525.Az

Öz ayağınla gəl!.. - Fidan Malik yazır


 

Öz ayağınla gəl!.. - <b style="color:red">Fidan Malik yazır </b>

Öz ayağınla gəl!..

 

Fidan MALİK

 

 

Baş leytenant Fərrux cəbhəyə yeni gələn əsgərləri bir-bir nəzərdən keçirir, tanış olmağa çalışırdı. Başının ortasında bir topa saçı qızılı-sarı rəngə boyanmış qarayanız dəliqanlıya növbə çatdıqda baş leytenant soruşdu:

- Adın nədir, oğlum, sənin?

- Əli, komandirim.

- Haralısan, Əli?

- Tokat Ziləli, komandirim (Tokat Zilə Türkiyənin Qaradəniz bölgəsində bir vilayətdir).

- Yaxşı, əsgər, bəs bu başındakı nədir?

- Əsgər gələndə  anam xına yaxdı, komandirim.

- Yaxşı, Xınalı Əli! Elə olsun.

O gündən sonra ziləli gənc igidin adı "Xınalı Əli" qaldı. Komandirləri, yoldaşları tez-tez xınalı saçından dolayı onunla zarafatlaşırdılar.

Əli qısa zamanda özünü hər kəsə sevdirdi. Cana yaxın, cəsur bir əsgər idi.

Bir gün Əli kəndə, anasına məktub yazmaq istədi. Amma oxuyub-yazmaq bilmədiyindən Xınalının dediklərini kağıza bir əsgər bir yoldaşı köçürdü:

"Qiymətli atam, necəsən, yaxşısanmı? Yaxşı olmanı Allahdan niyaz edir, əllərindən öpürəm. Qiymətli anam, necəsən, yaxşısanmı? Yaxşı olmanı Allahdan niyaz edir, əllərindən öpürəm". Xınalı Əli sonra böyük bacısını soruşdu, əllərindən öpdü, özündən bir yaş balaca qardaşını soruşdu, gözlərindən öpdü. Xınalı quzusunu, ağca öküzünü də soruşdu. "Məmləkətdən nigaran qalmayın.  Türk əsgəri burada növbədədir. Düşmən bir addım belə irəliləyə bilməz. Əllərinizdən öpürəm, cavabınızı gözləyirəm", - deyib tamamlanmış məktubun altından bir də belə qeyd əlavə elədi:

"Balaca qardaşım Məhmət tezliklə əsgər ocağına gedəcək. Mabadə anam onun da başına xına yaxsın. Dəstəmizdə komandirlərim də, yoldaşlarım da buna görə mənimlə çox zarafatlaşırlar".

Bir-iki gün sonra ingilis donanması qəti nəticə almaq ümidilə Geliboluya yollandı (Türkiyənin Marmara bölgəsində bir vilayət). Döyüş xəttindəki Məhmətcik-əsgərlər aslanlar kimi döyüşdü, sayca qat-qat üstün olan düşmən qarşısında canını verdi, lakin bir qarış belə geri çəkilmədi, minlərcə şəhid verdi. Köməyə dəstələr göndərildi, lakin onlar da qırıldı.

Növbə baş leytenant Fərruxun hələ təlimini tamamlamamış yeni əsgərlərdən ibarət bölüyünə gəlməkdə idi. Baş leytenant əsgərinin hələ qızğın döyüşə hazır olmadığını bilirdi. Onları ön cəbhəyə göndərmək - ölümə göndərmək demək idi. Gözünə yuxu girmirdi, bölüyünə "İrəli!" əmrini verə bilmirdi.

Amma Xınalı Əli və yoldaşları onu razı saldılar. "Komandirim, biz artıq aslan kimi əsgərlər olduq.  Vətən üçün ölməyə hazırıq, siz narahat olmayın!" - dedilər.

Cəbhə komandirindən də əmr gəldikdə, baş leytenant çarəsiz halda əsgərlərinə "İrəli!" əmrini verdi.

Döyüşdə Xınalı Əlinin dəstəsindən sağ qalan olmadı. Aslanlar kimi döyüşdülər, Vətən üçün can verdilər. Əli də şəhidlər arasında idi.

Elə o günlərdə Tokat Zilədən Xınalı Əliyə cavab məktubu gəldi.

Komandirləri məktubu Xınalı Əlinin məzarı başında açıb, ağlayaraq oxudular.

Salam verib, gözlərindən öpdükdən, hər kəsdən tək-tək xəbər verdikdən sonra, atası ağca öküzünü satdığını söyləyirdi oğluna. Artıq qara boyunduruğu atası özü çəkirmiş. "Sənin və səndən sonra əsgərə gedən qardaşın Məhmətin xərcliyi olsun deyə. Zatən, bir qızla iki qocanın yediyi nədir ki" - deyə oğlunu sakitləşdirirdi.

Hər kəsin salamını söylədikdən sonra, "Bax, sənə ananın da deyəcəyi var", - deyə atası sözü Əlinin anasına verir. Məktub anasının bu sözlərilə tamamlanır:

"Gözəl oğlum, gözümün bəbəyi oğlum. Komandirlərin, əsgər yoldaşların başındakı xınaya güldü, deyirsən. Qardaşım Məhmətin nəbadə başına xına yaxıb əsgərliyə göndərmə, deyirsən. Məhmətin də saçına, sənin kimi xına yaxıb yola saldım. İndi komandirlərinə de ki, sənə və Məhmətimə lağ etməsinlər. De ki, bizdə analar üç şeydə xına yaxarlar. Birincisi, gəlin gedən qızlara yaxarlar ki, ailəsinə, balalarına qurban olsun deyə. İkincisi, qurbanlıq qoça yaxarlar ki, Allahına qurban olsun deyə. Bir də əsgərliyə gedən igidlərə yaxarlar ki, Vətənə, Millətə qurban olsun deyə.

Sağlıqla qal, igid oğlum, Allaha əmanət ol!"

Bu, yüz il əvvəl Çanaqqala döyüşlərində şəhid olan əsgərin hekayəsidir. Deyilənə görə, bu məktubun əsli Türkiyənin Çanaqqala muzeyindədir. Hətta elə olmasa belə, nə fərqi var. Onsuz da neçə Xınalı Əlilərin məktubları qəlbimizdə, yaddaşımızdadır. Olacaq da. Məktublar cürbəcür olur. Amma bəlkə də, ən qiymətlisi əsgər məktublarıdır; istər Türkiyənin məhmətçiyinin - Xınalı Əlisinin, istərsə də Azərbaycan əsgərlərinin -  Xınalı Əlilərinki olsun. Nə fərqi var, onu yazan əsgərin hansı boydan olduğunun. Əsas nər olduğunu, ər olduğunu bu gün də dünyaya sübut etdi Azərbaycan əsgəri, Türk əsgəri!

Türk boyundan olmayanlar igidlərimiz də var. Suyundan içib, torpağını öpüb, bu vətəndən olan, bu torpaqda doğulan, digər xalqların igid, ər balaları var. Gün bu gündür! - deyib, el birliyilə döyüşə yollandılar, günlərdir canıyla, qanıyla vuruşurlar, şəhid olurlar.

Bəli, gün bu gün imiş. Bu günlərdən imiş. Qələbə! Şücaət! Vida! Vüsal! Gözlər bir anda neçə hala ağlayarmış. Sevincdən ağlayar, kədərdən ağlayar. Necə ki, bu bir aya yaxın günlərin hər gününü həm sevincdən, həm kədərdən ağlayırıq. Bu onilliklərin göz yaşı, səbri, şücaəti nə çox yığılıbmış... Amma artıq tab gətirmədi. Nə yaxşı ki, daşdı, coşdu. Haydı, Azərbaycan əsgərləri - Xınalı Əlilər! Haydı, irəli! - dedi. Sizi susdurmaq istəyənlərin, zəifdir deyənlərin həddini bildirmək zamanı gəldi, - dedi.

Analar günlərdir üzünü göylərə tutub: Əsmə külək! Qar, yağış, yağma! Balam üşüməsin, əli-ayağı donmasın! Duman, çən, enməyin dağlardan. Balamın gözünə pərdə çəkilməsin ki, düşmənə həddini bildirsin - dedi.

Sonra bir atayla anaya oğlundan xəbər gəldi. Gözün aydın, ata! Gözün aydın, ana! Mən gəlirəm! Amma ayaqlarım üstdə yox, dostlarımın başı üstdə gəlirəm! Bayrağımı sinəmə örtüb gəlirəm! Siz mənim üçün ağlamayın! - dedi. Ana gözünün yaşını bir nəfəsdə içinə axıtdı. Ürəyinin dağına əlilə köz basdı. Qəlbinin acısıyla saçlarına ömürlük ağ boya çəkdi. Atanın beli büküldü. Amma qamətini var gücülə dikəltdi. Ağlamasın deyə dilini, dodağını sıxdı. Özlərini tox tutdular. Balalarının ruhu üzülməsin deyə! Düşmən sevinməsin deyə! Amma hər gecə xəlvətdə ana "lay-lay balam, lay-lay" - deyə nənni oxudu. Ata kiçildi-kiçildi, yumağa döndü - hər səhər açılıncaya qədər. son nəfəsləri gəlincəyə qədər, övladlarına qovuşuncaya qədər...

Onu gətirən dostları geri qayıtdı. Qanını yerdə qoymamaq üçün. Kimisi onun kimi şəhid oldu, kimisi düşmən mərmisindən yaralandı. Hətta o çətin vəziyyətlərilə belə, ayağa qalxıb, yenidən döyüşə yollanmaq istədilər. Kimilərsə hələ də odun, atəşin içində düşmənə meydan oxuyur.

Xınalı quzular, Xınalı Əlilər, biz sizinləyik! Nəinki bütün Azərbaycan xalqı, hətta illərdir bu günü sizdən də çox gözləyən əsgərindən zabitinə, körpəsindən qocasına, jurnalistindən məmuruna qədər bütün şəhidlərimizin ruhlarından toplanan ordusu sizinlədir; sizinlə vuruşur, sizinlə hər qələbənizə sevinir, hər şəhidə sarılıb, vardığı ən uca mənzilinə  "Xoş gəldin!" - deyir.

Zəfərlə gəl, Azərbaycan əsgəri! Zəfərlə gəl ki, anan əllərinə sevincdən xına yaxsın! Atanın ürəyi atlansın, günlərdir içində boğduğu nəfəsini dərindən ala bilsin! Sənin eşqinə qurban dediyi xınalı qoçları kəssin! Öz ayağınla gəl! Gəl ki, anan sənə yox, beşikdə doğulan balalarına nənnilər oxusun! Gəl ki, sən atanın çiynində yox, atan sənin çiynində zamanı çatdığında son mənzilinə yola düşsün!

Sağlıqla qal! Allaha əmanət ol, Azərbaycan əsgəri!

 





23.10.2020    çap et  çap et