525.Az

UNEC-in 90 illik yubileyinə töhfə - nəfis tərtibatda altı kitab


 

UNEC-in 90 illik yubileyinə töhfə - <b style="color:red">nəfis tərtibatda altı kitab</b>

Bu ilin iyunun 19-da regionda iqtisad elmini dərindən öyrədən fundamental tədris mərkəzi sayılan Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) yaradılmasının 90 ili tamam olub. Bu gün Azərbaycanın və bütövlükdə Qafqazın mühüm ali təhsil  ocaqlarından olan UNEC  kifayət qədər mürəkkəb bir tarixi inkişaf  yolu keçib.

1930-cu ildə yaranan universitet sovet ali təhsil siyasətinin çox vaxt anlaşılması çətin olan islahatlarına məruz qalsa da, o dövrdə də öz nüfuzunu qoruyub saxlaya bilib və abituriyentlərin ən çox üstünlük verdiyi ali təhsil müəssisələrindən olub.

Azərbaycan müstəqillik əldə etdikdən sonra UNEC-in inkişafı üçün yeni və geniş imkanlar açılıb. UNEC müstəqillik dövründə ölkədə aparılan ali təhsil islahatlarına uyğun olaraq, öz inkişaf yolunu müəyyənləşdirib  və bu yolda əhəmiyyətli nəticələr əldə edib.  UNEC artıq dünyanın elm müzakirə mərkəzinə çevrilib. Regionun elmi müzakirə mərkəzinə çevrilən UNEC dünyanın nüfuzlu universitetlərinin nümayəndələrini, Nobel mükafatçılarını, elm adamlarını, iqtisadçılarını bir araya toplayan, beynəlxalq konfranslara ev sahibliyi edə bilən universitet statusuna malikdir.  UNEC-in ölkənin yeganə ali iqtisadi təhsil müəssisəsi olaraq yüksək ixtisaslı iqtisadçı kadrların hazırlanmasında müstəsna xidmətləri var. Universitet artıq ölkədə sənaye, ticarət, maliyyə, statistika, vergi sistemi, marketinq, menecment və s. ixtisaslar üzrə kadr hazırlığı və elmi-tədqiqat mərkəzinə çevrilib.

UNEC yeganə ali məktəbdir ki, 4 dildə - ingilis, rus, türk və Azərbaycan dillərində tədris həyata keçirir. Yeganə universitetdir ki, xarici ölkədə - Rusiyada filialı var və yeganə dövlət universitetidir ki, onun İSO beynəlxalq keyfiyyət standartı var. Bir sözlə, UNEC bu 90 il müddətində uğurlu bir inkişaf yolu keçib. 

Yubileyi münasibətilə universitetin 90 illik zəngin fəaliyyətinin əks olunduğu, universitetin rektorları, professorları, məzunları, eləcə də yubiley münasibətilə universitetə ünvanlanan təbriklərin yer aldığı və universitet barədə 90 faktın əks olunduğu nəfis tərtibatda kitablar nəşr edilib.

Kitablar UNEC rektoru, professor Ədalət Muradovun əmri ilə təsdiqlənən "Azərbaycan Dövlət İqtisad Universitetinin 90 illik yubileyinin keçirilməsi haqqında" Tədbirlər planı çərçivəsində "İqtisad Universiteti" nəşriyyatında çap olunub.

UNEC 90 illik fəaliyyətindən bəhs edən,  çoxsaylı müəllif kollektivi tərəfindən qələmə alınan kitablarda  universitetin inkişaf  yolu və bu yolda əldə edilən əsas nəticələr, həmçinin, universitetin rektorları, professorları, məzunları, yubiley təbrikləri  əksini tapıb.

Kitabların hazırlanması və nəşri professor və müəllim kollektivinin  gərgin əməyi  nəticəsində  ərsəyə gəlib.

Müəllif  və redaksiya heyəti üzvlərinin əməyi isə xüsusi qeyd edilməlidir.

UNEC 90 yaşını qeyd edərkən, eyni zamanda da, 100 yaşının tamam olacağı 2030-cu il üçün nəzərdə tutulan hədəfələrinə fokuslanıb. "Azərbaycan Dövlət  İqtisas Universiteti  90" adlı kitab universitetin 90 illik tarixi inkişaf yolunu və bu yolda əldə etdiyi əsas nəticələri özündə ehtiva  dir. Kitab 5 fəsildən ibarətdir.   Toplunun  baş redaktoru  UNEC  rektoru, professor  Ədalət Muradovdur.

Birinci fəsildə 1930-cu ilə qədər, yəni Azərbaycan Dövlət İqtisad  Universitetinin ilk sələfi olan ali təhsil müəssisəsinə qədər ölkədə iqtisadçı kadr hazırlığı sahəsində ilk təşəbbüsdən bəhs edilir.

İkinci fəsil, Azərbaycanda iqtisad yönümlü müstəqil ali təhsil ocağının formalaşması prosesinə həsr edilib.

Üçüncü fəsil, II Dünya müharibəsi və ondan sonrakı dövrdə Azərbaycanda ali iqtisadi təhsilin əsas inkişaf xüsusiyyətlərindən bəhs olunur. Dördüncü fəsildə, müstəqil Azərbaycanda həyata keçirilən ali təhsil islahatları fonunda UNEC-in əsas inkişaf mərhələləri şərh edilir. Beşinci fəsildə isə, 90 yaşında UNEC-in mövcud vəziyyəti, son illər əldə etdiyi uğurlar öz əksini tapıb.

"Azərbaycan Dövlət İqtisad Universiteti, UNEC rektorları 1930-2020"  kitabında  bu günədək universitetin rektoru olan 18 alimdən  bəhs edilir. Məlumat üçün bildirək ki, universitetin ilk rektoru Mehdibəy İsmayılov, sonuncusu və hazırkı  rektoru isə professor Ədalət  Muradovdur.

"Azərbaycan Dövlət İqtisad Universitetinin professorları 1930-2020"  kitabında geniş olaraq universitetin keçmişdən bugünə olan professor heyətindən bəhs edilir.  Kitabda 164 professor haqda ətraflı məlumat yer alıb.

"Azərbaycan Dövlət İqtisad Universitetinin məzunları" adlı kitabda universiteti əla göstəricilərlə baş vurub hazırda müəyyən vacib vəzifələrdə çalışan məzunları yer alıb. Bunların sırasında Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Prezident Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri Natiq Əmirov, Azərbaycanın Birinci vitse-prezidentinin köməkçisi Emin Hüseynov, Azərbaycanın Birinci vitse-prezidentinin köməkçisi Xaliq Əhədov, Baş nazirin müavini Şahin Mustafayev, İqtisadiyyat naziri Mikayıl Cabbarov, Xarici İşlər naziri Ceyhun Bayramov, Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə, Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov, Hesablama Palatasının sədri Vüqar Gülməmmədov, Millət vəkilləri Vüqar Bayramov, Şahin Seyidzadə və başqa şəxslərə yer verilib.

"Azərbaycan Dövlət İqtisad Universiteti, UNEC- 90 fakt 1930-2020" kitabında universitet haqda maraqlı məlumatlar yer alıb. Qeyd olunub ki, Universitetin əsas tədris binası 1901-1904-cü illərdə memar D.Buynovun layihəsi ilə inşa olunub. İtaliya intibahı stilində olan monumental binanın tikilməsində simmetrik plandan tamamilə imtina edilib. Ərazinin relyefinə və keçmiş Nikolayev küçəsinin (indiki İstiqlaliyyət küçəsi) quruluşuna uyğun tikilən bina Bakının memarlıq ansamblının nadir incilərindən sayılır. Kitabda yer alan məlumatlarda bildirilib ki, Azərbaycan Dövlət İqtisad Universitetinın əsas tədris binası ilk olaraq Bakı Real Məktəbi üçün inşa edilib. Universitetin əsas tədris binasının tikintisinə Hacı Zeynalabdin Tağıyev 38.000 rubl, Ağa Musa Nağıyev isə 25000 rubl vəsait ayırıb. 1918-ci ildə ölkədə ilk ana dilli orta məktəb böyük pedaqoq Abdulla Şaiqin təşəbbüsü ilə Azərbaycan Dövlət İqtisad Universitetinın hazırkı binasında yerləşib.

"UNEC-90 Yubiley təbrikləri" kitabında universitetin yaranmasının 90 illiyi münasibətilə UNEC-in ünvanına ölkəmizin dövlət idarəetmə orqanlarından, Milli Məclis üzvlərindən, yerli və xarici ali təhsil müəssisələlərindən, icra hakimiyyəti orqanlarından, özəl qurumlardan və ictimaiyyət nümayəndələrindən çoxsaylı təbrik məktubları daxil olub.

Kitabda Azərbaycanın Baş nazir Əli Əsədovun, Azərbaycanın Birinci vitse-prezidentinin köməkçisi Emin Hüseynovun, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun, İqtisadiyyat naziri Mikayıl Cabbarovun, Maliyyə naziri Samir Şərifovun, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadənin, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevin, Kənd Təsərrüfatı naziri İman Kərimovun, Energetika naziri Pərviz Şahbazovun, Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyevin, Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevin, universitet rektorlarının, ziyalıların, ictimaiyyət nümayəndələrinin təbrik məktubları yer alıb.

UNEC-ə təbrik məktubu ünvanlayanlar arasında Nobel mükafatı laureatı, Şimali Korolina Tibb Məktəbi Universitetinin Biokimya və Biofizika professoru Aziz Sancar, Almaniyanın Münxen Texniki Universitetinin professoru, Humboldt mükafatı alan ilk azərbaycanlı alim Məsud Əfəndiyev, Haccettepe Universitetinin rektoru Haluk Özen, İstanbul Texniki Universitetinin rektoru Mehmet Karaca, Süleyman Dəmirəl Universitetinin rektoru Hüseyin Çarıkçı, Sakarya Universitetinin rektoru Fatih Savaşan, Türk Standartları İnstitutunun rektoru Adem Şahin və başqaları da var.

Təbriklərdə qeyd olunub ki, UNEC bu gün ən nüfuzlu ali təhsil mərkəzlərindən birinə çevrilməkdə, dünyanın ən tanınmış universitetləri, iqtisadçı alimlərilə geniş əməkdaşlıq etməkdədir. Bu ali təhsil ocağının diplomları artıq dünyanın hər yerində tanınır, qəbul edilir. UNEC ali təhsil ocağı olmaqla yanaşı, həm də güclü elmi potensiala malik olan bir mərkəzdir. İnkişaf edən Azərbaycan iqtisadiyyatını lazımi kadrlarla təmin edən əsas mənbədir.

UNEC-in missiyası ölkəsi və insanlıq naminə universal dəyərlərə əsaslanaraq, yüksək keyfiyyətli tədqiqatlar aparmaq, təhsil vermək və sosial xidmətlər göstərməkdir. UNEC öz missiyasını layiqli şəkildə yerinə yetirmək və qarşısına qoyduğu strateji hədəfləri reallığa çevirmək məqsədilə uğurla irəliləyir.

Təbriklərdə qeyd olunan səmimi sözlərin, arzu və diləklərin UNEC üçün əhəmiyyəti nəzərə alınaraq kitab halında çap edilib.

S.QARAYEVA

 





21.10.2020    çap et  çap et