525.Az

Bədii tərcümə işimizin dəyərli nümunəsi - Resenziya


 

QUSTAV FLOBERİN "SALAMBO" ROMANI ŞAMİL ZAMANIN TƏRCÜMƏSİNDƏ İŞIQ ÜZÜ GÖRÜB

Bədii tərcümə işimizin dəyərli nümunəsi - <b style="color:red">Resenziya</b>

Böyük ədib Qustav Floberin "Salambo" romanı haqqında danışmazdan əvvəl Şamil Zamanın tərcümə yaradıcılığı barədə qısa məlumat vermək istərdim.

Filologiya üzrə fəlsəfə doktoru, şair-tərcüməçi Şamil Zaman fransız dilini çox mükəmməl bilirdi. Bunun nəticəsi idi ki, o, Azərbaycanın tanınmış şairlərinin poeziya nümunələrini, həmçinin, ayrıca olaraq naxçıvanlı müəlliflərin şeirlərini fransız dilinə çevirərək nəşr etdirmişdir. Bundan əlavə, Ş.Zamanın Azərbaycan dilindən fransız dilinə, həmçinin, əks istiqamətdə bir çox tərcümələri ədəbi ictimaiyyətə yaxşı tanışdır. Bunlardan Aleksandr Dümanın "Qafqaz səfəri"ni, məşhur "Marselyoza"nı qeyd edə bilərik. Hətta o, müəllimi olmuş Əkbər Ağayevin arzusu və istəyini uzun illərdən sonra həyata keçirərək Bualonun nəzmlə yazdığı "Poeziya sənəti"ni elə nəzmlə dilimizə tərcümə etmişdir. Bu tərcümələr sırasında Ezopun 500-ə yaxın təmsili də var. Həm bu təmsillər, həm də "Poeziya sənəti" öz qayğıkeş naşirini gözləyir. 

"Salambo" romanı mərhum tərcüməçi tərəfindən ilk dəfə olaraq dilimizə çevrilib. Kitab Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin 2012-ci ildə keçirilmiş konfransında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığına uyğun olaraq yaradılan Tərcümə Mərkəzi tərəfindən hazırlanaraq çapa təqdim olunub.

"Salambo" müəllifin "Madam Bovari" (1856) romanından sonra Floberin ikinci böyük əsəridir. Ümumiyyətlə, bir çox mənbələrdə göstərilir ki, 1821-1880-ci illərdə yaşamış Flober bu romanı altı ildə yazıb və ilk dəfə 24 noyabr 1862-ci ildə yayımlayıb.

Tərcüməçi Şamil Zaman bu əsərlə bağlı yazdığı qeydlərində bildirir ki, "Flober ilk günlər, yazacağı əsərin adını "Karfagen" kimi vermək fikrində olmuş, bu fikrini öz dostlarına, qələm yoldaşlarına yazdığı məktublarında qeyd etmişdir. Yazıçı 20 iyun 1858-ci ildə dostu Ernest Feydoya ünvanladığı məktubda öz fikrini belə ifadə edir: “Məlumun olsun ki, "Karfagen"i yenidən işləməli, daha doğrusu, təzədən yazmalı olacağam... İndiyə qədər yazdıqlarımın hamısını məhv edirəm, mənasız olmayacaqdır!"

Romanın qısa xülasəsi belədir: Eramızdan əvvəl 264-241-ci illərdə Roma ilə Karfagen arasındakı birinci müharibədə karfagenlilərin məğlubiyyətindən sonra şəhərə qayıdan muzdlu əsgərlər onlara vəd edilən pulu ala bilməyiblər və Karfageni təhdid etməyə başlayırlar. Buna görə muzdlu əsgərlərin başçısı liviyalı Matho və onun köməkçiləri ilə əvvəlcə karfagenli general Hannon, daha sonra böyük hökmdar Hamilkar arasında qanlı və dəhşətli savaşlar baş verir.

Karfagenin müdafiəsi üçün bir yerə yığılan muzdlu əsgərlər Hamilkarın bağlarında bir ziyafət üçün toplaşıblar. Bu muzdlu əsgərlərin içində liquryalılar, lusitaniyalılar, Şimali Afrikadan gələn köçəri barbarlar, romalılar, yunanlar, qaliyalılar və misirlilər də var. Orduya cəlb edilmiş bu minlərlə döyüşçü üçün Karfagenin Yaşlılar Məclisi ziyafət hazırlayır. Lakin bu əsgərlərin xeyli hissəsi narahatdır. Aralıq dənizindən buralara qədər sürən bir çox savaşda iştirak ediblər, bezdirici savaşlardan, hətta məğlubiyyətlərdən sonra sağ qalan əsgərlərin hər biri Karfagenin vəd etdiyi pulu ala bilmədikləri üçün nifrət püskürürlər. Buna baxmayaraq, sevdikləri sərkərdələri Hamilkar, onlara maaşlarının veriləcəyini vəd edib, amma maaşlar hələ də ödənilməyib. Bir az zamana ehtiyac olduğunu bildirən Hamilkarın özü isə Barka səfərindən hələ də qayıtmayıb. Buna görə də, hələ ki, vədini yerinə yetirə bilməyib. Belədə muzdlular üsyan edərək Hamilkarın sarayını yağmalamağa başlayırlar. Bunu görən Hamilkarın qızı, Karfagen rahibəsi Salambo ortaya çıxır və onları azarlayır. Vəhşi əsgərlər onun sözlərini başa düşməsələr də, qızın gözəlliyi hər birini öz təsirinə salır. Xüsusilə liviyalı nəhəng Mathonu öz təsirinə salır. Matho və Salambodan təsirlənən digər döyüş öndərləri üsyanın yatırılmasına nail olurlar. Həyəcanlı döyüş səhnələri üzərində qurulan romanın ən təsirli cəhəti də məhz Salambo ilə Matho arasındakı könül əlaqəsidir. Beləliklə, tarixi əsərdən əlavə, romantik təhkiyəsi ilə diqqəti cəlb edən təsirli bir əsər ortaya çıxıb.

Muzdlu əsgərlər ziyafətdən sonra Karfagendən çıxmağı qəbul edirlər, ancaq pullarının ödənilməsi barədə bir çoxu hələ də şübhəlidir. Şəhərdən uzaqlaşsalar da, Matho və dostu Numidian Karfagen qalasının divarları altında düşərgə salıb gözləyirlər.

Karfagendəki Tanit məbədində göydən düşmüş bir sehrli örtük vardır və Məhəbbət İlahəsi bu örtüyə bürünüb. Həmin örtük Karfagenin ən böyük mənəvi xəzinəsi olaraq qəbul edilir. Yunan qul Spendius Salamboya aşiq olan Mathoya müqəddəs örtüyü oğurlamağı məsləhət görür. Qul və Matho su borularının içindən keçərək Karfagenin Ay Tanrıçası Tanit Məbədinə çatıb müqəddəs örtüyü - müqəddəs duvağı oğurlayırlar. Dövlətin mistik gücünü daşıyan bu örtük Karfagen və Salambo üçün xüsusilə əhəmiyyətlidir. Müqəddəs duvağı ələ keçirən Matho bunun sayəsində üsyankar ordunun liderinə çevrilir. Bu əsnada Hamilkar şəhərə qayıtmış və Karfagenin digər əsgərlərini də qaydaya salmışdır.

Alacağı pulu unudan və artıq əsl məqsədi Salamboya sahib olmaq olan Matho muzdlu əsgərləri Karfagenə qarşı döyüşə kökləyə bilir. Tanit məbədinin böyük rahibi Şahabarim Karfagenin xilası və Tanitin müqəddəs örtüyünü geri gətirmək üçün Salambonu Matho ilə görüşməyə razı salır. Beləliklə, Salambo öz həyatını və saflığını təhlükəyə ataraq Mathonun çadırına qədər gedir, gecəni onunla birlikdə keçirir. Gözəlliyi ilə liviyalını sehrləyən Salombo Matho yatarkən müqəddəs duvağı götürərək ona bələd olan gizli yollarla Karfagenə qayıdır.

Bundan daha da qəzəblənən Matho və muzdlu əsgərlər Karfageni məğlub etməkdə qərarlıdırlar. Hamilkar da boş dayanmır. Üsyançıların içərisindəki başqa bir sərkərdə Nar Havas və Nümidian süvariləri ilə razılığa gələrək üsyançıları iki yerə parçalayır. Qızı Salambonu Nar Havasa verəcəyini bildirən Hamilkar üsyançıların üstünə yürüş edir. Karfageni əlinin içi kimi tanıyan yunan qul Spendius su borularını deşərək şəhərin su ehtiyatını yox edir. Çətin vəziyyətdə qalan Karfagenin idarəçi qocaları mühasirədən can qurtarmaq üçün məsum cavanları əsəbi Tanrı Molokun tonqalına atmağa başlayırlar. Hamilkar Nümidian süvariləri ilə mühasirəni yararaq üsyançıları şəhərdən uzaqlaşdırr. Aclıqdan da məhv olan Matho və əsgərləri məğlub olur. Əsir götürülən Matho hər yerindən qan axa-axa yaralı vəziyyətdə Salambonun hüzuruna gətirilir.

Romanı oxuyarkən muzdlu əsgərlər, eşq, xəyanət, insan davranışlarının ən kiçik nüanslarına qədər təsvir edilməsi, hadisələrin real təsviri, tarixi prosesləri göz önündə canlandırmağı olduqca asanlaşdırır. Döyüşün bütün qanlı məqamları ilə davam etməsinə baxmayaraq hiss edilən sevgi, aşiqlərin vüsalı və savaşın bitməsi ilə kitabın kədərli yekunu həqiqətən oxucunu öz təsirində saxlaya bilir. Mathoya aşiq olduğu hiss edilən Salambo qarşısında yaralarından qan axa-axa diz çökmüş sevdiyinə baxarkən onun çadırında yaşadığı ehtiraslı dəqiqələri və qulağına fısıldanan sözləri xatırlayır. Yerə yıxılıb can verən üsyankar sərkərdənin ölüm anında əri Nar Havasın qələbə şərəfinə əlindəki piyaləni yuxarı qaldırmasından sonra Salambo da şərab qədəhini birnəfəsə başına çəkir və taxtın üzərinə yıxılaraq can verir. Flobertin romanın ən sonunda yazdığı kimi, Tanitin müqəddəs örtüyünə toxunduğuna görə Hamilkarın qızı ölür.

Roman maraqlı mövzusu, qeyri-adi hadisə ortaya qoyma bacarığı, qədim mədəniyyətlərə xas olan xüsusiyyətləri və diqqətçəkən detalları ortaya qoya bildiyinə görə müəllifin uğuru kimi qiymətləndirilə bilər. Ümumiyyətlə, müəllif zövqlə oxunan bu tarixi romanda olduqca fərqli ampuladadır. Belə ki, həddindən artıq detallara yer verib, məkan, obraz və gündəlik həyat təsvirləri olduqca çoxdur. Bəzən hədsiz incə məqamlara görə romandan qopduğunuzu belə düşünə bilərsiniz. Yazıçı bu tarixi romanı qələmə alarkən, sanki "heç bir nöqtəni diqqətdən qaçırmamışam" demək istəyir və oxucunu buna inandırmağa çalışır. "Yatağa uzananda da cümlələrim, romalıların yolları inlədən at arabaları kimi beynimdə səs-küy qoparır" deyərək iyirmi dörd saatını da ədəbiyyata həsr etdiyini dilə gətirən yazıçı roman üzərində işləmək üçün Kafagen haqqında yüzdən çox elmi məqalə oxuduğunu bildirir. Buna görə də, Floberin romanda istifadə etdiyi hər detalın tarixi bir qaynağı vardır. Geyimlər, məişət əşyaları, din, silahlar, yeməklər, memarlıq təsvirləri, əsgərlərin hərəkətləri - hər biri həqiqətdir. Təsadüfi deyil ki, digər dahi fransız yazıçısı Aleksandr Düma yazır ki, "Flober bir divdir ki, bir qutu düzəltmək üçün bir meşəni məhv edər".

 





26.10.2020    çap et  çap et