525.Az

Gəncədən Füzuliyə - Billurə Aslanqızının yazısı


 

Gəncədən Füzuliyə - <b style="color:red">Billurə Aslanqızının yazısı </b>

Qəribə bir gündü... Qərib bir gecə... Ağlayaraq, boğularaq izlədik Gəncəni... Qəzəb, acı, həyəcanla açdıq səhəri. Əslində, o gecə Gəncədə qanına boyanan tək Nigar, Mədinə, Narin deyildi... Hamımız öldük o gecə, amma sonra dirildik səhər açılanda... Yenə də ruhumuzdan bir parçanı itirdik... Çünki o gecə ermənilərin xaincə atdığı raket təkcə evləri dağıtmadı Gəncədə, həyatları da məhv etdi; məsum körpələrin, günahsız insanların gecə yuxusunu kabus dolu əbədi yuxuya çevirdi... O kabus 17 oktyabr gecəsi hər bir azərbaycanlının kabusu oldu...

Qarşıda isə tarixi bir gün dayanırdı Azərbaycanın müstəqilliyinin 29-cu ili... Acıdan sevincə keçid etmək asan deyildi. Xeyirlə şər isə əzəldən qarşı-qarşıyadı. Qarabaqara izləyir şər Xeyir hər yerdə... Xeyir də Şərdən qurtulmağa çalışır hər zaman. Bu dəfə də belə oldu. Gəncə qətliamının ağrısı ürəyimizi parçalarkən, Ali Baş Komandandan qələbə müjdəli daha bir xəbər gəldi: Füzuli azad oldu! Sanki əks-səda verdi bu səs qulağımda. Bir anın içində 27 il öncəyə qayıtdım, xəbərlər proqramında Füzulinin işğal edildiyini xəbər verən o kədərli günü xatırladım... Eyvana qaçmışdım bərkdən ağlamayım deyə, ağzımı əlimlə tutmuşdum və cavabsız suallar içində boğulmuşdum: necə yəni mən bir də rayonumuza gedə bilməyəcəm? Hələ sadəcə 7-ci sinifdə oxuyurdum, xəyal gücümsə çox zəngindi. Özümü oxuduğum çoxsaylı əsərlərin qəhrəmanı yerinə qoya bilirdim bəzən. O gün də bənzər bir çıxış yolu tapdım özümə... Sanki heç nə olmamış kimi düşünəcəm. Hər şey yerindədi, torpağım işğal edilməyib. Mən sadəcə bir müddət ora gedə bilməyəcəm. Yaddaşımdan bir müddətlik bu informasiyanı silməyə çalışaram deyə düşündüm... Təbii ki, alınmadı. Hər gün, özəlliklə hər axşam 5-də və 8-də xəbərləri izləməyi, nəsə xəbər eşitməyi həsrətlə gözləyən babam vardı bizimlə... "Kaş bir quş olub, gedib o yerləri görüb gələydim"deyib, ah çəkən nənəm vardı. Lal baxışlarında hər gün cavabsız suallar dolanan sevdiklərim vardı... Hər baxışda, hər olayda evimizi, məktəbimizi, dostlarımı xatırladan mistik paralellər vardı... Qəribədir ki, 27 il keçsə də, mən Yuxarı Yağlıvənd kəndindəki ata yurdumda bağdakı ağacların ardıcıllığını belə unutmadım bu illər ərzində... Vallah unutmadım. Zoğal vardı ilk əvvəl sol tərəfdə, azca sağa doğru ərik, ondan da solda gavalılar. Sağ tərəfdə fındıq ağacları vardı, dibi həmişə qabıq dolu olurdu. Ordaca sındırıb yeyirdik deyə...

O acılı işğal günündə yaddşımı müvəqqəti silməyə cəhd edərkən, özümü içimə qapatmışdım əslində. Yaşımı beynimə, qəlbimə həbs edib, oğurlanan, çiliklənən uşaqlığımı şüuraltı da olsa, gizləməy bacarmışdım. Yəqin o səbəbdən idi ki, 40 yaşı haqlasam da, böyüyə bilmirdim. Ruhumun ən dərin, ən gizli guşəsində bir uşaq darıxırdı, həsrətdən boğulurdu, için-için ağlayrdı hər zaman sakitcə... Bilmirəm gecələri susurdumu, ya sadəcə yuxuyamı gedirdi....

Amma bu səhər Ali Baş Komandanım "Füzuli şəhəri azad olundu" deyəndə, evlərindən bəlkə də, sadəcə 2-3 cərgə daş qalan rayonumun - yaralı, qocalmış, amma qolları bizə doğru açılmış Füzulimin əlini çiynimdə hiss etdim sanki. Əvvəl qorxdum sevinməyə, sonra utandım Gəncə şəhidlərindən bir an, daha sonra acığım tutdu özümə canlarıyla, qanlarıyla Füzulini azad edən əsgərləri düşünəndə. Gülümmü, ağlayımmı bilmədim... Hönkürdüm, yox, hayqırdım əslində, hönkürtü ilə içimdəki bütün hissləri çıxarıb atdım, keyləşdim, hissizləşdim, böyüdüm bir anda... Yox idi artıq, illəri mənimlə keçirən o uşaq, içimə həbs etdiyim uşaqlığım mənimlə... Ölərkən ruh bədəndən ayrıldığı kimi, o da məni yenidən doğulmağa vadar etmişdi sanki - uçub getmişdi... Mən Füzuliylə yenidən doğuldum sanki... Artıq mənim də bir rayonum var...

Eşidirsiz məni, ömrünü Füzulini azad görmədən başa vuran əzizlərim! Şəhid bacı və qardaşlarım! Ruhunuz sevinsin! Füzuli azaddır!

Var olsun, ordumuz! Var olsun Ali baş Komandanımız! Mən fəxr edirəm ki, azərbaycanlıyam!

 





22.10.2020    çap et  çap et