525.Az

Səfər Alışarlı: bir povestdən görünən yaradıcılıq


 

Səfər Alışarlı: <b style="color:red">bir povestdən görünən yaradıcılıq</b>

Səfər Alışarlı doğma kəndinin adını təxəllüs götürüb özü ilə bərabər əvvəlcə Bakıya, sonra isə Moskvaya apardı.

"Zəng", "Avqust", "Quraq fəsillər", "Qız və maneken" adlı kitabları ilə oxucularının rəğbətini qazandı. Uzun yollar keçsə də, kənddən uzaqlaşmadı; kəndin qəribə taleli insanlarını, dərdli və kədərli düşüncə sahiblərini, arzu və ümidlərini itirməyən adamlarının həyatını yazdı. 

"Gavur" povesti (1998) onun ən yaxşı əsərlərindən hesab olunur. Bunu yalnız keyfiyyət mənasında demirəm, eyni zamanda, özündən əvvəlki və sonrakı dövrdə yazılan əsərləri birləşdirən mərkəz baxımından da söyləyirəm. Povestdəki hadisələr bir kənddə baş verir. Bu kənddə Feyruz körpüsü deyilən bir sərhəd var, adamlar dedikləri hər fikrin Feyruz körpüsündən bu yana aid olduğunu yaxşı bilirlər və buradan Sergeyin dili ilə desək, üfunət iyinin gəlməsi, orada kiminsə maşınını saxlayıb ona tüpürülməsi, keçmişin bu körpüdə əyindən bir köynək kimi sıyrılıb yerə qoyulması kənddəki adamların bir-birinə münasibətinin ifadəsidir. Hər halda bu kənd haqqında dərindən düşünməyi göstərən belə bir fakt var ki, kənd adamları yaş əriyi kəsəndən sonra onun yanmasının qeyri-mümkünlüyünü başa düşürlər, amma çıxış yolu da tapılır: yaş əriyi quru odunla dəyişmək lazımdır. 

Sergey Elistadan kəndə qayıdanda ilk dəfə məscidə yığışmış kənd adamları ilə görüşür, heç hal-əhval tutmamış onlara buddist olmağı barədə öz uydurduğu yalanını söyləyir. Bu hərəkət naşı adamın deyil, kəndi, onun adamlarını yaxşı tanıyan birisinin atdığı addımdır. Azca sonra Sergey kənddəki yalanların müqabilində özünün dediyi bu yalanın heç bir çəkisi olmadığını da izah edir: "Burada... Bu kənddə o qədər yalan var ki, Camaləddinin "Kamaz"ına yükləsən, təkərləri partlayar". Bu kəndin yetirməsi olan Sergey fikirləşməyi özünə ağır yük hesab eyləyən adamların toplaşdığı kənd üçün düzgün seçilmiş qəhrəmandır.

Səfər Alışarlının bir əsərində başqa əsərindən gələn rişələr var və bunlar sadəcə olaraq, eyni bir yazıçının yaradıcılıq məhsullarının təsdiqi məsələsi deyil, bundan daha artıq dərəcədə təhtəlşüur hadisəsidir. Yazıçının "Gavur" povestində ondan əvvəl və sonra yazılmış hekayələrinə bağlanan yaradıcılıq xətlərini görmək çətin deyildir.

Povestdə Sergey qəlbinə mənəvi rahatlıq gətirən çox mühüm hadisə ilə yaşayır, bu, çox çətinliklə də olsa, öz istədiyinə nail olması - Şövkətlə ailə qurmasıdır. Sergey Müşfiqin adını da unutduğu oğlunun toyunda oynamağı ilə sanki kəndə bir dərs verir, onun istəyinə qarşı çıxmağın mümkün olmadığını toyxanada olanlara bir daha başa salır: "Sergey bircə onu bilirdi ki, oynamır, onu bu kəndə qayıtmağa qoymayanlara, onun illər boyu sevdiyi qızı əlindən almaq istəyənlərə, nəhayət, özü də istəmədən meydan oxuyur". Sergeyin oynadığı bu hava Sergeyin Vladivostokdan üzü bəri ürəyində yığılıb qalmış və onu heç vaxt rahat buraxmayan hirsinin, əsəbinin havası idi. O, eyni zamanda, bu əsəblə, bu inadla bərabər, bundan sonra Vladivostoka heç vaxt qayıtmayacağı ağrısını da oynayırdı.

Yaradıcılığının ilk nümunələrindən başlayaraq ağrının qəhrəmanın qəlbinə necə sirayət etməsi barədə yazıçının kifayət qədər bədii üsul və priyomları vardır. Bu ağrını yazıçının lap cavan vaxtlarında yazdığı "Qasım" hekayəsindən "Gavur" povestinə daşıyan sehrli bir xətt iki əsər arasında o qədər də asan görünməyən qırılmaz tellər yaradır. Həmin xətt Qasımın arvadı Şəkərdən ayrılacağını bilib çaldığı qara zurnanın səsi  - şivən səsi, haray səsi idi ki, hekayədən uzanıb povestə qədər gəlir. Povestdən aydınca görünür ki, Sergeyin hirsinin havasını qarmon, klarnet və nağara bir yerdə çalır, bəlkə Sergey bu qarışıq səsləri heç eşitmirdi. Amma bir-iki sətir sonra mətndə qara zurnanın hay-harayı yüksəlir, deməli, Sergey gözə görünməyən qara zurnanın çaldığı havanın səsinə oynayırdı.  Çünki Qasımın ilk dəfə nağarasız çaldığı qara zurna ilə Sergeyin öz ağrısın oynamasının bir araya  gəlməsi yazıçıya məxsus təhtəlşüur hadisəsi idi və necə ki Sergey haqqında bədii düşüncə qarmon, klarnet və nağaranın üstündən adlayıb qara zurnaya gedib dayanırdı.

"Gavur" povestində Sergeyin qızı ilə bağlı elçilik məsələsi həm əsərin, həm də Səfər Alışarlının bütöv yaradıcılığının alt qatlarında gizlənən bəzi sirləri üzə çıxarmağa imkan verir. Şövkət ölüm ayağında özündə güc tapıb pıçıltı ilə olsa belə, qıza elçi gələcəyi barədə Sergeyə xəbərdarlıq edir və onun "Qızı istəyən var, gəlsələr, "yox" demə" sözləri həmin gündən Sergeyin qulağında vəsiyyət kimi ilişib qalır. Hər halda Sergeyin Şövkətə olan ülvi məhəbbəti və sədaqəti müqabilində onun bu vəsiyyətdən üz döndərmək, onu yerinə yetirməmək ixtiyarı yoxdur, əslində, o, bundan imtina eləmək gücünə də malik deyil. Sergeyin ürəyinin lap dərinliyində qızının gələcək taleyinə ümidlə baxmaq istəyi hələ sönməyib; bu, Şövkətin ölümündən sonra qızının evdə anasının sandığından yas üçün gətirdiyi bir ovuc qızılın Sergeyin götürməməsindən də aydınca hiss edilir. Amma Sergey elçilik vaxtı "hə" və "yox" sözlərindən heç birini dilinə gətirə bilmir. Burada yazıçı fəhmindən doğan sirr "Gavur" povestində Sergeyin qızına ad verilməməsi ilə bağlanır. Sual belədir: necə olur ki, Sergeyin qızı əsərin əvvəlindən axırına qədər adsız qalır? Bəlkə bu qıza ad vermək yazıçının yadından çıxıb, bəlkə ad verib sonradan məqsədə müvafiq hesab etməyən müəllif onu mətndən pozub; yox, yazıçı elə əvvəldən Sergeyin qızına ad verməyib və ad vermək fikrindən də daşınıb; birincisi, bu qız yalnız bir yerdə xatırlansaydı, bəlkə də, onu adlandırmaq yaddan çıxardı, yaxud bunu təsadüf kimi də qəbul etmək olardı; ikincisi, əslinə qalsa, yazıçı bilərəkdən Sergeyin qızını adsız qoyub, bu, daha çox ağlabatandır və burada məqsəd nədir? Belə bir incə bədii gediş Səfər Alışarlı nəsrinin poetikasında özünəməxsus bir istiqamətdir və onun yaradıcılığını digər yazıçıların yaradıcılığından fərqləndirən xüsusiyyət kimi də qəbul edilə bilər.

Səfər Alışarlının povestdən öncə qələmə aldığı iki hekayədə aparıcı obrazların adı yoxdur, bunlar "Dağlar bizə baxır" və "Xal" hekayələridir. "Dağlar bizə baxır" hekayəsində ilk dəfə bazara alverə gedən, həyətindən yığdığı ərik və alçanı satmaqla öz gün-güzəranlarını düzəltmək istəyən uşaq adsızdır və nəticə də uğursuzdur. Uşağın qazancla bağlı böyük ümidləri olsa da, o, heç nə qazana bilmir, sadəcə olaraq, evdən apardığı və onun yaddaşında şirin xatirə kimi qalan vedrəni geri qaytarmaqla kifayətlənir. "Xal" hekayəsində də aparıcı obraz kimi seçilən uşağın adı yoxdur, elə o, əvvəldən-axıra qədər uşaqdır. Amma boyu-buxunu var, kənd uşaqları arasından zabitlik məktəbi üçün imtahan verməyə namizəd göstərilən iki şagirddən biridir.  Dərrakəsi də yerindədir: "Kənddə institut qurtarmışlar da, atası kimi iksi iqrekdən seçə bilməyənlər də uşağın nəzərində təxminən eyni cür yaşayırdı: hamının ev-eşiyi, arvad-uşağı, yeməyə bir tikə çörəyi...  Çayxana, klub, kitabxana..." Amma əsas hədəf uşağın imtahan verib məktəbə daxil ola bilməməsidir, hətta qohumu Kərimin ona riyaziyyat öyrətməsinin də heç bir faydası olmur və bunlar hamısı bir yerdə uşağın gələcək taleyi ilə bağlanır. Onsuz da uşağın elə əvvəlcədən məktəbə qəbul olacağına şübhə ilə yanaşan ana əvvəlcədən öz inamını itirmişdi: "Ay bala, hardaydı bizlərdə o bəxt? Yalan yerdən aparıb ürəyinə xal salıb, kor-peşman qaytarıb ötürəcəklər üstümüzə. Hardaydı bizdə o bəxt". Elə bir müddət sonra atasının da ümidi puç olur: "Mən gedim daş qaldırım, sənə zəhər qazanım, yoxsa mal otarım, küləş yığım, ot gətirim?! Hansını eləyim? Odu, sovuldu, şumlandı çıxdı getdi".

"Dağlar bizə baxır" və "Xal" hekayələrindən tanıdığımız və adı olmayan, yazıçı tərəfindən ad verilməsi məqsədəmüvafiq hesab edilməyən uşaqların taleyi müəyyən xüsusiyyətinə görə həmin hekayələrdən "Gavur" povestinə qədər yol gəlir. Sergey elçilik vaxtı "hə" və "yox" sözlərindən heç birini deyə bilməyəndə yazıçı Sergeyə məhz həmin uşaqların ata və analarının duyğularını yaşadır. Ümidsizlik sindromu Sergeyin elçilik zamanı düşdüyü vəziyyətindən yox, Səfər Alışarlının psixologiyasından süzülüb gəlir. Burada ən çox maraq doğuran da yazıçının mövqeyidir; yazıçı əvvəlki hekayələrdəki adsız uşaqların vəziyyətini heç özü də bilmədən "Gavur" povestindəki Sergeyin əhvali-ruhiyyəsinə transformasiya edir. O, bununla, sadəcə olaraq, qızın gələcək taleyinin necə olacağını oxucunun ixtiyarına buraxmır, eyni zamanda, onun qəribə bir tale yaşayacağına da işarə vurur.

"Gavur" povestində İlyasın Elistaya getməsinin necə baş verməsi, bu səfərə hazırlıq görülməsi, səfərin hansı məqsəd daşıması barədə gözə dəyən elə bir informasiya yoxdur. Belə demək mümkünsə, bununla bağlı yazıçının hər hansı işarəsinə də rast gəlmək mümkün deyil. Bir az konkret yanaşmış olsaq, povestdə İlyasın atdığı bu addım öz "bazasından" tamamilə məhrumdur. Hər halda başına iş gələn bir adamın məqsəd və məramı aydın olmalıydı. Əvvəlcədən səbəbi bilinməyən bu gediş kifayət qədər yaradıcılıq təcrübəsi olan  yazıçı üçün təsadüfi ola bilərmi? Əlbəttə, yox! Doğrudur, İlyasın ürəyindən Vladivostok həsrətli atasının yolunu davam etdirmək istəyi keçə bilərdi, amma mətndə bu məsələyə də toxunulmur.

Birmənalı şəkildə demək olar ki, İlyasın Elistaya getmək təşəbbüsünün arxasında yazıçı yaddaşı dayanır və bu yaddaş Səfər Alışarlının ilk əsərlərindən olan "İnşallah, yaxşı olar" hekayəsindən qidalanır. Həmin hekayədə bir kolxoz təsərrüfatı və onun problemləri əks olunubdur. Sədr, montyor Seyfi, dülgər Əli, qəssab Musa, mağaza müdiri Fərman, ağsaqqal İbrahim, briqadir Yaqub, briqadir Məhəmməd, Mədəniyyət Kələntər, inşaat briqadiri Mürsəl, aqronom, kassir Heydər yığışıb kolxozun həmin problemlərini həll eləməyə çalışırlar, yaman-yaxşı hər kəs özünü məsuliyyət daşıdığı işinin bilicisi kimi göstərməyə nail olur. Amma əsas məsələ odur ki, İlyas yazıçının "İnşallah, yaxşı olar" hekayəsinə bağlı yaddaşının içindən çıxaraq və həmin kolxoz həyatının bir parçası kimi Elistaya gedir.

Səfər Alışarlının İlyas surəti ilə bağlı ikinci bir planı var, bu plan heç də birincidən az əhəmiyyət daşımır. Bəlkə də, Səfər Alışarlı İlyası Elistaya məhz tutulmaq üçün göndərmişdi. Əslində, İlyasın Elistada tutulması və günahsız bu adamın sonra da həbsdən azadlığa çıxması atası Sergeyin pul əldə eləyib oraya getmək üçün həyətin mal-heyvanını satmaq funksiyası ilə ekvivalentdir. Sergeyin bir gileyi də elə inəyin satılması ilə bağlıdır: bu kənddə "bir toyuğnan kirvəlik eyləyirlər, bir kənddən ki, iki yüz dollar əlborcu yığa bilməyəsən, orda nə desən olar". Həyətin mal-qarasının satılması isə əslində, ruzi-bərəkətin satılması idi. Deməli,  İlyasın Elistaya gedişi Şövkətin bu satılmış ruzi-bərəkətin xiffəti ilə öləcəyinə bir hazırlıq mərhələsi rolunu oynayıb, yəni bu xətt ölümə səbəb ola biləcək şərt daxilində yaradılmışdır. Yazıçı burada Şövkətin yaşadığı hissləri satılmış inəyin bu qapıya yenidən gəlməsi və həmin anda Şövkətin inəyi əzizləməsi ilə canlandırıb. Qızı Sergeyə deyir: "İnəyimiz naxırdan gəldi qapıya, anamı görən kimi böyürə-böyürə yürüdü üstünə. Anam da inəyin boynunu qucaqlayıb üzündən öpdü, elə orada da başını tutub çökdü qalağın dibinə. İnək gedib girmişdi tövləyə, getmirdi. Zornan dartıb apardılar". Şövkətin xəstəliyi də uzaqbaşı 20 gün çəkir. Əsas məqsəd mal-heyvanın satılmasına əsərin bədii quruluşu baxımından təbii yön verməkdən gedir ki, həmin məsələdə aparıcı təkan nöqtəsi İlyasın (haqlı, ya haqsız!) həbsi olur.

Belə bir bəddi priyom Səfər Alışarlının "Zəng" adlı ilk hekayəsində hələ yazıçının kifayət qədər təcrübə toplamadığı vaxtlardan da öncə peşəkarlıqla işlədilmişdir. Hekayə bu cür  başlayır: "Müslüm həyətə gircək üzümlüyün içindən dədəsinin səsini eşitdi: - Ədə, tez ol, eşşəyi min, Hüseyngildə bir meşok kəpək var, onu gətir at qapıya". Eşşəyin həyətə kəpək gətirməsi qətiyyən təsadüfi olmayıb. Məktəb həyətindən vaqon dəmirinin - vaxtilə zavodda işləyəndə Bilalın onu çiynində beş kilometrlik yolu piyada gətirdiyi və üstündə oraq, kərənti, kətmən itilədiyi, zəncir düzəltdiyi və sonra da məktəb zənginə çevrilən dəmiri geri gətirmək üçün hazırlıq görülməsi məqsədi daşıyır; şübhəsiz, süjet xəttinin içərisində daha durub bu işdən ötrü nəqliyyat vasitəsi axtarmaq yorucu görünərdi və əslində, bir az da açıq söyləsək, bu nəqliyyat vasitəsi həyətə kəpək gətirmək üçün deyil (mətndə bu, belə görünsə də!), yazıçı tərəfindən daha çox məktəbdəki ağacdan asılmış zəngi qaytarıb həyətə gətirmək mənasında  düşünülmüşdür.  

Səfər Alışarlının əsərlərində belə bir yaradıcılıq hipnozu mövcuddur və bu, yazıçı peşəkarlığı səviyyəsində öz təsdiqini tapır.

Səfər Alışarlının "Gavur" povesti də daxil olmaqla formalaşdırdığı obrazlar üçün qabarıq görünən mühüm səciyyəvi xüsussiyyətlərdən biri  onların geriyə qayıdışıdır. Yaradıcılığının ilk dövrlərində qələmə aldığı "İnşallah, yaxşı olar" hekayəsində adamlar çox böyük intizarla Rəsulun gəlməsini gözləyirlər, həmin Rəsulun ki, "Onda hələ məktəbdə oxuyurdu: gedərdi çölə ot biçməyə, ya saman yığmağa - kitabı qısdırardı bardanın altında, aparardı çölə, otunu biçərdi, sonra oturub kitabını oxuyardı". İndi sədr başda olmaqla kolxoz əhli Rəsulu çox böyük intizarla qarşılamağa hazırlaşırlar. "Xal" hekayəsində bütün zəruri sənədləri toplayıb məktəbə getmək istəyən uşaq ata-anasının istəyini doğrulda bilməyib imtahandan kəsilir və geri qayıdır. "Qasım" hekayəsində Qasımla Şəkər boşanıb əvvəlki vəziyyətlərinə qayıdırlar - övladsız-uşaqsız subay vaxtlarını peşmançılıq içində yenidən yaşamalı olurlar. "Dağlar bizə baxır" hekayəsində qonşuları Fərruxa qoşulub bazara alverə gedən uşaq heç nəyin sahibi ola bilmir. "Format" hekayəsində professor dəmiryığan Həmidi evinə qonaq dəvət edir, yeyirlər-içirlər, amma "Ceyran" peçini ona vermir, hətta bu peçin rayonda yaşayan dostunun anasına lazım olduğunu desə belə, professor Həmidi  kor-peşman geri qaytararaq bir neçə gündən sonra peçi çıxarıb bayıra qoyur. "Yoldaş" hekayəsində Şirəli Bakıda Bələdiyyələr Assosiasiyasında işini qurtarıb Gəncəyə qayıdır. "Yay vidalaşmaları" hekayəsində əsərin baş qəhrəmanı öz ailəsini Moskvadan vətənə yola salmaq istəyir. Hətta "Zəng" hekayəsində məktəbin zəngi də bir müddət sonra geri qayıdır. Bu hekayələrdən bəziləri "Gavur" povestindən əvvəl, bəziləri sonra yazılıb. Geriyə doğru qayıdışların zirvəsində isə povestdəki Sergey dayanır, o, Vladivostokdan üzü bəri ən böyük məsəfəni qət etməklə bərabər, öz istədiyini də reallaşdıra bilir. Beləliklə, bu xətlərin hamısı həm povestin mətninin, həm də Sergeyin içindən keçib gedir.

Səfər Alışarlının əsərlərinin sonuna qurtaran bir mətn kimi baxmaq doğru deyildir. Yazıçı oxucunun yaddaşına möhürlənmiş formada seçilmiş cümlələr də köçürmək istəyindən çox uzaqdır. O, özünü də, oxucusunu da mətnin axarına salmaqda çox mahirdir: "Onlar darvaza tağının arxasında dayanıb hər an açıla biləcək atəş səslərini gözlədilər ki, lazım olsa, maşına oturub köməyə getsinlər" ("Qəzet və tank"). "İrəlidə qədim şəhər Gəncənin tüstüləyən zavod boruları görünürdü" ("Yoldaş"). "Eşidənlər dedilər ki, Qasım yenə dəmdir, yenə vurub Qasım" ("Qasım") . "Elə bil dağlar da, ulduzlar da bilirdi ki, yaz bir dəfə görməyib yanından keçdiyi şeylərin üstünə bir də heç zaman qayıtmır" ("Gavur"). Amma əsərlərin başlanğıcı kimi sonu da yazıçı tərəfindən Allah ümidinə buraxılmır. Onun qələmə aldığı yaradıcılıq nümunələri sanki mətnin ortasında qurtarır. Əsərin qurtardığını təsəvvür elədiyimiz məqam isə qurtarmayan bir nəsr hadisəsinin yenidən həyata ötürülməsidir. Başlanğıcda olduğu kimi, qurtaranda da Səfər Alışarlının qələmə aldığı nəsr əsərlərinin həyatla, insanlarla və müəllifin özü ilə qırılmaz təması davam edir.

 





23.10.2020    çap et  çap et