525.Az

Məktəblilərin Ordumuza töhfəsi


 

GƏNCƏLİ MƏKTƏBLİ ÖZ UŞAQ QAYĞILARI ÜÇÜN TOPLADIĞI 30 MANATI ƏSGƏRLƏRİMİZƏ GÖNDƏRİB

Məktəblilərin Ordumuza töhfəsi<b style="color:red"></b>

Qüdrətli dövlətimizin təminatı çox yüksək həddə olan qalibiyyətli Silahlı Qüvvələrinin heç bir əlavə təminata ehtiyacı olmasa da, ölkəmizin dörd bir yanında sadə insanlar ordumuza bu və ya digər şəkildə kömək etmək üçün öz könüllərinin səsinə qulaq asıb, cəbhədə vuruşan əsgərlərimizə müxtəlif sovqatlar göndərirlər.

Vətəndaşlarımızın bu addımlarının, əlbəttə, maddi tərəfindən çox mənəvi amili qürurvericidir.  Doğrudan da, Qələbəmiz üçün tohfə vermək arzusu azərbaycanlıların ürəklərində qərar tutaraq, cəmiyyətimizi daha da saflaşdırıb, uşaqlı-böyüklü hər kəsin vətən sevgisini coşdurub.

Uşaqlar da cəbhədə döyüşən əsgərlərimizə yazdıqları məktublarda öz vətənsevərlik duyğularını  bildirir, onları sevindirirlər. Gəncənin orta məktəblərində də şagirdlər hər gün onlarla belə məktubları yığıb, cəbhəyə yollayırlar.

Amma şəhərin məktəblərinin birində, Nəriman Nərimanovun adını daşıyan 25 saylı orta məktəbdə qarşılaşdığımız səhnə hər kəsi kövrəltməklə bərabər, millətimizin cocuqlarının da Vətən üçün alışıb-yanan ürəklərə sahib olduqlarını göstərməklə hamıda bir fəxarət hissi doğurdu. 4-cü sinif şagirdi, 10 yaşlı Əli Mustafazadə məktubla bərabər, öz uşaq qayğıları üçün metal su qabından düzəltdiyi daxıla xırda pullarla yığdığı 30 manatı da əsgərlərimizə göndərmək üçün məktəbə gətirib. Müəllimləri Əliyə əvvəlcə pulun göndərilməsinə ehtiyac olmadığını demək istəsələr də, bu balaca vətənpərvərin qüruruna toxunmamaq üçün onun istəyini yerinə yetirməli olublar. Əli də sevinclə daxılını buradaca açıb onu göndəriləcək sovqatların yanına qoyur.

"Bir ildir ki, bu daxılın içinə pul atıram. Özümün dəftər-qələm və digər xırda məktəbli ləvazimatlarım üçün lazım olar deyə yığırdım. Amma indi hamımız qələbə arzusundayıq. Fikirləşdim ki, bu pullarım əsgərlərimizin də hansısa işinə yaraya bilər. Axı onlar bizim böyük qardaşlarımızdırlar, bizim üçün, Vətənimiz üçün vuruşurlar", - deyə özü taleyin qəzayi-qədəri ilə ata-anasız, nənənin himayəsində böyüyən bu kiçik, amma mərd ürəkli Əli bildirir.

Əli ilə birgə gələn 7-ci sinif şagirdi, 12 yaşlı Vüsal Əsədov isə şəhid nəvəsidir. O da dostu kimi əsgərlərimizə sovqat - corab, isti paltar, hörmə papaq gətirib. Əsgərlərə məktub da yazıb.

"Babam 1993-cü ildə Ağdam istiqamətində döyüşlərdə şəhid olub. Həmin bölgədə vuruşan əsgərə göndərdiyim məktubumda da onun igidliyi haqda yazmışam. Əsgərlərimizə sağ-salamat, qələbə ilə evə dönmələrini arzu etmişəm", - deyə Vüsal qürurla bildirir.

Şölə, Elcan və Əlibala Salahlılar isə bacı-qardaşdılar. Onların anası tibbi hərbi qulluqçudur, cəbhədədir. Uşaqlar analarından ötrü darıxsalar da, onun nə qədər vacib bir işdə olduğunu yaxşı anlayırlar. Onların da qələbə arzulu məktubların "bizlərdən, evdən nigaran olmayın, Vətən torpaqlarını tezliklə azad edin" ruhunda yazılıb.

Zakir MURADOV
Gəncə

 





19.10.2020    çap et  çap et