525.Az

Kinorejissor Petr Aqarunov 90 illiyində yad edilib


 

Kinorejissor Petr Aqarunov 90 illiyində yad edilib<b style="color:red"></b>

Tanınmış kinorejissor, mərhum Petr Aqarunovun 90 illiyi tamam olub. Bu münasibətlə yad edilən P.Aqarunovun Azərbaycan və keçmiş sovet məkanı mədəniyyətində özünəməxsus yeri var.

Petr (Xayım) Rafail oğlu Aqarunov 1930-cu ildə Qubada - Qudyalçayın sahilində yerləşən Qırmızı Qəsəbədə dünyaya gəlib.
 
Ümumittifaq Dövlət Kinematoqrafiya Məktəbini, həmçinin, Teatr İnstitutunu bitirib. 1960-cı ildən Dərbənd Xalq Dağ Yəhudiləri Teatrını yaradıb və bu teatrın direktoru olub. Bu teatrda "Pəri xanım", "Aşıq Qərib", "Əsli və Kərəm", "Leyli və Məcnun" kimi tamaşalar dağ yəhudilərinin dilində oynanılıb.
 
P.Aqarunov C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında və Azərbaycan dövlət televiziyasında 1984-cü ilədək çalışmış, daha sonra isə Tacikistanda fəaliyyətini davam etdirərək orada Tacikistan Kinematoqrafçılar İttifaqının katibi seçilib.

O, 150-dən çox sənədli, musiqili telefilmin direktoru, rejissoru və redaktoru, "Arşın mal alan", "Mən ki gözəl deyildim" kimi dörd tammetrajlı bədii filmin direktor müavini olub. P.Aqarunovun bu yöndəki əməyi "SSRİ Dövlət Teleradiosunun əlaçısı" döş nişanı ilə qiymətləndirilib.

1995-ci ilin martında könüllü olaraq İsrailə köçən P.Aqarunov son otuz illik fəaliyyəti ərzində dağ yəhudilərinin tanınmış nümayəndələri - alimlər, yazıçılar, dövlət mükafatçıları, istehsal sahələrinin rəhbərləri və digərləri, onların yaradıcı fəaliyyətləri haqqında məlumatlar toplayıb. Bu çətin iş, P.Aqarunovun belə xeyirxah əməyi onun doğma xalqının imicinin yüksəlməsində mühüm rol oynayıb. Çoxlu alimlər, müxbirlər, dağ yəhudiləri haqqında müxtəlif kitab müəllifləri onun dəyərli məlumat mənbəyindən uğurla yararlanıblar.

Azərbaycanın Milli Qəhrəmanı, əfsanəvi tankçı Albertlə eyni nəsildən olan P.Aqarunov ömrünün son illərində "Kafkazskaya qazeta" redaksiyasının işinə aktiv şəkildə qatılar, hərdən Qarabağ mövzusuna da müraciət edərdi.

Tanınmış kinorejissor və xalqının təəssübkeşi olan həmyerlimiz Petr Aqarunov 2006-cı ilin 16 oktyabrında İsrailin Hader şəhərində vəfat edib.

C.Alpoğlu Albantürk

 





27.10.2020    çap et  çap et