525.Az

İlk müsəlman Respublikası: Azərbaycan


 

İlk müsəlman Respublikası: <b style="color:red">Azərbaycan</b>

(Fransız dilindən tərcümə edən: Əsgər Əliyev, filologiya elmləri namizədi)

Görkəmli ictimai-siyasi xadim, Azərbaycan Demokratik Cümhuriyyətinin qurucularından biri, Şərq dünyasında ilk müstəqil Azərbaycan Demokratik Respublikasının ilk parlament sədri Əlimərdan bəy Topçubaşovun rəhbərliyi altında məşhur Versal sülh müqaviləsində iştirak etmək üçün Fransaya gedən nümayəndə heyətinin tərkibində dövrünün tanınmış jurnalisti, "Azərbaycan" qəzetinin baş redaktoru, dahi bəstəkar Üzeyir bəy Hacıbəylinin qardaşı Ceyhun Hacıbəyli də var idi. Azərbaycanda bolşeviklərin 1920-ci il may ayının 28-də hakimiyyətə gəlişi Fransaya getmiş Azərbaycan nümayəndə heyətinin bütün üzvləri kimi, C.Hacıbəylinində doğma vətənə qayıdış yolunu kəsmişdi. Həyatının qalan hissəsini Fransada keçirməyə məcbur olan Ceyhun bəy fransız dilini mükəmməl bilməsi sayəsində bu ölkədə də jurnalistlik fəaliyyətini davam etdirmişdi.

C.Hacıbəyli ölkəmizin tarixi, azadlıq hərəkatı, Azərbaycanın istilasından sonra orada baş verən hadisələr barədə Parisdə nəşr edilən "Aziatik jurnalı"nda, "İki dünya", "Müsəlman aləmi" jurnallarında, habelə digər mətbu orqanlarda müntəzəm yazılar dərc etdirmişdi.

Fədakar azadlıq carçısı Ceyhun bəy Hacıbəylinin Azərbaycan Demokratik Cümhuriyyətinin yaranması ilə bağlı Mərakeş elmi missiyasının dəstəyi ilə 1906-cı ilin noyabr ayında Parisdə nəşrə başlayan "Müsəlman aləmi" jurnalının ("Revne du monde musulman") 1918-ci ildə çapdan çıxan 36-cı nömrəsində "İlk müsəlman Respublikası - Azərbaycan" sərlövhəli iri- həcmli məqaləsi dərc olunmuşdu.

Qeyd edim ki, C.Hacıbəylinin həyat və yaradıcılığından bəhs edən tədqiqatçılar bu məqalənin adını çəksələr də, indiyədək onun nədən bəhs etməsi barədə fikir söyləməyiblər. Məqalədəki faktlar azərbaycanlı oxucuların əksəriyyətinə məlum olsa da, ölkəmizin tarixi, orada baş verən hadisələr barədə fransızlara ətraflı məlumat vermək, onu tanıtmaq baxımından çox qiymətli əsər hesab edilər bilər.

Həmin məqalənin tərcüməsini oxuculara təqdim edirəm.

TƏRCÜMƏÇİDƏN

Ceyhun bəy HACIBƏYLİ

"MÜSƏLMAN ALƏMİ JURNALI" REDAKSİYASINDAN

Türk mənşəli İran sivilizasiyalı və şiit təriqətli iki Azərbaycan mövcuddur. İranda paytaxtı Təbriz olan Azərbaycan və paytaxtı Bakı olan Zaqafqaziyadakı Azərbaycan.

"Müsəlman aləmi jurnalı" belə çox maraqlı ölkənin müsəlman əhalisi tərəfindən Millətlər Liqasına göndərilən sənədlərə əsasən Zaqafqaziyadakı Azərbaycan haqqında bu məqaləni dərc edir.

Müxtəlif siyasi fitnələr tərəfindən geniş ümidlərə təhrik edildiyi vaxt şərq ermənilərinin fəlakəti haqqında Avropa mətbuatı boş yerə səs-küy qaldırdı. Amma bizim qeydlər göstərəcək ki, rus bürokratları tərəfindən Zaqafqaziyada yalnız xristianlar ustalıqla yayılan çəkişmələrin qurbanı deyildir. Başqa xalqlar da vardır. Bakıda, Gəncədə və Qarabağda yaşayan azərbaycanlılar da belə qurbanlara çevrilmişlər.

Əsas təsnifata gəldikdə isə "Müsəlman aləmi jurnalı"nın oxucuları bu barədə ətraflı məlumat əldə etmək imkanı tapacaqlar.

lll

Uzun əsrlər boyu Qafqazda Azərbaycan ərazisinin sərhədləri aşağıdakı kimi olub: şərqdə Xəzər dənizi, cənubda İran, qərbdə Türkiyə və Gürcüstan, şimalda əsas Qafqaz sıra dağları silsiləsi. Bu sərhədlər Gəncə, İrəvan, Naxçıvan, Qarabağ, Şəki, Şirvan, Talış, Bakı, Quba və sair müstəqil xanlıqları əhatə edib. Bu xanlıqlar suverən xanlar tərəfindən irsən idarə olunub. İnzibati və hüquqi qanunvericilik hakimiyyəti, sikkə buraxmaq, həmçinin, ölkənin bütün daxili siyasəti xanların əlində toplaşmışdır. Bir sözlə, bu xanlıqlar ölkədaxili siyasət aparmaqda və güclü qonşularla əlaqə yaratmaqda müstəqil idilər. Artıq dörd əsr olardı ki, Azərbaycanın bu müstəqil xanları xarici ölkələrlə ticarət əlaqələri yaratmışdılar.

Müstəqil Şirvan xanlığının paytaxtı Şamaxı bütünlüklə Abdulla xanın şəxsi hamiliyi altında idi. 1562-ci ildə (hicri 69-cu ildə) bir suverən dövlət kimi Abdulla xan Avropaya qayıdan ingilis Cenkinsonun müşayiəti ilə rus çarı Qorxulu IV İvanın yanına öz səfirini göndərmişdir. Həmin dövrdə ingilis kapitanı Riçard Çansellorun səyi ilə Ağ dəniz vasitəsilə Moskva ilə İngiltərə arasında ticarət əlaqələri yaratmışdır.

Əgər hadisələr öz axını ilə normal inkişaf etsəydi, hakimiyyət forması dəyişməsəydi, bu xanlıqlar öz müstəqilliklərini bizim dövrə qədər qoruyub saxlaya bilərdi. Lakin rus ordusunun qaba müdaxiləsi onların müstəqilliyinə son qoydu.

Bu hökmdarların şimal nəhənginə qarşı mübarizəsi şiddətli və şərəfli idi: lakin bədbəxtlikdən bu mübarizə bərabər deyildi. Bundan başqa, Azərbaycan eyni vaxtda İran istilasına da qarşı özünü müdafiə etməli idi. Bu mübarizə tarixi Azərbaycan xalqının şanlı səhifəsi ilə zəngindir.

Bu məsələ ilə bağlı qeyd etmək istərdim ki, Şəki xanı hətta Hindistanı qəsb etmiş, Nadir şahın ordusu üzərində qələbə qazanmışdır. Qarabağın paytaxtı Şuşa istilaçı İran şahı Ağa Məhəmməd şaha qarşı mərdliklə mübarizə aparmışdır. Sonda şah mühasirəsindən əl çəkərək Gürcüstana üz tutmuş və onu əsarət altına almışdır. Müstəqil Gəncə xanlığının hökmdarı Cavad xan ruslarla mübarizədə əsl mərdlik nümunəsi göstərmişdir. Rus ordusuna rəhbərlik edən, rus imperializminin peşəkar sərkərdələrindən biri knyaz Sisiyanov çoxsaylı rus qoşunlarının başında Zaqafqaziya xanlıqlarını istila etmək üçün Tiflisdən yan keçərək Azərbaycan ərazisinə daxil olmuş və yolunda ilk rast gəldiyi əhalisi əsasən qacarlar tayfasının, Azərbaycan türklərinin yaşadığı Gəncəyə hücum etmişdir.

Xatırladaq ki, iki yüz min ailədən ibarət qacarların Cəlagir türklərinin tayfaları Çingiz xanın nəvəsi Hülaki, sonralar isə Teymurləng tərəfindən İrandan Zaqafqaziyaya köçürülmüşdür. Onlardan 50 min ailə İrəvanda, Gəncədə və Qarabağda yerləşdirilmişdir. Onların əksəriyyəti müstəqillik əldə etmişdir. Bunlardan İrəvan xanlığı və Ziyadxan oğlunun hökmdar olduğu Gəncə xanlığı yaranmışdır. Bu iki müstəqil xanlığın ərazisi Araz çayı üzərində salınmış Xudafərin körpüsünə, Şulaveri kəndindən tutmuş Gürcüstandakı Qırmızı körpü də daxil olmaqla böyük bir sahəni əhatə edirdi.

Qacarlar tayfasının bir hissəsi isə İran hökmdarı Şah Abbas tərəfindən ölkəni yadellilərin hücumundan müdafiə etmək məqsədilə Astarabad əyalətində yerləşdirilmişdir.

İndi isə rus çariçası Yelizavetanın şərəfinə Yelizavetpol adlandırılan Gəncə xanlığının 3 yanvar 1804-cü ildə alınması ilə bağlı hadisələri xatırladaq: bu hadisələr Vətəni və azadlıq uğrunda qəhrəmancasına həlak olan Azərbaycan oğlunun qanı ilə tarixə yazılmışdır.

Müstəqil Gəncə xanlığının sonuncu hökmdarı Ziyadxanın oğlu Cavad xan xalqının dəstəyi ilə knyaz Sisiyanovun şirnikləndirici təkliflərini mərd-mərdanə rədd edərək qəhrəmancasına ölümə qarşı getmişdir.

Gəncənin mühasirəsi bir ay çəkmişdir. Şəhər ətrafındakı bağları ələ keçirən istilaçılar Cavad xanın qəhrəmanlıqla müdafiə etdiyi şəhəri ardı kəsilmədən bombardman etməyə başlamışlar. Knyaz Sisiyanovun şəhərin təslim edilməsi barədə beş dəfə qəti tələbi faydasız olmuşdur. Nəhayət, qəsbkarların hərbi şurası səhərisi gün - 3 yanvar 1804-cü ildə qəti hücum etməyi qərara almışdır. Düşmən dəstəsi soyuq və qaranlıq gecədə bütün qüvvəsi ilə şəhərə bir qədər yaxınlaşmışdır. Yanvarın 3-də sübh tezdən - "Orucluq bayramı" günü şəhərə güclü hücum olmuşdur. Şiddətli döyüşlər zamanı şəhərin daxilindəki əsas qüllələr güclü hücumlara davam gətirməyərək bir-birinin ardınca düşmən tərəfindən alınmışdır. Onların arasında Cavad xanın həlak olduğu "Hacıqala" qülləsi bu günə kimi qorunub saxlanılır.

Düşmən dəstələrinin qarşısını almağın qeyri-mümkünlüyünü görən Cavad xan irəlidə işğalçıların hücum edən qüvvələrinin üzərinə atılaraq qəhrəmanlıqla həlak olmuşdur. Şəhərin küçələrində qanlı döyüşlər getmişdir. Əsgərlər xanın iqamətgahını alaraq orada Gəncənin sonuncu 500 nəfər müdafiəçisini amansızlıqla qətlə yetirmişlər. Gəncə xanlığının bayraqları bu günə qədər Tiflisin Hərbi Muzeyində saxlanılır. Cavad xana məxsus bütün əşyalar qarət edilmiş, evləri isə müsadirə olunmuşdur.

Knyaz Sisiyanov hərbi raportlarında Gəncənin işğal edilməsinin xüsusi əhəmiyyətini qeyd etmiş, Azərbaycanın açarı və mühüm dayağı olan bu şəhərin ələ keçirilməsindən sonra Hindistana doğru yolun açıq olduğunu diqqətə çəkmişdir. Azadlığı ayaqlar altına salaraq tapdalayan rus imperialistləri Azərbaycan ərazisini özlərinə rahat baza yaratmaqla aşağıda göstəriləcək məqsədlərinə çatmaq istəyirdilər.

Onların ilkin proqramlarına əsasən işğalçıların yolu üzərində rast gəldikləri bütün xanlıqları və vilayətləri, kiçik dövlətləri rəhm etmədən viran qoymaqla hədsiz var-dövlətə malik misilsiz ölkədə qalib yürüyüşünü qoruyub saxlamaq; əfsanəyə görə Oleqin, qapısına qədər gəlib çatdığı Konstantinopolu zəbt etmək. Bu proqram bütün bir əsr sistematik şəkildə yerinə yetirilmişdir. İşğalçılıq siyasəti yeridən rus hərbçiləri Azərbaycan və Xəzər dənizi vasitəsilə Türkiyəni, İranı və Türkmənistanı keçərək demək olar ki, Hindistana çatmışdır.

Gəncə xanlığının məğlubiyyətindən sonra Azərbaycanın bütün digər xanlıqları zor, hiylə və xəyanət yolu ilə məhv edilmiş və ələ keçirilmişdir. Qarabağ xanlığına qarşı nifrət oyadan xüsusi hərəkətə yol verilmişdir. İrana qarşı mübarizədə öz köməyini vəd edən rus ordusunun komandanlığı xanın etimadından sui-istifadə edərək onu və bütün ailəsini məhv etmişdir. Budur - ruslar tərəfindən Azərbaycanın istilası tarixində yer almış silinməz izlər.

(Ardı var)

 





22.10.2020    çap et  çap et