525.Az

"Dialoqla bağlı bugünkü təşəbbüslər əvvəlkilərlə müqayisə oluna bilməz"


 

AMİP SƏDRİ ARZUXAN ƏLİZADƏ: "SAVAŞ APARAN HƏR BİR ÖLKƏNİN ƏN BÖYÜK SİLAHI DAXİLİ HƏMRƏYLİKDİR"

"Dialoqla bağlı bugünkü təşəbbüslər əvvəlkilərlə müqayisə oluna bilməz" <b style="color:red"></b>

Siyasi dialoq

"Siyasi dialoq" rubrikasının budəfəki qonağı Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Arzuxan Əlizadədir. 

- Artıq bir müddətdir, Azərbaycanda hakimiyyətlə siyasi partiyalar arasında siyasi dialoq başlayıb. Prezident Administrasiyasının şöbə müdiri Ədalət Vəliyev mütəmadi olaraq siyasi partiya liderləri ilə görüşüb onların fikirlərini, təkliflərini dinləyir. Sizcə, bu dialoq nə üçün vacibdir?

- Sivil cəmiyyətlərdə dövlətin və cəmiyyətin inkişafını şərtləndirən ən vacib elementlərdən biri də iqtidar və müxalifət arasında dialoqun olmasıdır. AMİP olaraq biz illər ərzində dəfələrlə bu təşəbbüslə çıxış etmişik. Hər zamankı kimi, bu gün də o fikirdəyəm ki, bu və ya digər məsələlərin həllinə nail olmaq, həmçinin, ölkədə inam və etimad mühitinin formalaşması üçün iqtidar və müxalifət nümayəndələri arasında dialoqların həyata keçirilməsi vacibdir və ən düzgün yoldur. Bildiyiniz kimi, ötən ilin sonlarında Prezident Administrasiyasında yeni bir şöbə - Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsi formalaşdırılıb və cari ilin fevral ayından etibarən qeyd edilən şöbənin müdiri hörmətli Ədalət Vəliyevin təşəbbüsü ilə onunla ölkədə fəaliyyət göstərən siyasi partiyaların rəhbərləri arasında ilkin olaraq fərdi tanışlıq xarakterli görüşlər keçirilib. Görüşlərin keçirilməsi, irəli sürülən təkliflərimizin dinlənilməsi və ümumilikdə bu təşəbbüsün özü zamanında tərəfimizdən müsbət qiymətləndirilib. O zaman da demişdim, indi də o fikirdəyəm ki, belə təmaslar, məsləhətləşmələr davamlı olmalıdır. Ötən dövr ərzində mövcud olan təmaslar bu prosesin davamlı olacağına inamımızı bir qədər də artırıb. Əminliyimizi şərtləndirən əsas amil isə Prezident İlham Əliyevin dialoq mühitinin formalaşmasında siyasi iradə nümayiş etdirməsi, prosesi şəxsən öz nəzarəti altında saxlaması və bir qədər də sürətlə həyata keçirilməsi istəyini dəfələrlə dilə gətirməsidir.

- İqtidar-müxalifət dialoqu başlayandan bəri, sizcə, cəmiyyətdə nələr dəyişib, hansı inkişafa nail olunub?

- Ən əsası odur ki, barış mühiti formalaşıb. Bu gün müxalifətin sözü eşidilir, təklifləri dinlənilir, bu və ya digər şəkildə müzakirə edilir və diqqətə alınır.  Altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin yeni tərkibdə keçirilən ilk iclasında, eləcə də 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans şəklində müşavirədə Prezident İlham Əliyev bir çox məsələlərə münasibət bildirməklə yanaşı, bundan sonra atılacaq addımların konturlarını da cızaraq, sosial-iqtisadi, eləcə də siyasi sahədə islahatların aparılmasının vacibliyi ilə bağlı konkret fikirlər səsləndirmişdi. Prezident bildirmişdi ki, 2020-ci il ölkəmizin tarixinə dərin, geniş islahatlar ili kimi daxil olacaq. Prezidentin çıxışlarında həmçinin, struktur və kadr islahatları ilə bağlı mühüm qərarların qəbul olunacağı anonsu da verilmişdi və deyim ki, həqiqətən də sonrakı mərhələdə deyilənlərlə bağlı bir sıra ciddi addımların atıldığının şahidi olmuşuq. Prezident Administrasiyasının, Nazirlər Kabinetinin, Milli Məclis aparatının yenidən təşkili, seçkilərdən sonra parlamentin tərkibində baş verən dəyişikliklər, bu sırada parlamentin rəhbər qurumlarının tamamilə yenilənməsi, parlamentdə azlıqda olan partiya nümayəndəsinin Milli Məclis sədrinin müavini vəzifəsinə seçilməsi, eləcə də parlament azlığının Milli Məclis komitələrində rəhbər vəzifələrə gətirilməsi dəyişikliklər və inkişaf kimi qəbul oluna bilər.

- Məlumdur ki, siyasi partiya liderləri tərəfindən bu görüşlər zamanı hakimiyyətə müxtəlif təkliflər verilir, cəmiyyəti narahat edən problemlər qabardılır. Sizin rəhbərlik etdiyiniz partiya hansı təklifləri irəli sürüb və nə kimi problemlərə diqqət çəkmisiniz? Sizin təkliflərinizdən hansıları reallaşıb?

- Milli İstiqlal Partiyası müxtəlif sahələr üzrə, o cümlədən, sosial-iqtisadi və siyasi islahatların həyata keçirilməsi ilə bağlı konkret proqrama malikdir. Həmin proqramın tərkib hissəsi olan siyasi islahatlarla bağlı təkliflər paketimiz zamanında media vasitəsilə ictimaiyyətə açıqlanıb, həmçinin, hörmətli Ədalət Vəliyevlə görüş zamanı tərəfimdən ona da təqdim olunub. Hesab edirəm ki, demokratik cəmiyyətin inkişafı siyasi proseslərdə partiyaların yerinin və rolunun artırılmasını zəruri edir. Biz də bu mövqedən çıxış edərək Azərbaycanda çoxpartiyalı sistemin inkişaf etdirilməsi və siyasi partiyaların demokratikləşmə istiqamətindəki fəaliyyətinin daha əhatəli olması məqsədilə bir sıra addımların atılmasını zəruri sayırıq. Buraya ilk növbədə "Siyasi partiyalar haqqında" qanuna dəyişikliklər edilməsi, beynəlxalq təcrübədə olduğu kimi fəaliyyətdə olan siyasi partiyaların dövlət büdcəsindən maliyyələşməsinin zəruriliyi, partiyaların normal fəaliyyətinin təmin edilməsi üçün onların dövlət tərəfindən mənzil-qərərgahlarla təmin edilməsi kimi bir sıra müddəalar daxildir. Biz həmçinin, siyasi sistemin təkmilləşdirilməsi məqsədilə proporsional seçki sisteminin bərpası və Milli Məclisin say tərkibinin artırılmasını və digər bu kimi məsələləri özündə ehtiva edən Konstitusiya dəyişikliklərinin zəruriliyini hesab edirik. Təkliflərimizin bir qismi isə milli kadrların irəli çəkilməsi, korrupsiya və rüşvətxorluğa qarşı mübarizədə ictimaiyyətin, xüsusilə də siyasi partiyaların potensialından istifadə olunması və digər bu kimi məsələlərlə bağlıdır. Düşünürük ki, ayrı-ayrı dövlət strukturlarında bu məqsədlə yaradılmış komissiya və komitələrin tərkibində siyasi partiya təmsilçilərinin, müstəqil media və vətəndaş cəmiyyəti  nümayəndələrinin olması bütün sahələr üzrə ictimai nəzarətin gücləndirilməsi baxımından çox faydalı olar. Təkliflərimizin reallaşmasına gəldikdə isə, hələlik yalnız onu deyə bilərək ki, ölkədə korrupsiya və rüşvətə qarşı mübarizədə ciddi irəliləyişlər var, yerində olmayan kadrların yeniləri ilə əvəzlənməsi baxımından bir sıra addımlar atılıb. Bütün diqqətin ikinci Qarabağ savaşına fokuslanması təbii ki, obyektiv olaraq digər məsələləri arxa plana keçirib, amma gözləntilərimiz var və düşünürəm ki, torpaqlarımız işğaldan azad olunduqdan sonra ölkədə daha ciddi islahatların həyata keçirilməsinə ehtiyac yaranacaq və biz də siyasi partiyalar olaraq dövlətimizə bu prosesdə istənilən dəstəyi verməyə hazırıq.

- Dialoq adı ilə görüşlər əvvəllər də keçirilib. Bu gün siyasi partiya liderləri də etiraf edirlər ki, son vaxtlar aparılan dialoq daha uğurludur. Sizcə, əvvəl və indi aparılan dialoq prosesini fərqləndirən nədir?

- Bəli, haqlısız, belə təşəbbüslər əvvəllər də olub. İstər 2012-ci ildə Ramil Səfərovla bağlı məsələdə, istərsə də 2015-ci ildə Avropa Oyunları ərəfəsində bu cür təşəbbüslər olmuşdu. Lakin tam səmimi olaraq deyirəm ki, bugünkü təşəbbüslərlə əvvəlkilər heç bir halda müqayisə oluna bilməz. Çünki əvvəlki təşəbbüslər sadəcə görüntü xatirinə qısa müddətli nəticələrə hesablanmışdısa, hazırda hörmətli Ədalət müəllimin bilavasitə rəhbərliyi ilə reallaşan fəaliyyət öz mütəmadiliyi,  predmetli olması və məsələlərə kompleks yanaşılması ilə fərqlənir. Digər tərəfdən, indiyə qədərki təşəbbüslərdə ancaq hakimiyyətin bu və ya digər məsələyə mövqeyi ortaya qoyulurdu və görüşlərdə də digər siyasi qüvvələrin mövqelərinin həmin mövqeyə uyğunlaşdırılması yolu tutulurdu. İndi isə alternativ fikirlər də dinlənilir və bu istiqamətdə müzakirələrin açılmasına imkan yaradılır. Xüsusilə vacib olan fərq isə odur ki, əgər əvvəllər hakimiyyət təmsilçiləri ancaq özlərinə uyğun olan, özləri seçdikləri siyasi partiyalarla işləməyə üstünlük verirdilərsə, indi hər hansı bir fərq qoymadan bütün siyasi spektrla görüşlər keçirilir, hər kəsin fikirləri öyrənilir. Buna görə də müsbət nəticə göz önündədir.

- Biz son günlər cəbhədə düşmən təxribatına qarşı bütün cəmiyyətin, eyni zamanda, siyasi partiyaların vahid mövqedən çıxış etdiyini gördük. Sizcə, ölkəmizin cəbhədə əldə etdiyi qələbədə bu həmrəylik nə dərəcədə rol oynadı?

- Savaş aparan hər bir ölkənin ən böyük silahı daxili həmrəylikdir. Sirr deyil ki, ölkə əhalisinin eyni hədəf uğrunda birləşməsi Ordunun da döyüş ruhunu, qələbə əzmini artırır. Adətən ədalətli müharibə aparan, öz torpaqları, dövlətinin ərazi bütövlüyü uğrunda mücadilə edən ordular ona görə ən ağır müharibələrdə belə qələbə qazanırlar ki, onların mənsub olduqları ölkənin bütün fərdləri daxilən özlərini haqlı sayır və bir hədəf uğrunda birləşə bilirlər. Hazırkı məqamda iqtidarlı-müxalifətli Azərbaycan cəmiyyətində olduğu kimi. Bu gün həqiqətən də ölkəmizin bütün fərdləri bu müharibənin aparılmasının vacibliyinə inanır, düşmənlə mübarizədə bir yumruq kimi daha sıx birləşə bilir. Təbii olaraq ölkəmizin cəbhədə əldə etdiyi qələbədə bu həmrəyliyin də böyük rolu var. Azərbaycan Milli İstiqlal Partiyası olaraq isə bir daha onu vurğulamağı vacib hesab edirəm ki, biz hər zaman dövlət maraqlarını və milli maraqları hər şeydən üstün tutmuşuq və sonadək də bu mövqeyimizdə qalacağıq.

- Bilirsiniz ki, AXCP və Müsavat Partiyası dialoqda iştirak etmir. Həmin partiyaların kənarda qalması dialoq prosesinə necə təsir edir və sizcə, onların imtina ilə bağlı arqumentləri nə dərəcədə əsaslıdır?

- Müxalifət partiyaları demokratik və hüquqi dövlətin ayrılmaz tərkib hissələridir. Xüsusilə də yaşadığımız zaman kəsiyi özlüyündə bütün siyasi qüvvələrin dövlətçilik və milli maraqlar uğrunda bir araya gəlməsini zəruri edir. Lakin təəssüf  hissi ilə də olsa etiraf etmək lazımdır ki, müxalifət cəbhəsində də özünü sağlam siyasi münasibətlərdən kənarda saxlayan qüvvələr mövcuddur. Bu qüvvələr yaxın keçmişdən nəticə çıxarmaq əvəzinə, hələ də köhnə təfəkkürdən əl çəkə bilməyiblər və görünən odur ki, fəaliyyətlərini yalnız ölkədə xaotik durumun yaranmasına yönəlik kökləyiblər. Sayları az olmasına baxmayaraq, bu cür qüvvələr uzun müddət ərzində bütövlükdə müxalifət adından danışmağa, onun funksiyasını təkbaşına mənimsəməyə çalışıblar ki, bu da heç bir halda qəbul edilə bilməz və edilmir də. Xüsusilə də absurd şərtlər irəli sürərək hazırkı proseslərdən özlərini təcrid etməklə nəhayətdə məlum oldu ki, həmin qüvvələr cəmiyyət içərisində də öz dayaqlarını günü-gündən itirməkdədirlər və öz fəaliyyətlərinə düzəliş etməyəcəkləri halda siyasi səhnədən tamamilə silinəcəklər. Əlbəttə ki, dialoqdan, danışıqlardan imtina etməkdənsə, müzakirələrə qatılmaq, ölkəmiz üçün taleyüklü məsələlərdə birlik nümayiş etdirmək daha doğru olardı. Hesab edirəm ki, bu cür birlik cəmiyyətimizdə oturuşmuş siyasi münasibətlər sisteminin və siyasi mədəniyyətin formalaşması ilə yanaşı, həm də ictimai-siyasi sabitliyin daha da möhkəmləndirilməsinə öz töhfəsini verə bilər ki, bundan da geniş anlamda həm siyasi qüvvələr, həm də bütövlükdə Azərbaycan xalqı udar.

PƏRVANƏ

 





28.10.2020    çap et  çap et