525.Az

Özbək şairinin Azərbaycan həqiqətlərini vəsf edən kitabı nəşr edilib


 

Özbək şairinin Azərbaycan həqiqətlərini vəsf edən kitabı nəşr edilib<b style="color:red"></b>

Tanınmış özbək şairi, Özbəkistanın populyar “Kitab dünyası” ədəbiyyat-mədəniyyət qəzetinin baş redaktoru Xasiyyət Rüstəmin “Adı Lalə idi o qızın” adlı poeması (Azərbaycan və özbək türkcəsində olmaqla) nəfis tərtibatla işıq üzü görüb.

Əsəri özbəkcədən gənc özbək yazarı Rəhmət Babacan, şair-publisist Əkbər Qoşalı və şair Elşən Əzim uyğunlaşdırıb. Dünya Gənc Türk Yazarlar Birliyi və “Zirvə” Tədris Mərkəzinin ortaq nəşri olan kitabın məsləhətçiləri deputatlar Qənirə Paşayeva və Məşhur Məmmədovdur.

Şeirləri dünyanın bir çox dillərinə çevirilmiş Xasiyyət Rüstəmin Azərbaycanda gün üzü görən ikinci kitabının rəyçiləri deputat Cavanşir Feyziyev, Daşkənddəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov və “Zirvə” Tədris Mərkəzinin direktoru Rahib İbrahimovdur.

Qeyd edək ki, kitabın “Önsöz” və “Təqdim” yazılarını Q.Paşayeva ilə S.Abbasov yazıb.

Kitabın redaktorları Əkbər Qoşalı və İntiqam Yaşardır.

“Adı Lalə idi o qızın” əsərində birinci Qarabağ savaşı zamanı öz ata-baba yurdundan didərgin düşən Lalənin acı həyat hekayəsindən, ailəsinin yaşamış olduğu ağrı-acılardan, bu ağrı acıların onun uşaq yaddaşında buraxdığı dərin izlərdən və son zamanlarda Ermənistanın Azərbaycana qarşı apardığı növbəti işğalçılıq siyasətindən bəhs edilir. Təsadüfi deyil ki, poema, Tovuza düşmən hücumlarının başlandığı 12 iyuldan etibarən yazılıb və 16 iyulda tamamlanıb.

Onu da əlavə edək ki, kitabın Azərbaycanın və Özbəkistanın bir çox elm-mədəniyyət qurumlarına paylanılaraq geniş oxucu kütlələrinə çatdırılması planlanıb. Kitabın yaxın günlərdə virtual təqdimatı nəzərdə tutulub.

 





22.10.2020    çap et  çap et