525.Az

Qisas qiyamətə qalmaz - Aytac Aslandan yeni yazı


 

Qisas qiyamətə qalmaz - <b style="color:red">Aytac Aslandan yeni yazı</b>

2020-ci il başladığı gündən bütün dünya bədbinlik içində faciələrlə mübarizə aparır. Azərbaycan üçün də 2020 pis bir il idi, ta ki sentyabrın 27-nə qədər. Artıq biz istəsək də, bu ili pis adlandıra bilmərik. Çünki bu gün Azərbaycan xalqı illərdir ala bilmədiyi qisası alır, yeni bir tarix yazır. Ali Baş Komandanın da dediyi kimi, Azərbaycan xalqının ləyaqəti bərpa olunur.

Əcnəbilərlə söhbət etdikdə hiss edirəm ki, onlar hazırkı müharibəni Azərbaycanın başına gələn fəlakət kimi görür, insanların qürurdan parlayan gözlərinə təəccüblə baxırlar. Bu qürur və sevinc hissini anlamaq üçün azərbaycanlı olmaq lazımdır. Çünki yalnız bizdən olanlar Xocalıda mülki əhaliyə qarşı edilən vəhşiliklərdən sonra neçə illər Ermənistana qarşı yetərincə humanist davrandığımızı anlaya bilər. Düşməndən fərqli olaraq, biz torpaqlarımızı qundaqdakı körpələri qətl edərək yox, döyüş meydanında qəhrəmancasına alırıq. Bizim yolumuz haqq yoludur, axıtdığımız qanlar boş yerə deyil, Qarabağ üçündür.

El arasında bir söz var, zalımın sonu gələndə zülmünü artırar. Mənfur düşmənin Gəncədə törətdiyi terror aktı nəticəsində bu fikirlərin doğruluğunun bir daha şahidi olduq. Gəncə terroru ermənilərin xislətinin dəyişməyini sübut etdi. Necə ki Xocalı faciəsində əliyalın, mülki əhalini vəhşicəsinə zülm verərək qətl edirdilər, indi də eynisini təkrarladılar. O vaxt hamilə qadını uşağı ilə birlikdə öldürən, körpələri beşikdə qətlə yetirən, qadınlara zülm edən qatillər bu gün bunu raketlə edir. Zalım artıq sonunun gəldiyini bilir, Azərbaycan Ordusu qarşısında aciz qaldığından dinc əhaliyə zülm edir. J.Lakorderin sözüdür:  "Azadlıq uğrunda hər cür müharibə müqəddəsdir, işğalçılıq isə lənətə layiqdir".

1992-ci il  Xocalıda mülki insanlara o cür zülm edən, ev-eşiyindən didərgin salan, şəhərlərimizi, kəndlərimizi viran qoyan qaniçənlərin qisasını Allah bir gün almalıydı. İndi isə özümüz alırıq. Əvvəllər biz bütün Azərbaycan xalqı olaraq şəhid analarının, övladlarının gözyaşları içində boğulurduq. Amma bu gün onların gözlərinə qürurla baxa bilirik. Çünki torpaq uğrunda qan tökən hər bir şəhidimizin qisasını alırıq, onların qəhrəmancasına şəhid olduğu torpaqlara Azərbaycan bayrağını sancırıq.

 





20.10.2020    çap et  çap et