525.Az

Tarixi dəyişən günlər - Yazı


 

Tarixi dəyişən günlər - <b style="color:red">Yazı </b>

Azərbaycanın ən yeni tarixində 27 sentyabr 2020-ci ilin xüsusi yeri olacağı artıq hamı tərəfindən qəbul edilən bir həqiqətdir.

Azərbaycan məhz həmin gündən etibarən 28 ildən artıq bir müddətdə Ermənistan Respublikası silahlı qüvvələrinin işğalı altında olan tarixi torpaqlarını azad etməyə başlayıb. Qısa zaman kəsiyində Azərbaycan Ordusu erməni vandalizminin bütün dəhşətlərini yaşamış ərazilərimizdən Cəbrayıl və Füzuli şəhərləri ilə bərabər, bu rayonların demək olar ki, əksər kəndlərini, Hadrut qəsəbəsini, Xocavəndin rayon mərkəzini və bir sıra kəndlərini, Murov da daxil olmaqla neçə strateji yüksəkliyi düşmən tapdağından qurtarıb. Ağır döyüşlərdə düşmənə sarsıdıcı zərbələr vuran Ordumuz, qəhrəman əsgər və zabitlərimiz əzəli və əbədi yurdlarımız olan həmin ərazilərdə şanlı Azərbaycan bayrağını şərəflə dalğalandırıblar.

Cəbrayıl, Hadrut, Füzuli istiqamətlərində düşmənin keçilməz hesab etdiyi müdafiə istehkamlarının darmadağın edilərək, ermənilərin böyük itki verərək geri sıxışdırılması, daha doğrusu, dabanlarına tüpürərək qaçmaları Azərbaycan Ordusunun böyük Qələbəsi və növbəti qələbələrin müjdəsi idi. Bu, eləcə də ondan əvvəlki və sonrakı Qələbələrdə payı olanlar dünyanın ən xoşbəxt insanlarıdır.

20 oktyabr 2020-ci ildə qurtuluş növbəsi Zəngilan şəhərinə və rayonun 6 kəndinə də çatdı. Mənim üçün də doğma olan, ata, ana yurdum 27 ilin işğal əzabından qurtularaq öz azadlığına qovuşdu! Ali Baş Komandanın növbəti tapşırığını da şərəflə yerinə yetirən Azərbaycan əsgəri qürurla məruzə etdi və üç rəngli bayrağımızı Zəngilan səmasında da dalğalandırdı. Həmin an son 27 ildə qəlbində yaşatdığı dərd yüküdən bir az da qurtulan Vətənin qəddi Zəngilan boyda dikəldi. Təəssüf ki, təqribən 10 gün əvvəl Tanrının rəhmətinə qovuşmuş anam və minlərlə ata-analar, baba-nənələr az qala 3 onillik ərzində həsrətlə gözlədikləri günləri, torpaqlarımızın işğaldan azad olunmasını görmədilər. Buna üzülsək də, ruhlarının artıq şad olması, o yerlərdə bizləri gözlədiyi ilə təsəlli tapırıq.

Anam da 27 il Zəngilan həsrəti, ata yurduna qayıdacağı günün arzusu ilə yaşamışdı. Ordumuzun sentyabrın 27-dən başlayan zəfər yürüşündən, torpaqlarımızın erməni işğalından azad edilməsindən yaman ümidlənmişdi. İstəkli nəvəsi könüllü cəbhəyə getmiş Emin "Nənə, sizin kəndə az qalıb, tezliklə bütün rayonu alacağıq, səni o yerlərə özüm aparacam" demişdi. Ölümündən bir gün qabaq hələ huşu özündə ikən yenə "Zəngilan alındı", deyə ümidlə soruşmuşdu. "Lap az qalıb", dedik.

Ömür vəfa etmədi. İndi anam da doğma ruhlarla birlikdə bizim qədim yurdlara, azad olunmuş torpaqlara qayıdacağımız günü gözləyir. Anam kimi Kəlbəcərdə, Qubadlıda, Laçında, Şuşada, Ağdamda minlərlə ata-anaların narahat ruhlarının da bu üzüntüdən tezliklə qurtaracağına tam inanırıq! Onlar yalnız övladlarının doğma yerlərə qayıdıb qədim ocaqlara bir də çatmasından sonra rahat olacaqlar!

Nə gizlədim, Ali Baş Komandan azad olunmuş yaşayış məntəqələrimiz arasında Zəngilanın adını çəkəndə çox təsirləndim, sevincdən göz yaşımı saxlaya bilmədim. Anamın itkisindən nə qədər üzülsəm də, göz yaşlarımı qəlbimə sıxmağı bacarmışdım. Yəqin milyonlarla azərbaycanlı kimi anam da öz anası bildiyi Vətənin qurtuluş xəbərindən belə təsirlənməyimi anlayışla qarşılayardı. Bir də bütün analar övladlarına yalnız sevinc göz yaşı arzulamırmı?!

Cəbrayılın, Füzulinin, Zəngilanın alınması bir çox tərəfləri ilə yanaşı, Azərbaycan üçün həm də düşmənin illər ərzində müxtəlif məqsədlərlə istifadə etdiyi cənub sərhədlərimizin onun üzünə əbədi bağlanması baxımından da əhəmiyyətlidir.

Son günlər Azərbaycanın dünyaya qəbul etdirməyi bacardığı bir həqiqət də var. Azərbaycan xalqı, Azərbaycanın dövlət başçısı, Azərbaycan Ordusu tarix yazır. Yüz ildən artıq bir müddətdə ilk dəfədir ki, ermənilərin Azərbaycandan növbəti torpaqları qoparmaq planları baş tutmur. Ermənistan, dünya erməniliyi üçün sarsıdıcı olan bu acı həqiqət, məğlubiyyətin qaçılmazlığı onun işğalçılıq planlarına cani dildən hamilik edənləri də ciddi narahat edib. Bütün vasitələrlə Ordumuzun işğal altındakı torpaqlarımızın qurtuluşu naminə başladığı Qələbə yürüşünü durdurmağa çalışırlar. Bütün bu təzyiq və təhdidlərin qarşısında Azərbaycan Qardaş Türkiyənin və onun haqq işinə mənəvi güc qatan ədalətli dost dövlətlərin mənəvi dəstəyi ilə mətanətlə, vüqarla duruş gətirir və sonadək də gətirəcək! Atalarımız nahaq deməyib ki, "vur deməklə, vurmaq yarıdır". Bizə "vur!" deyənlər Azərbaycanın haqlı olduğunu bilirlər və onlar haqqın, ədalətin səfində yer alanlardır. Çünki Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsində və onun ətrafında yerləşən, Ermənistan tərəfindən 28 ildən artıq müddətdə işğal altında saxlanılan 7 rayonunda istənilən xarakterli əməliyyat aparması müstəqil dövlət kimi haqqıdır. Bunu BMT və çoxsaylı beynəlxalq təşkilatlar da qəbul edirlər, bu gün sussalar da. Yeri gəlmişkən, Böyük Britaniya Parlamentinin Nümayəndələr və Lordlar palataları da Ermənistana Azərbaycanın tarixi torpaqlarının işğal altında saxlanılmasının tam qanunsuz olması və bu əməllərdən çəkinməsi, 27 sentyabrdan regionda hər gün artan gərginliyin birbaşa səbəbkarı kimi, Azərbaycan ərazilərini qeyd-şərtsiz boşaltması ilə bağlı çağırış edib.

Azərbaycan əsgərinin addım səsləri düşməni vahiməyə salır və hələ çox vahimə salacaq. Bu addım səslərinə təşnə qalmış yurd yerlərinə son baharda ilk bahar ovqatı gəlir. Ən başlıcası məğlubiyyət sindromundan qurtarmış Azərbaycan insanı sanki yenidən doğulur, Qalib xalq, Qalib vətəndaş ovqatı onu tamam dəyişdirir, qürurunu, özünə inamını, öz haqqına sahib çıxmaq əzmini geri qaytarır. Qalib əsgərin, Qalib xalqın qarşısında heç bir düşmənin tab gətirməyəcəyi, nə qədər gec deyil, heç vaxt onun olmamış və olmayacaq torpaqlardan getmək məcburiyyətində qalacağına kimsə şübhə edə bilməz. Bunun əksini düşünənlər əzəli Azərbaycan ərazilərində yalnız öz ölümlərini tapa bilərlər. Ermənilər gərək bunu Tovuzda törətdikləri təxribatların qarşısının alındığı günlərdə on minlərcə Azərbaycan oğlunun və qızının könüllü surətdə cəbhəyə getmək istəyi ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə israrla müraciət etdikləri günlərdə başa düşərdilər. Heç olmasa, özü ehtiyac içində olmasına baxmayaraq, Şəki şəhərində yerləşən ASAN Xidmətə gəlib 230 manatlıq pensiyasının 180 manatını Silahlı Qüvvələrə Yardım Fonduna köçürən ağsaqqal Hikmət Musayev kimi fədakar insanlarımızı görəndə ağılları başlarına gəlməli idi. Gəlmədi və həqiqətən, layiq olduqları cəzanı çəkməkdədirlər və sonadak də çəkməlidirlər.

Ancaq hələ də gec deyil, ermənilərin onları vərdiş etdikləri yalanlarla sakitləşdirməyə, məğlubedilməzlik, yenilməzlik mifləri ilə bəzədilmiş ordularının darmadağın olunmasını gizlətməyə çalışan rəhbərlərinə yeganə düzgün cavabları bir nəfər kimi silahı yerə qoymaları, ağ bayraq qaldıraraq Azərbaycan torpaqlarını tərk etmələr ola bilər. Çünki onlar da gözəl bilirlər ki, Azərbaycanın yeganə məqsədi öz ərazilərini Ermənistanın silahlı qüvvə adı ilə Dağlıq Qarabağda və işğal altında olan ətraf rayonlarımızda yerləşdirdiyi quldur və terrorçu dəstələrdən tamamilə təmizləməkdir. Azərbaycan əsgəri Vətəndə Vətənin qurtuluş uğrunda döyüşür. Onun məramı aydın və ədalətli, missiyası müqəddəsdir.

Ermənistan isə həmişə olduğu kimi, yenə də öz terrorçu mahiyyətinə sadiqdir. Dünya da görür ki, son günlər Azərbaycanın Gəncə kimi yarım milyondan artıq sakini olan şəhərini və bir neçə böyük yaşayış məntəqəsini öz ərazisindən atdığı raket zərbələrinə məruz qoyan, dinc sakinləri, uşaq və qadınları gecə vaxtı öz mənzilində qətlə yetirən, bununla hərbi cinayətlər törədən Ermənistanın növbəti təxribatları da heç bir nəticə vermir və verməyəcək. Ermənilərin barışıq, yaxud atəşkəs yalvarışlarına gəlincə isə, yüz ildən artıq hamıya yaxşı məlum olan bir həqiqəti bir daha qeyd etmək yerinə düşərdi. Ermənilər heç vaxt öz vədlərinə əməl etməyiblər və bu razılaşmalardan həmişə kəmfürsətliklə istifadə edərək, növbəti azərbaycanlı qırğınları törədidib, yeni ərazilərimizi ələ keçiriblər.

Yeri gəlmişkən, daha bir məsələ barəsində. Azərbaycanın 1991-ci ildən etibarən apardığı müharibənin, hərbi əməliyyatların, bir sözlə, irili-xırdalı bütün döyüşlərin adı Qarabağ, Vətən müharibəsidir. Bu müharibə 30 ilə yaxındır ki, davam edir və inşallah, lap yaxınlarda Azərbaycanın tam Qələbəsi ilə başa çatacaq. Azərbaycan bayrağı Şuşada, Xankəndində dalğalanacaq. Qarabağ müharibəsinə gəlincə, onun nə 1-cisi, nə də 2-cisi yoxdur ki, ermənilər özlərini birinci müharibənin qalibi saysınlar. Qarabağ, Vətən müharibəsinə bu adları əlavə edənlərin də bu məqamı nəzərə alıb, öz yanlışlarını düzəltmələri doğru olardı. Dünya tarixində 30 illik, 100 illik müharibə təcrübələri var və həmin xalqlar bu müharibələri hansısa süni mərhələlərə bölməyiblər. Bizim haqq işimiz uğrunda apardığımız müharibənin də bir adı var - Qarabağ. Bunun yeganə alternativi Vətən müharibəsidir və Vətən bu gün onun bütövlüyünü özünə qaytaranlarla qürur duyur, bu müqəddəs amal uğrunda şəhid olanlara Tanrıdan rəhmət diləyir.

Azərbaycan Ordusuna, Azərbaycan xalqına yalnız Qələbə yaraşır!

 





23.10.2020    çap et  çap et