525.Az

“Bunlar baş nazir Paşinyanın düşünülməmiş və təhlükəli fəaliyyətinin nəticələridir”


 

“Bunlar baş nazir Paşinyanın düşünülməmiş və təhlükəli fəaliyyətinin nəticələridir”<b style="color:red"></b>

“Bunu şərh etmək mənim üçün çətindir. Yəqin ki, Ermənistanın baş nazirinin başına nələr gəldiyini qiymətləndirməkdən özümü saxlayacağam. Yəqin ki, bu cür hərbi məğlubiyyət onun vəziyyətinə təsir göstərib. Əks halda, bu cür qeyri-ardıcıllığı necə izah etmək olar. Axı, bu qeyri-ardıcıl bəyanatlar və hərəkətlər, ilk növbədə, ölkənin rəhbəri kimi onun özü üçün tamamilə irrasional və zərərli, həm də onun ölkəsi üçün təhlükəli və zərərlidir”.

APA xəbər verir ki, Prezident İlham Əliyev bunu Rusiyanın İnterfaks agentliyinə müsahibəsində bildirib.

Azərbaycan Prezidenti qeyd edib ki, çoxları sual verir, bu hərbi toqquşmalar nə üçün məhz indi baş verdi? Nə üçün əvvəl olmadı? Hətta Azərbaycana qərəzli münasibət bəsləyənlər və Ermənistanı açıq dəstəkləyənlər də özlərinə bu sualı verməyə məcburdurlar: “Axı, 1994-cü il atəşkəs anından 26 il keçib. Bütün bu illər ərzində toqquşmalar olub, qurbanlar olub, lakin belə miqyasda olmayıb. Birdən-birə nə baş verib? Axı, Azərbaycanda heç nə dəyişməyib. Mən 17 il nizamlamaya dair danışıqlar aparmışam. Ermənistanın əvvəlki iki prezidenti ilə biz baza prinsiplərinin razılaşdırılması üzrə kifayət qədər ciddi yol keçmişik. Buna görə də obyektiv müşahidəçilərə aydındır ki, təqsir bizdə deyil, təqsir Ermənistanın baş nazirinin bu cür qeyri-adekvat, irrasional, təhlükəli davranmasındadır. Ermənistanın əvvəlki rəhbərlərindən heç biri Azərbaycan xalqının ünvanına bu cür təhqiramiz çıxışları özünə rəva görmürdü. Onların heç biri cinayətkar Dağlıq Qarabağ rejiminin başçısı üçün Şuşada inauqurasiya təşkil etməyi özünə rəva görmürdü. Onların heç biri Cenevrə Konvensiyasını nümayişkaranə şəkildə pozmaqla lovğalanmır, Livan ermənilərinin Dağlıq Qarabağda, o cümlədən Şuşada məskunlaşdırılmasını nümayiş etdirmirdi. Onların heç biri qondarma “Dağlıq Qarabağ parlamenti”ni Xankəndidən Şuşaya köçürməyə hazırlaşmırdı və sair və ilaxır”.

Dövlət başçısının sözlərinə görə, yəni, bütün bunlar baş nazir Paşinyanın düşünülməmiş və təhlükəli fəaliyyətinin nəticələridir: “Onun ölkə daxilindəki bəyanatlarını şərh etməyəcəyəm. Lakin onun nizamlama ilə bağlı məsələlərdə etdikləri Ermənistan üçün çox təhlükəlidir. Bu gün Ermənistan bunu aydın görür. Buna görə düşünürəm ki, Minsk qrupunun həmsədrləri sabah Ermənistanın xarici işlər nazirinin qarşısında məsələni dəqiq qoymalıdırlar. Başa düşürəm, o, çətin vəziyyətdədir. O, öz rəhbərinin qeyri-adekvat davranışına görə cavab verməli olur. Həqiqətən o, acınacaqlı vəziyyətdədir. O, necəsə vəziyyətdən çıxmalı, sizin qeyd etdiyiniz kimi, bu qeyri-ardıcıl hərəkətləri izah etməli olacaq. Paşinyan gah ağrılı güzəştlərdən danışır, gah deyir ki, məsələnin diplomatik həlli yoxdur, sonra deyir ki, kompromisə getməyə hazırdır, daha sonra deyir ki, Qarabağı axıra qədər müdafiə edəcək, gah deyir ki, Qarabağ Ermənistandır, sonra deyirdi ki, biz danışıqları Dağlıq Qarabağla aparmalıyıq. Yəni, bir-birini tamamilə qarşılıqlı istisna edən qeyri-adekvatlıq palitrası. Buna görə də düşünürəm ki, sabah bu məsələlərin çoxu aydınlaşacaq”.

 





28.10.2020    çap et  çap et