525.Az

Köçkün adından xilas olan muzey eksponatları - Müsahibə


 

CƏBRAYIL TARİX-DİYARŞÜNASLIQ MUZEYİNİN DİREKTORU TARİYEL ABBASLI: "BU İLLƏR ƏRZİNDƏ EKSPONATLAR DA MƏNİMLƏ BİRLİKDƏ KÖÇKÜN HƏYATI YAŞADI"

Köçkün adından xilas olan muzey eksponatları - <b style="color:red">Müsahibə  </b>

Müsahibimiz Tariyel Abbaslı Cəbrayıl Tarix-Diyarşünaslıq muzeyinin direktorudur. O, 1993-cü ildə, Cəbrayıl rayonu işğal olunan ərəfədə təkbaşına muzeyin 16 mindən çox eksponatını rayondan çıxararaq Bakıya gətirə bilib. Onunla söhbətimizdə də elə bu məsələlərdən danışmışıq.

Müsahibəni təqdim edirik.

***

- Ulu öndər Heydər Əliyev hələ Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi vəzifəsində olarkən rayonlarda tarix-diyarşünaslıq muzeylərinin yaradılması haqqında göstəriş vermişdi. Cəbrayıl Tarix-Diyarşünaslıq muzeyi də həmin vaxtlar - 1980-ci ildə yaradılmışdı. Muzey yaradıldıqdan sonra bir il ərzində xeyli material toplandı - tarixi, etnoqrafik materiallar, müxtəlif xalılar, xalçalar və s. Bilirsiniz ki, Cəbrayıl xalçaçılıq sənəti ilə məşhur olan yerdir. Ona görə də muzeydə çoxlu xalça nümunələri də vardı. Bir sözlə, bir il ərzində muzeyə on minə yaxın eksponat toplanmışdı. Sonrakı fəaliyyətimiz dövründə isə bu sayı xeyli artırdıq. Muzeyimiz həm eksponatlarının kəmiyyət və keyfiyyətinə, həm də kütləvi tədbirlərin təşkilinə görə respublikanın tarix-diyarşünaslıq muzeyləri içərisində seçilirdi. Tez-tez adımız kütləvi informasiya vasitələrində çəkilirdi. 1990-cı ildə muzeyin yaranmasının on illiyini də təntənəli şəkildə qeyd etmişdik.

- Bəs sizin muzeylə yolunuz necə kəsişdi?

- Mən muzey direktoru olmazdan əvvəl səkkiz il Cəbrayılın ucqar kəndlərində müəllim kimi çalışmışam. Muzeydəki fəaliyyətimə kiçik elmi işçi kimi başlamışam.1988-ci ildən muzeyin direktoru kimi çalışıram. Mənim bütün həyatım muzeylə bağlı olub. Ümumiyyətlə, bu, elə bir işdir ki, işin içərisinə girdikdən sonra bağlanırsan. Mən də muzeyə belə bağlandım.

- Əgər o sevgi olmasa, yəqin muzeyin müqəddəratı üçün həyatınızı təhlükəyə atmazdınız.

- Muzeyə bütün varlığı ilə bağlanan adam üçün onun hər eksponatı bir məna kəsb edir. Mənim üçün oradakı hər eksponat doğma idi. Onları orada qoyub gələ bilməzdim. Ancaq eksponatları çıxarmaq da mənə asan başa gəlmədi. Əgər mən rayon icra hakimiyyətinə desəydim ki, eksponatlari rayondan çıxarmaq istəyirəm, onlar razılaşmayacaqdi ki, insanlarda panika yaranmasın. Ona görə də mən Mədəniyyət Nazirliyindən eksponatları guya Bakıdakı hansısa bir sərgiyə aparmaq adı ilə icazə kağızı aldım. Daha sonra öz maşınımla başladım onları çıxarmağa. Əvvəlcə eksponatları Arazboyu əraziyə gətirdim. Düşünürdüm ki, bəlkə ara sakitləşəndən sonra qaytara bilərəm. Sonra gördüm ki, nə ara sakitləşməyi, düşmən artıq Arazboyu əraziyə də gəlir. Bundan sonra eksponatları Beyləqana - bacımgilə apardım. Üç-dörd gün bacımgildə qaldıqdan sonra ora da raket atdılar. Raket bacımgilin evinə düşdü. Bacımın yoldaşı rəhmətə getdi, evləri, maşınları yararsız hala düşdü. Gördüm ki, burada qalmaq eksponatlar üçün təhlükəlidir. Dərhal bir maşın tapıb onları Cəlilabada apardım. Bir ay burda saxladıqdan sonra Mədəniyyət Nazirliyinə müraciət elədim ki, bəs mən eksponatları çıxarmışam. Əvvəlcə özləri də inanmadılar. Mənə icazə kağızı verib maşın təşkil etdilər. İstiqlal Muzeyi bizə qucaq açdı. Beləcə, mən Cəbrayıldan çıxardığım on altı mindən çox eksponati Bakıya gətirə bildim. Həmişə demişəm ki, eksponatlar da mənimlə birlikdə ağır, məşəqqətli köçkünlük həyatı keçib.

- Ətrafınızda sizin bu çabalarınızı görən insanların reaksiyası necə olurdu? Onlara bu, qəribə gəlmirdimi?

- Mənə tez-tez deyirdilər ki, ağlın başındadırmı? Evin-eşiyin qalıb, sən eksponatları düşünürsən. İşğal dövrü elə bir dövr idi ki, insanlar hətta canlarını necə qoruyacaqlarını bilmirdilər. Hər şey ikinci planda qalırdı. Məni isə evimdəki əşyaları çıxarmaqdan çox, muzey əşyalarını çıxarmaq düşündürürdü. Öz-özümə deyirdim ki, buradan çıxandan sonra pal-paltar, yorğan-döşək tapa biləcəyəm. Əgər bunları almaq üçün pulum olmasa belə, eybi yox, kiminsə köhnəsini də olsa, tapmaq olar. Bəs, muzeydəki tarixi dəyəri olan nadir əşyaları hardan tapacağam? Bu itkinin qorxusu mənə cəsarət verirdi.

- Elə bir eksponat varmı ki, onu gətirə bilmədiyinizə görə təəssüflənirsiniz?

- Adi bir qələmlə hansısa qızıl əşyanın dəyəri muzey üçün eynidir. Yəni hər ikisi muzey eksponatı adını daşıyır. Bu baxımdan çıxardığım hər bir əşya üçün sevinirəm. Amma bəzi qalan əşyalar var ki, onlar məni hələ də yandırır. Ən çox da tunc dövrünə aid bir lövhə vardı, ona görə pis oluram. Mən o biri eksponatları götürəndə onu divardan çıxarmadım ki, onsuz da qayıdacağıq. Amma olmadı.

- Muzeyin bugünkü fəaliyyəti barədə nə deyə bilərsiniz?

- Biz işğaldan sonra bu 27 ildə də çox işlər görmüşük. Cəbrayıldan on altı mindən çox eksponat gətirmişdim. Bu gün isə bizim 19291 eksponatımız var. Üç minə qədər eksponatı bu illərdə toplamışıq. Bu illərdə yerləşdiyimiz İstiqlal Muzeyi də bizə çox dəstək olub. Başda muzeyin direktoru Sədi Mirseyibli olmaqla muzeyin kollektivindən doğmalıq görmüşük.

- Artıq Cəbrayıl işğaldan azad olunub. Köçkün eksponatların öz yurd-yuvasına qayıdacağı gün uzaqda deyil.

- 27 ildir biz vətən həsrəti çəkirik. Düzdür, Bakı da bizə doğmadır. Ancaq hər kəsin doğulub-böyüdüyü, ocağının istisinə qızındığı yurd-yuvası başqadır. Cəbrayılın azad olunması xəbəri gələndə sanki dünyalar mənim oldu.

Aytac SAHƏD

 





19.10.2020    çap et  çap et