525.Az

Türkiyə ilə Ukrayna arasında hərbi ittifaq yarana bilər


 

Türkiyə ilə Ukrayna arasında hərbi ittifaq yarana bilər<b style="color:red"></b>

Ukrayna prezidenti Vladimir Zelenskinin Türkiyəyə üçgünlük işgüzar səfəri Ankara ilə Kiyev arasında hərbi ittifaqın yarana biləcəyi ilə bağlı ehtimalları gücləndirmiş oldu.

Rusiyanın Krımı ilhaq etməsi və Qara dənizdə təcəvüzkar siyasət yürütməyə başlaması Ankara ilə Kiyevi vahid cəbhədə yer alamağa vadar etdi. Türkiyə Krımın ilhaqına və Qara dənizdə sərhədlərin zorla dəyişdirilməsinə qarşı çıxış etməklə Ukraynanın siyasi müttəfiqinə çevrildi. Bundan sonra iki dövlət arasında münasibətlər dərinləşməyə başladı. Bu ilin əvvəlində Türkiyənin hərbi məqsədlər üçün Ukraynaya 200 milyon lirə kredit ayırması münasibətlərin nə qədər dərinləşdiyini göstərir.

Hər iki ölkənin hərbi sənayesini gücləndirmək istəyi isə münasibətlərin dərinləşərək hərbi ittifaqa çevrilməsinə doğru gedir. Hazırda üzərində fəal iş aparılan 50-yə yaxın layihə isə bu ittifaqın bünövrəsi ola bilər. Həmin layihələrdən 31-i üzrə  prezident Vladimir Zelenskinin Türkiyəyə son səfəri zamanı çərçivə anlaşmaları imzalanıb. Anlaşmalar hər iki ölkənin dövlət başçılarının iştirakı ilə müdafiə nazirləri tərəfindən imzalanıb.

Ukraynanın müdafiə naziri Andrey Taran və Türkiyənin müdafiə naziri Hülusi Akarın imzaladığı bu anlaşmalarla bağlı çox geniş məlumat verilmir. Mətbuata sızan məlumatlara görə, Ukraynanın Türkiyənin yerli tank, uzaq- mənzilli raketlər və hava hücumundan müdafiə sistemlərinin yaradılmasında iştirak edəcəyi gözlənilir. Türkiyə isə Ukrayna ordusunu Sihasız İnsansız Hava Aparatları (SİHA) ilə təmin etdiyi kimi, bu ölkənin ordusundakı tankların təkmilləşdirilməsinə töhfə verə bilər. Türkiyə SİHA-larının Qarabağ səmalarındakı inanılmaz nailiyyətləri Ukraynanın marağını daha da artırıb. Ancaq Ukrayna hələ bundan əvvəl Türkiyədən Bayraktar TB2 SİHA-ları aldığı məlumdur. İndi isə Ukrayna Türkiyənin yeni nəsil SİHA-sı olan Akıncı-ya maraq göstərir. Bu SİHA-nın mühərrikinin Ukraynanın MotorSich şirkəti tərəfindən hazırlandığı haqqında məlumatlar var.

Hərbi sənaye sahəsində əməkdaşlıqla yanaşı, Türkiyə ilə Ukrayna arasında azad ticarət zonasının yaradılması ilə bağlı da danışıqlar gedir. Tərəflər bu addımla iki ölkə arasında ticarət dövriyyəsinin artırılmasına nail olmaq istəyir. Bununla bağlı iki ölkənin rəsmiləri tərəfindən yeni saziş də imzalanıb.

Ankara ilə Kiyev arasında hərbi ittifaqı mümkün edən məqamlardan biri də bu iki ölkənin beynəlxalq aləmdə ortaq maraqlardan çıxış etməsidir. Türkiyə Ukraynanın NATO-ya üzvlüyünü tam dəstəkləyir. Hətta Ankara Kiyevə bununla bağlı yardımlar da edir. Ukraynanın NATO standartlarına cavab verməsi üçün həyata keçirilən işlərdə Türkiyənin aşkar izi hiss olunur. Ukrayna prezidenti Vladimir Zelenski də Ankara ilə Kiyev arasında əməkdaşlığın ölkəsinin Avroatlantik struktura inteqrasiyasına yardım edəcəyini vurğulayıb.

Ukrayna Azərbaycan məsələsində də Türkiyə ilə eyni blokda çıxış etməyə başlayıb. Əlbəttə, Ukrayna ilə Azərbaycan arasında çox yaxın münasibətlər mövcuddur. Ancaq bəzi məsələlərin məhz Türkiyə-Ukrayna işbirliyi çərçivəsində həyata keçirildiyi haqqında təsdiqlənməmiş məlumatlar var.

Siyasi, hərbi və ticarət maraqlarının üst-üstə düşməsi Türkiyə ilə Ukrayna arasında hansısa ittifaqın yaranacağını diktə etməyə başlayıb. Bu, hərbi-siyasi ittifaq da ola bilər. Ankara ilə Kiyevin siyasətində ciddi dəyişiklik yaranmasa, Türkiyə ilə Ukrayna arasında hərbi-siyasi ittifaq qaçılmaz olacaq. Belə bir hərbi-siyasi ittifaqın yaradılması Qərbin Qara dəniz regionunda Rusiyaya qarşı yaratmağı planlaşdırdığı sanitar sərhədin də təməli ola bilər.

Türkiyə ilə Ukrayna arasında hərbi ittifaqın yaranacağı təqdirdə Gürcüstanın və Azərbaycanın da bu birlikdə yer alacağı istisna edilmir. Bu isə regionda yeni siyasi proseslərə start verə bilər.

 





21.10.2020    çap et  çap et