525.Az

Qəti qələbəmiz günbəgün yaxınlaşır - Yazı


 

Qəti qələbəmiz günbəgün yaxınlaşır - <b style="color:red">Yazı </b>

Təqvimimizdəki bütün bayramlarımız ürəyimizcədir, qürurvericidir. Onların hamısını sevinclə, təntənə ilə qeyd edirik. Amma hiss olunur ki, hansısa bir bayramın yeri görünür. Hansısa böyük bir bayrama ehtiyac duyulur.

Neçə illərdir, hamımız intizarla həmin bayramın təqvimimizə nə vaxt qədəm qoyacağı, böyük hərflərlə yazılacağı günü gözləyirik. O bayram addımları ilə uşaqdan tutmuş böyüyə kimi hamımızın üzünü güldürəcək, qəlbini sevindirəcək, bir-birinə daha da mehribanlaşdıracaq. Onda torpaqlarımızın azadlığı uğrunda şəhid olanların da ruhu rahatlıq tapacaq. Onda ürəyimiz açılacaq, könlümüz fərəhə bürünəcək. Bəs təqvimimizdə çatışmayan bayram hansıdır? Oxucuları çox intizarda saxlamadan deyim ki, o, Qələbə bayramıdır. O Qələbə bayramı ki, bizə bol-bol sevinc gətirəcək. O Qələbə bayramı ki, bizə erməni işğalı altında olan torpaqlarımızı qaytaracaq. O Qələbə bayramı ki, bir milyondan artıq qaçqını doğma ocaqlarına qovuşduracaq. O Qələbə bayramı ki, uzun illərin həsrətinin, kədərinin üstünə sevinc çiləyəcək. O Qələbə bayramı ki, Qarabağ müharibəsinə son qoyacaq yurda sülh və əmin-amanlıq gətirəcək.

İllərdən bəri səngərlərdə dayanan zabitin də, əsgərin də məqsədi, amalı düşməni məhv edib qələbə çalmaqdır. Uzun illərdir ki, xalqımız hərbçisindən Qələbə gözləyir. Qoy o ilin hansı gününə, hansı ayına düşürsə düşsün. Bizim üçün fərq etməz, təki o gün gəlsin, təki o gün ömrümüzə günəş kimi doğsun, ulduz kimi parlasın. Həmin gün hər birimiz üçün əziz və doğmadır. O günü böyük təntənə ilə qeyd edəcək, yaddaşımızın dərin qatlarına yazacağıq. Bu böyük ovqat dolu xoş günü bizə yaşatdıqlarına görə müzəffər ordumuzun zabit və əsgərlərimizin ünvanına xoş sözlər deyəcək, qəhrəmanlıqları ilə öyünüb fəxr edəcəyik.

Düşmən təxribatı nəticəsində sentyabr ayının 27-dən torpaqlarımızın qurtuluşu uğrunda döyüşlər başlayıb. Bu gün ordumuzun zabit və əsgərləri bir-birinin ardınca bütün cəbhə boyu erməni işğalçılarına sarsıdıcı zərbələr vurur. Azərbaycan əsgərinin gücü, qüdrəti qarşısında dayana bilməyən qəsbkarlar iyirmi səkkiz il əvvəl işğal etdikləri torpaqlardan geri çəkilirlər. Öz xoşlarına çəkilmirlər, bu addımı məcburiyyətdən atırlar. Azərbaycan əsgərinin əks-həmləsi qarşısında dayana bilmədiyinə görə qaçırlar. Düşmən nə qədər cəhd göstərsə də, heç bir istiqamətdə tab gətirə bilmir. Yurdumuzun qurtuluşu uğrunda döyüşlər başlanandan Ağdərə, Füzuli, Cəbrayıl, Kəlbəcər, Zəngilan, Qubadlı və başqa bölgələrdə yağılar geri çəkilir. Hər gün zabit və əsgərlərimizdən uğurlu xəbərlər eşidirik. Hər gün beş-on kəndimiz erməni işğalçılarından azad edilir. Hər günümüz uğurlarla açılır, zəfərlərlə tamamlanır. Torpaqlarımızın qurtuluşu uğrunda döyüşlər başlanan gündən indiyə qədər şanlı ordumuz altmışdan çox yaşayış məntəqəsini erməni işğalçılarından azad edib. İnanırıq ki, hər gün döyüşlərdə uğurlar, zəfərlər qazanan ordumuz tarix yazaraq, yaxın günlərdə üçrəngli bayrağımızı Şuşadan, Xankəndidən asacaq, xalqımıza Böyük Qələbənin sevincini yaşadacaq. Onda torpaqlarımızın azadlığı uğrunda şəhid olanların ruhu da rahatlıq tapacaq. Onda işğaldan azad olunacaq torpaqlarımızdakı daşların da, qayaların da üstündə güllər bitəcək, çiçəklər açacaq. Onda Həkərinin də üzü güləcək, Arazın da çöhrəsində təbəssüm oyanacaq. Onda bütün dünya qəhrəmanlığımıza alqış deyəcək.

Bu gün üçrəngli bayrağımız Cəbrayılda, Füzulidə, Zəngilanda, Ağoğlan qəsəbəsində, Tərtər rayonunun Suqovuşan, Talış və başqa yaşayış məntəqələrində qürurla dalğalanır. Azərbaycan Ordusunun əsgərləri Ali Baş Komandana Qələbə raportu verərək təntənə ilə bayrağımızı işğaldan azad edilmiş ərazilərimizdə yüksəldirlər. Çox sevindirici haldır ki, gündən-günə işğaldan azad edilmiş ərazilərimizin coğrafiyası genişlənir. Kəndlərimiz bir-birinin ardınca işğaldan azad olunur. İllərdən bəri yurd həsrəti çəkən insanların geriyə dönmək arzusu çiçək açır. Artıq doğma ocaqlarının həsrətini çəkən insanlar yola çıxmağa hazırlaşırlar. Çox keçməz ki, köç karvanı geri dönər. 

Həmin gün tariximizə böyük və qızıl hərflərlə yazılacaq. Həmin günü xalqımız həmişə böyük təntənə ilə qeyd edəcək. Düşmən üzərində çalınacaq Böyük Qələbədən sonra isə döyüşçülərimiz xalqımızın yaddaşında cəsur, qorxmaz və qəhrəman kimi yaşayacaqlar! Nə qəhrəmanlar, nə də qanla yazılan tarix heç vaxt unudulmur, heç vaxt yaddan çıxmır. Xalqımız ona Böyük Qələbənin sevincini yaşadan oğulları ilə həmişə fəxr edəcək. Küçə və prospektlərə Qarabağ döyüşlərində şəhid olan qəhrəmanların adları veriləcək, abidələri qoyulacaq.

 





22.10.2020    çap et  çap et