525.Az

Qərbin sanitar sərhədi və yeni dünya düzəni - Xaqani Cəfərli yazır


 

Qərbin sanitar sərhədi və yeni dünya düzəni - <b style="color:red">Xaqani Cəfərli yazır</b>

Rusiyanın Qərb istiqamətində keçmiş sovet respublikaları ilə sərhəddə sanitar sərhəd (cordon sanitaire) yaradılması ideyası yenidən gündəmə gətirilir.

Sanitar sərhəd ideyası ilk dəfə yüz il öncə meydana çıxmışdı. O zaman Sovet Rusiyasından kommunizmin Qərbə, ilk növbədə isə Rusiya imperiyasından qopmuş respublikalara yayılmasının qarşısını almaq üçün sərhədlər boyunca sipər yaradılması nəzərdə tutulurdu. Sovet İttifaqı dağıldıqdan sonra müstəqillik qazanan Baltikyanı respublikalarda Rusiya ilə sanitar sərhəd yaradılması ideyası yenidən gündəmə gəlsə də, Moskvanın Qərblə fəal əməkdaşlığı bu ideyanın reallaşmasına imkan vermədi. Bu gün Moskvanın xarici siyasətinin təcəvüzkar xarakter alması sanitar sərhəd ideyasını yenidən gündəmə gətirib. Qərbdə hesab edirlər ki, sanitar sərhəd Estoniya, Latviya, Litva, Ukrayna, Moldova və Belarusu Rusiyadan ayırmalı, onların təhlükəsizliyini təmin etməlidir. Eyni zamanda, bu sanitar sərhəd Rusiyanın Avropa ilə əlaqələrinin də ən aşağı səviyyəyə endirilməsinə xidmət etməlidir. Bu isə Rusiyanın Qərbə açılan qapısının bağlanması anlamı daşıyır. Əgər bu ideya həyata keçirilərsə, sanitar sərhədin Rusiya iqtisadiyyatının tamamilə boğulmasına gətirib çıxaracağını hər kəs anlayır. İlkin olaraq Rusiyaya qarşı yönələcək sanitar sərhədin daha sonra Çinin qarşısını kəsməyə xidmət edəcəyi də hədəflənir.

Avropa Birliyinin Rusiya müxalifətinin lideri Aleksey Navalnının zəhərlənməsinə görə Dövlət Üzvi Kimya və Texnologiya Araşdırma İnstitutuna və prezident Vladimir Putinin ən yaxın ətrafına daxil olan 6 şəxsə qarşı sanksiya tətbiq etməsi də, Moskvanın təcrid olunmasına və sanitar sərhədin tətbiqi ideyasına xidmət edir. Sanksiya tətbiq edilən şəxslər siyahısına Rusiya Federasiyası Prezident Administrasiyası başçısının birinci müavini Sergey Kiriyenko, qurumun daxili siyasət idarəsinin müdiri Andrey Yarin, prezidentin Sibir Federal Dairəsi üzrə nümayəndəsi Sergey Menyailo, Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikov və müdafiə nazirinin müavinləri Pavel Popov və Aleksey Krivoruçkonun adlarının daxil edilməsi müxalifət liderinin zəhərlənməsinə görə Avropa Birliyinin Rusiyanın ali hakimiyyətini günahlandırmasından xəbər verir.



Böyük Britaniya Avropa Birliyi ilə həmrəylik göstərərək Rusiya rəsmilərinə qarşı tətbiq edilən sanksiyalara qoşulub. Şərti olaraq "Navalnı siyahısı" adlandırılan Rusiyanın ali hakimiyyət təmsilçilərinə bu sanksiyanın tətbiqindən sonra Moskva ilə Qərb arasında əlaqələr sürətlə kəsilməyə başlayacaq. Rusiya Xarici İşlər naziri Sergey Lavrov da bəyan edib ki, Avropa ilə dialoq kəsilə bilər.

Avropa Birliyinin son sanksiyasının əsasən Rusiyanın güc strukturlarının və Prezident Administrasiyasının rəhbərlərinə qarşı yönəlməsinin Rusiyada hakimiyyətin transferi zamanı güc strukturlarının təsirini azaltmağa xidmət etməsi məqsədi güddüyü ilə bağlı da fikirlər var. Rusiyalı politoqlar hesab edirlər ki, Qərb Moskvada hakimiyyətin ötürülməsi prosesinin başlandığını düşünür və bu prosesdə təşəbbüsün güc strukturlarının əlində olmasının fərqindədir. Sanksiyada güc strukturlarının rəhbərlərinin hədəfə alınmasının səbəbi müxalifət liderinə qarşı sui-qəsdin qadağan olunmuş kimyəvi silahdan istifadə yolu həyata keçirilməsi ilə izah olunur. Təhlilçilər bunu Rusiyada faktiki olaraq ikinci şəxs sayılan, hakimiyyətdəki "qırğılar"ın lideri hesab olunan Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevə verilən mesaj kimi də qiymətləndirirlər. Bununla həm də hakimiyyətin "qırğılar"ın təmsilçisinə keçəcəyi halda Rusiya ilə münasibətlərin yaxşılaşacağına ümid bəslənilməməsi mesajı verilir. Avropa ilə münasibətlərin pisləşməsi isə Rusiya iqtisadiyyatı üçün çox ağır nəticələr doğura bilər.



Rusiya ilə Avropa arasında münasibətlərin son günlər daha da kəskinləşməsi Moskvanın Belarus, Cənubi Qafqaz və Orta Asiyada baş verən proseslərə təsir imkanların da azaldacağını proqnozlaşdırmağa əsaslar verir. Müşahidələr göstərir ki, Belarusda təşəbbüs tədricən Avropanın əlinə keçir, Moskva isə mövqelərini sürətlə itirməkdədir. Bundan əlavə, Orta Asiyada da Rusiyanın mövqelərini Çin ələ keçirməkdədir. Bu regiondakı ölkələr hər ötən gün Pekindən daha çox asılı vəziyyətə düşürlər.

Cənubi Qafqazda da vəziyyət Rusiyanın mövqelərini itirdiyindən xəbər verir. Əgər son zamanlara kimi Cənubi Qafqaz müstəsna olaraq Rusiyanın təsir zonası hesab olunurdusa, artıq vəziyyət dəyişib. Türkiyə sürətlə bölgədə mövqe qazanmaqdadır. Çox açıq şəkildə olmasa da, İsrailin də Cənubi Qafqazda gücləndiyi müşahidə olunur. Cənubi Qafqazın dünya düzəninin yenidən dizayn edilməsində önəm kəsb etməyə başlamasından sonra Qərb, İsrail və Türkiyənin bu bölgəni Rusiyaya güzəştə getməyəcəyi gözlənilir. Nüfuzlu beyin mərkəzlərində hesab edirlər ki, Azərbaycan bu yeni dünya düzəninə açar ölkə olmalıdır.

 





19.10.2020    çap et  çap et