525.Az

"Ay qızım, sənin Ağdamda nə işin var?" - Rüxsarə Cumayeva ilə müsahibə


 

HƏRBİ TİBB BACISI, BAŞ ÇAVUŞ RÜXSARƏ CUMAYEVA: "TUTU ADINI MƏNƏ ƏFSANƏVİ KOMANDİR, MİLLİ QƏHRƏMAN ŞİRİN MİRZƏYEV VERMİŞDİ"

"Ay qızım, sənin Ağdamda nə işin var?" - <b style="color:red">Rüxsarə Cumayeva ilə müsahibə </b>

- Ruxsarə xanım, əvvəlcə özünüz haqqında qısaca bizə məlumat verərdiniz.

- Mən Cumayeva Rüxsarə Bayraməli qızı Zaqatala rayonunun Bəhmədli kəndində dünyaya göz açmışam. Orta məktəbi də orada oxumuşam. 1986-cı ildə universitetə qəbul olduqdan sonra hamı kimi Bakıya oxumağa gəlmişəm. Tələbə olduğum dövrdə Taxıl məhsulları kombinatında nəzarətçi işləmişəm. İkinci kursda oxuyanda isə Meydan hərəkatında iştirak etdiyim üçün həm işdən, həm də universitetdən qovulmuşam. Mən 1988-ci il noyabrın 17-dən dekabrın 5-dək meydanda olmuşam. Daha sonra könüllü olaraq hospitallarda tibb bacısı kimi çalışmışam. 1991-ci ildən 1994-cü ilə qədər baş çavuş kimi cəbhədə xidmət eləmişəm.

- Müharibə ilə yolunuz necə kəsişdi?

- Hospitalda işlədiyim dövrdə hospitala yaralı uşaq gətirdilər. Uşağın adı Elçin idi. On üç-on dörd yaşı olardı. Səhv etmirəmsə, Laçında yaralanmışdı. Həkim məni çağırıb deyəndə ki, Elçinin qolu kəsilməlidir, dayana bilmədim. Dedim ki, o uşağın qolu kəsildikdən sonra oyanıb sual verməyəcəkmi ki, mən anamı, bacımı, sevgilimi necə qucaqlayacam? Bu hadisədən sonra komandirə dedim ki, mən artıq bu amputasiyalara dayana bilmirəm. Madam ilk yardım edə bilirəm, icazə verin, Ağdama gedib bu yardımları orada edim. Yadımdadır, Ağdama qatarla gedəndə qatarda olan qadınlar mənə dedi ki, ay qızım, gözəl-göyçək qızsan, atanın-ananın gözünü yolda qoyacaqsan, nə işin var axı sənin Ağdamda? Mən də cavab verdim ki, sən getmə, mən getməyim, o getməsin, bu getməsin, bəs vətəni kim qoruyacaq? Onlar mənə cavab verə bilmədilər.

- Bəs ailəniz necə, onlar sizi yolunuzdan döndərməyə çalışdımı?

- Mən vətənpərvər ailədə böyümüşəm. Ona görə də ailəm məni başa düşürdü. Mənim babam İkinci Dünya müharibəsində Krımda şəhid olub. Nənəm çox vətənpərvər qadın idi. O vaxt  "pambıqsırıqlılar" deyirdilər. Nənəm də onlardan idi. Müxtəlif şeylər tikib, toxuyub Leninqrada, Stalinqrada göndərirdi. Anam ölənə qədər bizim evdə İkinci Dünya müharibəsindən, Əfqanıstan müharibəsindən danışılıb. Bir sözlə, ailəm özü də vətənpərvərlik hisslərindən uzaq olmadığı üçün məni başa düşürdü. İndi isə mən özüm vətənpərvər bir qız böyüdürəm.

- Bəs Tutu adını sizə kim verib?

- Fərrux dağı ətrafında qızğın döyüşlər gedirdi. Mən də ordayam. Bu vaxt ora Şirin Mirzəyev gəldi. Məni görəndə düşündüm ki, qovacaq. Yanına çağırıb dedi ki, mən sənə demədimmi kazarmadan çıxma. Burda nə gəzirsən? Heç nə demədim. Bu vaxt Allahverdi adlı bir hərbçi dedi ki, komandir, baxın, bura qədər olan yaralıların hamısını Rüxsarə yola salıb. Şirin Mirzəyev əvvəlcə heç nə demədi. Daha sonra üzünü mənə tutub, deməli, sən filmdəki Ağcanı xilas edən Tutusan, indi tanıdım səni. İndi də gəlmisən əsgərləri xilas etməyə. Beləcə, mənim adım qaldı Tutu.

- Müharibədə güllə altında soyuqqanlı davranmaq, özünü itirməmək də xarakterin möhkəmliyindən xəbər verir. Bu, sizdə müharibə dövründə formalaşıb, yoxsa?

- Bilirsiniz, necədir? Mən düşünürəm ki, insanın alnına nə yazılıbsa, o da olmalıdır. Ölüm sənin qismətində varsa, o, səni yaxalamalı olduğu yerdə yaxalayacaq. Ondan qaçmağın mənası yoxdur. Həmişə döyüşlərə girəndə bunu düşünmüşəm. Heç indi də elə bir qorxum yoxdur. Tez-tez cəbhə bölgəsinə gedib-gəlirəm. Nə güllədən, nə də mərmidən qorxuram. Söhbət açılmışkən, bir məqama toxunum. O günlərdə əsgərlərin yanından evə qayıdanda bir anlıq üşüdüyümü hiss edib dedim ki, qapını bağlayın. Sonra dediyim sözü tez geri götürdüm ki, yox, qapını bağlamayın. Utandım. Utandım ki, mən evin içərisində üşüyürəmsə, səngərdə olan əsgər nə edir görəsən? Bu yaxınlarda sosial şəbəkələrdə bir şeir oxudum. Şeirdə deyilirdi ki, payız, gəlməyə tələsmə. Sanki mənim duyğularımdır. Səngərdə olan hər əsgəri düşünürəm. Biz onlara borcluyuq. Yaşasın, Azərbaycan əsgəri.



- Bəs bu dəfə Qarabağ müharibəsinin başladığını eşidəndə hansı hisslər keçirdiniz?

- Müharibə başlayanda mən Türkiyədə idim. Müalicə üçün getmişdim. Xəbəri ilk dəfə türk televiziyasından eşitdim. Həmin vaxt vəziyyətim yaxşı olmadığı üçün həkim mənə Türkiyədə Qarabağla bağlı təşkil olunan mitinqlərə getməyə icazə vermədi. İki mitinq buraxdıqdan sonra dözə bilmədim. Üçüncü mitinqə getmək üçün həkimdən xahiş etdim ki, həmin gün vurulmalı olan iynələri vurmasın. Birtəhər həkimi razı salıb mitinqə gəldim, orada çıxış etdim. Hələ Tovuz döyüşləri zamanı həm qızım, həm də mən hərbi səfərbərliklə bağlı müraciət etmişdik.

- Torpaqlarımız işğaldan azad olunan gün hansı xəyalınızı gerçəkləşdirmək istəyərsiniz?

- Mən Ağdamda xidmət eləmişəm. O vaxt Habil adlı bir əsgərim mənə üç bənövşə vermişdi. Həmin bənövşələrin boynu bükük qalmışdı. Arzumdur ki, torpaqlarımız işğaldan azad olunan gün Qarabağda bənövşə əkim.

Aytac SAHƏD

 





27.10.2020    çap et  çap et