525.Az

"Elmi-praktik tədqiqatlarımın dünyada yayılmasına çalışacağam" - Təhsil


 

"Elmi-praktik tədqiqatlarımın dünyada yayılmasına çalışacağam" - <b style="color:red">Təhsil</b>

Azərbaycanlı gənclərin xaricdə doktorantura səviyyəsi üzrə təhsili üçün prioritet ixtisas istiqamətlərinə uyğun olaraq yerli ali təhsil və elm müəssisələrinə peşəkar mütəxəssislərin hazırlanması dövlətin əsas hədəflərindən biridir.

Bu məqsədlə 2018-ci ildə Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə "2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı" qəbul edilib. Dövlət Proqramının həyata keçirilməsində əsas məqsəd elm sahəsindəki qabaqcıl nailiyyətlərdən, innovativ təlim-tədris texnologiyalarından yararlanaraq, ölkədə yeni nəsil mütəxəssislərin yetişdirilməsidir. "2019-2023-cü illər üçün Azərbaycanda ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı"nı uğurla həyata keçirilən "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın davamı hesab etmək olar. Bu proqram strateji əhəmiyyət kəsb edən sahələr üzrə milli kadrların yetişdirilməsi baxımından çox böyük önəm daşıyır.

Azərbaycanın ali təhsil sisteminin daha da gücləndirilməsinə yönələn bu proqramın icrası nəticəsində təhsilin doktorantura səviyyəsində xaricdə təhsil və təcrübənin maliyyələşdirilməsi ilk dəfə həyata keçirilir.

Bu gün Azərbaycanda ölkənin ali təhsil sisteminin dünya standartlarına uyğun kadrlarla təmin olunmasına, dünyanın ən yaxşı ali təhsil müəssisələrinin doktorantura səviyyəsini bitirən kadrlara böyük ehtiyac var. Məhz bu proqram sayəsində xaricdə təhsil alan və fəlsəfə doktoru dərəcəsi olan yüksək ixtisaslı kadrlar təhsillərini başa vurduqdan sonra Azərbaycana qayıdaraq müqavilə tərəfdaşı olan yerli ali təhsil müəssisəsində pedaqoji fəaliyyətə cəlb ediləcəklər. Məhz bu yolla da Azərbaycanın ali təhsil müəssisələrinın kadr potensialı gücləndiriləcək.

Dövlət Proqramının icrasını Azərbaycan Dövlət Neft Fondu maliyyələşdirir. Xaricdə doktorantura təhsili üzrə il ərzində 100 tələbənin maliyyələşdirilməsi nəzərdə tutulur. Proqramın icrasını təmin etmək məqsədilə müxtəlif qurumlara ayrı-ayrı vəzifələr həvalə edilib. Bu vəzifələrin yerinə yetirilməsində koordinasiya Təhsil Nazirliyi tərəfindən həyata keçirilir.

Bu il 34 nəfər proqram çərçivəsində 11 ölkənin 22 nüfuzlu ali təhsil müəssisəsində doktorantura səviyyəsində təhsil almaq hüququ qazanıb.

Proqram çərçivəsində doktorantura təhsili almaq hüququ qazanan gənclərimizdən biri də Dövlət Proqramı çərçivəsində doktorant təhsilini Böyük Britaniyanın Edinburq Universitetində davam etdirmək imkanı qazanan Sona Qaçayevadır. O, 2005-2009-cu illərdə Bakı Dövlət Universitetinin beynəlxalq hüquq ixtisası üzrə bakalavr təhsili alıb.  2009-2012-ci illərdə Bakı Dövlət Universitetində həmin ixtisas üzrə magistr təhsilini fərqlənmə ilə bitirib. 2014-cü ildə SOCAR-ın Xarici Təqaüd Proqramının qaliblərindən biri seçilib və təhsilini bu şirkətin hesabına Böyük Britaniyanın Kardiff Universitetində beynəlxalq insan resurslarının idarə edilməsi üzrə magistr səviyyəsində davam etdirib. 2015-ci ildə 2-ci magistr təhsilini fərqlənmə ilə bitirib və təhsildəki uğurlarına görə Culian Hodc  (Sir Julian Hodge) mükafatı ilə təltif edilib.

S.Qaçayeva bildirib ki, təhsilini doktorantura səviyyəsində davam etdirməyi bir neçə ildən bəri planlaşdırırmış: "2019-cu ildə ən son QS Dünya Universitetləri Reytinqi üzrə (QS World University Rankings 2021) dünyada 20-ci yerdə olan Edinburq Universitetinə (The University of Edinburgh) sənədlərimi verdim və ardınca bir neçə mərhələli müsahibədən uğurla keçdikdən sonra İdarəetmə elmləri üzrə doktorantura səviyyəsinə qəbul oldum. Təhsil Nazirliyinin rəsmi veb səhifəsində Təqaüd Proqramının elanını gördüm və müraciət etməyə qərar verdim.  Təqaüdə müraciət elanında, əslində, lazım olan bütün məlumatlar qeyd edilir və hətta sual olarsa, Nazirliyin əməkdaşları köməklik göstərirdilər. Proqrama müraciət elektron ərizə vasitəsi ilə həyata keçirildi. Hər bir mərhələni və nəticəsini asanlıqla izləmək olurdu. Yəni ümumilikdə çox yaxşı təşkil edilmiş bir proses idi. Hesab edirəm ki, yüksək ixtisaslı kadrların və müxtəlif elmlər sahəsində beynəlxalq səviyyəli araşdırmaçıların yetişməsində proqramın rolu əvəzsizdir. Universitetlərin beynəlxalq reytinqinin formalaşmasında belə müəllimlərin və araşdırmaçıların mühüm rolu var. Hamıya məlumdur ki, dünyanın aparıcı universitetlərində təhsil almaq olduqca böyük maliyyə vəsaiti tələb edir. Dövlət Proqramının bununla bağlı bizə kömək olması gənclər üçün müqayisə edilməz dəstəkdir. Qeyd etdiyim kimi, Edinburq Universitetinin İdarəetmə üzrə doktorantura pilləsinə daxil olmuşam. Tədqiqat mövzum Azərbaycanda işçilərin təşkilati ədalət mühakimələri və bunun təsirləri barədədir. Təşkilati ədalət yüksək olan müəssisələrdə işçilərin məmnunluğu, işə bağlılığı və ən əsası performansı yüksək olur. Bu baxımdan, təşkilatların idarə edilməsində olduqca vacib məsələlərdən biri hesab edilir. Ümumiyyətlə, Amerika və Avropa ölkələrində biznesin və təşkilatların idarə edilməsində etibarlı elmi araşdırmaların rolu böyükdür. İstərdim ki, Azərbaycanda da bu sahədə alimlər yetişsin, təşkilatların (həm dövlət, həm də özəl sektor) idarə edilməsi sahəsində ölkəmizin spesifikasına uyğun elmi dəlillər toplansın və onlardan təşkilatların fəaliyyətinin effektivliyinin artırılmasında istifadə olunsun".



Onun sözlərinə görə, ADA Universitetində biznesin idarə edilməsi ilə bağlı beynəlxalq səviyyəli dərslər keçirilir. Həmçinin, biznes və idarəetmə sahəsində ADA Universiteti bir sıra layihələrin müəllifi və təşkilatçısıdır. Bu səbəbdən hesab edirəm ki, həm dissertasiya tədqiqatım, həm planladığım bir sıra digər tədqiqatlar, həm də əldə edəcəyim akademik təcrübə bu universitet üçün və orada təhsil alan tələbələrimiz üçün faydalı olacaq: "Fikrimcə, inkişaf təhsildən başlayır. Dövlət idarəçiliyində yüksək ixtisaslı gənclərin təmsil edilməsi son illərdə həm təhsilimiz, həm də idarəçiliyimiz baxımından Azərbaycanın böyük uğurudur. İnanıram ki, bu etimad özünü doğruldacaq. Proqramın əsas hədəf qrupu dünyanın top 500 universitetlərində doktoranturaya qəbul əldə etmiş şəxslərdir. Yəni buna nail olmuş insanın təhsili, savadı, biliyi onsuz da yüksək səviyyədədir, əks təqdirdə həmin universitetlər onu qəbul etməzdi. Fikrimcə, əsas meyarlardan biri bu mütəxəssislərin gələcəkdə pedaqoji fəaliyyətdən daha çox elmi fəaliyyətlə məşğul olmaq istəyi çox mühüm amildir. Çünki Azərbaycanın və elmimizin belə alimlərə çox ehtiyacı var. Elmin inkişafı ölkənin inkişafına aparan yollardan biri və bəlkə də, birincisidir".

O əlavə edib ki, universitetin rəqabətqabiliyyətliliyi onun rəqabətqabiliyyətli insan kapitalından irəli gəlir. Məhz daha iddialı və ya ambisiyalı olmaq daha çox məqsədəuyğun ola bilər: "Eyni məqsədli iddialar eyni zamanda irəli sürüldükdə, daha çox uğurlu nəticənin əldə edilməsinin mümkün olduğunu düşünürəm. Əlbəttə, burada innovativ mühitin, qabaqcıl texnologiyaların və modern infrastrukturun da rolu zəruridir, ancaq ilk amillərdən biri, daha öncə də qeyd olunan kimi, insan kapitalıdır - yəni kadrların iş mühitinə düzgün cəlb olunması".

S.Qaçayevanın dediyinə görə, Dövlət Proqramı gənclərə ölkəmizin inkişafı naminə öz töhfələrimizi vermək üçün geniş imkanlar yaradır: "Bu baxımdan hazırda  əsas hədəfim doktorantura təhsilimi uğurla bitirib elmi fəaliyyətə başlamaqdır. Bundan əlavə, ölkəmiz üzrə bəzi elmi-praktik tədqiqat ideyalarım var və onları həyata keçirməyi planlaşdırıram. Bu tədqiqatlarımın dünya miqyasında yayılmasına çalışacağam, onların nüfuzlu beynəlxalq jurnallarda çap edilməsini istəyirəm".

Sevinc QARAYEVA

Yazıdakı materiallar Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə çap olunur

 





23.10.2020    çap et  çap et