525.Az

Azərbaycandakı alman mədəni irsinə Ermənistan təhlükəsi - Münasibət


 

Azərbaycandakı alman mədəni irsinə Ermənistan təhlükəsi - <b style="color:red">Münasibət </b>

XX əsrin sonlarında erməni millətçilərinin Azərbaycanın ərazi bütövlüyünə qarşı apardığı əsassız ərazi iddiaları bölgədə hərbi münaqişəyə gətirdi.

Bu münaqişənin sülh yolu ilə həlli üçün ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə 30 ilə yaxın davam edən Ermənistan-Azərbaycan danışıqları nəticəsiz qaldı, Ermənistan hərbi hissələri davamlı olaraq təxribatlar törətdilər. 2020-ci il sentyabrın 27-də Ermənistan hərbi hissələrinin törətdiyi növbəti təxribat nəticəsində Dağlıq Qarabağ ətrafında və Azərbaycan-Ermənistan sərhədində genişmiqyaslı hərbi əməliyyatlar başladı, 1992-1994-cü illərdə Ermənistan hərbi hissələrinin işğal etdiyi torpaqlarımızın bir hissəsi Azərbaycan ordusunun müvəffəqiyyətli əks-hücumu nəticəsində azad edildi.

Yaranmış şəraitdə Dağlıq Qarabağ ətrafında və Azərbaycan-Ermənistan sərhədində genişmiqyaslı hərbi əməliyyatların dayanması üçün Almaniya Federativ Respublikasının Xarici İşlər naziri cənab Heiko Maasın qəfil çıxışı Azərbaycan ictimaiyyətində təəccüb doğurdu. Çıxışdan bir neçə gün sonra, 2020-ci il oktyabrın 10-da, Moskvada Azərbaycan və Ermənistan arasında humanitar məqsədlərlə imzalanmış atəşkəs sənədi kağız üzərində qaldı. Atəşkəs rejimini pozan işğalçı Ermənistan beynəlxalq hüququn norma və prinsiplərinə məhəl qoymadan Azərbaycanın qədim Gəncə şəhərinə ağır artilleriyadan zərbə endirərək dinc əhalini qətlə yetirdi.

Azərbaycanda tarixən mövcud olmuş multikultural mühitin laylarından olan alman qatları Azərbaycan Respublikasında lazımınca mühafizə olunur. Azərbaycan Prezidentinin 30 avqust 2016-cı il tarixli "Cənubi Qafqaz regionunda alman məskənlərinin salınmasının 200 illiyi haqqında" sərəncamı ölkə rəhbərliyinin davamlı olaraq apardığı multikulturalizm siyasətinin bariz nümunəsidir. 200 il öncə Gəncə ətrafında, əsasən Göy-Göl (Helenendorf), Şəmkir (Annenfeld)  və Tovuz (Traubenfeld) ərazisinə Baden-Vürtenberq torpağından köç edərək məskunlaşan almanların bu gün respublikada və o cümlədən, Gəncədə qorunan tarixi və mədəni irsi təhlükə altındadır. Alman-Azərbayan dostluq əlaqələrinin inkişafı məqsədilə 2007-2008-ci illərdə Almaniya Beynəlxalq Əlaqələr İnstitutunun baş katibi, professor Kurt-Jurgen Maasın Bakıya səfəri zamanı təhsil və mədəni əlaqələrə verdiyi töhfə xoş təəsüratlarla ictimaiyyətin yaddaşında qalmasına rəğmən, bu günlərdə bəzi ictimai-siyasi və media nümayəndələrinin Qarabağ münaqişəsi ilə bağlı haqsız mövqeləri ilə rastlaşırıq.

Humanizm prinsipləri ümumbəşəri dəyərlər silsiləsinin tərkib hissəsidir və müasir sivilizasiyanın qaynaqlarına bağlıdır. XXI əsrin əvvəllərində humanizm ideyalarından uzaqlaşmaq təəssüf doğurur. Dünyadakı ab-havanın dəyişməsini öncədən görən görkəmli alman filosofu Osvald Şpenqlerin yazdığı "Avropanın tənəzzülü" əsərində də dolayısı ilə bu məqamlar vurğulanır. Bu baxımdan 2016-cı ildə Bakıya qısa müddətli səfər etmiş Roma Papasına ünvanladığım məktubda humanizm prinsiplərindən uzaqlaşmamağı, insanların sərbəst həyat tərzi yaşaması üçün sədd və sərhədlərin götürülməsini növbəti çağırışlarının birində səsləndirməsini arzulamışdım.

Qərb və Şərqin qovşağında yerləşən Azərbaycan Respublikası beynəlxalq münasibətlər sisteminin aktorudur, onun suverenliyi beynəlxalq hüquq normaları ilə qorunur və xalqımızın ərazi bütövlüyü uğrunda apardığı mübarizə dövlətimizin suveren hüququdur. Bu əsasda multikultural ənənələri özündə birləşdirən, tolerant dəyərləri qoruyan Azərbaycan xalqına qarşı yönələn erməni təcavüzünə nə ad verək?

 





19.10.2020    çap et  çap et