525.Az

Qarabağa doğru... - Elnarə Qaragözovadan daha bir esse


 

Qarabağa doğru... - <b style="color:red">Elnarə Qaragözovadan daha bir esse </b>

Mən bizim gözəl Qarabağımızda doğulmadım. Heç görmədim vətənin o dilbər guşəsini. Adını ağrıyla, həsrətlə qoşa eşitdim.

"Qarabağın maralı" mahnısından gözəllər məkanı kimi sevdim onu. 35 yaşımdan sonra  da Xocalıda çəkilən kadrlara heç vaxt sona qədər baxa bilmədim. Dözə bilmədim. O öldürülmüş körpənin əynindəki paltarı anasının nə arzu, diləklə aldığını düşündüm!  Qarlı qış gecəsində övladını bağrına basıb vəhşilərdən necə qaçırdığını düşündüm! O yanan  evin kişisinin ağrı-acılarını düşündüm! Bizim nə gözəl ellərimiz vardı deyib ah çəkən qocalar gördüm! "Mən gəlin gələndə gətirdiyim xalça..."  deyib gözü dolan qarılar gördüm! Oğlanlı-qızlı həyətdə sıraya düzülüb "Marş irəli, Azərbaycan əsgəri!" oxuduq biz! Əsgər olmaq istədik biz! Yağıdan azad etmək istədik arzularımızı, xəyallarımızı, ümidlərimizi! Çox istədik, çox dilədik!

İllər keçdi və Ümummili liderimiz Heydər Əliyevin sayəsində Azərbaycan  simurq quşu kimi yenidən doğuldu. Onun layiqli davamçısı, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev bizi addım-addım qələbəyə doğru apardı. Bir amal, bir məqsəd var idi: hər şey vətən üçün, hər şey qələbə üçün! Qüdrətimiz artıqca qələbə daha da yaxınlaşdı. Bu günədək Qarabağ ağrı idi, acı idi, itirilmiş qürur idi. Ali Baş Komandanımız bu gün mənim və yaşıdlarımın heç vaxt görmədiyi, ancaq alt şüurumuza həkk olunan gözəl Qarabağı bizə qaytarır - gözəllər yurdu Qarabağı, igidlər oylağı Qarabağı, Azərbaycanın ayrılmaz hissəsi Qarabağı! Yenə eyni mahnı səslənir: "Marş irəli, Azərbaycan əsgəri!" İndi həmin küçədə o mahnını oxuyan uşaqlar qüdrətli və müstəqil Azərbaycanın əsgərləridirlər! Bu gün hamımız əsgərik! Arxa cəbhədə də, ön cəbhədə də biz birlikdəyik! Bir yumruq kimiyik! İndi Ali Baş Komandanımız İlham Əliyevin uzaqgörən siyasəti sayəsində qurulan  güclü bir dövlətimiz, qüdrətli bir ordumuz var!

Ayaq səslərimizi eşidirsənmi, ey yağı düşmən?! Biz evimizə qayıdırıq!..

QARABAĞ AZƏRBAYCANDIR!..

 





20.10.2020    çap et  çap et