525.Az

Qurtuluşun yaxındır, Zəngəzur! - İkinci yazı


 

ƏZƏLİ YURD YERLƏRİMİZİN TARİXİNƏ QISA EKSKURS

Qurtuluşun yaxındır, Zəngəzur! - <b style="color:red">İkinci yazı </b>

Türkiyə Cümhuriyyəti Başbakanlığı nəzdində yaradılmış Dövlət Arxivində Osmanlı idarəçiliyi dövrünə - 1593-cü ilə aid "Gəncə-Qarabağ əyalətinin icmal dəftəri" saxlanılır, 200-ə qədər kəndin bir neçəsinin adı istisna olmaqla hamısı türk mənşəlidir. 1748-ci ildə Qarabağ xanlığını yaradıb ilbəil güclənən Pənahəli xan 1750-ci ildə iti zəkası, hərbi qüvvələrinin üstünlüyü sayəsində Zəngəzur ellərini - Bərgüşad, Tatev, Sisian, Qafan, Meğrini Naxçıvan bəylərbəyliyindən savaşla alıb öz xanlığına qatdı və bu ərazilər bir müddət Qaraçorlu mahalı adlandırıldı.

1805, 1813 və 1828-ci illərdə bağlanmış Kürəkçay, Gülüstan və Türkmənçay müqavilələrinin heç birində erməni sözü, izi yoxdur. "Kürəkçay müqaviləsi" preambula və 11 artikuldan ibarət idi. Müqavilənin preambulasında "Şuşalı və Qarabağlı İbrahim xanın Rusiya imperiyasının təbəəliyinə keçməsi" təsbit olunur, artikullarda bundan irəli gələn şərtlər müəyyənləşdirilirdi. Müqavilənin 1, 4, 6, 8 və 9-cu artikullarında İbrahim xanın, 2, 3, 5 və 7-ci maddələrində Rusiyanın öhdəlikləri əks olunmuşdur. Rusiya birmənalı şəkildə Qarabağ xanlığını müstəqil dövlət kimi qəbul edir, İbrahim xanı və onun varislərini xanlığın yeganə sahibi kimi təsdiq, təqdim edirdi. Ən mühüm məqamlardan biri İbrahim xanın adı keçən bütün artikullarda şuşalı və qarabağlı İbrahim xan kimi. Digər vacib məsələ Qarabağ xanlığının bütövlüyünün saxlanmasına imperator tərəfindən zəmanət verilməsi idi. Müqavilənin X artikulunda qeyd edilirdi ki, bu müqavilə əbədi müddətə bağlanır və bundan belə heç bir dəyişikliyə uğramamalıdır. Erməni söhbəti yoxdur.

Rusiya Azərbaycanı ilhaq edəndən sonra da Zəngəzur Qarabağın tərkibində qaldı, 1861-ci ildə Zəngəzur qəzası yaradıldı, 1867-ci il dekabrında Zəngəzur yeni yaradılan Gəncə (Yelizavetpol) quberniyasının tərkibində ən böyük ərazi-inzibati vahidi olub dörd dairəyə (okruq) bölünmüşdü: Hacısamlı, Alyanlı, Bərguşad və Həkəri dairələri. Zəngəzurun qəza mərkəzi Gorus şəhəri idi.

1886-cı ilin statistik məlumatlarına görə, Zəngəzurdakı 326 kənddən yalnız 81-də ermənilər yaşamışdı, həm də Rusiyanın imperiya planlarına uyğun sistemli şəkildə İran və Türkiyədən minlərlə erməni əhalisi Qarabağa-Zəngəzura köçürüldükdən sonra. 1908-ci ildə Yelizavetpol quberniyası üzrə əhalinin siyahıya alınması sənədlərində Zəngəzur qəzası əhalisinin 294 min 753 nəfər olduğu göstərilir. Bunlardan 197 mini (67 faiz) müsəlman, 97 mini (32,9 faiz) erməni idi (Müxtəsər xronoloji Ensiklopediya). 1917-ci ildə Zəngəzurda yaşayan 224.197 nəfər əhalinin 70  faizi Azərbaycan türkləri idilər.

Zəngəzur 1918-20-ci illərdə Azərbaycan Xalq Cümhuriyyətinin tərkibində qəza olub ərazisi 7 min 892 kv.km idi.

Müstəqil Ermənistan dövlətinin yaradılması kimi, Zəngəzurun bölünüb dağlıq hissəsinin Ermənistana verilməsi də ilk növbədə ingilislərin planı olub.

"İngilis barmağı" Zəngəzurda 

Rusiyada çar hökuməti devriləndən bolşeviklərin 28 aprel 1920-ci ildə Azərbaycana gəlişinə qədər Qafqazda cərəyan edən bütün proseslərdə ingilislər əsas ssenari müəllifi, rejissor və baş rolun ifaçısı idilər, Azərbaycandan qoparılıb Ermənistana veriləcək torpaqların sərhədlərini də ingilislər cızmışdı; ilk mərhələdə Qarsdan Gəncəyədək olan ərazilər, sonra dənizdən dənizə Böyük Ermənistan. Böyük Britaniyanın Qafqazdakı diplomatik nümayəndəliyinin rəhbəri general Tomson 1919-cu il martın 28-də Yerevanda Ermənistan hökumətinin iclasında çıxışında demişdi: "...Zəngəzur Erməni Milli Şurası tərəfindən idarə ediləcək... Dağlıq Qarabağın idarə edilməsi üçün Ermənistan təcili öz nümayəndələrini verməlidir... Erməni qoşunları Qars və Naxçıvanı, Şərur-Dərələyəz-Sürməlini tuta bilər... Azərbaycan ordusu indi durduğu yerdən - Ağdam və Xankəndindən bu tərəfə keçməyəcək... Azərbaycan hökumətinin martın 19-da keçirilən iclasında qərar qəbul edilmişdir ki, Daxili İşlər Nazirliyi 1300 nəfərlik piyada və 500 nəfərlik erməni süvari dəstəsinin Şuşa, Xankəndi, Əsgərandan keçib Ermənistana getməsi üçün hərtərəfli səy göstərəcək. Mayor Monk Mezon mənə məlumat vermişdir ki, Azərbaycan hərbi hissələri general Mehmandarovun rəhbərliyi ilə onların sağ-salamat keçməsi üçün bütün tədbirləri görmüşdür... Azərbaycan Dağlıq Qarabağ və Zəngəzurun mübahisəli ərazi kimi Paris sülh konfransında həll olunacağını gözləyəcəkdir".

Tomson Ermənistan hökumətinin rəhbərlərinə 5 milyon ədəd patron və pul da göndəriləcəyini də vəd edir, vədini də yerinə yetirir.

Böyük Britaniyanın Hərbi naziri Çörçill 1919-cu il martın 6-da Qafqazla bağlı bir konfransda demişdi: "Heç şübhə yoxdur ki, Rusiyanın gələcək hökuməti bu regiona (Qafqaza-H.N) yenidən qayıdacaqdır, indiki fasilə məqamında baş verənlər əsas problem deyil, lakin Britaniya qoşunları o ərazilərdə nə qədər çox qalacaqsa, bizim caynağımız bir o qədər dərinə işləyəcəkdir". 1917-ci ildə Rusiyada oktyabr inqilabından sonra, bolşeviklərə qarşı "14 dövlətin yürüşü" planının müəllifinin bu uzaqgörənliyini, ingilis diplomatiyasının gücünü, anlamaq üçün bp şirkətinin Azərbaycana-Xəzər regionuna gəlişi və burdakı fəaliyyəti, mənfəətlərini yada salmaq kifayətdir. 

Zəngəzur qırğınları

Zəngəzur qırğınları Şərqi Anadolu və Qacarlar İranının türklər yaşayan torpaqlarında ermənilərin törətdikləri qətliamların davamı idi, eyni bir ssenarinin ardı idi, Amerika-İngiltərə, Fransa, Rusiyanın Anadolu limanlarına, Afrika sahillərindəki isti sulara, dənizlərə, Qafqaza, Bakı neftinə sahib olmaq uğrunda savaşının bir həlqəsi, nəticəsi idi. Müttəfiq qoşunları Rusiyanı sarsıdan inqilablardan dərhal istifadə edib Qafqazda möhkəmlənmək istəmişdilər. XX əsrin əvvəlində də, sonunda da böyük dövlətlərin maraqlarının toqquşmasından ermənilər məharətlə bəhrələndilər. Erməni kilsəsi, ardınca həm də daşnak partiyası o zaman da, indi də  erməni hərəkatının yol göstərəni, ilhamvericisi olaraq qalır.

23 aylıq mövcudluğu ilə fəxarət, qürur duyduğumuz Azərbaycan Xalq Cümhuriyyəti Parlamenti və Hökumətinin ən uzaqgörən, xeyirli addımlarından biri Fəvqəladə Təhqiqat Komissiyasının yaradılması idi. Komissiyanın Zəngəzur qəzasına dair rəqəmləri belədir; 115 kənd dağıdılmış, 3257 kişi, 2276 qadın və 2196 uşaq öldürülmüş, 1060 kişi, 794 qadın və 485 uşaq yaralanmış, yəni ən azı 10 068 azərbaycanlı öldürülüb və ya şikəst edilmişdir. Lakin əslində bu rəqəmlər tarixi həqiqəti əks etdirmir. Xüsusilə, 1919-cu ilin noyabr-dekabr, 1920-ci ilin yanvar ayında ermənilərin Zəngəzurun aşağı hissəsində, əsas da Qafan, Qubadlı, Zəngilan, Mehri bölgəsində Dro, Amazasp, Hjde kimi qaniçənlərin başçılığı ilə törədilən qətliam, qırğınların nəticələri daha ağır olub və acı təəssüflər olsun ki, üstündən bir əsrə yaxın vaxt keçsə də, ictimaiyyət bu qanlı faciələrin əsl miqyasından, səbəb və nəticəsindən hələ də yetərincə məlumatlı deyildir. Erməni başçılarından biri Hamazaspın mütəşəkkil silahlı quldur dəstələri Çaylı, Oxçu-Şabadin kəndlərində 1400 azərbaycanlını, 400-ü uşaq, qadın olmaqla heç bir xalqın tarixində görünməmiş amansız vəhşiliklə, güllə, mərmi işlətmədən danışıqlar adı ilə məscid, anbarlara yığıb məhv etmişdi. 1919-cu il dekabrın 1-də (Azərbaycan-Ermənistan baş nazirlərinin Amerika, Gürcüstanın vasitəçiliyi ilə 23 noyabrda Tiflisdə sülh sazişi imzalamasından 7 gün sonra) sübh çağı üç istiqamətdə başlayan hücumlarla ermənilər Qaregin Njdenin başçılığı ilə 118 Azərbaycan və 22 erməni kəndindən ibarət Qafan bölgəsinin müsəlmanlar yaşayan el-obalarını mühasirəyə alıb   əhalisini insan ağlına sığmayan üsullarla kütləvi şəkildə qırıb, evlərini talan, qarət edib yandırıblar. Qafanın Gığı dərəsi boyu kəndlərinin 4 min sakinindən yalnız 262-si sağ qalmış, Atqız kəndinin camaatının bir qismi qaçmağa macal tapsa da, Ordubada çatanadək 167 uşaq və qadın qarlı yollarda şaxtada donub həlak olmuşdu.

1917-1920-ci illərdə Zəngəzur qəzasının 7892 kv.km ərazisindəki 406 yaşayış məntəqəsinin 314-də müsəlman türklər yaşayıb, yandırılıb xarabalığa çevrilən kəndlərin yarıdan çoxu məhz bu 3 ayın - 1919-cu ilin noyabr-dekabr, 1920-ci ilin yanvar ayının payına düşür. Qəzanın əhalisinə qarşı əvvəlcədən cızılmış ssenari üzrə deportasiya və etnik təmizləmə, soyqırımı nəticəsində 1917-ci ildə Zəngəzurda yaşamış 123 min nəfər əhalinin 1926-cı ildə yalnız 5 mini viran qalan yurdlarına geri qayıda bilmişdi. Yəni təkcə həmin aylarda qəzada qətlə yetirilən insanların sayı Azərbaycan Xalq Cümhuriyyətinin yaratdığı Fövqəladə Təhqiqat Komissiyasının sənədlərində göstərilən, tarixçilərimizin tez-tez istinad etdiyi rəqəmlərdən dəfələrlə çoxdur.

 





22.10.2020    çap et  çap et