525.Az

Qubadlı ziyalıları Azərbaycan Prezidentinə müraciət ediblər


 

Qubadlı ziyalıları Azərbaycan Prezidentinə müraciət ediblər<b style="color:red"></b>

Əslən Qubadlı rayonundan olan bir qrup ziyalı Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevə müraciət edib.

Müraciətdə bildirilir ki, Ali Baş Komandanın rəhbərliyi ilə 27 sentyabrdan başlanan Qurtuluş savaşı hər gün yeni qələbələrlə xalqımızı sevindirir, vətəndaşlarımıza sonsuz ruh yüksəkliyi bəxş edir: "Bizim üçün Azərbaycanın hər qarış torpağı doğmadır, əzizdir. Ancaq etiraf edək ki, dünyaya göz açdığımız, 28 ildən bəri həsrət qaldığımız, əzizlərimizin cismi uyuyan Qubadlının yağı düşməndən azad edilməsi xəbərini sizin dilinizdən eşitmək, ekran-efirdə görüb izləmək bir özgə hissdir. Bizim həyatımızda, mənəvi dünyamızda Qubadlının başqa yeri var. Bu xoş xəbərin bəxş etdiyi duyğunu sözlə ifadə etmək çox çətindir. İnanırıq ki, tezliklə hər birimizin o torpaqları ziyarət etmək, o ellərə dönmək arzumuz gerçəkləşəcək. Xalqımız Laçın, Kəlbəcər, Şuşa, Xankəndinin də yağı tapdağından qurtuluş xəbərini Sizdən eşitmək arzusu ilə yaşayır".

Müraciətdə daha sonra qeyd olunur ki, bu zəfər yürüşü yalnız Azərbaycan Respublikasının Prezidenti və Ali Baş Komandanının siyasi iradəsi, qətiyyəti, güclü təzyiqlərə sinə gərib dəf edən zəkasının bəhrəsidir: "Bu qələbələr yalnız Sizin hərbi sərkərdəlik bacarığınız, Milli Ordumuza ilham, güc-qüvvət verən komandanlıq məharətiniz sayəsində gerçəkləşib. Sizinlə fəxr edirik. Ən böyük minnətdarlığımız sizədir. Xalqımızın milli qürur hisslərinin özünə qaytarılması, ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsi sizin adınıza yazılan əbədi şöhrət, şərəf-şandır. Uşaqdan böyüyə hər bir azərbaycanlının qəlbində bu gün bir İlham Əliyev sevgisi boy atıb, ucalıb. İşğaldan azad edilən hər bölgəmizin ən uca zirvəsində Sizin adınız, surətiniz əbədi heykəlləşəcək, çünki bunu yalnız Sizin kimi qüdrətli Prezident, Komandan reallaşdıra bilərdi. Azərbaycanı əsarətə baş əyməyən Xalqı, hərb meydanında  savaşmağı, döyüşməyi bacaran Ordusu ilə, bütün gücü ilə dünyaya tanıdan, qəbul etdirən Siz oldunuz. Hər zaman Sizinləyik, ölkəmizi işıqlı günlərə aparan siyasətinizi dəstəkləyənlərin ön sırasındayıq. Bizlərə bu sevincli və qürurverici günləri yaşatdığınız üçün Sizə sonsuz təşəkkürümüzü bildiririk.

Var olun, 100 yaşayın! Allah sizi, ailənizi qorusun, qalib Prezident, müzəffər Ali Baş Komandanımız!

Qarabağ Azərbaycandır!

Yaşasın bütöv Azərbaycan!"

 





27.10.2020    çap et  çap et