525.Az

"İkinci Qarabağ savaşı özgüvənimizi bizə qaytardı" - Müsahibə


 

PSİXOLOQ FƏRQANƏ MEHMANQIZI: "BİR MİLLƏT VƏ CƏMİYYƏT OLARAQ BİZİM MÜHARİBƏDƏN SONRA GÖRƏCƏYİMİZ ÇOX İŞLƏRİMİZ VAR"

"İkinci Qarabağ savaşı özgüvənimizi bizə qaytardı" - <b style="color:red">Müsahibə</b>

"Bu savaşın başqa dövrlərdəki müharibələrdən fərqi çoxdur. Biz bu gün iki cəbhədə savaşırıq: Qarabağ uğrunda Vətən savaşında və pandemiyaya qarşı mübarizə cəbhəsində. İndi bizim insan itirəcək şansımız yoxdur. Hər bir Azərbaycan vətəndaşı gələcəkdə vətəninə, xalqına sağlam gərəkdir. Ona görə də savaş qaydalarına əməl etmək lazımlı və vacibdir".

525.az-ın tibb səhifəsinin budəfəki mövzusu müharibə dövründə psixoloji problemlərlə bağlıdır. Mövzu ətrafında suallarımızı psixoloq Fərqanə Mehmanqızı cavablandırıb.

Müsahibəni təqdim edirik. 

***

- Müharibənin insanlara hansı psixoloji təsirləri olur?

- Ümumilikdə müharibə insan həyatına həm müsbət, həm də mənfi təsirlər edir. Bəli, qəribə səslənsə də, həqiqətən müharibənin bizə verdiyi bəzi müsbət dəyərlər də var.  Biz bu dəyərlərə vətəndaşların özgüvəni, toplum olaraq yumruq kimi birləşmək, savaş ruhuna köklənməyimiz kimi amilləri aid edə bilirik. Etiraf edək ki, müharibəyə qədər həm öz daxilimizdə, həm də xaricdə bizim aciz olmağımız barədə düşüncələr hökm sürürdü. Bu gün biz o düşüncələrdən təmizlənib nə qədər güclü olduğumuzu sübut edirik. Əminliklə deyə bilərik ki, İkinci Qarabağ savaşı özgüvənimizi bizə qaytardı.

Müharibələrin mənfi təsirlərinə gəldikdə, unutmamalıyıq ki,  hər bir insan qalibiyyəti, uğuru və uğursuzluğu öz xarakterinə uyğun yaşayır. Xüsusilə, bu gün döyüşdə olan əsgərlər sonradan evə geri döndükdə zamanla onlarda bu qalibiyyət duyğusu, eyforiya bitəcək. Bu şəxslər mülki həyata qayıdanda təbii ki, müəyyən psixoloji durumlar gözləniləndir. Çünki müharibədə hadisələr müxtəlif və çoxdur. Hər bir şəxsin özündə müharibəyə bir baxışı yaranacaq. Burada isə yük bir cəmiyyət olaraq bizim, əsasən də psixoloqların üzərinə düşür.

- Müharibənin və onun fəsadlarının uşaqların psixologiyasına, onların gələcək həyatına hər hansı qalıcı təsiri ola bilərmi?

- Təbii ki, uşaqlar yenə də həssas yerimizdir. Qeyd edim ki, biz böyüklər müharibəni, şəhidləri, əsgərlərin qəhrəmanlıq hissini necə yaşayırıqsa, uşaqlara da elə çatdırırıq. Əgər biz müharibəyə ah-vayla yanaşsaq, düşüncəmizdə orada savaşdır və yaxınlarımızı itirəcəyik deyə baxsaq, əlbəttə, uşaqda da ölüm qorxusu və fobiya yaranacaq. Amma bunun əksinə, savaşa güc, qalibiyyət rəmzi kimi yanaşsaq, vətənin bütövlüyü kimi baxsaq, bu, övladlarımıza da həmin formada sirayət edəcək.

Digər məsələ şəhidlərimiz və onların övladlarıdır. Unutmaq olmaz ki, bu gün sakit yaşadığımız Bakı da bir zamanlar igidlərimizin qanı bahasına xilas edilib. Biz türk milləti olaraq həmişə vətənimizi qanımızla, canımızla qorumuşuq. Şəhidlər bizə torpaq qədər əziz və müqəddəsdir. Əlbəttə, onların övladları da bizlərə Vətənimizin əmanətidir. Ona görə də bu uşaqlarla dövlətin nəzarətindəki qurumlar çox ciddi məşğul olmalı, onlara psixoloji dəstək verilməlidir. Bu dəstək elə qurulmalıdır ki, onların zədə almış psixoloji durumlarını normala döndərsin, şəhidliyi itki kimi deyil, uca bir məqam kimi, qürur kimi qəbul edə bilsinlər. Biz məsələni nə qədər doğru şəkildə təlqin etsək, onlar o qədər çox qürur duyacaq, doğmalarının başqa insanlardan daha üst mərtəbədə olduğunu anlayacaqlar.

- Müharibədə valideynlərini və ya sağlamlıqlarını itirmiş uşaqların psixoloji reabilitasiyası mümkündürmü? Bunun hansı yolları var?

- Əlbəttə, mümkündür. Mən bunu xüsusilə ermənilərin Gəncədə törətdiyi terror üzərindən izah etməyə çalışacağam. Bilirsiniz, bu gün Qarabağda döyüşən əsgərlərin psixologiyası digər insanlara nisbətən fərqlidir və daha dayanıqlıdır. Ancaq dinc insanların gözləmədiyi terrora tuş gəlməsi, daş xarabalığın altında qalması onların hamısında, xüsusilə uşaqlarda çox böyük problemlərə yol açır. O uşaqlarda hər an həmin hadisəni yenidən yaşayacaqmış kimi bir hiss - posttravmatik sindrom yaranmaq təhlükəsi var. Uşaqların psixologiyası bu qorxudan xilas edilməsə, bu, gələcək üçün daha böyük problemlərə yol aça bilər.  Belə şəxslərlə gələcəkdə işləmək lazımdır yox, artıq işləməyə başlamaq labüddür. Artıq müvafiq qurumlar bu işlə məşğul olmalıdır .

- Müharibə zamanı və müharibədən sonrakı psixoloji vəziyyət xüsusilə əsgərlərdə eyni olmur. Cəmiyyət olaraq narahat olmalıyıqmı, hansı problemlərlə üzləşə bilərik?

- Ümumiyyətlə, anlamalıyıq ki, müharibə bitdikdən sonra hər şey yüz faiz möhtəşəm olacaq deyə, bir şey yoxdur. Əlbəttə, cəmiyyətdə müəyyən psixoloji təzadlar da olacaq. Uşaqlarda qeyd etdiyim hallar cəbhədən sağ-salamat qayıdan hərbçilərimizə də aiddir. Misal üçün, onlarda bu hadisələr yuxu pozğunluğu və yuxudan təşviş içində ayılma halları ilə müşahidə oluna bilər. Bu, onların sanki həmin hadisələri yenidən yaşaması hissi ilə bağlıdır. Ancaq buna təhdid demək doğru olmaz. Sadəcə, qarşısı zamanında alınmasa, yardım tədbirləri həyata keçirilməsə, bu hallar müxtəlif problemlərə də yol aça bilər. Belə deyək, əlində silah cəbhə yoldaşının şəhid olduğu anı yaşayan biri müharibədən sonra onun stressində olur. Əlavə olaraq, cəmiyyətdə də bir gərəksiz yaşıdını görəndə, vətənə, millətə laqeyd şəxslə qarşılaşanda onlarda aqressiya yarana bilər. Həqiqətdir ki, cəmiyyətdə müxtəlif psixoloji durumda olan insanlar var. Hətta dinc əhali olan bizlər də laqeyd insanlara qarşı cəmiyyət olaraq aqressivik. Bu gün heç bir insanın məsuliyyətsizlik etməyə ixtiyarı yoxdur. 

- Qeyd etdiyiniz psixoloji dəstək hansı formada olmalıdır? Təklifləriniz varmı?

- Bunun üçün təkliflər planı hazırlanmalı, müvafiq qurumlar məşğul olmalıdır. Məsələyə psixoloji yanaşma ortaya qoyulmalıdır, nəticəyə uyğun individual və qrup terapiyaları aparılmalıdır. Amma hər bir qurum - istər QHT-lər, istər digər təşkilatlar - bu prosesin içində olmalıdır. Bu məsələdə həssas davranmalıyıq. Mən açıq deyəcəm, elə yox ki, hər hansı bir təşkilat dövlətə layihə versin  və bununla bağlı müəyyən maliyyə dəstəyi alıb, loru dillə desək, başdansovdu iş görsün. Bu iş üçün belə ucuz əməllərə yol vermək olmaz. Düşünürəm ki, bu dəstək prosesi bizdə çox zaman almayacaq. Çünki biz müharibənin qalib tərəfiyik və bunun da müsbət psixoloji təsirləri olacaq. Bizim bir millət və cəmiyyət olaraq müharibədən sonra da görəcəyimiz kifayət qədər işlərimiz var. Azad olunan torpaqlarımız o qədər gözəl qurulacaq, abadlaşacaq ki, hətta Qarabağdan olmayan da  o yerlərə köçmək istəyəcək. Sadəcə, bu gün müharibə şəraitinə uyğun olaraq, belə bir psixoloji durum var, bəzi insanlar düşünür ki, orada həyat sığortası yoxdur.

- Müharibə, soyqırımlar və s. Bunlara şahidlik etmələri, yaxud haqqında məlumatlı olmaları uşaqların gələcəkdə cəmiyyət üçün təhlükəli fərd kimi yetişmələrinə yol aça bilərmi?

- Mən burada həmişə bir məsələyə qarşı çıxmışam. Adətən məktəb dövründə uşaqlara qan yaddaşımızı, Xocalı soyqırımını, 20 Yanvar hadisələrini yalnız ölüm kimi, əzgin ruhda təlqin edirdilər, yəni məsələnin mahiyyəti qalırdı qıraqda və bizdə erməni xofu yaradılırdı. Bu yol yanlış idi, biz əzilmiş və qorxaq millət deyilik. Təbii ki, öyrədilmə prosesində istisnalar mövcud idi. Amma bu metodlar uşaqlarda böyüyəndə qəddarlıq kimi hisslər deyil, daha çox qorxu hissi yaradırdı. Bu gün qəhrəmancasına savaşanlar bəlkə də, o yanlış təbliğata nifrət edənlərdir. 

Son olaraq mən xüsusən xalqımıza demək istəyirəm ki, emosiyalara qapılmayaq və qaydalara əməl edək. Bu qaydalar bizim həyatımız, sağlamlığımız üçündür. Biz bu qaydalara cəmiyyət olaraq emosiyalarımızı qorumaqdan başlamalıyıq.

Afaq RZA

P.S. Psixoloq Fərqanə Mehmanqızı ilə əlaqə telefonu:

(051) 577-70-07

 





28.10.2020    çap et  çap et