525.Az

Qurtuluşun yaxındır, Zəngəzur! - III yazı


 

ƏZƏLİ YURD YERLƏRİMİZİN TARİXİNƏ QISA EKSKURS

Qurtuluşun yaxındır, Zəngəzur! - <b style="color:red">III yazı</b>

1920-ci illərdə Zəngəzurun Gorus, Sisian, Qafan, Mehri bölgələrindən sonra 1992-93-cü illərdə Azərbaycanda qalmış Laçın, Qubadlı, Zəngilan rayonları da dünyanı idarə edən xristian güclərin fəal, açıq hərbi-siyasi dəstəyi ilə ötən əsrin əvvəllərində sınaqdan keçmiş eyni üsullarla, bu dəfə həm də Dağlıq Qarabağ və digər ətraf bölgələrlə birlikdə Azərbaycandan qoparılıb Ermənistanın nəzarətinə verilmişdi.

Erməni Milli Şurası 1918-ci ilin 28 mayında 9 min kv.km ərazidə müstəqil erməni dövləti elan etdiyi ilk günlərdən etibarən tarixi Azərbaycan torpaqları hesabına sərhədlərinin  genişləndirilməsi, Naxçıvandan Şuşaya qədər ərazilərin işğal edilib müsəlman əhalidən təmizlənməsi planını dövlət siyasətinə çevirmiş və bunu həyasızlıq, hiyləgərlik, ikiüzlülük, məkrlə, vəhşi inadkarlıqla gerçəkləşdirməyi bacarmışdı. 

Zəngəzurun Ermənistana verilməsi 

1918-1920-ci illərdə Zəngəzur ərazisi Azərbaycan Xalq Cümhuriyyətinin tərkib hissəsi kimi ayrıca inzibati bölgə - qəza olub.

Azərbaycan hökuməti - Müvəqqəti İnqilab Komitəsi 1920-ci il 30 aprel tarixli notasında Ermənistandan Zəngəzur və Qarabağdan  öz qoşunlarından təmizləməsini sözdə tələb etsə də, reallıq başqa idi, hər şeyi güc həll edirdi. Bolşevik Rusiyası Gürcüstan və Azərbaycanın ardınca daşnakların iradəsi ilə idarə olunan Ermənistanın da sovetləşməsi üçün erməni əhalisini müxtəlif şirnikləndirici addımlarla ələ almaq istəyirdi. Bu şirnikləndirici addımlar isə yenə də Cümhuriyyət dövründə olduğu kimi, Azərbaycan torpaqlarının Ermənistana verilməsi ilə bağlı idi. Mikoyan başda olmaqla erməni liderləri bolşevik Rusiyasının rəhbəri Lenini inandırmağa çalışırdılar ki, Zəngəzurun (eləcə də Naxçıvanın və Qarabağın) Ermənistana verilməsi erməni xalqının sovet hakimiyyətinə inamını artıra bilər.

Rusiyanın Xarici İşlər naziri Çiçerin 1920-ci il iyunun 2-də Leninin "Zaqafqaziyanın fatehi" adlandırdığı Zaqafqaziya üzrə fövqəladə səlahiyyətli şəxs (faktiki Qafqaz canişini) təyin olunmuş Orconikidzeyə məktubunda bu məsələ ilə bağlı yazırdı: "Daşnak Ermənistan hökuməti ilə kompromisə nail olmaq bizə vacibdir".

1920-ci il  avqustun 10-da Rusiya K(b)P-nin Qafqaz Bürosu Azərbaycanın bolşevik rəhbərliyinin razılığı olmadan Naxçıvanın Şərur-Dərələyəz bölgəsini Ermənistana vermək bərədə qərar çıxardı, Qarabağ və Zəngəzur isə Azərbaycanla Ermənistan arasında "mübahisəli ərazilər" elan olundu. Azərbaycan Müvəqqəti İnqilab Komitəsinin sədri Nərimanov buna qarşı çıxaraq Leninə məktub yazdı. Nərimanov yazırdı ki, Mərkəzin çıxardığı qərarlar Azərbaycan əhalisi arasında Rusiyaya və sovet hökumətinə inamı sarsıda bilər: "Zəngəzur və Qarabağın neytrallaşdırılması, yaxud daşnaklara verilməsi... (Azərbaycan müsəlman əhalisi tərəfindən) xəyanət sayılacaqdır... Müsəlman kütlələr Sovet hakimiyyətinin Azərbaycanın ərazi bütövlüyünü qorumamasını satqınlıq, ermənipərəstlik, yaxud sovet hakimiyyətinin zəifliyi hesab edəcəklər..."

Lakin bu etirazların faktiki nəticəsi olmadı. Çünki Azərbaycanın sovet rəhbərliyində də ermənilər güclü qüvvəyə malik idilər. Nərimanovun yazdığı kimi, real idarəetmə Mirzoyanların əlində idi. Bolşevik Rusiyası Azərbaycanın sovet hökuməti ilə və tezliklə qurulması gözlənilən Ermənistan sovet hökuməti ilə ikitərəfli sazişlər hazırlayırdı. Azərbaycan sovet hökuməti bu sazişdə ərazi bütövlüyü məsələsinin təmin olunmasına da ümid bəsləyirdi. Erməni kommunistləri də Zəngəzur, Naxçıvan və Qarabağ məsələsinin öz xeyirlərinə həllini gözləyirdilər. 1920-ci il noyabrın 29-da Ermənistanda (Yerevanda) sovet hakimiyyətinin qurulduğu elan olundu, hərçənd bölgələrdə daşnak hökuməti hələ tam süqut etməmişdi.

Zəngəzurun Ermənistana verilməsi ilə bağlı 1920-ci il noyabrın 30-da keçirilən Azərbaycan K/b/P MK Siyasi və Təşkilat bürolarının birgə iclası qərar  qəbul etdi (Q.Orconikidze, Sarkis (S.Ter-Danielyan), Y.Stasova, Q.Kaminski, N.Nərimanov, Ə.Qarayev, M.Hüseynov). İclasda 3-cü məsələ kimi "Ermənistanda İnqilab Komitəsinin Ermənistanda Sovet hakimiyyətinin elan olunması haqqında teleqramı" müzakirə edildi və qərar çıxarıldı.

Qərarda həmçinin ("j" və "i" bəndləri), Nərimanova bütün bunlar barədə bəyanat hazırlamaq və onu Bakı Sovetinin plenumunda elan etmək tapşırılırdı.

Serqo Orconikidzenin təkidi ilə tarixin qara səhifəsinə düşəcək bu bəyanatı N.Nərimanov 1920-ci il dekabrın 1-də elan etdi: " ...bundan belə heç bir ərazi məsələləri əsrlərdən bəri qonşu olan iki xalqın - ermənilərin və müsəlmanların bir-birinin qanını tökmək üçün səbəb ola bilməz, Zəngəzur və Naxçıvan qəzaları Sovet Ermənistanının ərazisidir, Dağlıq Qarabağın əməkçi kəndlilərinə isə öz müqəddaratını təyin etmək hüququ verilir, Zəngəzurun hüdudlarından bütün hərbi əməliyyatlar dayandırılır, Sovet Azərbaycanının qoşunları buradan çıxarılır". Orconikidze bu qərarı "bəşəriyyət tarixində nümunəsi olmayan mühüm əhəmiyyətli tarixi akt", "Azərbaycan artıq yükdən xilas olur" kimi təhqiramiz ifadələrlə dəyərləndirmişdi.

M.Ə.Rəsulzadə buna acıyaraq yazırdı: "Ermənistanda dəxi bolşevik hökuməti təsis edər-etməz rus siyasətli Nəriman bəyin səxavətkar ağzı ilə iki gün əvvəl müdafiə elədiyi Zəngəzur və Naxçıvan qəzasını Ermənistana hədiyyə etdi".

Az keçmiş N.Nərimanov yanıldığını, tarixi səhvə yol verdiyini anladı... Lakin bu bəyanatın ağrısını Azərbaycan 100 ildir  hələ də çəkir.

Zəngəzurun Ermənistana verilməsi rəsmən elan olunsa da, Azərbaycan rəhbərliyində narazılıqlar olduğundan qəzanın Ermənistanın idarəçiliyinə keçməsi dərhal baş verməmişdi. AK/b/P MK Siyasi və Təşkilat bürolarının 1921-ci il 12 yanvar tarixli iclasında "Zəngəzurun müsəlman hissəsinin inzibati cəhətdən təşkili" haqqında qərar çıxarıldı. Qərarda Zəngəzur bölgəsini 2 yerə: Qərbi Zəngəzur qəzası və Şərqi - əhalisinin guya kürdlərdən ibarət olmasına görə Kürdüstan qəzasına bölmək təklif edilirdi. Kürdüstan qəzasının təşkili də növbəti bir səhv - qalan ərazilərin də Ermənistana verilməsi üçün aralıq, keçid mərhələ kimi düşünülmüşdü.

Zəngəzur qəzasının 6.742 kvadrat verstlik ərazisindən 3.105 kv.versti Azərbaycan SSR tərkibində qalmış, 3.637 kv.verstlik hissəsi isə Ermənistana verilmişdi.

1921-ci ilin 3 iyununda RK/b/P MK Qafqaz Bürosu Stalinin iştirakı ilə iclas keçirib məxfi qrifli "Zəngəzur məsələsi"ni müzakirə etdi, Zəngəzurun Ermənistana birləşdirilməsi barədə qərar çıxarıldı. Bu iclasda bir nəfər də olsa azərbaycanlı, müsəlman yox idi. Əsas məqsəd də Azərbaycanla Türkiyəni bir-birindən ayırmaq idi.

Zəngəzurun Ermənistan SSR-ə verilmiş hissəsində Qafan, Gorus, Qarakilsə (Sisian) və Mehri rayonları yaradıldı. Nəticədə Naxçıvan digər Azərbaycan torpaqlarından ayrı salındı. Zəngəzurun Azərbaycanda qalan hissəsində isə 1933-cü ildə Zəngilan, Qubadlı, Laçın rayonları yaradıldı. 1992-1993-cü ildə rus-erməni silahlı birləşmələri və milli xəyanətkarların fəal yardımı ilə  hər 3 rayon  Ermənistanın hərbi nəzarətinə keçdi.  

Tarixi ədalət bərpa olunur

Azərbaycan Prezidenti İlham Əliyev 2014-cü il aprelin 8-də Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinə həsr olunmuş təntənəli mərasimdə nitqində bu günləri müdrikliklə görərək, xalqı, dövləti bu mübarək günlərə səbr və zəkasının qüdrətilə hazırlayaraq demişdir: "Xalqımıza qarşı ədalətsizlik edilmişdir. Çünki Azərbaycanın əzəli torpağı olan Zəngəzuru Azərbaycandan ayırıb Ermənistana vermişdilər. Bu, böyük ədalətsizlik idi. Çünki Zəngəzur tarixi, əzəli Azərbaycan torpağıdır. Zəngəzurun o vaxtkı əhalisinin mütləq əksəriyyəti azərbaycanlılar idi. Zəngəzurun bütün yaşayış məntəqələrinin adları Azərbaycan adları idi. Ona görə, bu qərarın qəbul edilməsində Azərbaycan xalqına qarşı ədalətsizlik və qərəz əsas rol oynamışdır. Eyni zamanda, bu qərarla Azərbaycan coğrafi baxımdan iki yerə bölünürdü. Eyni zamanda, böyük türk dünyası iki yerə bölünürdü. Bu, ədalətsizlikdir, bu, sağalmayan yaradır. Ancaq mən tam əminəm ki, vaxt gələcək və biz azərbaycanlılar bütün tarixi torpaqlarımıza qayıdacağıq".

Artıq Zəngəzurun Azərbaycana, Azərbaycanın əsrarəngiz təbii gözəlliklərlə, zəngin təbii sərvətlərlə dolu Zəngəzur ellərinə qovuşmasına sayılı günlər qalıb. Vətən, Torpaq uğrunda canlarından keçən Şəhidlərimizin müqəddəs ruhu qarşısında baş əyir, yaralılarımıza şəfalar, Qazilərimizə zəfəriniz mübarək, Tanrı sizləri qorusun - deyirik. Yurd-yuvalarına dönüş həsrətilə dünyadan köçən həmvətənlərimizə rəhmət, bu xoşbəxt günləri gözləyənlərə tezliklə vüsala yetmələrini diləyirik.

Prezident və Ali Baş Komandanın siyasi iradəsi, Milli Ordumuzun şücaəti, döyüş ruhu, dövlət-xalq  birlik, bərabərliyi qələbəni, qurtuluşu, zəfər günlərini günbəgün yaxınlaşdırır.

Gözün aydın, Azərbaycan, zəfərlər səninlə olsun!

 





23.10.2020    çap et  çap et