxınlaşdırmışdı. Onun "Toledonun görünüşü" tablosu bu gün də şəhərin konfiqurasiyasını realistik qaydada təsvir etdiyinə görə seçilir. Biz kəndə getdik, onun anadan olduğu evin və xaç suyuna çəkildiyi kilsənin xarabalıqlarını gördük. Minnətdar həmvətənləri ona kiçik, lakin səliqəli bir muzey düzəltmişlər, yalnız reproduksiyalardan ibarət olan muzeyin eksponatlarına tamaşa etdik. İki il sonra mən İspaniyada işgüzar səfərdə olarkən Toledo şəhərində böyük rəssamın ev-muzeyində də oldum. Orada bələdçilərə onun anadan olduğu kənddə də olduğumu dedikdə, ispan dostlarımız təəccüblərini gizlətmədilər.

Heraklion Arxeoloji Muzeyi 

Heraklion Arxeoloji muzeyi bizə olduqca böyük təsir göstərdi. Bu muzeydəki eksponatlar zənginliyinə görə heç də Afina Arxeoloji Muzeyindən geri qalmır və məndə pozulmaz təəssürat yaratdı. Burada Poseydonun qranitdən yonulmuş, insanın fiziki ölçüsündəki heykəli yüksək ifadəliliyi ilə seçilir, gözləri isə qiymətli daşdan düzəldildiyindən işıq saçır.

 Muzey artefaktlar vasitəsilə Qədim Elladanı bizim günlərimizə gətirib çıxarır. Orada çox sayda amforalar, pifoslar nümayiş etdirilir, axı qədim yunanlar təkcə zeytun yağını və şərabı deyil, taxılı da iri saxsı küpələrdə saxlayırdılar. Dulusçuluq qədim Yunanıstanda çox inkişaf etmişdi, aparıcı sənətkarlıq sahələrindən biri hesab olunurdu. Bəşəriyyət çox şeyə görə qədim yunanlara - kritlilərə və afinalılara borcludur. Yunan ağlı zamanından qabağa gedərək güclü qaydada işləyirdi və onun əli dəydiyi yerdə hökmən yaradıcılıq, kreativlik elementləri meydana çıxırdı. Böyük mütəfəkkir Tomas Morun başqa məqsədlə işlətdiyi təbirdən istifadə etsək, yunanların əli dəydiyi şey qızıla çevrilirdi. Beləliklə, onlar əlkimyaçıları xeyli qabaqlamışdılar. Muzey özü də bu qiymətli nümunələri bolluqla təklif edir.

Krit adası qədim tarixi ilə öyünə bilər. Axı yunanların ali allahı, Olimp ilahi qüvvələrinin lideri olan Zevs burada anadan olmuş, doğulan uşaqlarını yeyən atası Kronosu öldürüb, cəhənnəmə göndərmişdi. Krit-Mikena mədəniyyəti burada yaranmış və inkişaf etmişdi. İlk dəfə B xətt yazısı burada icad edilmişdir.

Knossos sarayı 

Heraklion şəhərinin yaxınlığında Knossos sarayının geniş kompleksi yerləşir. Sarayın tikintisi b.e.ə. XX əsrdən başlayaraq, XVI əsrə qədər davam etmişdir. Sarayın tikililəri arasında çoxlu otaqları olan binalar var idi. Qədim tarixçilər Knossosu "geniş" və "böyük şəhər" kimi təsvir edirlər. Onun tarixi təcrübəsi b.e.ə. 2800-ci illə 1100-cü il arasında ölçülür. Burada ilk irəli çıxmış Avropa sivilizasiyası yaranmışdı. Əfsanəvi çar Minosun adı ilə bu, Minoy sivilizasiyası adlanır.

Binalardakı hər bir otaq xüsusi qaydada fəaliyyət göstərirdi. Knossos mifoloji və tarixi mənzərəyə malik idi, bu miflər qədim ənənələrə müvafiq olaraq Herodot və Fukidid kimi tarixçilərin əsərlərində saxlanmışdır. Mifik şəxslər olan Ariadna və Tesey barədəki əhvalatları sarayın dəhlizləri və həyətləri yada salır. Kritin ümumi tarixi minosluların kim olduğunu və onların harada yaşadıqlarını bildirir. Homer "Odisseya"da göstərir ki, "onların şəhərləri arasında ən böyük şəhər Knossos idi", orada Minos 9 yaşlı uşaq olanda hakimiyyətə gəlmişdi, böyük Zevsin geriyə atdığı addımı o, müdafiə etmişdi.

Afina tarixçisi Fukidid Minos haqqında yazırdı ki, o, güclü donanma quran və yunan dənizinin böyük hissəsində nəzarət əldə edən ilk tanınan şəxs idi. Minos ilahi mənşəyə malik idi, allahların özü tərəfindən çar təyin edilmişdi. Zevsin Kritə qaçırdığı Yevropa ondan Minosu doğmuşdu. Anasının başqa birinə ərə getməsi ilə Minos taxt-taca yiyələnmişdi. Arvadı Pasifaya digər uşaqları ilə yanaşı, gözəl ağ öküzlə ehtiraslı intim yaxınlığı nəticəsində Minotavr adlanan monstrı doğmuşdu. Minotavr Dedalın tikdiyi labirintdə qalırdı və kritlilərə təzminat kimi verilən 13 afinalı gəncə, onu öldürməyi qərara alan Tesey də qoşulmuşdu. O, Knossosa gəldikdə Minosun qızı Ariadna ona vurulmuşdu və faktiki olaraq sap kələfi vasitəsilə labirintdən çıxmağına səbəb olmuşdu. Labirintdə Tesey Minotavrın buynuzlarından tutub onun bədəninə qılıncını soxmuşdu.

Kompleksdəki tac otağı, mərkəzi həyət və böyük pilləkən diqqəti xüsusilə cəlb edir. Tac otağında çar taxtı yerləşir, otaqların hamısını qazları, delfinləri, zanbaqları təsvir edən freskalar bəzəyir. Knossos sarayını Kiçik Sarayla birləşdirən daş döşənmiş Çar yolu vardır. Mərkəzi həyət sarayın nüvəsi olmaqla, onun otaqlarını işıq və hava ilə təmin edir. Burada anbarlar vardır. Dini mərasimlər Mərkəzi həyətdə və Qərb həyətində keçirilirdi. Mərkəzi həyətdə üçmərtəbəli kilsə binası var imiş.

Dəhlizlər sütunların üzərində ucalır. Çariça zalının giriş qapısının üstündə dəniz sularında üzən delfinlər təsvir olunur.

Kiçik sarayda çox qiymətli öküz başı vardır, o, qab rolunu oynayırdı, buynuzları qızıl suyuna çəkilmiş ağac materialındandır. Kaşıdan olan bir heykəldə məmələrini əmən balası ilə birlikdə vəhşi ana keçi təsvir olunurdu. Əllərində ilan tutan ilahələrin kiçik heykəlləri də kaşıdan düzəldilmişdir. Freskalarda müxtəlif formadakı çox incəbelli qızlar təsvir olunur.

Məşhur Minoy ledisi "La Parisienne" - "Parisli qadın" kimi tanınır. Bu freskada qadının qara saçlarını, iri gözlərini, uzun boynunu və albalı rəngindəki dolu dodaqlarını görən fransız turisti təəccübünü gizlədə bilməyərək, onun Parisdə öz qonşuluğunda yaşayan qız olduğunu demişdi. Digər bir freskada isə öküzün üstündən tullanmaq təsvir olunur. Biri öküzün buynuzlarından tutmuş, digəri arxasında dayanmış, akrobat isə onun üstündən tullanır. Oğlanlar da, qızlar da b.e.ə. XV əsrdə bu riskli idmanda iştirak edirdilər. Digər bir freskada isə mavi rəngdəki quş təsvir olunmuşdur. Quş qayanın üstündə oturmuş, onu zanbaqlar və yabanı qızılgüllər əhatə edir. Ümumiyyətlə, çox sayda divar rəsmlərinin qalıqları bizim dövrümüzə gəlib çatmışdır.

Bir binaya çox böyük teatr pilləkəni birləşir. Sivilizasiyanın yüksək səviyyəsini rahat vanna otaqları və kanalizasiya sistemi olan tualetlər təsdiq edir. Bunlar b.e.ə. XVII əsrə aid idi, heç 3300 il sonra belə, b.e. XVII əsrində də Avropanın kral saraylarının əksəriyyətində belə rahat şərait yox idi. Deməli, kritlilər Avropanı min illər əvvəl qabaqlamış, ona urbanizasiya və layiqli ev şəraiti yaratmaq dərsini vermişdilər. Buradakı mürəkkəb tikinti arı şanını xatırlatmaqla, otaqlar pəncərələrin, balkonların və verandaların köməyi ilə işıqlanırdı. Knossosa çoxlu turist gəldiyindən içəri keçməyi cırcıramaların qayğısız şərqisi altında xeyli gözləməli olursan.

(Ardı var)

 





19.10.2020    çap et  çap et