525.Az

“Azərbaycanlılar əvvəl yaşadıqları bütün işğal olunmuş ərazilərə qayıtmalıdırlar”


 

“Azərbaycanlılar əvvəl yaşadıqları bütün işğal olunmuş ərazilərə qayıtmalıdırlar”<b style="color:red"></b>

 “Bu ay ərzində mən Azərbaycan xalqına müraciətlərimdə, habelə çoxsaylı müsahibələrimdə dəfələrlə demişəm ki, biz istənilən anda, günü bu gün dayanmağa hazırıq. Lakin bunun üçün erməni tərəfi işğal edilmiş ərazilərin qalan hissəsindən qoşunlarını çıxarmaq barədə öhdəlik götürməlidir. Buna görə də hərbi qarşıdurmanın nə qədər uzun müddət davam edəcəyini qabaqcadan deyə bilmərəm. Bu, erməni tərəfindən asılıdır. Artıq dediyim kimi, onların bizim torpaqlarımızı yenidən işğal altına qaytarmaq üçün göstərdiyi daimi cəhdlər fiaskoya uğrayıb. Düşünürəm ki, onların hərbi yolla heç nəyə nail olmayacaqlarını anlamaları üçün bu, kifayətdir”.

APA xəbər verir ki, Prezident İlham Əliyev bunu Rusiyanın İnterfaks agentliyinə müsahibəsində bildirib.

Dövlət başçısı qeyd edib ki, Ermənistan silahlı qüvvələri atəşkəs rejimini artıq üç dəfə kobud şəkildə pozmaqla siyasi müstəvidə qeyri-konstruktiv yanaşma nümayiş etdirirlər: “Bunu nəzərə alaraq biz, əlbəttə, gələcək fəaliyyətimizi planlaşdıracağıq. İşğal edilmiş ərazilər məsələsinə gəldikdə, şübhəsiz, azərbaycanlılar əvvəl yaşadıqları bütün işğal olunmuş ərazilərə qayıtmalıdırlar. Mənim yanaşmam həmişə belə olub. Azərbaycanlılar təkcə Dağlıq Qarabağın hüdudlarından kənarda, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin hüdudlarından kənarda yerləşən işğal edilmiş yeddi rayona deyil, o cümlədən əsrlərboyu yaşadıqları ərazilərə, torpaqlara qayıtmalıdırlar - ilk növbədə, Şuşaya, Xankəndiyə və azərbaycanlıların əsrlərboyu məskunlaşdığı digər torpaqlara. Mən onu da demişəm ki, nizamlama barədə bizim təsəvvürümüz Dağlıq Qarabağın erməni və azərbaycanlı əhalisinin birgə yaşamasından ibarətdir”.

Azərbaycan Prezidenti əlavə edib ki, tarixən iş elə gətirib ki, artıq 200 ildir erməni əhalisi bu torpaqlarda yaşayır: “Ermənilərin Şərqi Anadoludan və İrandan köçürülməsi tarixini biz hamımız bilirik. Lakin iş belə gətirib. Onlar 200 ildir orada yaşayırlar. Erməni əhalinin bundan sonra da orada yaşaması barədə bizim heç bir planımız yoxdur. Əksinə, mən həmişə demişəm ki, Azərbaycanda erməni millətindən olan minlərlə vətəndaş yaşayır. Qonşu ölkələrdə də ermənilər və azərbaycanlılar birgə yaşayır və öz aralarında yaxşı dolanırlar. Bu, Dağlıq Qarabağda niyə mümkün olmasın? Bizim təsəvvürümüz belədir. Azərbaycanlılar əvvəl yaşadıqları bütün ərazilərə qayıtmalıdırlar. Erməni əhali də həmin torpaqda yaşamalıdır, özü də mehriban qonşuluq şəraitində. Biz müharibənin vurduğu yaraları sağaltmağa çalışacağıq”.

 





28.10.2020    çap et  çap et