525.Az

Real və saxta qədimliyin fərqi - Telman Orucovun yazısı


 

Real və saxta qədimliyin fərqi - <b style="color:red">Telman Orucovun yazısı </b>

Yunanıstan: səfər təəssüratları və zəngin keçmişi barədə düşüncələr

(Əvvəli ötən şənbə saylarımızda) 

Müasir Kritin mənzərəsi

Müasir Krit evlərinin həyəti yaşıllıqlara bürünmüşdür, burada çiçək açmış günəbaxandan dekorativ bitki kimi istifadə olunur. Van Qoq öz seriya tablolarında günəbaxan çiçəyinin günəş enerjisinin simvolu kimi sirli cazibədarlığını açıb göstərmişdi, kritlilər isə bu çiçəyin digər güllərdən geri qalmadığı qənaətinə gələrək, onu bəzək simvolu kimi evlərinin həyətlərinə köçürmüşlər. Bəzi həyətlərdə, ofis binalarında bizim yuxarı dırmaşan qızılgüllərimiz kimi iri kol şəklində olan buqenvilli çox sayda qırmızı gülləri ilə olduqca xoş mənzərə yaradır.

Qədim irslə tanışlıq çox şey versə də, müasir həyatı ifadə edən ayı-ayrı cəhətlərə də diqqət yeitirirdik. Bizi Heraklion şəhəri yaxınlığındakı "Arxenas" üzümçülük kooperativinə dəvət etdilər. Orada biz süfrə üzümünün xaricə ixrac edilməsi üçün qablaşdırıcı fabrikin işi ilə tanış olduq. Bu böyük fabriki israillilər tikmişlər və qablaşdırıcı fəhlə qadınların işini konveyerlər nisbətən yüngülləşdirir. Lap yuxarıdakı xətlə yeşiklər, ortadakı xətt ilə üzüm salxımları verilir, aşağıdakı xətlə isə tullantılar daşınır. Qadınlar salxımları götürüb əllərindəki qayçı ilə yararsız gilələri, həm də salxıma yaxşı görünüş vermək üçün bəzi kiçik hissələrini kəsib tullantı kimi atır, sonra kosmetik əməliyyat aparılmış salxımlar yeşiyə yığılır. Kooperativ İngiltərə və Almaniya Federativ Respublikasına süfrə üzümü göndərirdi. İngilislər şəkərliliyi 9°, almanlar isə 12° olan üzümü xoşlayırlar, bundan yuxarı olduqda alıcı firmalar kooperativi cərimələyir. Ona görə də qablaşdıranlar üzümün yetişkənliyinə də xüsusi diqqət verirlər. Tullantılar isə toplanıb, emal üçün kooperativin şərab zavoduna göndərilir.

Yeşiklər də çox yüngüldür və yalnız altlıqları taxta materialındandır, yan tərəfləri isə kartondandır. Taranı isə kooperativ Rumıniyadan alırdı. Sonra bizi şərab zavodunun hazır məhsul saxlanılan anbarlarına apardılar. Yer səthindəki birinci mərtəbədə yenicə emal edilən şərablar saxlanır. Burada daxili temperatur 18°C-dən aşağı olmur. Aşağıdakı ikinci mərtəbədə 3-4 ilin istehsalı olan şərab saxlanır. Burada isə temperatur iki dərəcə aşağı olur. Lap aşağıdakı üçüncü mərtəbədə isə havanın temperaturu daim 14°C səviyyəsində saxlanır. Buradakı çəlləklərdə yaşı 20 il olan şərablar saxlanır. İri bir çəlləyin ağzı açıldıqda otağa gözəl qoxu yayıldı. Uzun qulpu olan xırda kəfgirlə şərabı çıxarıb, qədəhlərə süzdülər. Şərab bizdəki bəhməz kimi qatı idi, bizə dequstasiya etməyi təklif etdilər. Şərabın dadı, buketi və ətri heyrətamiz idi. Yunanlar şərabçılıqda çox qədim xalq olsalar da, fransız, italyan və ispan şərabları ilə dünya bazarında rəqabətə girə bilməzlər. Lakin biz bir daha yəqinlik tapdıq ki, yunanlar yüksək keyfiyyətli şərab məhsulu hazırlamaqları ilə də öyünə bilərlər.

Krit adası turist axınına xidmət göstərmək üçün çox geniş restoranlar şəbəkəsi düzəltmişdir. Xanya şəhərindəki dəniz kənarındakı kilometrlərlə ölçülən məsafə açıq havadakı restoranlarla doludur, birinin axırıncı stolunun yanında digər restoranın birinci stolu yerləşir. Belə zəncirvari şəbəkə turistlərə rahatlıq yaradır. Xörəklərdən əcnəbi qonağın baş çıxarması üçün iri şüşəli şkaflarda çox növdə olan xörəklər düzülür və altındakı vərəqədə isə onun qiyməti yazılır. Balıq xörəyi sifariş verdikdə müştərini mətbəxə dəvət edir və onun seçiminə müvafiq təzə balıqdan xörək hazırlanır. Bəzi müştərilər öz hobbiləri ilə məşğul olmağa da imkan tapırlar, oturduqları restorana məxsus stuldan suya spinninq sallayıb balıq tuturlar.  



Real və saxta qədimliyin fərqi 

Krit adasının qədim tarixinə hamı böyük hörmətlə yanaşır, çünki onu arxeoloji qazıntılar və elmi tədqiqatlar bütünlüklə təsdiq edir. Kritin və ya Yunanıstanın bu tarixi saxtalaşdırmaq yolu ilə daha uzağa aparmaq istəkləri və cəhdlərinin olması heç ağıla da gəlmir. Öz təsdiqini bütünlüklə tapan qədimliyə nəsə əlavə etməyə elə bir ehtiyac yoxdur. Bəzi xalqlar isə əslində, irqçiliyə meyl edərək öz tarixlərini saxtalaşdırmaq, onun o qədər də qoca olmayan sifətinə minilliklərin naxışlarını vurmaq üçün dəridən-qabıqdan çıxırlar. Özlərində inanılası bir şey tapmayanda qədim dünyanın xalqları və dövlətləri ilə bir dövrdə yaşadıqlarını, təmasda olduqlarını uydururlar. Ermənistanda qatı millətçiliyi ilə tanınan qadın şair Silva Kaputikyan ermənilərin guya qədim xalq olduğunu Assuriyanın köməyi ilə işə vermək yolunu tutaraq, öz şeirində saxta bir rəvayət uydurmuşdu. Guya Assuriya çariçası Şammuramat (Semiramida) erməni oğlana vurulmuş, onu ələ keçirmək üçün hər cür vasitəyə əl atmışdı. Şairin məqsədi belə saxta yolla ermənilərin b.e.ə. IX əsrin sonunda yaşadıqlarını şüurlara təlqin etməkdir. Az-çox tarixi öyrənənlər belə uydurmaya inanmır, bu cür rəvayət isə yalnız qatı millətçilik virusu ilə sirayətlənmiş xəstə beyinlər tərəfindən sevinclə qəbul edilə bilər.

Saxta tarix binası, adətən, sakinsiz olur, kimsə orada yaşamaq həvəsinə düşürsə, mağarada yaşayan canlılar kimi korluqları ilə seçilirlər.

Kritlilər yaxın keçmişə də aid olanları yaddaşlardan silməkdən uzaqdırlar. Bir dəfə yol kənarında burnu göyə dikilən ağ metaldan təyyarə heykəli gördük. Almanlar İkinci Dünya müharibəsində ingilislərlə ada uğrunda vuruşanda, onların aviasiyası xüsusilə fərqlənmişdi və öz hərbi pilotlarına belə heykəl qoymuşdular. Kritlilər heykəli uçurmamış, müharibədəki bədbəxtliklərinin rəmzi kimi saxlanmasına qərar vermişdilər.

Adaya səfərimiz başa çatanda axşam Moskvadan, İttifaq Nazirliyi ilə işgüzar əlaqələrinə görə yaxşı tanıdığım Pavlik Panoyotidislə görüşdük. Afinadan uçub, öz biznesi ilə əlaqədar Xanyaya gəlmişdi. Bizim burada olduğumuzu isə İttifaq nazirliyinin işçiləri ona çatdırıbmış. O, bizi gecə klubuna dəvət etdi. Əlbəttə, bu, Parisdəki məşhur və iki il əvvəl yüksək sənətindən həzz aldığım Lido deyildi, xırda bir obyekt idi. Klubda Lidodan fərqli olaraq şam yeməyi verilmirdi. Burada Lidoda və Mulen Rujda olan gözəl qızların ifa etdikləri füsunkar rəqslər də yox idi. Süfrəyə yalnız çərəz və içkilər təklif olunurdu. Lakin maraqlı proqramı və fərqli cəhətləri var idi. 16 qadın və kişi müğənni bir-birini əvəz edərək, nisbətən aşağıda yerləşən kiçik səhnədə gözəl yunan mahnılarını oxuyurdular. Qadın müğənnilərdən kimisə məclisinə dəvət edə bilərsən, dostumuz bir gözəl ifaçını bizim stola dəvət etdi. Qadın altı dildə söhbət aparmağa hazır olduğunu bildirdi, biz isə tərcüməçinin xidmətinə üstünlük verdik. Qonağımız özünü çox nəzakətli aparırdı, içki qədəhini dodaqlarına vurub, yerə qoyurdu.

Digər bir qayda isə sifariş verib yüzə qədər boşqabı müğənnilərin ayaqları altına atıb, sındırmaq idi. Dostumuz da iri sifariş verdi, biz nəzərdə tutulan əməliyyatdan imtina etdikdə, ofisiant boşqabları atıb sındırmaqla məşğul oldu.

Başqa bir qəribə qayda isə bir butulka fransız şampanını sifariş verib, iki qədəhi doldurub birinin müğənniyə təklif edilməsi, digərinin isə sifariş verənin içməsi idi. Butulkadakı şərabın qalan hissəsi isə müğənninin ayaqları altına, səhnədəki ağac kəpəyinin üstünə tökülürdü.

Musiqi təranələri və yunanların gözəl vokalı bizi çox valeh etdiyindən, bir neçə saatı orada keçirdik, sonra otelə qayıtdıq, səhər tezdən Afinaya uçmalı idik.

Afinada bir gün qaldıqdan sonra Kerkira adasına uçduq.

"Cənnət" adlanan Kerkira adası 

İon dənizi adaları içərisində turizmin mühüm mərkəzi Kerkiradır (onu həm də italyan dilindən götürülmüş Korfu adlandırırlar), bu, eyni adlı adanın həm də baş şəhəridir. Tipik Aralıq dənizi təbiətinin gözəlliyinə görə çox vaxt onu "cənnət" adlandırırlar. Adada olarkən belə adın hiperbola olmadığına yəqinlik tapdıq.

Kerkira ölkənin şimalında, İon dənizində yerləşən adadır, ora təyyarə ilə səfər bir qədər çox çəkməli idi. Böyük yunan bəstəkarı Mikis Teodorakisin radio ilə verilən mahnılarının sədaları altında yenə də "A-300" aerobusunda oraya uçduq və müasir, böyük təyyarə limanında bizi zeytunçuluq elmi-tədqiqat institutunun direktoru bir neçə əməkdaşı ilə birlikdə salamladı. Kiçik plyajın yanındakı "Marina" otelində yaşamalı idik. Otel yaxşı təsir bağışlaydı, sakit bir guşədə yerləşirdi, otaqlarının döşəməsi isə ağ mərmərdən idi. Yunanıstan təbii sərvətlərdən nə qədər kasad olsa da, mərmər barədə çox varlıdır. Hələ Perikl dövründən heykəllərdə və binaların fasadında yerli mərmərdən istifadə olunmuşdu. Döşəmənin mərmərdən olmasına gəldikdə, bunun yayda otağa sərinlik vermək və kommunal gigiyena xatirinə seçildiyi bildirildi. Otelin qarşısındakı çınqıllı plyajda az adam olurdu və imkan düşəndə biz də İon dənizi sularının əhval-ruhiyyəyə pozitiv təsirini yoxlamaqdan imtina etmirdik.

İnstitutun direktoru səmimi bir ziyalı insan idi, kollektivi də ona hörmətlə yanaşırdı. Elmi işçilər zeytunçuluğun inkişafı və aqrotexnikası məsələləri ilə məşğul olurdu və bağbanlara praktiki köməklik göstərirdilər.

Kerkira adasının gözəlliyi müxtəlif elementləri və çalarları ilə diqqəti cəlb edir. Buraya Avropadan çox sayda turistlər gəlir, xüsusən almanlar orada istirahət etməyi çox sevirlər, onların arasında görkəmli siyasi xadimlər də az deyildi. Möhtəşəm beynəlxalq aeroport binası da məhz turist axınına müvafiq olaraq tikilmişdir.

Aeroportun qonşuluğundakı kiçik ada və adadakı miniatür ölçülərdəki ortodoks kilsəsi öz gözəlliyi ilə göz oxşayır.

(Ardı var)

 





26.10.2020    çap et  çap et