525.Az

"Şanlı ordumuz" - Firuzə Məmmədlidən iki şeir


 

"Şanlı ordumuz" - <b style="color:red">Firuzə Məmmədlidən iki şeir </b>

Az qalır

Sökülür dan yeri, sevinin, ellər,
Ömürdə bahara,  yaza az qalır.
Çağırır yuvanız, eviniz, ellər,
Bir müjdə xəbərə, sözə az qalır.

Düşmən hikkəsindən yığışdırılır,
Öz xain boyuna sığışdırılır.
İnadı qırılır, sidqi qırılır,
Sevincdən yaşaran gözə az qalır.

Az qalır çiçəklər dəstələnməyə,
Təzə təranələr bəstələnməyə.
Doğma ocaqlarda tüstülənməyə
Kösövə az qalır, közə az qalır.

Bu da bir dəhşətli yuxuydu, keçdi,
Fələyin çovumuş oxuydu, keçdi.
Taleyimiz üstdə ah idi, keçdi,
O yurdda, yuvada həzzə az qalır.

Şanlı ordumuz

Hər qarışı mina xofu, güllə hədəsi, -
O yerləri yağılardan azad edənim,
İllərlə yad tapdağında qalan yurdunu
Doğmalığın nəfəsilə abad edənim!

Zərbə-zərbə yol açırsan, - qələbə yolu,
Hər zərbən də düşmənlərin qatından keçir.
Oğul yolun, əsgər yolun, tələbə yolun
"Vətən" adlı bir bayrağın altından keçir.

Cəbhə boyu tank üstündə, top arxasında
Dağ vüqarın yaraşıqdı, işıqdı, nurdu.
Yürü, gümüş zirvələri qopar pasından,
Qoy parlasın o zirvədə doğmaca yurdun.

Gözü yolda Şuşam elə, Laçınım elə,
Xankəndinin qollarında qanadlı qalır.
Kür boyunca ümidlərim daşınır elə,
Sabahımda "Göyçə" adda and-aman qalır.

Yürü, oğlum, hünərvərim, milli mənliyim,
Murdarların pəncəsindən tarixi qurtar.
Dəliqanlı, intiqamlı, kinli mənliyim,
Mir Mövsünü, Natəvanı, Vaqifi qurtar.

Vur deyirik, vuran qolun var olsun, əsgər!
O yurd-yuva səni deyir bir gör haçandı...
Ucal Şuşa zirvəsinə həsrətinizin,
Sanc bayrağı, de: "Qarabağ Azərbaycandır!"

Firuzə MƏMMƏDLİ

 





22.10.2020    çap et  çap et