525.Az

Ermənistan siyasi böhran astanasında - Xaqani Cəfərli yazır


 

Ermənistan siyasi böhran astanasında - <b style="color:red">Xaqani Cəfərli yazır</b>

Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatları nəticəsində işğal altındakı torpaqların bir hissəsinin azad olunması, Ermənistan silahlı qüvvələrinin ağır məğlubiyyəti baş nazir Nikol Paşinyana qarşı etimadsızlıqla yanaşı, erməni cəmiyyətinin bəzi təbəqələrində hətta ciddi narazlıq yaradıb.

Belə bir vəziyyətdə N.Paşinyanın hakimiyyətdən uzaqlaşdırıla biləcəyi ilə bağlı fikirlər səslənməyə başlayıb. Belə fikirlər artıq həm Ermənistanda, həm də Rusiyada səslənir. Kremlə yaxınlığı ilə tanınan rusiyalı politoqlar Paşinyanı Ermənistanın siyasi və hərbi məğlubiyyətlərinin əsas səbəbkarı kimi göstərərək hər an hakimiyyətdən uzaqlaşdırılmasının mümkünlüyünü bildirirlər. Politoqların bu fikirləri əslində, reallığın dəyərləndirilməsi və proqnozlaşdırılmasından daha çox, rəsmi Moskvanın arzusunun ifadə edilməsidir. Həqiqət isə ondan ibarətdir ki, Paşinyanın hakimiyyətdən uzaqlaşdırılması elə də asan deyil. Çünki Levon Ter-Petrosyanın hakimiyyətdən kənarlaşdırılması ilə indiki vəziyyət arasında ciddi fərq var.

Məlum olduğu kimi, ötən əsrin sonlarına yaxın, 1997-ci ilin ikinci yarsında tərəflər Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunmasına çox yaxın idi. Lakin baş nazir Robert Köçəryanın başçılıq etdiyi, müdafiə naziri Serj Sarkisyan və daxili işlər naziri Vazgen Sarkisyanın daxil olduğu qruplaşma prezident Levon Ter-Petrosyanın razılaşdığı sülh planına qarşı çıxdıqdan sonra İrəvanada ikitirəlik yarandı. Bütün hərbi gücü əllərində cəmləyən bu qruplaşma Levon Ter-Petrosyanı vəzifəsindən istefa verməyə vadar edərək iqtidarı ələ keçirdilər. O zaman bu proses legitim və qanunlar çərçivəsində həyata keçirilmişdisə, indi Ermənistanda hakimiyyətin mövcud qanunlar və siyasi konfiqurasiya çərçivəsində legitim ötürülməsi faktiki olaraq mümkün deyil. Əgər o zaman Ermənistanda prezident üsul-idarəsi hakim idisə, indi parlament üsul-idarəsi mövcuddur. Paşinyan baş nazir vəzifəsindən istefa versə belə, hökumətin rəhbərini yenə də parlament seçməlidir. Parlamentdə isə Paşinyanın rəhbərlik etdiyi blok böyük üstünlüyə malikdir. 20 ay əvvəl keçirilən seçkilərdə  Nikol Paşinyanın başçılıq etdiyi "Mənim addımım" bloku seçicilərin 70,43 faiz səsini qazanmışdı. 20 il hakimiyyətdə olan, şərti olaraq "Qarabağ klanı" adlandırılan qrupu təmsil edən Respublika Partiyası isə seçicilərin cəmi 4,7 faizinin dəstəyini qazana bildiyi üçün parlamentə düşə bilmədi. Bununla yanaşı, Paşinyanın tərəfdarları İrəvanla yanaşı, Armavir və Eçmədzin kimi böyük şəhərlərə də başçılıq edirlər. İki il əvvəl İrəvan meri və Ağsaqqalar Şurasına keçirilən seçkilərdə Paşinyanın tərəfdarları seçicilərin 80 faizinin dəstəyini qazanmışdı. Buna görə də Paşinyanın hakimiyyətdən devrilməsi bu gün elə də asan görünmür. Ən azından, bunun legitim həlli faktiki olaraq yoxdur. Paşinyan baş nazir vəzifəsindən istefa versə belə, parlamentdə çoxluq yenə onun nəzarətində olacaq. Bu çoxluğun iştirakı olmadan isə hakimiyyətin legitim və qanuni dəyişdirilməsi variantı mövcud deyil.

Rusiyalı politoqların təklif etdikləri və Ermənistanda parlamentdən kənarda qalan çoxsaylı kiçik partiyanın yeganə çıxış yolu kimi gördükləri Hərbi Şura isə tam legitim olmamaqla yanaşı, ikihakimiyyətlik yaradacaq. Paşinyanın qatı əleyhdarları ilə bir qurumda bərabər fəaliyyəti faktiki olaraq mümkün deyil. Paşinyanın siyasi əleyhdarlarına güzəştə getmək istəyi də hiss olunmur. Əksinə, sentyabrın 25-də həbs olunan "Çiçəklənən Ermənistan" Partiyasının lideri Qagik Tsarukyan haqqında həbs qətimkan tədbirinin dəyişdirilməsindən imtina edilməsi Paşinyanın rəqiblərinə güzəştə getmək niyyətində olmadığını göstərir. Eyni zamanda, Paşinyan da sabiq prezident Robert Köçəryanın hakimiyyəti devirmək niyyətində olduğunu və hətta bu istiqamətdə addımlar atdığını bilir.



Robert Köçəryanın başçılıq etdiyi qruplaşma isə Paşinyanı hakimiyyətdən kənarlaşdırmaq üçün bir daha belə əlverişli imkan əldə edə bilməyəcəklərinin fərqindədirlər. Ona görə də Paşinyanın mövqelərinin zəifləməsi üçün əllərindən gələni edəcəklər. Çünki Paşinyan hakimiyyətini qoruyub saxlayacağı halda Köçəryan ömrünün bir neçə ilini, bəlkə də, bütün ömrünü həbsxanada keçirəcəyinin fərqindədir. Məlum olduğu kimi, Paşinyan iqtidarı Köçəryanı çoxsaylı insan ölümləri ilə nəticələn 2008-ci ilin 1 mart hadisələrinə görə ittiham edir. 2018-ci ilin dekabrında həbs olunan Köçəryanı o zaman Rusiya prezidenti Vladimir Putinin sabiq prezidentə açıq dəstəyi də xilas edə bilməmişdi. Bu mənada Vladimir Putinin Köçəryanın həbsini Paşinyana bağışladığını da düşünmək olmaz.

Belə bir vəziyyətdə Paşinyanın qarşısında yeganə bir yol var. Bu yol da Azərbaycan Ordusunun müzəffər yürüşünü dayandırmaq üçün atəşkəsə nail olmaq və uğursuzluğa görə rəqiblərini ittiham edərək onu zərərsizləşdirməkdən ibarətdir. Unutmaq olmaz ki, Paşinyan dəfələrlə hansısa xəyanətkarlardan danışıb. Onun "Qarabağa gedən biri "Nikol sizi satıb" deyərək hərbçiləri öz mövqelərini tərk etməsinə sövq edib" ittihamının Köçəryana yönəldiyi hər kəsə aydındır. Atəşkəsə nail olmaq üçün Paşinyanın Rusiya prezidenti Vladimir Putinin çox ciddi dəstəyinə ehtiyacı var. Amma bir neçə dəfə Putini çox aşkar şəkildə aşağılayan Paşinyana Rusiya prezidentinin bu dəstəyi verəcəyi hələlik mümkün görünmür. Moskva bir tərəfdən Ermənistanın məğlub olmasını istəmirsə, digər tərəfdən də Paşinyana dəstək verməkdə maraqlı deyil.

Paşinyan isə atəşkəsə nail ola bilməsə, Ermənistanda siyasi böhran qaçılmaz olacaq. Bu isə heç şübhəsiz, Azərbaycanın həm hərbi, həm də diplomatik sahədə mövqelərini gücləndirə bilər.

 





21.10.2020    çap et  çap et