525.Az

Həqiqət - müharibənin qurbanı kimi


 

Həqiqət - <b style="color:red">müharibənin qurbanı kimi</b>

Qarabağ müharibəsinin yenidən alovlandığı ilk günlərdə Rusiya KİV-nin yazdıqlarını və göstərdiklərini maraqla izləyirdim.

Artıq izləmirəm, ona görə ki, bu materiallar öz əyləncəli effektləri və melodramatizmi ilə sabun seriallarından heç nəylə fərqlənmir: eyni danışan başlar, eyni pafos, dəyişilməyən ritorika, təkrarlanan motivlər və üzgörənlik.

Qarabağ məsələsinə həsr olunmuş televiziya verilişlərinin iştirakçılarından tutmuş, süjet peripetiyasına və fabulasına qədər hər şeyi öncədən və gözüyumulu söyləmək mümkündür. Bu, aşağı səviyyəli, yüngül oxu üçün nəzərdə tutulmuş ucuz  ədəbiyyata aid özəllikdir.

Azərbaycan xalqına, ordusuna, millətin özgürlük və özünüdərk simvoluna çevrilmiş Ali Baş Komandana qarşı səsləndirilən hədyanların biri bir qəpik. İş o yerə çatdı ki, Prezident İlham Əliyevin özü məsələyə münasibət bildirməyə ehtiyac duydu: "İnsanlar hər sözü, jesti, mimikanı havada tutur. Açıq deyəcəyəm: Rusiyanın bəzi telekanallarında Azərbaycan əleyhinə aparılan qudurğan təbliğat, saxtakarlıqlar, manipulyasiya, tok-şouların balanslandırılmayan tərkibi, Rusiyanın aparıcı kanallarında Azərbaycan xalqının, Azərbaycan Prezidentinin təhqir olunması - bütün bunlar Rusiyaya etibarı artırmır".

Adam fikirləşmək istəyir ki, qonşu ölkədə mətbuat azaddır, kim nə istəyir yazır, danışır; Azərbaycana qarşı bu föhşün müəllifləri elə aparıcıların özləridir... Amma və lakin bunun belə olmadığını pişik də bilir. Birincisi, ona görə ki, "Sərhədsiz reportyorlar"ın 2020-ci il üçün açıqladığı "Mətbuatın azadlıq indeksi"ndə Rusiya 180 ölkə arasında 149-cu yerdədir. Bu o deməkdir ki, Rusiya mətbuatı məkanındakı şabaşın quruluşçu rejissorları hardasa kənarda əyləşiblər. Daha çox hərbçi ədasıyla ortalıqda gərdiş eləyən "jurnalist"lər isə həmin rejissorların önyarğılı mövqeyinə, xurafatına istinad edir. Necə ki, vaxtilə Rokfeller üçün uydurma xəbərlərlə süslənmiş xüsusi qəzet nəşr edirdilər, o da oxuyub xoşbəxt olurdu, bunlar da elə.

Bu qənaət doğru deyilsə, Azərbaycana tamamilə fərqli münasibət bəsləyən on milyonlarla müsəlmanın, türkəsillinin yaşadığı, amma mövqeyinin heç yerdə əks olunmadığı Rusiyada jurnalist etikası, qərəzsizlik, obyektivlik kimi anlayışları yox sayıb, bütöv bir xalqa qarşı ikinci cəbhə açmaq cəsarətini bu adamlar hardan alır? Belə çıxır ki, bu adamlar KİV sahəsində dövlət siyasətinin özünəxas proqramı rolunu oynayan "İnformasiya təhlükəsizliyi doktrinası"nı gözardı eləyə bilirlər? Yəni dövlət böyükləri bir şey deyir, bunlar başqa hava çalır? Bəlkə məlum şəraitdə, Rusiya kimi dövlətdə özünəməxsus apokrif jurnalistikası yaranıb, dünyanın xəbəri yoxdur? Bəlkə də belə deyil - onlardan tələb olunan elə budur.

Nəticə etibarilə qonşu ölkədə jurnalistika, böyük ölçüdə, heç bir dəyərə tapınmayan  mənəvi lümpenlərin, demaqoqların və avantüristlərin ixtiyarına keçib. İnsanlar obyektiv xəbər axtarışında anonim platformalara, şəbəkə nəşrlərinə üz tutmağa məcburdur. Bu mənada Rusiyanın əksər telekanallarında çalışan aparıcı-moderatorlar mifdəki Danaidləri  xatırladırlar: bildiyimiz kimi, çar Danayın qırx doqquz qızı, pis əməllərinə görə, dibsiz çəlləyi suyla doldurmaq cəzasına məhkum edilmişdi...

İndiki halında tamamilə marginallaşmış bir çox Rusiya KİV-i Ermənistanın apardığı informasiya müharibəsində açıq-aydın tərəf tutmaqdan çəkinmir. O dərəcədə ki, Azərbaycan Prezidentinin sözlərini belə təhrif edir.  "Azərbaycanlıların tarixi irsi silinir. Bizim tarixi abidələrimiz dağıdılır. Azərbaycan məscidləri dağıdılır, təhqir edilir. Bizim məscidlərimizdə Ermənistan inək, donuz saxlayır" - İlham Əliyevin bu ağrılı sözlərini bilə-bilə, qəsdən "Azərbaycan Prezidenti deyir ki, Ermənistan bizim torpaqlarda donuz otarır"  kimi, öz tərbiyəsinə və əxlaqına uyğun şəkildə ifadə eləyənlər telekanallardan düşmür. 

"Vkontakte", "Odnoklassniki" və "Moy mir" kimi sosial şəbəkələri özündə birləşdirən   “Mail.ru Group”un sözügedən məsələylə bağlı bütün xəbərləri bu sonlaqla qurtarır: "Sentyabrın 27-də Azərbaycan Dağlıq Qarabağdakı yaşayış məntəqələrini, o cümlədən, Stepanakerti intensiv artilleriya atəşinə tutaraq, Qarabağ münaqişə zonasında bütün təmas xətti üzrə hücuma keçib". Şərhə ehtiyac varmı? Kontentinə bərəkallah! Şəxsən mən bu gündən mail.ru-dakı poçtumu dəyişdirirəm. Qoy gözünü yağır eləməyə başqa adam tapsın.

Hələ mən "Yandex"in, birbaşa erməni qaynaqlı digər resursların  çıxardığı hoqqalardan danışmıram.

Haqqında danışdığımız, tərəfkeşlik eləyən KİV-in kopükləndirdiyi mövzulardan biri də "Türkiyənin Qafqazda nə işi var?”,  "Türkiyə niyə münaqişəyə qarışır?"  kimi sayıqlamalara həsr olunub. Nala-mıxa vurmaq nəyə gərək, biryolluq deyin ki, Türkiyə işə qarışmasın, biz də "danışıq"ları axır zamanadək uzadaq, erməniləri qoçaq-qəhrəman, azərbaycanlıları qorxaq-tülüngü və əzik adamlar kimi qələmə verməyə davam eləyək,  "quruluşçu rejissor"larımızın könlü xoş olsun.

Ermənilərlə əl-ələ verib, Azərbaycana qarşı informasiya müharibəsi aparan, mobil dəstələr təşkil edib, gecə-gündüz demədən, Azərbaycanı və Türkiyəni söydürən və bunu xüsusi şövqlə eləyən Solovyov, Skobeyeva kimilərdən qətiyyən narazılıqla danışmıram. Bilirəm ki, onlar tarixi ədalət, etik, hüquqi normalar, hansısa bəşəri dəyərlər barədə sentensiyalara qarşı dayanıqlıdırlar, tərəf tuturlar və buna görə, eləməli olduqlarını eləyirlər. Sadəcə belə şeylərlə qarşılaşanda, istər-istəməz fikirləşirsən ki, informasiya savaşı məsələsində bizim də görməli olduğumuz işlər var! Burada velosiped kəşf etməyə ehtiyac yoxdur, bu barədə yazılmış ədəbiyyata göz gəzdirmək kifayətdir... 

Hibrid savaş haqqında çoxsaylı araşdırmalar müəllifi, amerikalı mütəxəssis C.Boydun məqaləsindən: "İnformasiya müharibəsinin əsas məqsədlərindən biri - rəqibi müttəfiqlərindən (və ya potensial müttəfiqlərindən) ayırmaq, onlar arasında ümumi yanaşmanı və birlik ruhunu sarsıtmaq, nəticə etibarilə qarşı tərəfin iradəsini sındırmaqdan ibarətdir". Məncə, jurnalist adıyla Rusiya efir məkanına sızmış, erməni diaspor nümayəndələri ilə ağız-ağıza verib eyni xorda oxumağa vərdiş eləmiş "bülbül"lərin hansı niyyət güddüyü aydındır.

Məncə, qoy özlərini yırtıb-töksünlər, danışdıqca mal peyini kimi qızışmağa davam etsinlər.

Bizə düşən soyuqqanlı olmaq, baş verənləri düzgün oxuyub, lazımi nəticələr çıxarmaq, strateji ağıl və dövlət zəkası kimi Ali Baş Komandanın ətrafında daha sıx birləşməkdir. 

Yaşasın ordumuz!

Qarabağ Azərbaycandır!

 





19.10.2020    çap et  çap et