525.Az

İctimai iradə Ali Baş Komandanın iradəsi ilə tamamilə üst-üstə düşür


 

İctimai iradə Ali Baş Komandanın iradəsi ilə tamamilə üst-üstə düşür <b style="color:red"></b>

Sosial şəbəkədə yazılanlar 

Hikmət Hacıyev, Azərbaycan Respublikası Prezidentinin köməkçisi:

- Serj Sarkisyan Azərbaycanın mülki şəxslərinin öldürülməsində birbaşa iştirak edib. İndi özünü mələk və sülhsevər kimi təqdim etməyə çalışır. O, Azərbaycan üçün hərbi cinayətkar və uşaq qatilidir.

Təranə Şükürlü, filologiya üzrə fəlsəfə doktoru:

- Zəngilanda dünyada 2-ci, Avropada 1-ci olan Çinar meşəsi mövcuddur. 5 il öncə Zəngilan gəncləri ilə birgə Masazır qəsəbəsində çinar agacları əkdik. Sevgimizin gücünü, vətən həsrətini işğal günləri səpələyirdik. Sevgimiz çinarın kökləri qədər dərin idi. Azərbaycan ordusu Azərbaycanın sərvətini, qürurunu qaytardı. Sağ olsun, dəyərli Vətən oğulları! Ruhunuz şad olsun, əziz şəhidlərimiz!

Arif Hacılı, Müsavat Partiyasının başqanı:

- Əgər Ermənistan Xarici İşlər naziri Mnatsakanyanın dediyi kimi, Ermənistana Dağlıq Qarabağdan 90 min qaçqın gəlibsə, deməli, döyüş bölgəsində artıq mülki əhali yoxdur. Orada yalnız legitim hərbi hədəf olan silahlı qüvvələrin şəxsi heyəti qalıb. Beynəlxalq Birliyin, o cümlədən, ABŞ Dövlət Departamentinin rəhbəri M.Pompeonun əsas tələbi silahlı qüvvələrdən mülki əhaliyə qarşı istifadə edilməməsidir. İndi hərbi əməliyyatlar mülki əhalinin olmadığı ərazilərdə gedir. Bütün bunlara əsasən, ərazilərimizin tam olaraq işğaldan azad edilməsi üçün qarşımızda hər hansı siyasi və mənəvi baryer yoxdur. Hərbi baryerlər isə Azərbaycan Azadlıq Ordusu tərəfindən aradan qaldırılacaq.

Əziz Əlibəyli, Beynəlxalq məsələlər üzrə mütəxəssis:

- İkinci Selçuk Bayraktar çıxır meydana. Hazırladığı PUA-larla dünya silah sənayesinə 17 trilyon dollar zərər vuran Selçuk Bayraktardan sonra 13 yaşlı Mərd Delibalta inanılmaz bir dron kəşf edib. 1 metr hündürlükdən uçaraq basdırılmış minaların yerini tapan dronla Türkiyə dünya silah bazarının və hərbi gücünün lideri olacaq, deyəsən...

Səadət Məmmədova, jurnalist:

- Bəzi özündən müştəbeh Qərb media nümayəndələrinin Prezident İlham Əliyevlə müsahibəsinə baxanda adama elə gəlir ki, sualların bir qismini Paşinyan yazıb. Sualın qoyuluşundan başqa, həm də səsləndirilməsində ermənisifətlik, qərəz olur adətən... Hətta bəzən elə suallar olur ki, jurnalistin 30 illik münaqişədən xəbərsiz olduğu açıq görünür. Düz 27 gündür Ali Baş Komandanımız bunların vasitəsilə dünyaya cəsarətli və müdrik mesajlar verməklə yanaşı, həm də Qarabağ münaqişəsi, erməni xisləti haqda bu müxbirlərə dərs keçməklə məşğuldur....

Aslan İsmayılov, hüquqşünas:

- Həyatımın 31 ilini erməniliyi öyrənməyə, anlamağa çalışmışam. Bu günə qədər gördüyüm odur ki, bu ideologiya elə erməni xalqının özünü məhvə aparan, ağır bir xəstəlikdir. Bəli, bu gün mən də müharibənin əleyhinəyəm və qonşularımızla sülh şəraitində yaşamaq istəyirəm. Ancaq bunlarda olan ideologiya ilə bu, mümkün deyil. Bunlarla sülh şəraitində yaşamaq mümkün olmayacaq. Yenə sakitləşib qisas almaq barədə düşünəcəklər. Nasist Almaniyası kimi bunlar da hakimiyyət səviyyəsində bir xalq kimi etdiklərindən peşman olduqlarını, bu ideologiyanın insanlığa zərərli olduğunu və ondan imtina etdiklərini dünyaya bəyan etməmiş bunlarla sülh şəraitində birgə yaşayış mümkün deyil. Biz buna hazır olmalıyıq.

Erkin Qədirli, millət vəkili:

- Ermənilər Şuşadan bir toy şəklini paylaşıb sosial şəbəkələrdə yayırlar. Evlənənləri qoyaq bir qırağa. Toydur da, burada başqa nə məna ola bilər axı? Elə düşünməyin. Ermənilər rəmzlərə böyük önəm verirlər. Bu haqda bir dəfə yazmışdım (örnəklərlə). Ordumuzun Şuşaya yaxınlaşdığını bilən ermənilər, Şuşadan toy şəklini paylaşmaqla özlərinə təsəlli, bizə də acıq verməyə çalışırlar. Şuşanın işğalıyla nəticələnmiş əməliyyata "Dağlarda toy" adını qoyduqlarını unutmayın. Biz də gərək Şuşanı işğaldan azad edəcək əməliyyata uyğun bir ad qoyaq.

Etibar Əliyev, millət vəkili:

- Böyük alman filosofu Maks Şelerə görə müharibə dövlət üçün imtahandır və imtahanın gedişində aydınlaşmalıdır ki, həqiqətənmi dövlət ictimai iradəni ifadə edir! Müharibə insan obrazında bütövlük, ləyaqət və tutumu ortaya çıxaran həqiqət anıdır. Şelerə görə, müharibə adətən insanda gizlənənləri üzə çıxarır. Dövlətimiz bu çətin imtahanın gedişində ictimai iradəni ifadə etdiyini ortaya qoydu. O ictimai iradəni ki, Ali Baş Komandanımızın iradəsi ilə tamamilə üst-üstə düşür. Vətən müharibəmiz Tam və Qəti Qələbəmizlə başa çatacaq...

Elçin İlqaroğlu, Feysbuk istifadəçisi:

- Atası siyasi düha idi...

Oğlu sübut etdi ki, heç də atasından geri qalmır!

Atası dünyaca tanınan siyasi lider idi...

Oğlu daha da irəli gedəcək!

Heç şübhəsiz, kimlərdən bəhs etdiyimi anladınız...

Cənab Prezidentimizin Valday-2019 forumundakı çıxışını axtarıb tapdım və diqqətlə izlədim. Və anladım ki, Vladimir Putinin Valday-2020 forumunda Qarabağla bağlı fikirlərinin əsası məhz bir il öncəki o çıxışdan sonra qoyulub. Cənab Putinin Prezidentimizin çıxışını fikrini yayındırmadan necə diqqətlə izlədiyinə, üzündəki mimikaya fikir verin. Bir də o məqama fikir verin ki, Putin Qarabağla bağlı konkret mövqeyini nə zaman ortaya qoydu. İki ölkənin - Azərbaycan və Ermənistanın XİN rəhbərləri Amerikaya dəvət olunur. Və elə bu anda cənab Putin mövqeyini ortaya qoyur. Deyir ki, Azərbaycan torpaqları əbədi olaraq işğalda qala bilməzdi. O, bununla haqqın, yəni Azərbaycanın yanında olduğunu bütün dünyaya bəyan etdi.

Kim nə deyir-desin, Qarabağ qələbəsinin baş memarı cənab Ali Baş Komandanımızdır.

Yaşasın yenilməz Azərbaycan Ordusu!..

Yaşasın cənab Ali Baş Komandan!..

Qarabağ Azərbaycandır!..

Qismət Rüstəmov, şair:

- Bir-iki gün qabaq Fransa prezidenti Makronun dəstəyi, hətta təşviqi ilə dövlət binalarının üstünə "ifadə azadlığı" adı altında Məhəmməd peyğəmbərin karikaturalarını proyeksiya etdilər. Dünən Ərdoğan çıxışında dedi ki, Makronun psixoloji problemləri var, el dilində desək, başı qaçıb. Fransa tezbazar Türkiyədəki səfirini geri çağırdı. İndi polemika başlayıb: ifadə azadlığı deyibən peyğəmbərin karikaturasını çəkmək olar, amma "Makronun psixoloji problemləri var" demək olmaz? Sən məni söyəndə ifadə azadlığı olur, mən sənə cavab verəndə hüququn aliliyi? Ümumiyyətlə, fransızlar son illərdə qəribə şəkildə acıqlıdırlar, məsələn, Nyu-Yorkun mədəni mərkəz statusunu Parisin əlindən almasını həzm edə bilmirlər - bu haqda Paskal Kazanovanın "Dünya ədəbiyyatı respublikası" adlı gözəl bir kitabı var. Son 20 ildə Fransada aqressiv proza artmağa başlayıb, ingilis Culiyan Barnsın fransız Mişel Uelbeklə bağlı yazısını tərcümə etmişdim ("Mişel Uelbek və ümidsizlik günahı"). Barnsın yazısından aydın olur ki, deyilməyənləri, ört-basdır edilənləri yazmağı sevən Uelbekin nəsrindəki başqa xalqlara, başqa dinlərə olan nifrət təkcə öz fikri deyil. İş o yerə çatır ki, inancsız Barns essesinin adında da, finalında da Uelbeki yeddi günahdan biri sayılan ümidsizlikdə ittiham edir.

Belə-belə işlər...

Xaqani Səfəroğlu, jurnalist:

- Prezidentlə müsahibə alan ABŞ-ın Fox TV kanalının jurnalisti Qreq Palkot sıradan biri deyil. Qaynar nöqtələrdən reportaj hazırlayıb. Beynəlxalq terrorizmlə bağlı çoxlu reportajları var. Yaxın Şərqi yaxşı tanıyır. 11 sentyabrdan sonra ABŞ-ın Əfqanıstana və İraqda apardığı müharibəni işıqlandırıb. Dəniz piyadaları ilə birgə Fəlluca şəhəri uğrunda döyüşlərdə olub. Səddam Hüseynin gizləndiyi quyuya düşən ilk reportyordur. Ben Ladenin gizləndiyi villasında olub, Qəddafini onun gözü önündə öldürüblər. Ukraynada müharibəni işıqlandırıb. 3 dəfə "Emmi" mükafatını alıb. Belə baqajlı adamın Qarabağ münaqişəsinin mahiyyətindən xəbərsiz olması qeyri-mümkündür....

Qubad İbadoğlu, iqtisadçı alim:

-  Qubadlının qələbə sevincinin dadını çıxarmamış okeanın o tayından yeni xəbər gəldi. Bu dəfə də Tramp tərəfləri atəşkəsə çağırdı. Ermənilərin ABŞ-da əli uzundur, görünür ki, Pompeodan istədiklərini ala bilmədikdən sonra daha yuxarıya çıxış tapa bildilər. Trampa Tvitterdə bunları yazdırmağa nail oldular: "Mən gecəyarısı qüvvəyə minən atəşkəsə riayət edilməsinə razılıq verən Ermənistanın baş naziri Nikol Paşinyanı və Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edirəm. Çoxlu insanın həyatı xilas olacaq. Komandamla fəxr edirəm". Bu tvitdən açıq görünür ki, mesaj daha çox seçkidə ermənilərdən səs almaq üçün verilib.

ABŞ-da seçkiyə 1 həftə qaldı. Bu həftə ən kritik həftədir, həm Trampın, həm də Baydenin yeganə marağı noyabrın 3-ə təyin olunan seçkini nə yolla olur-olsun udmaqdır. Bunu onların arasında keçirilən final debat da çılpaqlığı ilə göstərdi.

Rusiya və Fransadan sonra eyni məzmunlu çağırışın ABŞ-dan gəlməsi məsələni bir az da qəlizləşdirir. Cənubi Qafqazda Rusiyanın edə bilmədiyini ABŞ edəcəyini gözləməyə dəymir. Xüsusilə də Rusiyadan gözləntiləri doğrulmayan Ermənistanın istədiyini Qərbdən alması Putin hakimiyyətinin marağında olmayacaq. Ona görə də böyük ehtimalla, Rusiya ermənilər vasitəsilə atəşkəsin pozulmasına nail olacaq.

Azərbaycana gəlincə, xilaskar ordumuz ermənilərin atəşlərini cavablandırmaq məcburiyyətində qalacaq. Ona görə də atəşkəsə nail olunacağına inanmıram.

Yeri gəlmişkən, onu da qeyd edim ki, Qarabağ müharibəsi tarixində 15 dəfədən çox atəşkəs razılaşması olub, yalnız 2 dəfə - 1994-cü il may və 2016-cı il aprel aylarında - əməl olunub. Hər ikisində də Azərbaycan tərəfi birtərəfli qaydada atəşi dayandırıb, qalan vaxtlarda isə atəşkəsi həmişə ermənilər pozub.

Növbəti danışıqlar oktyabrın 29-da olacaq. Həmin gün Cenevrədə Minsk Qrupunun həmsədrləri Azərbaycanın və Ermənistanın Xarici İşlər nazirləri ilə görüşəcək.

Bu arada bir sıra ABŞ siyasətçisinin Ankaraya Azərbaycana dəstəyi ilə əlaqədar sanksiya tətbiq etmə təhdidlərinə toxunan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib ki, "Türkiyə Azərbaycana dəstəyinə görə tətbiq edilə biləcək ABŞ sanksiyalarından qorxmur". O, çıxışını belə yekunlaşdıırb: "Ankaraya təzyiq Türkiyənin artan nüfuzunun nəticəsidir". İnşallah, tezliklə Azərbaycanın xilaskar ordusu Laçını və Kəlbəcəri də işğaldan azad edər. Hədəfdə onlardır. Yolları açıq və aydın olsun!

Azad Əliyev, jurnalist:

- 2003-cü ildə əsgərlikdə olarkən Şahdağda hücum təlimində olmuşam. Şərti düşməndən yüksəkliyi alıb orada möhkəmlənmək tapşırığı qoyulmuşdu taborumuzun qarşısında. O təlimin çətinliyi hələ də canımdan çıxmayıb. Ona görə Qarabağda dağlıq şəraitdə döyüşən əsgərlərimizin nə qədər çətinlik çəkdiyini çox yaxşı anlayıram. İnanın, oğlanlar orada həqiqətən tarix yazırlar. Köksüm qabarır onları düşündükcə!

 





27.10.2020    çap et  çap et