525.Az

"Ali Baş Komandanımız bizi qələbədən-qələbəyə aparır" - Müsahibə


 

ƏSLƏN CƏBRAYIL RAYONUNDAN OLAN DOSENT ƏZİM ƏLİOĞLUNUN FİKRİNCƏ, ÖLKƏMİZDƏ RƏHBƏR-XALQ-ORDU BİRLİYİ ÖZÜNÜN ƏN GÜCLÜ DÖVRÜNƏ QƏDƏM QOYUB

"Ali Baş Komandanımız bizi qələbədən-qələbəyə aparır" - <b style="color:red">Müsahibə</b>

Sentyabrın 27-dən başlanan və şanlı ordumuzun zəfərlərilə davam edən Vətən Müharibəmiz işğaldan azad olunan kəndlər, rayonlarla birgə minlərlə insanın 30 ilə yaxın müddətdən sonra öz yurd-yuvalarına qovuşması, vətən həsrətinin bitməsi deməkdir.

Ətrafımızda bu sevinci yaşayan insanları gördükdə onların xoşbəxtliklərinə ortaq olur, bu gözəl duyğuları bizə yaşadanlara - Ali Baş Komandan İlham Əliyev başda olmaqla, ordumuza, əsgər və zabitlərimizə minnətdarlıq duyuruq.

İşğaldan ilk azad edilən və böyük qələbənin müjdəçisinə çevrilən rayonumuz Cəbrayıl oldu. Müsahibimiz psixologiya üzrə fəlsəfə doktoru, Azərbaycan Dillər Universitetinin Psixologiya Kafedrasının dosenti Əzim Əlioğlu da bu sevinci ilk yaşayan cəbrayıllılardandır. Onunla həm bu duyğularını, həm də vətən müharibəsiylə bağlı fikirlərini paylaşmaq üçün söhbətləşdik.  

***

- Əzim müəllim, öncə Cəbrayılın işğaldan azad olunması münasibətilə sizi təbrik edirik. Duyğu və düşüncələrinizi öyrənmək istərdik.

- "Qarabağ Azərbaycandır!" Bu, günün ən çox işlədilən və ən çox eşidilən kəlamıdır! Yəni hər kəs tərəfindən qəbul edilən bir həqiqətdir ki, Qarabağsız Azərbaycan, Azərbaycansız Qarabağ ola bilməz.

Əvvəla, deyim ki, necə deyərlər, "hər bir şərdə bir xeyir var", yəni erməni terror dövlətinin növbəti təcavüzünə cavab olaraq 27 sentyabrdan başlanan torpaqlarımızın təmizlənməsi əməliyyatı Vətən müharibəsinə çevrilib, uzun illərdən bəri həsrətində olduğumuz, milli birlik, milli qürur hissləri ortaya qoyulub. Buna görə xalqın, millətin şərəf və ləyaqətinin yeganə təminatçısı olan Ordumuza, əsgər və zabitlərimizə, Ali Baş Komandanımıza təşəkkür etməliyik.

Bəli, Cəbrayıl rayonunun azad olunması hər bir cəbrayıllı üçün şad xəbərdir. Lakin bütün Azərbaycan xalqı üçün, bütöv Türk dünyası üçün Qarabağın, eləcə də mədəniyyət məbədimiz sayılan Şuşanın azad olunması XXI əsrin ən möhtəşəm xəbəri olacaq, İnşallah bu xəbəri də tezliklə eşidərik.

Təbii ki, mənim doğulub boya-başa çatdığım Göyərçin Veysəlli kəndinin azad olunması münasibəti ilə minlərlə təbriklər çatdırırlar, sevincimizə şərik olurlar. Hər kəsə öz təşəkkürümüzü bildiririk.

- Kəndiniz haqda danışaq bir az. Necə xatırlayırsınız oraları?

- Bakıdan gedən Zəngilan, Qubadlı, Laçın magistral yolu kəndimizin içindən keçir. Kəndimiz Xudafərin körpüsünün, Diridağın ətrafında yerləşir. Bu dağın qoynunda Mazan Nənə ziyarətgahı var. Hər il may ayının birində insanlar ora ziyarətə gəlirdilər, Diridağının başında Aşıq Qurbaninin qəbri yerləşir, bütün gənclər onu ziyarət edir, arzularına çatmağı diləyirdilər. Mazan Nənə ziyarətgahına enib hər kəs qurban kəsirdi, dağın döşü insanla dolurdu, hətta yer də olmurdu ki, oturmağa. Axşamüstü, yəni qayıdanbaş at yarışı olurdu. Mən elə bilirdim ki, yeni il burdan başlayır...

O qədər xoş xatirələr var ki! İnşallah yenidən o yerləri görmək və gəzmək nəsib olar. Qurbanlarımız kəsilər, normal həyat öz axarına dönər.

Bu qələbədə kəndimizin qururu olan şəhidlərimizdən Zakir Zalovun, Həbib Əliyevin, Zeynal Orucovun ruhlarının da şad olduğuna inanırıq.

- Xalqımızın hazırkı ruh halını necə dəyərləndirirsiz?

- Məni ən çox düşündürən bir telekadr oldu: cəbhə muxbiri Tərtərdə evi dağıdılan kişidən evinin vəziyyətini görüb, onun münasibətini, yaşadığı hissləri öyrənmək istəyəndə, cavab olaraq kişi heç nə olmamış kimi, "Allah dövlətimizi var etsin, Prezidentimizin canı sağ olsun, yenisini, bundan da yaxşısını tikib verəcək, təki Vətən sağ olsun" - dedi. Bilirsiniz, burada millətin psixoloji durumu aydın görünür: ölkəmizdə rəhbər-xalq-ordu birliyi özünün ən güclü dövrünə qədəm qoyub, dərin milli özünəinam hissi yaranıb. Bu hissi yaşayan xalq qələbəyə layiqdir!

Cəbrayılın, Hadrutun, Füzulinin və Zəngilanın alınması, Xocavənd, Ağdərə və Kəlbəcər istiqamətində bir çox strateji yüksəkliklərin və yaşayış məntəqələrinin azad edilməsi o deməkdir ki, qələbə yaxındadır.

Cənab Ali Baş Komandanımız hər zaman qeyd edir ki, "Bizim işimiz haqq işidir, bizim heç kəsin torpağında gözümüz yoxdur, biz bizim olanı təcavüzdən qurtarırıq, özümüzə qaytarırıq, ədaləti bərpa edirik". Zaman gələcək haqqı dananlar yəqin ki, Qələbə günündən sonra gözlərini, qulaqlarını açarlar. İnşallah, qalib gələrik və dünya yanımızda olar.

Bilirsinizmi, tarix bütün sərkərdələrə, şahlara, ölkə başçılarına öz tarixini yazmağa az da olsa bir şans bəxş edir və bəllidir ki, bunu bir çoxları obyektiv və subyektiv səbəbdən etmək imkanına malik olmurlar və ya olanı da olur, olmayanı da. Mən deyərdim ki, bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev özünəməxsus şəkildə şanlı bir tarix yazır. Bugünkü reallıq bunu deyir ki, Allah, tale, dövran belə bir imkanı hər rəhbərə nəsib etmir, yəni xalq, ordu, rəhbər üçlüyü bir vəhdət təşkil edir, bir cəbhədə yer alır, üstəgəl, düşməndən qat-qat üstün iqtisadi imkanlara malik olmaq çox şeyi həll edir. Bu da, şükürlər olsun, Prezidentimizin sayəsində bizdə var. Məlumdur ki, 30 il müddətində minlərlə soydaşımız, ata-babalarımız torpaq həsrətində, necə deyərlər, bir gözləri arxada qalaraq bu dünyadan köçdülər, əbədiyyətə qovuşdular. Allah yerlərini cənnət eləsin, indi ruhları rahatlıq tapar!

- Sizcə, bu gün əldə olunan qələbəmizin təməlində əsasən nə dayanır?

- Bu gün hər birimiz ürəklə deyə bilərik ki, Eşq olsun Azərbaycan dövlətinə, Azərbaycan Ordusuna və Azərbaycan xalqına! Var olsun Ali Baş Komandanımız! Şükürlər olsun, bu millətin Mübariz İbrahimov, Polad Həşimov, Şükür Həmidov vətən uğrunda tərəddüd etmədən canından keçən yüzlərcə qəhrəman övladları var. Əsgərlərimiz onların igidliyi və rəşadətinə tapınaraq əsl qəhrəmanlıq dastanı yazırlar, şəhidlərimizin qisasını alırlar, başımızı uca edirlər. Cəbhədən göstərilən kadrlardan görürük ki, ölüm-dirim savaşına girən, beş dəqiqədən sonra nə olacağını bilməyən əsgər və zabitlərimiz deyir: "Sizə təşəkkür edirik, cənab Ali Baş Komandanımız! Çox şükür ki, varsınız, bizə qisasımızı almağa, torpaqlarımızı qaytarmağa şərait yaratdınız! İlhamla irəli, Vətən uğrunda irəli!" Çox təmənnasız, səmimi, ülvi hisslərdi bunlar, canını Vətən üçün, qeyrət-namus üçün fəda etmək misilsiz duyğudur! Allah əsgərlərimizi qorusun!

Mən də 1992-1993-cü illərdə könüllü olaraq birinci Qarabağ döyüşlərində iştirak etmişəm. Çox təəssüflər olsun ki, həmin dövrlər ordumuz təchizat cəhətdən, eləcə də bir çox obyektiv və subyektiv səbəbləri nəzərə alsaq, çox zəif idi. Cəbhədə pərakəndəlik, özbaşınalıq torpaq uğrunda gedən döyüşlərdə öz sözünü deyirdi. Şükürlər olsun ki, indi bunlar yoxdur və hər cəhətdən düşməndən qat-qat üstünük. Mən hər zaman deyirəm, Azərbaycan xalqı çox mübariz və qəhrəman xalqdır. Bu yolda əzmli, müdrik bir komandana ehtiyacımız vardı, o da şükür, bu gün öz sözünü ən ali səviyyədə deyir! Qələbə bizimlədir! Qarabağ Azərbaycandır!

Şahanə MÜŞFİQ

 





27.10.2020    çap et  çap et