525.Az

"Ermənistan qoşunlarını işğal altındakı ərazilərdən çıxarmağa hazır olsa..."


 

"Ermənistan qoşunlarını işğal altındakı ərazilərdən çıxarmağa hazır olsa..."<b style="color:red"></b>

Biz işğala son qoyulmasını, erməni və azərbaycanlı əhalinin əvvəlki yaşayış yerlərində birgə yaşamasını, azərbaycanlıların Şuşaya, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin digər yaşayış məntəqələrinə qaytarılmasını nəzərdə tutan baza prinsiplərinə sadiqik. Ermənistanın baş naziri yalnız müqəddəratın təyini barədə danışır.

APA xəbər verir ki, Prezident İlham Əliyev bu barədə "TASS" informasiya agentliyinə müsahibəsində müşahidəçilərlə bağlı söhbətinin davamında bildirib.

Paşinyanın bu prinsipləri qəbul etmədiyini söyləyən Azərbaycan Prezidenti deyib: “O, daha əvvəl özünün “Qarabağ Ermənistandır və nöqtə” kimi və digər səmərəsiz bəyanatları ilə əslində danışıqlar prosesini pozub. Onda bizə nə təklif edilir? 30 il mövcud olmuş və heç bir nəticəyə gətirib çıxarmamış status-kvoya yenidən qayıtmaq? Əgər biz görsək ki, erməni tərəfi deyir: bəli, biz Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq, ikincisi, biz baza prinsiplərinə sadiqik, üçüncüsü, biz işğal edilmiş ərazilərdən öz qoşunlarımızı çıxarmağa razıyıq. Bax, onda gəlin müşahidəçilər məsələsini müzakirə edək”.

Dövlətimizin başçısı qeyd edib ki, bu məsələ tezliklə razılaşdırıla bilər: “Lakin bunlar olmadıqda, bizə mahiyyət etibarilə nə təklif edilir? Dayanmaq? Bizim ərazilərimizin işğaldan azad olunmasını davam etdirməmək? Bizə təklif edirlər ki, Ermənistana güzəştə gedək, birtərəfli güzəştə, lakin əvəzində bizə heç nə təklif edilmir. Bu, ədalətsizlikdir. Hesab edirəm ki, Azərbaycana münasibətdə bu, düzgün olmayan yanaşmadır. Qoy, erməni tərəfi desin, qoy, Ermənistanın çox danışmağı xoşlayan və çox vaxt danışdıqları ölkəsinə çox baha başa gələn baş naziri desin ki, bəli, torpaqlar işğaldan azad ediləcək, qoşunlar çıxarılacaq. Mən qoşunların işğal edilmiş ərazilərdən çıxarılması qrafikinin verilməsini də təklif etmişdim. Sonra biz Moskvada bir günlük danışıqlar çərçivəsində bunu etməyin texniki baxımdan mümkün olmadığını başa düşdük və bu mövqedən geri çəkildik. Bununla belə, biz Ermənistan tərəfinin öz qoşunlarını işğal altında olan ərazilərdən çıxarmağa hazır olmasını eşitmədik. Bu, baş verən kimi belə adlandırılan müşahidəçilər məsələsinə baxıla bilər”.

 





19.10.2020    çap et  çap et