525.Az

İradəsiz düşmənin son çarəsi - Afaq Rzadan yeni yazı


 

MÜHARİBƏ DÖVRÜNDƏ TERROR TƏHLÜKƏSİ

İradəsiz düşmənin son çarəsi - <b style="color:red">Afaq Rzadan yeni yazı</b>

Azərbaycan Ordusu haqq savaşında qətiyyətlə addımlamağa davam edir. Artıq bir aya yaxın müddətdir ki, hər birimizin qəlbi ordumuzla cəbhədə, Qarabağda döyünür.
 
Hər gün gələn qələbə xəbərləri və işğaldan azad olunan torpaqların sevinci neçə illərdən bəri işğal altında olan Vətən torpaqları ilə qovuşacağımız günləri daha da yaxınlaşdırır bizlərə. Hərbi qüvvələrimiz irəlilədikcə düşmən döyüş meydanında ardıcıl məğlubiyyətlərlə üzləşir və buna cavab verə bilməyib müxtəlif alçaq üsullara əl atır.

Elə bir düşmənlə üz-üzəyik ki, onlar hətta müharibənin qanunlarına belə əməl etməkdə acizdirlər. Biz bunun 1990-cı illərdə Birinci Qarabağ müharibəsindən şahidiyik. Şahidiyik ki, yaşadıqları bütün dövrdə yalanlarla dünyaya özlərini mədəni surətdə "sırımağa" çalışan bu azğınlaşmış xalq Xocalı soyqırımını, Ağdaban faciəsini törədib. Yəni terror, aqressiya, nifrət kimi hisslər ermənilər üçün ali mərtəbədədir. İndi Ermənistan 1990-cı illərdə havadarları ilə birlikdə Azərbaycan xalqının başına gətirdiyi faciələri təkrarlamaq niyyətindədir. Düşmən bunu döyüş meydanından qaçıb, əvəzində dinc əhalini hədəf almaqla sübut etdi. Gəncə, Tərtər, Ağdam, Bərdə və digər ərazilərimizə, dinc əhaliyə yönəlmiş ağır artilleriya, raket atışı Ermənistanın görünməyən terror niyyətlərinin sadəcə bir parçası idi.

Nəzərə alsaq ki, düşmənimiz xisləti xarab, qana susamış, terrorçu Ermənistandır, hər cür terrorun baş verəcəyi reallığını unutmamalıyıq. Elə bir neçə gün əvvəl Azərbaycan Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) əhaliyə xəbərdarlıq bəyanatı da bunu təsdiq edir. Bəyanat Qarabağda düçar olduqları məğlubiyyətlərini ört-basdır etmək üçün düşmən ölkənin xüsusi orqanlarının ölkəmizdə terror aktı törətmək təhlükəsini əks etdirir. İstənilən müharibədə ön cəbhə ilə yanaşı, arxa cəbhə də mövcuddur. Arxa cəbhənin üzərinə düşən öhdəlikləri, apardığı mübarizə olduğu kimi, eyni zamanda, onlar təhlükədən də sığortalanmayıblar. Düşmənin atdığı bütün addımlar və gedişat onu göstərir ki, indi biz hər zamankından daha çox ayıq-sayıq olmalıyıq.

Ermənilərin terrorda xüsusi ilə seçilmələri yaratdıqları ASALA təşkilatının tarixindən də bəllidir. Azərbaycan vaxtilə bu terror qruplaşmasının törətdiyi hadisələrdən az əziyyət çəkməyib. Təkcə 1980-ci illərdən başlayaraq təşkilat ölkəmizdə 32-dən çox terror hadisəsi törədib. Tarixin bütün dövrlərində Ermənistan terroru dövlət siyasəti səviyyəsində reallaşdırır və terrorçu dövlət olduğunu sübut edir.

Təəssüf ki, bu gün içimizdə olan düşmənlər də var. Bizim milli-mənəvi dəyərlərimizdə vətən torpağı cana, qana, namusa bərabərdir. Mənəviyyatını pula satmışlar üçünsə vətən anlayışı çoxdan yoxa çıxmış məhfumdur. Şübhəsiz, içimizdəki düşmənləri aşkarlamaq və onlardan xilas olmaq da cəbhədəki düşmənlə mübarizə qədər labüddür.

Başqa bir acı həqiqət dünya dövlətlərinin erməni terroruna səssiz qalması, dövrünün dinc əhaliyə qarşı törədilən amansız terroru sayılan Gəncəni görməzdən gəlmələridir. Halbuki ümumi ictimaiyyətə, insan kütləsinə qarşı siyasi məqsədlərlə istənilən şəraitdə edilən terror hərəkətlərinə heç bir halda bəraət qazandırmaq olmaz. Bu hala susmaq, etinasız yanaşmaq, bəraət qazandırmaq üçün hər hansı siyasi, dini və ideoloji ünsürlərin cəlb olunması qədər əsassızdır.

Buna baxmayaraq, Azərbaycan vətəndaşları təkcə sosial şəbəkələr üzərindən apardıqları mübarizə ilə sübut etdilər ki, tək yumruq olan xalqa haqq səsini yaymaq üçün bir neçə saat belə kifayətdir.

Ermənistanın Gəncədə, Tərtərdə törətdiyi hadisələr və bundan sonra planladığı bütün terror aktlarının məğzində kütlə içində qorxu, təşviş yaratmaq, medianın diqqətini çəkmək, şübhə və xaos mühiti yaratmaqla ölkəmizi əsas məqsədindən yayındırmaq niyəti daşıyır. Daha dəqiq desək, terror hadisəsi adətən həmin hadisənin dərhal yaratdığı təsirdən daha böyük strateji bir məqsədi olur.  Məsələn, müəyyən kütləyə qarşı bomba hücumu ilə ictimai rəyi dəyişdirmək kimi. Baxmayaraq ki, bu məkrli planlara qarşı dövlətimiz hər cür qabaqlayıcı tədbirləri alır, lakin vətəndaş olaraq bizim də üzərimizə düşən öhdəliklər var. Misal üçün, bu günlərdə biz hamımız şübhəli məqamlara biganə yanaşmamaq, mümkün qədər kütlə halında toplaşmamaq, təkcə özümüzə deyil, ətrafımıza qarşı duyarlı olmaqla bu prosesə  əhəmiyyətli dərəcədə fayda vermiş oluruq.  Əlbəttə, müvafiq dövlət strukturlar tərəfindən ictimai asayişin qorunması, təhlükəsizliyin təmini üçün bütün zəruri addımlar yüksək səviyyədə atılır. Amma indiki şəraitdə vətəndaşlarımız da dövlətə dəstək verməlidir. Bu haqq mübarizəmizdə unutmamalı olduğumuz ilk qayda, bütün cəbhələrdə bir yumruq halında yolumuza davam etməkdir. Necə ki, atalarımız deyib: "El bir olsa, dağ oynadar yerindən!"

 





23.10.2020    çap et  çap et