525.Az

Minsk Qrupunun həmsədrləri növbəti dəfə işğalçını necə müdafiə etdi?


 

Minsk Qrupunun həmsədrləri növbəti dəfə işğalçını necə müdafiə etdi?<b style="color:red"></b>

Məlum olduğu kimi, işğal edilmiş torpaqlarını bir-bir azad edən Azərbaycan xaricdən çoxsaylı təzyiqlərə məruz qalır.

Məqsəd Ordumuzun zərbələrindən acınacaqlı vəziyyətə düşən Ermənistanı xilas etməkdir. Bu təzyiqlərin birini bu günlərdə BMT Təhlükəsizlik Şurasında məsləhətləşmələr zamanı gördük. Təhlükəsizlik Şurasının daimi üzvləri, həm də ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri hazırladıqları bəyanat layihəsinə 1993-cü ildə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələrə istinadı daxil etməmişdilər. Üstəlik, onlar bir sıra ölkələrin həmin qətnamələrə istinadın mətnə salınması ilə bağlı təkidli mövqeyini də qəbul etmədilər.

Bu vaxta qədər Azərbaycan və Ermənistan arasında 10 və 17 oktyabrda olmaqla 2 humanitar atəşkəs barədə razılıq əldə edilib. Lakin hər iki humanitar atəşkəs Ermənistan tərəfindən pozulub.

25 oktyabr bəyanatının ilkin layihəsi indiki mətndən tamamilə fərqlənirdi. Azərbaycan tərəfi qəti mövqe nümayiş etdirərək açıqlamanın birtərəfli olmasının, yəni onun ancaq humanitar atəşkəs ilə məhdudlaşdırılmasının qarşısını almağa nail oldu. Bəyanatların özünə gəldikdə isə ilk olaraq vurğulanmalıdır ki, burada söhbət atəşkəsdən deyil, humanitar atəşkəsdən gedir. Bəyanatda yer alan atəşkəsin monitorinqi üzrə parametrlər məsələsi münaqişənin müffəsəl həlli prosesi ilə paralel getməlidir. Bu o deməkdir ki, Ermənistan qoşunlarının Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılması ilə bağlı konkret vaxt cədvəli müəyyən edilməlidir. Bəyanatda öz əksini tapmış "vaxt cədvəli" (timeline) ifadəsi məhz bunu nəzərdə tutur.

Eyni zamanda, atəşkəsin monitorinqi üzrə parametrlər Ermənistandan işğal olunmuş ərazilərə silah, canlı qüvvə daşınmasına nəzarət olunmasını da ehtiva etməlidir. Bu mənada həmsədrlərin bəyanatında yer almış məqamların geniş surətdə müzakirə olunmasına və razılaşdırılmasına ehtiyac var.

Baza prinsiplərini rədd edən, bir neçə gün öncə "Münaqişənin diplomatik həlli yoxdur" deyən Nikol Paşinyan artıq məcbur olub bu dəfə danışıqlar üçün ABŞ-a yalvarır. Artıq Paşinyan kompromislərdən danışır. Ancaq biz ilk dəqiqələrdən humanitar atəşkəsin Ermənistan tərəfindən pozulduğunu müşahidə edirik. Azərbaycan isə növbəti dəfə humanitar atəşkəsi pozan düşmənə qətiyyətli cavab vermək məcburiyyətində qalır. Ermənistana müxtəlif mənbələrdən silahların daşınması davam edir. Bu da onu göstərir ki, düşmən ölkə bu humanitar atəşkəsə da riayət etməyəcək.

Milli Məclisin deputatı Hikmət Babaoğlu hesab edir ki, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin 25 oktyabr tarixli bəyanatı əslində, humanitar atəşkəsdən daha çox işğalçı Ermənistanı xilas etməyə yönəlib. Deputatın sözlərinə görə, hazırda müzəffər Azərbaycan Ordusu işğal edilmiş torpaqlarımızı azad edir, qəhrəmanlıq nümayiş etdirir və bununla bir daha bütün dünyaya göstərir ki, bir qarış torpağımızı işğal altında qoymayacaq: "Bu, xalqımızın haqlı davasıdır, beynəlxalq hüquqla təsbit edilmiş haqqıdır, BMT Təhlükəsizlik Şurasının (TŞ) məlum 4 qətnaməsinin icra olunmasıdır. Haqqın, ədalətin bərpasıdır. Ədalət olmasa, əsla sülh olmaz. Belə bir vaxtda Azərbaycana qarşı ən müxtəlif səviyyələrdə təzyiqlərin olması, beynəlxalq təşkilatların, ayrı-ayrı dövlətlərin xüsusilə ATƏT-in Minsk Qrupunun dərhal atəşkəsə nail olmağa çalışması tərəf tutmaq deməkdir. Minsk Qrupunun missiyası ATƏT-in ona verdiyi mandata uyğun olaraq tərəfsiz olmaq və problemi sülh yolu ilə həll etməkdən ibarətdir. Ancaq bu missiyanı 28 ildir ki, yerinə yetirə bilməyən qurum indi nəinki problemin həllinə kömək etmir, tam əksinə, onun həll olunmamış qalması üçün yeni hüquqi baza yaratmağa çalışır. Əks təqdirdə, ATƏT-in Minsk Qrupunun həmsədri olan üç ölkənin eyni zamanda, BMT Təhlükəsizlik Şurasının beş daimi üzvündən üçü kimi bu qurumun 1993-cü ildə qəbul etdiyi qətnaməni heçə saymaq, onu yenisi ilə əvəz etmək cəhdlərini necə başa düşmək olar".

Deputat vurğulayıb ki, TŞ-nın qəbul etmək istədiyi yeni qətnamədə işğalçı Ermənistanın Azərbaycan ərazilərindən çıxarılmasını tələb edən qətnamələri yox etmək cəhdləri bunun əvəzinə yeni qərar qəbul etmək niyyəti birbaşa işğalçıya və işğala bəraət qazandırmaqdır: "Bu, həm də 30 ildə problemin nə üçün həll edilmədiyini izah edən ən yaxşı siyasi arqumentdir. Deməli, problemin həll olunmamış qalması həm də Minsk Qrupunun məqsədli fəaliyyətinin nəticəsidir, onlar bunu sadəcə olaraq həll etmək istəməyiblər. İndi isə atəşkəs əldə etmək istəyirlər. Axı sentyabr ayından indiyədək Azərbaycan və Ermənistan arasında 10 və 17 oktyabrda olmaqla 2 humanitar atəşkəs barədə razılıq əldə edilmişdi. Lakin hər iki humanitar atəşkəs Ermənistan tərəfindən pozuldu. Üstəlik, dinc əhalini gecə saatlarında ballestik raketlərdən atəşə tutmaqla. İndi Minsk Qrupunun həmsədrləri bu barbarlığı, hərbi cinayəti, terroru görməyiblərmiş kimi yenə də atəşkəs istəyir, Azərbaycana təzyiq edirdilər. Üstəlik, 25 oktyabr bəyanatının mətninə humanitar atəşkəs yox, birbaşa atəşkəs ifadəsi salmağa çalışırlar. Biz acı təcrübəmizdən bilirik ki, belə atəşkəs işğalçı Ermənistanı gücləndirmək, döyüş meydanında ona üstünlük yaratmaqla Azərbaycana təzyiqi artırmaq cəhdləridir. Ona görə də, xarici siyasət idarəmizin, diplomatiyamızın 25 oktyabr bəyanatına məhz humanitar atəşkəs ifadəsinin salınmasına nail olması olduqca vacib idi və belə də oldu. Həmsədrlər təzyiqi də, təsiri də işğalçı Ermənistana, humanitar atəşkəsi hərbi-hücum taktikasına çevirən işğalçıya etməlidirlər. Azərbaycan öz torpaqlarını işğaldan azad edəcək, heç bir iradə bir xalqın milli iradəsindən üstün ola bilməz".

PƏRVANƏ

 





27.10.2020    çap et  çap et