525.Az

"Hansı partiyanı təmsil etsək də, tək düşmənimiz işğalçı Ermənistandır" - Müsahibə


 

“BİRİNCİ QARABAĞ MÜHARİBƏSİNDƏ ÖLKƏDƏ BİRLİK OLSAYDI, ERMƏNİSTAN BİR QARIŞ TORPAĞIMIZI DA İŞĞAL EDƏ BİLMƏZDİ”

"Hansı partiyanı təmsil etsək də, tək düşmənimiz işğalçı Ermənistandır" - <b style="color:red">Müsahibə</b>

"Siyasi dialoq" rubrikasının növbəti qonağı Azərbaycan Sosial Rifah Partiyasının sədri Əsli Kazımovadır. 

- Əsli xanım, artıq bir müddətdir ki,  Azərbaycanda hakimiyyətlə siyasi partiyalar arasında dialoq başlayıb. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev mütəmadi olaraq  siyasi partiya liderləri ilə görüşüb, onların fikirlərini, təkliflərini dinləyir. Sizcə, bu dialoq nə üçün vacibdir?

- Azərbaycanda hakimiyyətlə siyasi partiyalar arasında dialoqun başlaması ilə demək olar ki,  ölkədə sağlam siyasi münasibətlər formalaşır. Hesab edirəm, Azərbaycan daxili problemlər və siyasi çəkişmələri ilə beynəlxalq media arenasında tanınmamalıdır. Ölkəmizin yetəri qədər uğurlu beynəlxalq siyasi manevrləri var ki, bunlar dünya mediasına çıxarılmalıdır. Siyasi partiyalar arasındakı dialoq birmənalı olaraq, partiyalar arasında sağlam rəqabət prinsipinə dayanaraq inkişaf tendensiyasını təmin edən bir vasitə rolunu icra etməkdədir. Düşünürəm ki, bununla ölkədə illərdir partiyalar arasında gedən qalmaqallara və çəkişmələrə çox qısa zamanda son qoymağa müvəffəq olacağıq. Bizə partiyalar arasında sağlam siyasi rəqabətlə yanaşı, hakimiyyətlə sağlam və məhsuldar dialoqların qurulması da lazımdır.

- Sizin fikrinizcə, iqtidar-müxalifət dialoqu başlayandan bəri Azərbaycan cəmiyyətində nələr dəyişib, hansı yeni yanaşmalar formalaşıb?

- İqtidar və müxalifət arasında başlayan dialoq çox perspektivli nəticələr verməkdədir. Fərqli siyasi ambisiyalara xidmət edən iki fərqli siyasi qütbün eyni məqsədə xidmət etməsini önə sürərək, birgə bəyanatlarla çıxışlarına nail ola bilmək, hesab edirəm, böyük uğurdur. Bu gün istər iqtidar, istərsə də müxalifət cəbhəsində olan hər bir soydaşımız üçün  siyasi mövqeyindən asılı olmayaraq, birmənalı şəkildə,  işğal altında olan torpaqların geri qaytarılması məsələsi önəmli faktordur. Hesab edirəm, bu gün Azərbaycanda hakimiyyətlə siyasi partiyalar arasında müntəzəm dialoq mövcuddur.

İndiyə qədər hakimiyyət rəsmiləri ilə partiya sədrləri arasında bir neçə dəfə görüşlər baş tutub. Administrasiyanın yeni strukturunda yaradılan müvafiq şöbə tərəfindən ayrı-ayrı partiya, o cümlədən, müxalifət partiyalarının nümayəndələri ilə görüşlər keçirilir. PA-nın Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin Azərbaycan Sosial Rifah Partiyası (ASRP), Bütöv Azərbaycan Xalq Cəbhəsi (BAXCP), Böyük Quruluş (BQP), Respublikaçı Alternativ (REAL), Ana Vətən (AVP), Yaşıllar Hərəkatı (YH), Vəhdət, Azərbaycan Xalq (AXP) və digər partiya rəhbərləri ilə keçirdiyi görüşlər qeyd olunanlara əyani misaldır. Qeyd etmək gərəkdir ki, həmin görüşlər zamanı siyasi partiyalar və dövlət münasibətləri, siyasi partiyalar və parlament fəaliyyəti, həmçinin, digər məsələlər ətrafında səmərəli, işgüzar söhbətlər aparılıb.

- Məlumdur ki, siyasi partiya liderləri tərəfindən bu görüşlər zamanı hakimiyyətə müxtəlif təkliflər verilir, cəmiyyəti narahat edən problemlər qabardılır.  Sizin rəhbərlik etdiyiniz partiya hansı təklifləri irəli sürüb və nə kimi problemlərə diqqət çəkmisiniz?

- Qeyd etdiyim kimi, aparılan səmərəli görüşlər çərçivəsində, Azərbaycan Sosial Rifah Partiyası olaraq, beynəlxalq media və diaspor fəaliyyətində partiyaların dəstəyi məsələsinin artırılması təklifini irəli sürmüşük. Bununla bağlı dəfələrlə kütləvi informasiya vasitələrində də öz təkliflərimizi bildirmişik. Hesab edirik ki, bu gün diaspor fəaliyyətlərinin gücləndiriməsində siyasi partiyaların rolü artırılmalıdır. Hər bir partiya sadəcə, ölkə daxilində öz vətən və xalq sevgisini göstərməklə məhdudlaşmamalıdır. Bunu məhdudlaşdırmamaq üçün də mütləq sürətdə iqtidar olmaq lazım deyil. Yəni hər kəs milli ideologiyaya təmsil etdiyi partiyanın mövqeyindən çıxış edərək də xidmət göstərə bilər. Düşünürəm ki, bu gün cənab biz siyasi partiya olaraq Prezidentin xarici KİV-ə verdiyi müsahibələrdən də nəticə çıxarmalıyıq. Hər bir partiya beynəlxalq ictimaiyyəti  işğalçı Ermənistanın törətdiyi terror aktlarının müəllifi olmasına inandırmalıdır. Bu missiya bu gün müharibə şəraitində yaşayan bir ölkənin istənilən partiyasını təmsil edən hər  bir şəxs  üçün ilk məsələ olmalıdır. Bununla bağlı bir neçə təkliflərimiz var, üzərində çalışdığımız  fəaliyyət proqramı var. Yaxın günlərdə bununla bağlı geniş bir iş fəaliyyət proqramını təklif paketi halında şöbəyə təqdim edəcəyik.

- Hakimiyyətin dialoq başlayandan bəri atdığı addımları necə qiymətləndirirsiniz? Ümumiyyətlə, artıq dialoqun nəticələrdən danışmaq mümkündür?

- Dialoqun nəticələri göz qabağındadır. Yuxarıda qeyd etdiyim bütün nailiyyətlər və uğurlar birmənalı olaraq, qısa zaman kəsiyində hakimiyyət və müxalifət arasında başladılan və müvəffəqiyyətlə davam etdirilən dialoqların bariz nümunəsidir. Hesab edirəm, bu dialoqlar formatını bir qədər inkişaf etdirmək və kreativ fikirlər əlavə etməklə, çox qısa zamanda daha prespektivli nəticələrə nail ola biləcəyik. Əgər hakimiyyətlə  dialoqların səmərəli şəkildə davam etdirilməsi qısa zaman kəsiyində ölkədə partiyalararası sağlam siyasi rəqabət atmosferi yaratmağa müvəffəq olubsa, əgər hakimiyyət bu gün məhz bu dialoqların sayəsində müxalif partiyaların təklif və şikayətlərini dinləyirsə, bu, artıq böyük bir uğurdur. Hesab edirəm ki, ölkədə istənilən sahədə sağlam rəqabət tendensiyasının yaradılmasına nail olmağın tək yolu sağlam rəqabətin partiyalar arasında yaradılmasına nail olmaq idi.

- Əvvəllər də dialoq adına görüşlər keçirilib. Siz də bunu bayaq xatırlatdınız. Bu gün siyasi partiya liderləri də etiraf edirlər ki, Ədalət Vəliyevin hakimiyyət nümayəndəsi olaraq apardığı dialoq daha uğurludur. Sizcə, əvvəl və indi aparılan prosesi fərqli edən nədir?

- Bilirsiniz, ölkədənin prespektivli gələcəyi və inkişafı adına görülən hər bir iş öz bəhrəsini verər. Şəxsi maraqlara və ya vəzifədə qalmaq adına reklam xətrinə görülən işlərin heç bir perspektivi ola bilməz. Bu, yazılmamış qanundur. Hər yerdə və istənilən sahədə bu belədir. Əlbəttə, bu gün Ədalət Vəliyevin rəhbərliyi ilə aparılan siyasi dialoqdan daha əvvəl aparılan dialoqlar arasında yerlə göy qədər fərq var. Hazırda aparılan dialoq reklam xarakteri daşımır, birmənalı olaraq, sadəcə və sadəcə ölkədə siyasi çəkişmələrə son qoymaq  və partiyalar arasında sağlam siyasi rəqabəti qorumaq məqsədinə xidmət edir. Bunu həm görmək, həm də hiss etmək mümkündür. Bariz nümunəsi isə görülən və gözqabağında olan işlərdir. Bu gün Azərbaycan Sosial Rifah Partiyası öz təklifləri ilə müraciət edirsə və bu təklif hakimiyyət tərəfindən müsbət qarşılanırsa, nəticə olaraq Sosial Rifah Partiyası həmin təkliflərlə, iqtidar partiyası olmasa belə, xalqa və dövlətə xidmət etmiş olur. Bu tendensiyanı daha öncə müşahidə etmək mümkün deyildi.

- Biz cəbhədə düşmən təxribatına qarşı bütün cəmiyyətin, eyni zamanda, siyasi partiyaların vahid  mövqedən çıxış etdiyini gördük. Sizcə, ölkəmizin cəbhədə əldə etdiyi qələbədə bu həmrəylik nə dərəcədə rol oynadı?

- Bir az öncə də, qeyd etdim, birincisi, siyasi mövqeyindən asılı olmayaraq, bütün siyasi partiyaların eyni mövqedən çıxışı ölkədə milli ideologiyanın var olmasının bariz nümunəsidir. Milli ideologiyası olmayan bir dövlətin döyüş meydanında qələbəsi də ümidverici olmazdı. Digər tərəfdən,  bir ölkədə müxalif və iqtidar partiyasını təmsil etməsindən asılı olmayaraq, hər kəs eyni amala xidmət edə bilirsə,  bu, ölkədə siyasi iradənin var olmasının göstəricisidir. Bu tendensiyaların heç biri bu gün Ermənistanda mövcud deyil. Müharibə şəraitində yaşayan bir dövlət üçün bu kimi amillərə sahib olmaq mütləqdir. Bütün bu önəmli faktorları əsas tutaraq, aparılan dialoq bu baxımdan böyük töhfə verib. Azərbaycan daim bərabərhüquqlu əməkdaşlığa, tərəfdaşlığa açıq olan ölkədir. Bu gün Azərbaycan hakimiyyəti daxili siyasi kursu da eyni tendensiya ilə davam etdirir. Ona görə də, hər bir sahədə uğurlu nəticələr əldə etmək imkanına sahib oluruq. Amma hesab edirəm, siyasi partiyalar sadəcə, daxili siyasi problemlərlə bağlı deyil, eyni zamanda, beynəlxalq arenada baş verən hadisələrlə bağlı, hazırkı durumda müntəzəm və intensiv dəyirmi masalar keçirməlidir. Siyasi partiyalar olaraq, yaydığımız birgə bəyanat milli ideologiyamızın varlığını, iradəli siyasi mövqeyimizinin göstəricisi olduğu kimi, eyni zamanda, ölkədə daxili siyasi birliyin olmasının göstəricisi idi. Amma bu bəyanatdan başqa, beynəlxalq arenada baş verən bütün siyasi məqamlar, hesab edirəm ki, partiyalar arasında müzakirə edilməli və ortaq mövqe sərgilənməlidir. Hansı partiyanı təmsil etsək də, tək düşmənimiz  işğalçı Ermənistandır!

- Bilirsiniz ki, AXCP dialoqda iştirak etmir və həmin müraciətə də imza atmadı. Müsavat Partiyasının sədri Ədalət müəllimlə görüşsə də, o da müraciəti imzalamadı. Sizcə, imtinadansa, danışmaq, müzakirə aparmaq cəmiyyət üçün daha faydalı ola bilərdimi?

- Mən hesab edirəm, müharibə aparan bir ölkə üçün, daxili siyasi birlik və bərabərlik çox önəmli faktordur. Bu tendensiyanın AXCP üçün önəmsiz olduğunu hələ müharibənin ilk başladığı illərdə də gördük. Birinci Qarabağ müharibəsində ölkədə birlik olsaydı, Ermənistan heç bir qarış torpağımızı işğal edə bilməzdi. Görürsünüz, ermənilərin gücünü də, müharibə etikalarını da, bacarıqlarını da... Hazırda da, eyni təfəkkürə xidmət edən müxalif düşərgənin nümayəndələri, heç olmasa keçmişə baxıb özləri üçün nəticə çıxarmalıdırlar.

PƏRVANƏ

 





21.10.2020    çap et  çap et