525.Az

Paşinyanın qiyam qorxusu - Xaqani Cəfərli yazır


 

Paşinyanın qiyam qorxusu - <b style="color:red">Xaqani Cəfərli yazır</b>

Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatları, gözləndiyi kimi, Ermənistanda siyasi böhran yaratmaqdadır. İki il öncə parlament seçkilərində böyük üstünlüklə qalib gələrək təkbaşına hakimiyyət formalaşdıran "Mənim addımım" siyasi bloku siyasi hakimiyyət üzərində nəzarəti saxlasa da, cəmiyyətdəki mövqelərini itirməkdədir.

Baş nazir Nikol Paşinyanın qatı əleyhdarları Serj Sarkisyan və Robert Köçəryan isə yaranmış şəraitdən istifadə edərək revanşa can atırlar. Qondarma "Dağlıq Qarabağ Respublikası"nın sabiq başçıları Arkadi Qukasyan və Bako Saakyanın da onlarla eyni mövqedən çıxış etdikləri aydın görünür. Bu iki şəxsin Ermənistanın sabiq prezidentlərinin iştirakı ilə hansısa dövlətüstü qurum yaratmaq ideyasının da məhz Serj Sarkisyan və Robert Köçəryanın maraqlarına xidmət etdiyi aydın görünür. Paşinyanı qanuni və legitim yolla hakimiyyətdən kənarlaşdırmaq iqtidarında olmayan "Qarabağ klanı" məhz bu yolla dövlət idarəçiliyini əllərinə keçirmək niyyətidə idilər. Lakin bu təklifin söz olaraq qalması Paşinyanın öz rəqibərinin əsl niyyətlərinin fərqində olduğunu göstərir.

Siyasi hakimiyyət üzərində nəzarəti hələlik əlində saxlaya bilən Paşinyan isə silahlı dəstələrin qiyamından ehtiyatlanır. Bu, onun son müraciətindən də aydın görünür. Azərbaycanın müzəffər ordusunun hücumunu dayandırmaq üçün hər kəsi əlinə silah almağa çağıran baş nazirin çağırışında iki incə məqam diqqəti cəlb edir. Bu məqamlardan biri Qarabağdan olanların əlinə silah alaraq ön cəbhəyə getməsi ilə bağlıdır. Açıq görünür ki, Paşinyan Serj Sarkisyan və Robert Köçəryana bağlı qüvvələrin Ermənistanda olmasından narahatdır və onları ön cəbhəyə göndərməklə zərərsizləşdirmək niyyətindədir. Hər kəsi əlinə silah götürməyə çağıran Paşinyan yaranacaq silahlı birləşmələrin Baş Qərargahın tabeçiliyində olmasına çalışır. Aydın görünür ki, Paşinyan yaranması ehtimal olunan silahlı dəstələrin siyasi rəqiblərinin nəzarətinə keçəcəyindən qorxur.

İrəvanın yaradacağı silahlı dəstəyə paytaxt meri Ayk Marutyanın rəhbərlik edəcəyi ilə bağlı məlumat da onu göstərir ki, Paşinyanın tərəfdarları da siyasi dəstələrə nəzarəti öz əllərində saxlamaq niyyətindədirlər.

Diqqətçəkən məqamlardan biri də Paşinyanın Azərbaycanın işğal olunmuş ərazilərindəki hərbi qüvvələri xilas etmək niyyətindən uzaq olmasıdır. Əcnəbi ekspertlər birmənalı şəkildə bildirirlər ki, sağlam məntiq Azərbaycan Ordusunun zərbələri altında darmadağın olan silahlı qüvvələri geri - Ermənistana çəkməyi diktə edir. Paşinyan isə əksinə, onları Azərbaycan ordusunun qarşısına itələməyə çalışır.

Əcnəbi ekspertlər belə qənaətdədirlər ki, Paşinyan tam nəzarət edə bilmədiyi ordunun məhv olmasından nəinki narahatdır, hətta bunda maraqlı kimi görünür. Buna görə də, onları xilas etməyə can atmır. Bütün bunlar Paşinyanın hərbi qiyamdan ehtiyat etdiyini bir daha təsdiqləməklə, Baş nazirin bu ehtimalın qarşısını almaq üçün hər addıma hazır olduğunu da təsdiqləyir.

Bəzi rusiyalı şərhçilər isə bildirirlər ki, Ermənistan ordusunun məhvində maraqlı olan Paşinyan bununla Rusiyanın İrəvana son təsir imkanını zərərsizləşdirmək, bundan sonra ölkəsinin üzünü birmənalı Qərbə çevirmək niyyətindədir. Rusiyalı ekspertlər iddia edirlər ki, bu, Paşinyanın qarşısına onu hakimiyyətə gətirənlər tərəfindən qoyulmuş əsas vəzifədir.

Ancaq Paşinyanın hərbi qiyamın qarşısını tamamilə ala biləcəyi də şübhəli görünür. Məsələ ondan ibarətdir ki, Azərbaycan Ordusunun müzəffər yürüşü nəticəsində işğal edilmiş torpaqları tərk etmək məcburiyyətində qalan silahlı dəstələr tədricən Ermənistana çəkilmək məcburiyyətində qalacaq. İşğal etdikləri torpaqları itirən və məğlub şəkildə ölkələrinə dönən silahlıların əllərindəki silahı yerə qoyaraq dərhal dinc həyata başlayacaqları qeyri-mümkün görünür. Onların bu məğlubiyyətin əsas səbəbkarı hesab etdikləri Paşinyana qarşı çıxışlara başlayacaqlarını daha böyük ehtimalla proqnozlaşdırmaq olar. Köçəryan da uzun müddətli həbsdən ancaq Paşinyanın hakimiyyətdən devriləcəyi halda qurtula biləcəyinin fərqindədir. Buna görə də, Paşinyanın hakimiyyətdən kənarlaşdırılması üçün Köçəryanın sona kimi çalışacağı güman edilir. Köçəryanın Paşinyanı məhkəməyə verməsi də cəmi 6 ay əvvəlin hadisəsidir. Bu iki şəxs arasında səmimi birliyin yaranması qeyri-mümkündür və güman ki, qarşıdırma zamanla daha da dərinləşəcək.

Seçki yolu ilə hakimiyyətə gəlmiş qüvvələrin hərbi qiyam yolu ilə devrilməsi, hakimiyyətin hərbi xuntanın əlinə keçməsi isə Ermənistanın çöküşünü daha da sürətləndirə bilər. Əgər onu da nəzərə alsaq ki, koronavirus pandemiyası Ermənistanın iqtisadiyyaına çox ciddi zərbə vurub və bu zərbənin təsirləri daha da artmaqdadır, hakimiyyətə qarşı qiyam proseslərin tamamilə nəzarətdən çıxmasına səbəb olacaq. Ermənistanın bu aqibətdən qurtulması isə hazırkı şəraitdə mümkün görünmür.

 





24.10.2020    çap et  çap et