525.Az

Azərbaycanın İtaliyadakı səfiri: “Biz ədalət istəyirik”


 

Azərbaycanın İtaliyadakı səfiri: “Biz ədalət istəyirik” <b style="color:red"></b>

Ermənistanın Azərbaycana qarşı son hərbi təcavüzü və Azərbaycanın Ermənistanı sülhə məcbur etmək istiqamətində atdığı addımlar və bu xüsusda Azərbaycanın beynəlxalq ictimaiyyət, o cümlədən İtaliyadan gözləntiləri barədə səfir Məmməd Əhmədzadə İtaliyanın “Sputnik Italia” və “First Online” xəbər portallarına müsahibələr vermişdir. Müsahibələr, müvafiq olaraq “Azərbaycanın İtaliyadakı səfiri: Biz ədalət istəyirik” və “İtaliya Ermənistanı dayandırmaq üçün fəal olmalıdır” başlıqları ilə dərc olunub.

Müsahibələrində səfir Ermənistanın otuz ildən artıqdır ki Azərbaycana qarşı hərbi təcavüzü və ölkəmizin iyirmi faiz ərazisini işğal edərək həmin ərazilərdə yaşayan bütün azərbaycanlılara qarşı etnik təmizləmə həyata keçirdiyini bildirmiş, Ermənistan silahlı qüvvələrinin 27 sentyabr tarixindən başlayaraq, həm Azərbaycan silahlı qüvvələrinin təmas xətti boyunca yerləşən hərbi mövqelərini, həm də təmas xəttinin yaxınlığında sıx məskunlaşmış yaşayış məntəqələrini ağır artilleriya silahları ilə atəşə tutduğunu, bu müddət ərzində əldə olunmuş humanitar atəşkəs barədə razılığa əməl etmədiyini, təmas xəttindən uzaqda yerləşən ərazilərimizə, Azərbaycanın ikinci ən böyük şəhəri Gəncəyə raket zərbələri endirdiyini diqqətə çatdırmışdır. Səfir Ermənistan hərbi qüvvələrinin məqsədinin ölkəmizin ərazilərinin işğalını davam etdirməklə yanaşı, yeni ərazilər əldə etmək olduğunu, Azərbaycanın ədalət istədiyini, beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş sənədlərə hörmət edilməsini tələb etdiyini, Azərbaycan ordusunun ölkəmizin suveren ərazisində işğal altında olan torpaqlarımızı azad etmək və Ermənistanı sülhə məcbur etmək üçün vuruşduğunu demişdir.

“Türklərin F-16 qırıcı təyyarəsinin döyüşlərdə iştirak etməsi” ilə bağlı suala cavab olaraq M.Əhmədzadə Türkiyənin Azərbaycanın dostu və vacib tərəfdaşı olduğunu, lakin sadəcə mənəvi dəstək verdiyini və türk qırıcılarının hərbi əməliyyatlarda iştirak etmədiyini bildirmişdir. O, 10 milyonluq əhalisi, yaxşı təlim görmüş və komplektləşdirilmiş ordusu olan Azərbaycanın hərbi yardıma ehtiyacı olmadığını və ölkəmizin müdafiə qabiliyyətini gücləndirmək üçün müxtəlif təchizatçılardan silahlar aldığını və bunu hər zaman açıq bəyan etdiyini qeyd edərək, əslində beynəlxalq ictimaiyyətin kasıb, maliyyə resursları olmayan və borc içində boğulan Ermənistandan bütün bu hərbi avadanlıqları almaq üçün haradan bu qədər çox pul əldə etməsini soruşmalı olduğunu vurğulamışdır.

M.Əhmədzadə “döyüşlərə Suriyadan gələn cihadistlərin cəlb olunması” iddiasına cavab verərək, bunun tamamilə saxta xəbər olduğunu və Ermənistan ordusunun döyüş meydanında ağır məğlubiyyətə uğraması səbəbindən Ermənistan rəhbərliyi tərəfindən qəsdən və məqsədli şəkildə yayıldığını diqqətə çatdırmışdır. Diplomat bu münaqişənin Azərbaycan və Ermənistan arasında olan problem olduğunu, Ermənistanın baş nazirinin dünyanın əksər aparıcı paytaxtlarına davamlı olaraq zəng vuraraq yardım diləndiyini  və Ermənistanın bu münaqişəni beynəlmilləşdirməsi cəhdlərinin destruktiv və təhlükəli olduğunu bildirmişdir.

Səfir, həmçinin Ermənistan tərəfinin bu saxta məlumatı yaymaqda məqsədinin münaqişəyə dini məzmun vermək və beləliklə də qərb ölkələrindəki ictimai fikri öz tərəfinə çəkmək olduğunu bildirmişdir. M.Əhmədzadə əslində Ermənistan silahlı qüvvələrinin tərkibində Livan və Suriyadan gələn xarici döyüşçülərin və onların arasında Yaxın Şərqdə yaradılmış “ASALA – Ermənistanin azadlığı uğrunda gizli erməni ordusu” kimi beynəlxalq səviyyədə tanınmış terrorçu təşkilatların üzvlərinin olduğunu qeyd edərək, beynəlxalq ictimaiyyət tərəfindən bunun qınanılmasının vacibliyini vurğulamışdır.

Münaqişənin tarixi və baş vermə səbəbləri haqqında danışan M.Əhmədzadə Dağlıq Qarabağın tarixən Azərbaycan ərazisi olması, XIX əsrdən başlayaraq ermənilərin kütləvi şəkildə Azərbaycan torpaqlarına köçürülməsi, 1923-cü ildə Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılması, XX əsrin sonlarında Ermənistanın Azərbaycana qarşı yeni ərazi iddiaları irəli sürməsi və Dağlıq Qarabağ regionu və ətraf yeddi rayonu işğal etməsi və bu ərazilərdə yaşayan bütün azərbaycanlılara qarşı etnik təmizləmə həyata keçirməsi, eləcə də Xocalı şəhərində mülki azərbaycanlı əhaliyə qarşı soyqırım və digər müharibə cinayətləri  törətməsi barədə məlumat vermişdir. Ermənistanın öz təcavüzünü ört-basdır etmək üçün işğal olunmuş ərazilərimizdə qondarma qanunsuz rejim yaratdığını bildirən səfir Dağlıq Qarabağ regionunu Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyan, Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını təsdiq edən BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi də daxil olmaqla beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş çoxsaylı sənədlərin olduğunu, lakin Ermənistanın bu sənədlərə məhəl qoymadığını diqqətə çatdırmışdır.

Azərbaycan-İtaliya münasibətləri haqqında danışan səfir M.Əhmədzadə İtaliya və Azərbaycanın dost ölkələr və strateji tərəfdaşlar olduğunu, İtaliyanın Cənubi Qafqaz ölkələri ilə ticarətinin 92 faizinin Azərbaycanın payına düşdüyünü, eləcə də Azərbaycanın İtaliyanın ən böyük neft təchizatçısı və italyan məhsullarının ən böyük idxalçısı olduğunu bildirmişdir. O, bu ilin fevral ayında İtaliyaya səfəri zamanı Romada Azərbaycan Respublikasının prezidenti İlham Əliyev və İtaliya Respublikasının baş naziri Cüzeppe Konte arasında “Çoxölçülü Strateji Tərəfdaşlığın Gücləndirilməsi haqqında Birgə Bəyannamə”nin imzalanması ilə ikitərəfli münasibətlərin enerji sahəsində tərəfdaşlıqdan daha da irəli gedərək keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu bildirmişdir. Diplomat Azərbaycanda çoxsaylı italyan şirkətlərinin fəaliyyət göstərdiyini və bu şirkətlərin Azərbaycandakı iri layihələrə cəlb olunduğunu, eləcə də Cənub Qaz Dəhlizi vasitəsi ilə İtaliyaya gələcək Azərbaycan qazı sayəsində İtaliyanın Avropada enerji qovşağı rolunu oynayacağını bildirmişdir.

Diplomat Ermənistan silahlı qüvvələrinin Azərbaycanın strateji infrastruktur obyektlərini hədəf aldığını və Azərbaycanın geo-strateji ərazilərinin mərkəzindəki neft-qaz kəmərlərinə ziyan vurulacağı təqdirdə bunun İtaliyanın da iqtisadi maraqlarına zərbə vura biləcəyini demiş, bu xüsusda İtaliyanın Ermənistanı sülhə məcbur etmək üçün daha fəal rol olmasının vacibliyini bildirmişdir. 

“Beynəlxalq ictimaiyyətdən nə tələb edirsiniz?” sualına cavab olaraq, M.Əhmədzadə Azərbaycanın beynəlxalq ictimaiyyətdən Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünü açıq şəkildə qınamağı və BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsində tələb olunduğu kimi Ermənistan qoşunlarının işğal olunmuş ərazilərimizdən təcili, tam və qeyd-şərtsiz çıxarılması üçün Ermənistana təzyiq göstərməyi tələb etdiyini bildirmişdir.

Müsahibələr ilə aşağıdakı linklərə keçid edərək tanış olmaq mümkündür:

https://it.sputniknews.com/intervista/202010109640388-nagorno-karabakh-lambasciatore-dellazerbaigian-in-italia-vogliamo-giustizia/?fbclid=IwAR0OYLJFblsp8IQZdYaQGuEgKTzv0OsOR26S-729F0oo85BAgboPfOdfmRk

https://www.firstonline.info/azerbaigian-litalia-si-attivi-per-fermare-larmenia/?fbclid=IwAR3UGYKlgBJ0Hv-SiGZBbGr8rplUXZ-ccc7sK-0qSNHIMGON5QkxZIXh3Gk

 





23.10.2020    çap et  çap et