525.Az

Tanıyaq və tanıdaq: Mihən Kəriminin şeirləri


 

Tanıyaq və tanıdaq: <b style="color:red">Mihən Kəriminin şeirləri </b>

Əziz oxucular, "525-ci qəzet"də "Günümüzün Güney Azərbaycan ədəbiyyatı - Poeziya" adlı guşə açılıb.
 
Guşədə İran İslam İnqilabından (1979) sonra ədəbiyyata gəlmiş, Güney Azərbaycanda 1960-cı ildə və daha sonra doğulub boya-başa çatmış və sənətdə öz sözünü demiş Güney şairlərinin arasında heç bir fərq qoymadan, incə və həssas ruhlarına toxunmadan, yaratdıqları möhtəşəm poeziya örnəklərini incələmədən onların ana dilində fərqli janr və üslublarda qələmə aldığı şeir və poemalara, yaxud da həmin əsərlərdən müəyyən hissələrə yer verəcəyik.

Bu əsərlər günümüzün Güney ədəbiyyatında baş verən yeniliklərin, ədəbi prosesin incəliklərini bir az da yaxından izləmək, həyata, insanlığa, yazarların ictimai-siyasi və milli məsələlərə baxışlarını öyrənmək baxımından diqqətəlayiqdir... 

Türkiyənin ünlü filosof-yazarı Cəmil Meriç "Qərb kültürün vətənidir, Şərq irfanın. Nə Qərbi tanıyırıq, nə Şərqi, ən az tanıdığımız isə özümüz..." deyirdi.

Güney Azərbaycanda son çağın dinamik inkişaf edən ədəbiyyata, özəlliklə poeziyaya nəzər saldıqda burada yaşayan xalqın özünəməxsus kültürü, ədəbiyyatı, kitab mədəniyyəti, sözyaratma qüdrətinin nə qədər yüksək olduğu yansıyır.
 
Möhtəşəm mədəniyyət yaradan bir xalq, susmayan dili, özünü, kimliyini, tarixini öyrənmək istəyən şairləri olan xalq isə dünya tarixindən heç vaxt silinmir, əbədiyaşarlıq qazanır...

Beləliklə, özümüzü, Güneyimizi daha yaxından tanımaq, həm də daha çox sevmək üçün, dəyərli yazarların yaratdıqları bənzərsiz poetik dünyanın qapıları üzünüzə açılır, əziz oxucular!



Esmira FUAD
Filologiya elmləri doktoru

Mihən KƏRİMİ

1980-ci ildə Ərdəbil şəhərinin 10 kilometrliyində yerləşən Səmiran kəndində anadan olub. Elə həmən kənddə də ibtidai təhsil alıb. Sonra isə Ərdəbildə orta məktəbi bitirib. Hüquq üzrə ali təhsil alıb və əmək fəaliyyətinə başlayıb. Ərdəbilin sərhədaşırı (beynəlxalq) radiosunda aparıcı və tərcüməçi kimi də işləyir. Mihən Kəriminin 2016-cı ildə Bakıda "Ekoprint" nəşriyyatında "Misilsiz sevgi" adlı şeirlər kitabı çap olunub.  
 
Ayrılığa qol çəkdi

Sürdü hökmün bu fələk, ayrılığa qol çəkdi, 
Səni məndən ayırıb aramızdan yol çəkdi. 
Həsrəti hakim edib gözü ağlatmaq üçün, 
Təməli baltalayıb, susmaq üçün kol çəkdi. 
Günəşi dustaq edib işığı üzmək üçün, 
Zülmətə meydan açıb sərgisini bol çəkdi. 
Ayrılan vaxt dönümün bir günə imza etmiş, 
Dandı əhd-ilqarını dönməsi bir il çəkdi. 
Yoluna gül döşəyib, yollarına göz dikərəm, 
Söyləyin, atdı məni, ortaya məftil çəkdi.

Yasaq sevgi

O məni gözdən atan gözlərə qurban demişəm,
Bir dönüb baxmağına min kərə can-can demişəm.
İnciyib-incidənim, heç zada məndən küsənim!
Səndən özgə de kimə, könlüm evin yan demişəm?
Məni görcək gözəlim, gül üzünü daldaladın,
Şübhələndim özümə bəlkə də böhtan demişəm.
Sən usandıqca gözümdən, zaman andırdı mənə,
Məndə hər dərd olursa, onu asan demişəm.
Qadına sevgi yasaq, eşq qoruq, istək uzaq
Qadına eşqi üçün tapdanan insan demişəm.

Diksinən yanaq
   
Gah açılır, gah yumulur gözlərimin qapaqları, 
Sanki varmış intizarı gözləyir ən uzaqları. 
Nə yuxuya dalır bir an, nə yollardan üzür ümid, 
Gecə-gündüz vaxt itmədən diksindirir yanaqları. 
Bilməm Tanrı böylə yazmış, ya taleyim küsüb məndən? 
Alnı açıq təbəssümə həsrət qoyub dodaqları. 
Sevgisinə baş əydiyim, arxa bilib dağ sandığım, 
Sankı yurddan dönər olub, daha gəlmir soraqları. 
Zaman ötür, Günəş batır,
Tanrı köhnə düşmən sayaq təkrarlayır sınaqları.
  
Qara bəxtim

Neçə illərdi ki, küsmüş yuvasından qara bəxtim,
O zamandan ki, könül bağladı namərd yara bəxtim. 
Döndü könlümdə külə bəslədiyim arzu, dilək də, 
Necə düşdü yar əlindən bilə bilməm dara bəxtim? 
Sirr açan gözlərimə vermədi imkan dodağım heç, 
Gizələyib qıssa gülüşlə yaradır söz tara bəxtim. 
Məni illər qəmi sındırmadı, sındırdı bu hicran, 
Axırda qovuşdu naz-işvə ilə əğyara bəxtim.

Bağışla məni  

Bircə ürəyimin sevgisi sənsən, 
Olarmı incidə sevəni sevən? 
Küsdünmü bilmirəm nədənsə məndən? 
Xətrinə dəymişəm, bağışla məni.  

Atıb getmə məni, ay nadan gözəl, 
Günəşdən cəlallı, aynadan gözəl, 
İncidin bilmirəm ay nədən, gözəl? 
Xətrinə dəymişəm, bağışla məni.
  
Qoymaram sevgimiz daşa toxunsun, 
Eşqimiz söz olub nağıl oxunsun, 
Nə sənin könlünə kədəri qonsun, 
Xətrinə dəymişəm, bağışla məni.

Elim qalmayıb
 
Elə darıxmışam cansız həyatdan,
Bir gün yaşamağa meylim qalmayıb.
Yuvasız bir quşam, ömrü didərgin,
Vətən qəribiyəm, elim qalmayıb.

Doğanım anadır, boğanım dünya,
Həyatdan yorulub gəlmişəm cana,
Lənət olsun belə vara, ərkana,
Çəkməyə qəm yükün belim qalmayıb.

Ağrıyan başıma yarım diz vermir,
Taleyim qaradır, bəxtim üz vermir,
Bu qədər ah-zara fələk göz vermir,
Yolmağa saçımı, telim qalmayıb.

O gün ki, vuruldum bir parça daşa,
Çıxmışam taleylə sülhə, savaşa.
Bir ömrü hüznlə vurmuşam başa,
Qəmlər ayırd edən dilim qalmayıb.

Zikr elədim

Gecədən çıxmaq üçün sübhə kimi fikr elədim,
Günəşin güzgüsünə düşdü gözüm şükr elədim.
Dedim axır üzülüb intizarın qol-budağı,
Öyübən taleyimi xoş günümü zikr elədim.

Əski dostum qonaq olmuş 

Yardan özgə elə bil, el bütün göz-qulaq olmuş, 
Sevənə zövq verəcək əski dostum qonaq olmuş. 
Az zaman gəldi, sevinc tutdu o dostun yerini,
Yenə ol qəm qayıdıb, mən ilə qol-budaq olmuş. 
Sanki qandır damarımda məni mənsiz də süzür, 
Qayğıkeş dostdu mənə, zülmətimə çıraq olmuş. 
Hər gələn getdisinin vaxtını imza elədi, 
Sarılıb mənlə qalıb o sevincə duzaq olmuş. 
Kəsəcək kölgə önün, vaxtı çatarkən Günəşin, 
Demə bir darğadı qəm, hər tərəfdə soraq olmuş.

 





23.10.2020    çap et  çap et