525.Az

Uşaqları koronavirus haqda necə məlumatlandıraq?


 

PSİXOLOQ UŞAQLARA XƏSTƏLİKLƏRİN İZAHI ZAMANI YOL VERİLƏN YANLIŞLARDAN DANIŞDI

Uşaqları koronavirus haqda necə məlumatlandıraq? <b style="color:red"></b>

Artıq aylardır bütün bəşəriyyət koronavirus infeksiyası ilə mübarizə aparır. Mümkün olan bütün qabaqlayıcı tədbirlərin alınmasına baxmayaraq, bu virus həyatımızın hər sahəsinə öz mənfi təsirlərini göstərməkdə davam edir.

İstər bütün bir cəmiyyət, istərsə də tək bir fərd olaraq hər birimizin həyatında COVİD-19 adlı bir gerçəklik var. İnsanlar müxtəlif tibbi vasitələrlə - tibbi maska, əlcək, dezinfeksiya edici maddələr və s. - virusa qarşı profilaktik addımlar ataraq qorunmağa çalışırlar. Lakin bu gözəgörünməz düşmənlə mübarizədə ən çox zərər insanların psixologiyasına dəyir. Bütün xəstəliklər və virusların insanların psixologiyasına böyük qalıcı təsiri var. Böyüklərlə müqayisədə uşaqların psixologiyasının daha həssas olduğunu nəzərə alsaq, virusun təsirinin onlardan da yan keçməyəcəyini qeyd etməliyik. Hazırda dünya tibb mütəxəssisləri koronavirus pandemiyası ilə bağlı uşaqların psixologiyasına dəyə biləcək təsirləri araşdırır.

Bəs uşaqlarla mövcud virus barədə danışarkən nəyə diqqət etməliyik? Ümumiyyətlə, onlara bu barədə danışmaq doğrudurmu?

Psixoloq Fərqanə Mehmanqızı sualları cavablandıraraq bildirib ki, uşaqları məlumatsız qoymaq daha təhlükəlidir, ona görə də olanları izah etmək lazımdır:

"Mən ümumiyyətlə, koronavirusla əlaqadar protokollaşmış bir ümumi fikiri nəzərinizə çatdırım. Biz hər hansı bir hadisəni necə qəbul edir və ona necə fikir bildiririksə, uşaqlarımız da o hadisəyə eyni reaksiyanı verir. Çünki pandemiyanın, xəstəliyin, ölümün  nə olduğunu bilmirlər. Biz məsələni emosional cəhətdən və fikri ifadə formasında necə izah ediriksə, uşaqlar da psixoloji cəhətdən həmin problemə qarşı eyni fikirlər irəli sürüb formalaşdırırlar. Biz əgər pandemiyanı ölümcül, müəyyən bir qorxulu emosiya ilə, panikayla uşağa izah edir, yaxud uşağın yanında bu formada danışırıqsa, uşaq da pandemiyanı, karantini xəstəliyi elə qəbul edib, fikrində dəhşətli bir kabusa çevirəcək.Valideynlər uşaqlara koronavirusun yolxucu bir xəstəlik olduğunu, amma onun qorunma üsullarının xəstəlikdən daha üstün ola biləcəyini və bu üsullara doğru riayət edib xəstələnmərik deyə normal şəkildə izah versələr, onda uşaqda heç bir panik atak, depressiya, aqressiya və s. psixoloji problemlərin heç biri yaranmaz. Buna görə də uşaqlara hər bir şeyi onların anlaya biləcəyi dildə danışmaq, detallı izah etmək lazımdır. Valideynlər izah edərkən ən birinci qaydalara riayət etməlidirlər. Artıq martddan bu yana başlayan pandemiyalı yaşayış formasındayıq. Əvvəlki aylarda  valideynlərin bilməyərəkdən uşaqlara yanlış izah forması, artıq onlarda obsessiv-kompulsiv psixiki pozulmalara gətirib çıxarıb. Bu pozulmalara tez-tez əl yuma, heç hara toxunma, qorxma və s. hallar aiddir.

Həmçinin onu da qeyd edim ki, bu gün məktəblərin virusla əlaqədar bağlı olmasına görə bəzi valideynlər uşaqlarda məktəbə qarşı istəksizlik, fobiyanın yaranmasından da ehtiyat edirlər. Lakin narahat olmağa dəyməz, hər birimiz uşaq olmuşuq və hamımız məktəb vaxtı bir neçə günlük tətilin arzusunda olmuşuq. Doğrudur, bu, bizim üçün mümkünsüz bir şey idi. Bu, məktəb dövründə bütün uşaqların ürəyindən keçən uşaq hisslərindən yaranır. İndi bu hal mövcud durumla əlaqədar məcburən uzanır. Düşünmürəm ki, məktəblərin tətili uşaqlarda hər hansı bir fobiya və ya problem yaradar. Təbii ki, hər bir uşaq məktəbə getməli, təhsil almalıdır. Lakin bu günün reallığı uşaqları təhlükədən qorumağı tələb edir".

Afaq RZA

 





21.10.2020    çap et  çap et